Axar.az
Yuxarı

Axar.Az Logo

Bu, yeni müharibəni alovlandırmaqdır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ABŞ Senatının Prezident baydenə ünvanladığı məktubla bağlı Bəyanat qəbul edib.

Bəlli olduğu kimi, Bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən ABŞ-ın yeni Prezidenti Cosef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib. ABŞ Prezidentinə ünvanlanmış qərəzli məktuba qol çəkən senatorlar Türkiyəni haqsız yerə tənqid edib. Bu tənqid Türkiyənin beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazisini işğalçı qüvvələrdən təmizləyən Azərbaycana verdiyi mənəvi dəstəklə bağlıdır.

Senatorların olduqca qərəzli əsasda yazılan məktubuna Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Bəyanatında tutarlı cavab verilib. Doğrudan da, çox təəccüblüdür ki, sözügedən məktuba imza atan ABŞ senatorlarının böyük qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmayıb. Elə yalnız bu danılmaz faktın özü o məktubun dünya erməniliyinin, ABŞ-dakı erməni diaspor və lobbi güclərinin əsassız iddialarının məhsulu olduğunu sübut edir. Əgər (beynəlxalq səviyyədə qəbul görmüş istilahla ifadə etsək) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi o senatorları bu qədər yaxından qayğılandırırdısa, nə əcəb, Ermənistan silahlı qüvvələrinin törətdiyi insanlıqdankənar hərəkətlərə, o hərəkətlərin 30 ilə yaxın davam etməsinə reaksiya verməmişlər?! Xocalı soyqırımı törədiləndə, ibadətgahlar, muzeylər, mədəniyyət müəssisələri, kitabxanalar, mülki yaşayış məntəqələri dağıdılanda və bu dağıntılarla bağlı Azərbaycan dövləti, vətəndaş cəmiyyəti institutları dünya birliyinə müraciətlər edəndə, məktub yazan senatorlar haradaydı? Özü də ölkələri ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda susub o senatorlar. Ona görə də onların elə bir məktub yazmağa mənəvi haqları yoxdur.

İkincisi, təsəvvür edək ki, hər hansı formada məktub yazma haqları var, o zaman yazdıqları şər-böhtan, yalan, riya olmamalıydı. Yəni hansı tərəfdən baxılırsa baxılsın, ABŞ senatorlarının ölkələrinin Prezidentinə göndərdikləri məktub bədnamdır, qəbuledilməzdir. ABŞ senatorlarının çoxunun, Ermənistanın işğalı nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin salınaraq məcburi köçkünə çevrilməsi barədə mövqeyi, ədalətli yanaşması ortada yoxsa, belə bəyanatların hansı mənəvi-hüquqi gücü ola bilər?

Bu məktubu imzalayanlar tarix qarşısında, gələcək nəsillər qarşısında məsuliyyət daşıyır və ABŞ demokratiyasını öz əsassız iddialarının kölgəsi altına salmağa cəhd edir. Bu, bir sui-istifadə halıdır. Belə senatorların insan hüquq və azadlıqlarından danışmamaları daha yaxşı olardı. Məsuliyyətsiz senatorların ABŞ demokratiyasına, beynəlxalq birliyin inandığı insan hüquq və azadlıqlarına meydan oxumaq, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq niyyətini, planını gizlətmək mümkün deyildir.

Özəlliklə, belə bir Bəyanatın Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində verilməsi, o Bəyanatın nə qədər qeyri-insani, nə qədər qərəzkar və həqiqətləri ört-basdır etməkçün hazırlandığını ifadə etməkdədir.

Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Bəyanatında açıq və sərrast ifadə olunduğu kimi, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi, Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq Qətnamələrində (822, 853, 874, 884) öz əksini tapıb və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs verib. Və Azərbaycan Respublikası öz torpaqlarını işğaldan məhz beynəlxalq hüquqa uyğun olaraq azad edib və bununla da ABŞ-ın da səs verdiyi BMT Təhlükəsizlik Şurası Qətnamələrinin icrasını təmin edib.

Azərbaycanın BMT və ABŞ-ın özü tərəfindən tanınmış sərhədləri daxilində Ermənistanın silahlı qüvvələri 30 ilə yaxın müddətdə hansı statusla mövcud olub, senatorlar bu suala cavab aramazkən, Azərbaycanın sülhə məcburetmə əməliyyatını istisnasız olaraq öz sərhədləri daxilində apardığını da görməzliyə vurur.

Heç şübhəsiz, ABŞ senatorların Bəyanatı, buna bənzər bəyanat və açıqlamalar Güney Qafqazda sülhə və təhlükəsizliyə deyil, yeni müharibənin alovlanmasına xidmət edir.

Üstəlik, Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən qardaş Türkiyənin adının hallandırılması, haqsız tənqid olunması qətiyyən qəbul edilə bilməz və tam bir ədalətsizlikdir. Senatorlar Türkiyənin daxili işlərinə qarışmaq cəhdlərindən çəkinməli, özünün tərəfdar olduğu beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməlidir. Bu ABŞ-ın nüfuzuna xidmət etmiş olardı. Təsəvvür edin: daha bugünlərdə ABŞ Konqresinə girən etirazçılar ən ağır ifadə ilə - “terrorçu” adlandırıldığı halda, 5 il öncə (15.07.2016) qardaş Türkiyədə demokratik yolla seçilmiş qanuni hakimiyyəti zorakı, hərbi çevriliş yolu ilə devirməyə çalışan bir hərəkatı dəstəkləmək heç bir qayda-qanuna, dövlətlərarası münasibətlərin elementar tələblərinə, məntiqə sığmır. ABŞ senatorları öz ölkələrinin NATO müttəfiqi və strateji tərəfdaşı olan qüdrətli Türkiyənin bölgədəki önəmli sülhyaratma, sabitləşdirici və çəkindirici rolunu düzgün qiymətləndirməli, minnətdar olmalıdır.

ABŞ senatorları ədalətin üstündən deyil, altından xətt çəkməlidir...

Tarix
2021.02.16 / 12:13
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Ermənilər Qarabağda yaşamaq istəyirsə… - Prezidentin mesajı

26 fevralı dəyişən 4 saat və 4 dil rekordu

Bu müqayisə çox həqiqətləri ortaya çıxarır

Bakının və İrəvanın təklifləri…

Bu, hər bir vətəndaşın borcudur

Prezidentin xəbərdarlığı: bu məmurlar nəticə çıxarmasa...

Prezidentin 2021 mesajı: bu iki cəbhədə vuruşuruq

Şuşadan başqa Şuşa yoxdur...

“Dostluğ”un dostları və düşmənləri…

İmperiyanın Bakıda çalınan əcəl zəngi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla