Yuxarı

Bu, hər bir vətəndaşın borcudur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Proqramın adından da göründüyü kimi, o, 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərini ehtiva edir.

Burada ilk növbədə milli maraqlar və strateji planlamanın vəhdətini görürük. Azərbaycan fəlsəfi fikrində belə bir məşhur söz var: “Milli olmayan bəşəri ola bilməz”; ona görə də müstəqil dövlətimizin inkişafına, cəmiyyətin rifahına xidmət edən təşəbbüs və ideyaların toplusu olan Milli Prioritetlərin rəsmiyyət qazanması xüsusi önəm daşıyır.

Biz milli dövlət, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus tərcümeyi-hala malikik; digər tərəfdən sıx beynəlxalq əlaqələr və əməkdaşlıq münasibətləri sistemi içindəyik. Bütün sferalar üzrə dövlət fəaliyyəti ən qısa şəkildə ifadə ilə dünya birliyində layiqli yer tutmaq, xalqın rifah halını yaxşılaşdırmaq, ölkəni regional və beynəlxalq təbəddülatlara qarşı tam dayanıqlı, güclü və immunitetli etməyə yönəlib. Bu isə milli qürur hissini gücləndirən əsas amil kimi xarakterizə oluna bilər.

Öz gələcəyini təsadüflərə, tendensiyalara bağlayaraq qeyri-müəyyənlik içində olan bəzi dövlətlərin siyasi rəhbərliyindən fərqli olaraq, cənab Prezidentinin kamil rəhbərliyi ilə Azərbaycan dövləti məhz düşünülmüş, düzgün proqnozlaşdırılmış, əsaslı şəkildə planlaşdırılmış gələcək inşası ilə məşğuldur. Bunu biz 44 günlük Vətən Müharibəsi ilə məğlub etdiyimiz işğalçı Ermənistanın timsalında daha yaxşı müqayisə edə bilərik.

Azərbaycan Prezidentinin kəlama çevrilmiş sözü ilə desək, “Endir o bayrağı dirəkdən, bük qoy cibinə” perspektivsizliyi ilə burun-buruna qalan bir dövlətin milli prioriteti nə olacaq, plan-proqramı nə? O mili prioritet ki, 30 il öncə də müəyyənləşdirmişdilər – aqibəti bəllidir; o milli tarixi vəzifə ki, 130 il öncələrdə “intişar” tapıb – regiona qan-qada, kin-küdurət, dünya birliyinə baş ağrısından başqa heç nə verməyib. Yəni o Milli Prioritet ki, bəşəri çağırışlarla təzad təşkil edir, regiona, qonşulara ziyan vəd edir, həmin Prioritetlər heç onu elan edən dövlətə, quruluşa, xalqa da xeyir gətirməz.

Mən Azərbaycanın elan etdiyi Milli Prioritetlərin humanitar təfəkkür məhsulu olmasını, əməkdaşlıq ruhunu fərqləndirmək istərdim. Burada milliliklə bəşərilik bir-biri ilə sıx bağlı olub, üzvi vəhdət səciyyəsi daşıyır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Bir tərəfdən risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahə prioritetlərinin müəyyənləşməsinə xidmət edən bu strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Bu mənzərə yalnız sosial-iqtisadi, ictimai-siyasi xarakter daşımır, mədəni-mənəvi, psixoloji mahiyyət də daşıyır. O, cəmiyyətə müsbət impulslar verir, psixoloji ovqatı sazlayır, ictmai fikrin düzgün qidalanmasına öz müsbət təsirini göstərir.

Sosial-iqtisadi sferada olduğu kimi, mədəni həyatda böyük təkamül yolu keçən, özü də inamla keçən respublikamızın dünyada sabit, təhlükəsiz, çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınması qürurvericidir. Ölkəmizin son illər artan templə inkişaf edən beynəlxalq nüfuzu 44 günlük Vətən Müharibəsindən sonra yeni məzmun qazanaraq, daha da yüksəlib.

İndi ölkəmiz yeni yol, enerji infrastrukturları, onların şaxələndirilməsi və daha yenilərinin açılması imkanları ilə fərqlənir.

Bayaq Ermənistanla müqayisə barədə qeydlərə qayıdaraq deyək ki, Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaş ölkələrindən biri, başqalarını istismar etməyə, başqalarına yük olmağa meyillənənlərdən tam fərqli olaraq, tərəqqipərvər, qazandıran və imkanlı ölkədir. Azərbaycan qürurlu ölkədir!

Milli Prioritetlərin mütləq üstünlüyü özünü bütün əməli çalışma sahələrincə göstərir. Qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və gerçəkləşdirilməsinə xidmət etmək hər bir vətəndaşın borcu, Azərbaycanda işləyən hər kəsin mənəvi öhdəliyidir. Bu milli prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”indən irəli gələn öhdəliklərin icrası baxımından da xüsusi önəm daşıyır:

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bəli, regionun yeni siyasi-iqtisadi gerçəkliyi yaranıb, bunu Azərbaycan dövləti yaradıb, dövlət-xalq birliyi yaradıb. İqtisadi tərəqqi ölkəmizin inkişafını və xalqın rifahını təmin edir.

Milli maraqlar, yeni gerçəklik və çağdaş dövr Azərbaycan milli iqtisadiyyatı üçün yeni strateji vəzifələri diktə etməkdədir...

Dövlətimiz var olsun!

Tarix
2021.02.05 / 22:46
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla