Düma ilə Coys arasında və
yaxud Don Kixotun ölümü
(esselər)
Nəyə görəsə qafiyə məndə bir qadının mini ətəyini
xatırladır. Qafiyə var qulaq qafiyəsidir. Qafiyə var, sözün kökünün
qafiyəsidir. Ətək yuxarıya doğru qalxdığı kimi qafiyə də kökə doğru
dartınır. Amma sözün kökünə müdaxilə edə bilmir.
***
Romanla bağlı təsəvvürlərimizi bir az genişləndirək. Və dar
meyarlardan çıxmağa çalışaq. Siz "qaşqabaqlı" roman təsəvvür edə
bilirsinizmi? Bəs "mülayim" roman necə? Hardasa "kədərli" roman
deyə bilirik. "Nikbin" roman da terminologiyamıza daxil olub. Amma
"qəzəbli", "arsız", "sadədil", "cırtqoz", "sakit" və b. bu kimi
psixoloji durumlara dayanan nəsr nümunəsini təsəvvürümüzdə
canlandırmaq çətin olur.
Romanla bağlı ümumiləşdirmə genişliyinə nail ola bilmirik. Məlum
və çeynənmiş qəliblərdən tutub durmuşuq. Amma insan
psixologiyasının yüz çaları olduğu kimi onun qələmindən çıxan mətn
nümunəsinin də yüz bir çaları olur. Bu cür uyğunlaşdırmalar bizim
romana bir daha başqa bir gözlə baxmamızı və nəticədə daha geniş
nyuansları görməmizi şərtləndirər.
Məncə, "Qətl günü" qaşqabaqlı romandır, "Dəli Kür" isə qəzəbli.
"Saçlı"nı mən təmkinli roman kimi təsəvvür edirəm. Mənə adını
çəkdiyim romanlardan dediyim bu məqamlara uymayan uzun-uzadı
təsvirləri tələsik nümunə gətirmək lazım deyil. Məzmun müstəvisində
onlar ola bilər. Bu qiymətvermədə əsas olan isə psixoloji duyumun
bəzən dilə gəlməyən və romanın sənə gizlicə özü haqda nəyisə etiraf
edib pıçıldadığı məqamlardır. Son dərəcə subyektiv məqamlardı.
***
Minnətdar olmağı bacarmayan adamlar çoxdur. Minnətdar olmamaq
üçün onların bir çıxış yolu var — sənə nifrət eləmək. Bunu nədənsə,
asanlıqla bacarıb edirlər.
***
Görəsən, bizim qalaktikamız bütövlükdə qara deşiyin içınə düşüb
itməyib ki?! Biz kainatda heç kimi tapa bilmirik. Başqa
qalaktikalardan xəbərimiz yoxdur. Başqa qalaktikalara göndərdiyimiz
siqnallar möhtəşəm boşluqda fırlanıb-fırlanıb yenə bizə qayıdır.
Sizcə, bir mətn başqa bir mətnə öz içindən radio dalğaları kimi
görünməz siqnallar göndərə bilirmi?! Və mətnlər bir-birilə bu sayaq
"danışa" bilirlərmi?!
***
Don Kixotun romanın sonunda öldüyü səhnə yadınızdamı? Çox
təsirli bir şəkildə qələmə alınıb. Bu səhnəni göz yaşı tökmədən
oxumaq mümkün deyil. Qohumları, dostları ölüm ayağında ağlı başına
gəlmiş sevimli senyor Kexona üçün dualar edirlər. Onun bu halı ilə
bircə Sanço barışa bilmir. Sədaqətli silahşor Sanço Pansa. Sanço
qəhrəmanlıq göstərmək xülyasına düşüb uzun yollar qət etdikləri
əzab-əziyyət dolu, amma ecazkar keçmiş günləri xatırlayır. O bilir
ki, ağası sadəcə xəyalpərəst deyil. O, insanlara sevgisinin
ucbatındandır ki, məhrumiyyətlərə və başqaları tərəfindən
anlaşılmazlığa düçar olmuşdur. Sanço Pansa ölüm yatağında taqətsiz
düşüb qalmış ağasına ürək-dirək vermək üçün yanıqlı-yanıqlı deyir
ki, qalxın, senyor, yollar və yeni qələbələr bizi gözləyir… Bu
sözlər, həqiqətən, ürək dağlayır. Sadiq silahşor heysiz ağasını
ölüm yatağından qaldırmaq üçün nə dillər tökür…
Servantes Sançonun diliylə belə deyir: "Dünyada ən böyük
axmaqlıq göz görə-görə ölümə yol verməkdir. İnsanı kimsə öldürmədən
özü nə üçün ölsün?! Tənbəl olmayın, qalxın, şərtləşdiyimiz kimi
cəngavər paltarı geyib çölə gedək. Bəlkə kollardan birinin dibində
tilsimi açılmış Dulsineyaya təsadüf etdik, kim bilir?!" Hətta bu
kədərli sözlər belə yataqda canı ilə əlləşən qoca cəngavərə,
təəssüf ki, təsir etmir. O artıq ağıllanıb və bu cür nağıllara daha
inanmır.
…Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes
öz yaratdığı qəhrəmanı üçün deyil, özü üçün epitafiya yazırdı. Və
əslində, Don Kixot ölmürdü, o yenidən dirilirdi. Suaresin bu son
məqamla bağlı qeydləri ağlabatandır. Bu məşhur Servantesşünas 19-cu
əsrin sonlarında iddia edirdi ki, "Don Kixot" romanının dünyaya
bəlli olmayan daha bir əlyazması var və o mətndə sonluq başqa
cürdür. Sanço Pansa artıq ağlı başına gəlmiş və yatağında sakitcə
uzanıb ölümünü gözləyən senyor Kexanonu, nəhayət, inandırıb yenidən
kənd-kənd, oba-oba səyahət eləməyə razı salır. Sançonun köməyilə
yatağından güclə qalxan senyor Kexano cəngavər geyimini geyinib
silahlarını götürəndən dərhal sonra metamorfoza baş verir, o,
yenidən əvvəlki Don Kixota çevrilir. Gümrah və şən əhval-ruhiyyədə
hamını mat qoyub evdən bayıra çıxır. Həyətdə bitən iydə ağacının
ətrafı bürüyən qoxusunu ləzzətlə ciyərlərinə çəkir. İlk gözünə
dəyən atı Rosinant olur. Ayaqları ilə aramsız yer eşən Rosinantı bu
dəfə tanımaq olmurdu, at kişnəyə-kişnəyə vüqarlı bir duruşla onu
evin qarşısında artıq gözləyirdi. Don Kixot Sanço Pansaya, öz
vəfalı silahşoruna son dəfə minnətdarlıq dolu bir baxış ataraq
yaşına və halətinə uyğun gəlməyən qıvraqlıqla atın belinə tullanır,
cilovu tez-tələsik özünə sarı dartır. Rosinant əvvəlcə şahə qalxır,
bir müddət at da, süvari də sanki göyə uçacaqdılar, beləcə donub
qalırlar. Qapı ağzında tamaşaya yığışanların ürəkləri ayaqlarının
altına düşür, sinələrindən yanıqlı bir "ah" çıxıb asimana bülənd
olur. Hamı gözləyir ki, bu saat Rosinant qoca və ipə-sapa yatmayan
bu xəyalpərəsti yerə yıxacaq, o da həmişəki kimi xurd-xaşıl olacaq.
Amma belə olmur. Bir az əvvəl onun ölümlə əlləşməsinin şahidi olan
qohumlar və dostlar təəccüb içində bir də görürlər ki, Rosinant
dəlilər kimi yerindən götürülüb dördnala çapmağa başladı. At da,
atın belində şəstlə oturub əlindəki payanı nizə kimi ucaya
qaldırmış Don Kixot da bir neçə an sonra uzaqlarda kiçik bir
nöqtəyə dönüb gözdən itirlər. Qapı ağzında isə hər kəs yerindəcə
donub qalmışdır. Sanço Pansa yaşla dolmuş gözlərini hamıdan gizlin
əlinin dalıyla silir. Bundan sonra senyor Don Kixotu bir daha bu
ətrafda görən olmur. Evdə isə əldən və heydən düşmüş, amma yaxın
ətrafının təlaş və təkidiylə itirdiyi ağlını yenidən qaytarmış bir
qoca kişi ölüm yatağında son nəfəsini verməkdəydi və iri açılmış
gözlərini dörd ətrafa dolandırıb bir az əvvəl dostlarla və
qohumlarla dolu olan otaqda indi, bu ən vacib məqamda heç kimin
olmadığına təəccüb edirdi.
***
Hacı Mir Həsən ağa Səyyahın dediklərindən: "Ömrümün sonuna qədər
yaşamaq niyyətim yoxdur." ("Sirlərin sərgüzəşti", Əlyazma, Kataloq:
CA/424, səh. 735). Bu sözlərlə, əslində, həmin əsəri bitmiş saymaq
olar. Çünki Əlyazmanın içində bu fikirdən sonra verilmiş və
Əlyazmaya əlavə sayılan hissə Mir Həsən ağanın on iki müridinin bu
qiymətli zat barədə xatirələrini ehtiva etməkdədir.
***
Bu küləkli və soyuq, ümidsiz və ağır sabahın ora-burasını
qayçılasan, bəlkə də bir az geriyə qayıtmaq və alababat bir gecə
çıxarmaq mümkün olardı.
***
Sokrata ölüm cəzası kəsilərkən arvadı ah-nalə qoparır, acı
fəryadı ilə afinalı hakimlərin qəlbini yumşaltmağa çalışır, elə hey
"ərim günahsızdır" deyib ağlayır-sıtqayır. Bunu eşidən Sokrat
təmkinini pozmadan deyir:
— Ağılsız qadın… Bəs sən istərdin ki, ərin günahkar kimi ölümə
məhkum edilsin?
"İstedadsız əsərdir" deyib saatlarla, səhifələrlə onu təhlil
edərək oxucunun zəhləsini tökən tənqidçilər yada düşür. "Günahkar"
əsər və "günahsız" əsər… Niyə axı tənqidçi onun öz fikrincə
istedaddan əsər-əlamət olmayan bir əsərdən geninə-boluna danışır?
Deməli, kiməsə sübut etməyə ehtiyac var ki, sən özün günahkar
deyilsən…
***
"Səhra böyüyür." Niççe belə deyirdi. Onu isə böyüməyə qoymaq
olmaz. Onun böyüməsi bizim hamımızın yaddaş ilahəsi Mnemozinaya
etdiyimiz xəyanətin müqabilində baş verir.
***
Sözləri bir-birinin yanında kim necə istəyirsə elə də görür.
Onları durna qatarında bir-birinin yanında gözəl-gözəl ölkələrə
uçan durnalar kimi də görmək olar, həbsxana divarında bir-birinə
yapışıb qalmış daşlar kimi də… Birinci halda optimist deyirlər
sənə, ikinci halda — pessimist.
***
Ömər Xəyyam adlı gəncin bir hekayəsini oxumuşdum. Xoşuma
gəlmişdi. Elə bil, bu adamı üzmək bilməyə-bilməyə aparıb atmışdılar
dənizin ortasına və o, əl qol ata-ata üzüb sahilə çıxmışdı. Buna
hələ üzmək demək çətin idi. Qəribə, əsaslandırılmamış bir cəsarətlə
metamorfozalar aləmi yarada bilirdi. Qapı ağzında kimsə başqa
birisinə çevrilirdi. Sən baxırdın, amma görmürdün. Özü də bu
dəyişmələr elə bir realistik kontekstdə verilirdi ki, irreal olan
bir az da rellaşırdı. Burada isə son dərəcə həssas hərəkətlər
eləmək lazımdır. Qorxulu haldır. Kəndirbaz kimi balaca yellənsən,
ya da ki, üzünə ən zərif meh dəysə, dəngəni itirib yıxıla bilərsən.
Sonra Ömər Xəyyamın daha iki hekayəsini oxudum. "Solomon" və "Edem"
hekayələrini artıq üzməyi, özü də bir üsulla deyil, müxtəlif
üsullarla üzməyi bilən adam yazıb — düşündüm. Hər şey yerli-yerində
idi. İrreallıq da, onun çəkinmədiyi, qorxub eləmədiyi reallıq da.
Amma hansı hansının içində idi — bu məlum deyildi. Və yaxşı ki,
məlum deyildi. Sevindim. Nə yaxşı ki, üzməyi ona öyrətmədilər,
üzməyi o özü öyrəndi. Bəlkə də şair olsaydı belə olmazdı. Qafiyə,
rutm — bunları öyrənmək lazım gələcəkdi. Öyrənə-öyrənə az adam olur
ki, özünü qoruya bilir. Bizim gəncin, mənə elə gəlir ki, məhz nasir
olmaq birbaşa alnına yazılıb. Amma bilmirəm, qələmlə yazılıb, yoxsa
Edemdə bu yazını güllə ilə yazıblar, amma o güllələr hələ
açılmayıb, ancaq səsləri gəlir. Səs aləmi isə… artıq bura onun
fərdi stixiyasıdır. Mən o hekayələrdən müxtəlif səslər eşitdim. Bu
səslərin sözlərlə, dil səsləri ilə, cümlələrlə əlaqəsi yoxdur. Bu
başqa səslər idi. O səslər hardan gəlirdi — bunu da bilmək asan
deyil. Amma səslər var idi və Ömər Xəyyam səsləri yağış kimi
yağdıra bilir. Metamorfozalar ustası da deyə bilərik bu gəncə.
Sehirbaz — pencəyinin ciblərindən, qoltuqlarından ağlagəlməz,
rəngli, adamaldadan dəsmallar, uşaq oyuncaqları çıxaran, göstərən
və o saat da "üff" edib yoxa çıxaran bir sehirbaz gəlib
ədəbiyyatımıza.
Əvvəl beləsi yox idi. Mən boşluqdolduranları sevirəm. Ömər
Xəyyam boşluqdolduranlardandır. Xoş gəldi. Feysbukdan özünü qoruya
bilsə, onu, sadəcə, bəyənməyəcəyik, onunla hələ fəxr də
edəcəyik.
***
Hind fəlsəfəsi deyir ki, hər şey birdir. İkincisizdir. İkinci
yoxdur. O zaman nə görürüksə bir olan vahidin içindədi.
Bir-birindən uzaqdakıların da aralarında bəzən adi gözlə görünməyən
keçidlər var. Vahidin içində həm də əlaqələr, münasibətlər, bir
sözlə, hər şey… Dünyanın vahidliyi elə bu deyilmi?!
***
Azərbaycan ədəbiyyatında iki ada. Biri Vaqif Səmədoğlunun yaşıl,
tənha adası, o biri də Vaqif Bayatlının sənin gözünə görükən adası…
Hansında yaşamaq istərdin? Yaşıl, tənha ada və gözümüzə görükən,
bəlkə də bizim onun gözünə görükdyümüz ada, əslində, eyni məkandır.
Bizim nə zamansa uzaq düşdüyümüz və nə zamansa qayıtmaq həsrəti ilə
qovrulduğumuz məkandır. Özüm-özümü təkrar edirəm: hər bir insanın
həyatında hökmən qayıtmaq istədiyi bir İtaka adası olur. Bütün
həyatın boyu sən də Odissey kimi öz İtaka adana qayıtmaq üçün
çırpınırsan.
***
Nikolay Berdyayev deyirdi ki, mədəniyyət təbiiliyin
qandallanmasıdır, azadlığın məhdudlaşdırılmasıdır. Mədəniyyət
dahini müstəqillikdən məhrum etməyə, onu vəhşi heyvandan ev
heyvanına çevirməyə çalışır.
J.J.Russo mədəniyyəti inkar edir, insanları geriyə, təbiətə
çağırırdı. Ona elə gəlirdi ki, saflıq, təmizlik, səmimiyyət məhz
təbiətdə dondurulmuş şəkildə qalıb.
Dədə Qorqud Basatı atası Aruz Qocanın evindən bir neçə dəfə
qaçırıb meşəyə, boya-başa çatdığı aslan yatağına qaytarır.
Azad və çərçıvəsiz şəkildə, dağda, daşda böyüyən Paris şəhərə,
saraya gələndən sonra ilk avantürası doğma şəhəri Troyaya baha başa
gəlir. O, Gözəl Yelenanı qaçırır və Troya müharibəsi baş verir.
"Təbiət — Mədəniyyət" qarşıdurması bu gün də hər bir insanın
daxilində davam edib gedir. Kim özünü daha çox hansı tərəfin adamı
sayır?! Hansı tərəfdə durmağımız, hansı tərəfin adamı olmağımız,
sadəcə, bizdən asılıdır. Biz meşədən çıxmışıq, bəli, amma alaçıqdan
da çıxa biləcəyikmi?