Yuxarı

Şəhid Əlinin ailəsindən gizlətdiyi sirri...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizə 18 yaşlı şəhidimiz Əlidən danışmaq istəyirəm. Mahiyyəti adında ifadə olunmuş, Yardımlı elində doğulub kamala yetmiş Əli Nuru oğlu Rzalı 14 aprel 2002-ci ildə Bilnə kəndində, zəhmətkeş bir ailədə anadan olub. 18 yaşda bu işıqlı dünyaya əbədi göz yummaq fiziki ömür baxımından nakam ömürdü; 18 yaşda əbədi nur qazanmaq, cənnəti haqq etmək Tanrı naxışıdır. İstər milli, istər dini dünyagörüşümüz baxımından, hətta başqa dinlər baxımından da bu belədir - şəhid sorğu-sualsız cənnətməkandır.

Əli əliqabarlı Nuru atanın, ömrünü ailəsi üçün şam kimi əridən Samirə ananın halal çörəyi ilə böyüyüb. Halal çörək, Vətənə halal ömür, haqq işə həsr edilmiş mübarizə və halal şöhrət! Əli ilə birgə üç övlad böyüdüb halal ailə. Evləri balaca olub, amma ürəklərinin böyüklüyü mübahisə götürməyib. O kiçik evdə halal hüzur, necə deyərlər, səmimi bəxtəvərlik olub. Əli ailənin, özəlliklə anasının böyük ümidi idi. Əli haqqında, ümumən şəhidlərimiz haqqında keçmiş zamanda danışmaq doğru sayılmadığı üçün o ümidin doğrulduğunu demək istəyirəm. Demək istəyirəm, Samirə bacı, ümidin inama dönüb. İnan oğlunun silahdaşları, Vətən müharibəsinin odundan-alovundan keçmiş Azərbaycan gəncləri hamısı sizin mənəvi övladlarınız, qardaşlarınızdır. Oğlun sizin ümidlərinizi hansısa bir uzaq yaşda deyil, elə 18 yaşındaca doğruldub, əziz bacım! – Bu, bəlağət deyil, bu, təsəlli deyil, mən inandığımı bölüşürəm sizinlə. Tanrı o biri övladlarınıza cansağlığı versin – bir yandan öz övladlarınız, bir yandan mənəvi övladlarınız sizi heç vaxt yalnız qoymayacaq, əlbəttə. Şübhəsiz, qüdrətli dövlətimiz, qədirbilən xalqımız sizin yanınızdadır, yanınızda olacaq. Şəhid oğlunuzun ruhu şaddır – onun sıralarında olduğu Ordu qalib ordudur! Şad ruhların kəraməti vardır.

Əli hələ məktəb illərindən öz təlim-tərbiyəsi, dərslərə məsuliyyətli yanaşması ilə seçilib, müəllimlərinin sevimlisi olub. Əsasən tarix fənninə maraq göstərib; işə baxın ki, məhz yeni tariximizin altun səhifələrinin yazıldığı 44 günlük Vətən müharibəsində özü tarix yazanların sırasındaydı…

Əli Rzalı 9 illik Bilnə kənd ümumi orta məktəbini bitirib, 10-11-ci siniflərə A.Bağırov adına Vərgədüz tam orta məktəbindən davam etdirib. Asayiş keşikçisi olmaq arzusunda olub Əli. O, boy-buxunlu, mənəvi dəyərlər bağlı bir igid olaraq, hər cür uğuru, uğurlu karyeranı haqq edirdi. Əli ailənin qayğılarını göz önündə tutub, işləmək qərarına gəldiyi üçün təhsilini davam etdirmək fikrini ertələyib, qollarını çırmalayaraq zəhmətə qatlaşıb. Gecə-gündüz demədən çalışan Əli ailənin qayğılarının bir hissəsini öz gənc çiyninə alıb. Anası deyərmiş: “Sənin yoldaşların ali məktəbə qəbul olub, böyük adam olacaqlar". Onun sözünü gülnən kəsən Əli təmkinlə cavab verərmiş: “Ana, kimin böyük adam olacağını zaman göstərər, sən narahat olma. Mən həmişə sənin başını uca edəcəm”. Dedi də, etdi də!

Əsgərliyə getməyə bir müddət qalmış Əli idman məşqlərini daha da intensivləşdirib. Bunu görən babası – kəndin hörmətli ziyalısı Əlihüseyn müəllim soruşanda ki, “Əli bala, nə edirsən” - təbəssümlə deyib ki, “dədə, idman edirəm ki, əzələlərim daha da bərkisin. Əsgərlikdə yaxşı xidmət edib, qayıtdıqdan sonra hüquq mühafizə orqanında çalışmaq istəyirəm". Dedi və daha artığını etdi, əsgərlikdən qayıtmadan ən ali hüquq mühafizəçisi – Vətənin suveren hüquqlarının müdafiəçisi, mühafizəçisi oldu. Daha doğrusu, hüquqtanımazlara, işğalçılara qarşı əks-hücumda yer aldı, döyüşdü, vuruşdu, şəhidlik mərtəbəsinə yüksəldi! Bəli, Əlinin amalı Vətənə xidmət etmək olub. Vaxt-vədə yetişincə, hərbi xidmətə yollanıb. Onu hərbi xidmətə yola salmaqçün kənd ellikcə yığışıb – sanki ürəklərinə dammış kimi, sanki halallaşmaq, vidalaşmaq məqamını idrak edirmiş kimi, son görüş olduğunu bilibmiş kimi… - el-oba onunla vidalaşmağa gəlib...

Yardımlı rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin girişində “Qəhrəman olmurlar, qəhrəman doğulurlar” yazılmış lövhənin altında dayanıb, dayısı – tanınmış jurnalistimiz Elşad Paşasoydan onun şəklini çəkməyi xahiş edir… Ərəblər demiş, təsadüf yoxdur, təvafüq vardır… - Əli qəhrəmanlıqçün doğulduğunu duyub, fərq edənlərdən olub. Boy-buxunlu, yaxşı fiziki hazırlığını nəzərə alıb Əlini Xüsusi Təyinatlı Dəstəyə (XTD) götürüblər. Bunun üçün həkim baxışından keçən zaman Əli qolunun uşaq vaxtı sındığını gizlədib – düşünüb ki, həmin zədə aşkar edilsə, onu XTD-yə götürməzlər. Beləliklə, o, öz istəyinə çatıb, fəxri uniformasını, mavi baş geyimini fəxarətlə geyinib. Xidmət müddətində doğmaları ilə, Elşad dayısı ilə telefon danışığına fürsət yarananda nəinki hansısa çətinlikdən söz açıb, əksinə “hər şey yaxşıdır, dayı, heç bir çətinliyimiz yoxdur, komandirlərimizdən çox razıyıq” deyib.

Əlinin xidmətdə olduğu 6-cı ayda işğalçı Ermənistan yeni müharibə hazırlıqları içindəydi… Əli atası ilə görüşmək üçün onu xidmət etdiyi hərbi hissəyə çağırıb - bəli, sanki son görüşləri olacağı damıbmış ürəyinə... Hərbi hissəyə gələn ata Əlinin hərbi geyimdə necə möhtəşəm göründüyündən fəxarətlə bəhs edib. Yenə keçmiş zamanda danışmayaq: "bəhs edir" deyək.

Şəhidlərimiz yaddaşımızda gözəl qalacaq, yaddaşımızın ən gözəl yerindədir onlar. Həmişə də belə olacaq! Atası ilə görüşən Əli Rzalı, oğlu ilə görüşən Nuru Rzalı Tanrıdan da, bir-birindən də çox razı qalıb. O gün razılıq günü olub, məgərsə həm də halallıq günüymüş, son görüş günüymüş həm də… Vətən müharibəsi başlayanda Əli öncəbhədə olduğunu yalnız bacısı Səbinəyə deyib və tapşırıb ki, evdəkilər bilib, narahat olmasın. Bacısı da bu sirri Əli şəhid olan günə kimi saxlayıb... Şəhid xəbəri gəlinəndə sirrin saxlanma müddəti də bitib.

Əlinin üzvü olduğu hərbi birik döyüşə ilk atılanlardandır. Onların qarşısında böyük məsuliyyət qoyulmuşdu: onlar çətin relyefə malik olan və düşmənin 27 il möhkəmləndiyi Murovdağ silsiləsinin düşməndən azad edilməsi tapşırığı almışdı. “Bu yolun gedişi var, dönüşü olmaya bilər” demişdi komandir. Komandir demişdi, “kim könüllü bu savaşa qoşulmaq istəyirsə, bir addım irəli çıxsın”. Əli Vətənin azadlığını, bütövlüyünü öz həyat amalı olaraq uca tutan və tərəddüdsüz bir addım irəli çıxan qorxmaz oğulların sırasındaydı. Və düşmənin – arxalı köpəyin illərlə qurduğu sədləri yarıb keçərək irəliləyərkən qəhrəmancasına şəhid olan igidlərimizdən biri Əli Rzalı olub. Murov istiqamətində şiddətli döyüşlər vaxtı düşmənin çoxsaylı canlı qüvvəsi və zirehli texnikaları sıradan çıxarılıb. 2020-ci il oktyabrın 2-dəki döyüşlərdə Əli Rzalı şəhadət şərbəti içib!

Əli dogma kəndinin qəbiristanlığında torpağa tapşırılarkən kənddə insan seli yaranıb, eşidən-bilən, dogma-yad axışıb Bilnəyə - 18 yaşlı igidlə son vida üçün...

Əli Nuru oğlu Rzalı Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əlinin və bütün şəhidlərimizin şərəfinə Bilnə və Vərgədüz kəndlərində Bayraq Meydanları yaradılıb, adı dillərdən düşmür, məzarı ziyarətgaha çevrilib...

VƏTƏN SAĞ OLSUN!

Tarix
2020.12.29 / 15:10
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla