Multikulturalizm və tolerantlıq tarixən
azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən,
dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir
vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Ölkə Prezidenti İlham
Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi
və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə
çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, siyasətçilər,
hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın üzərinə şərəfli
vəzifə qoyur.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri xidməti də 2015-ci ildə
fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətdə
göstərdiyi konkret hədəflərə çatmaq istiqamətində qurub. İl ərzində
ölkəmizdə yaşayan milli azlıqların hüquq və azadlıqlarının dövlət
təminatı, dövlət-din münasibətlərinin qanunvericiliyin tələblərinə
uyğun şəkildə tənzimlənməsi, Azərbaycan multikulturalizminin dövlət
siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural
ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə
inkişafı üçün Xidmət ardıcıl ideoloji-siyasi, həmçinin praktik
fəaliyyət göstərib.
Qanunvericiliyimizdən və Azərbaycan multikulturalizminin özəl
prinsiplərindən irəli gələrək icra edilən din siyasəti və ölkəmizdə
yaşayan azsaylı xalqların, toplumların mədəniyyət nümunələrinin
qorunması, hüquqlarının ali təminatı istiqamətində görülən işlərin
dünya ictimaiyyətinə çatdırılması üçün Xidmət müəyyən layihələr
həyata keçirib.
Azərbaycan multikulturalizmi
dünyanın müxtəlif ölkələrində
Xidmətin təşəbbüsü və dəstəyi ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi bu gün dövlət siyasətinin vacib
istiqamətlərindən biri olan Azərbaycan multikulturalizminin dünya
ölkələrində təbliğini ən müxtəlif formalarda qurmağa çalışır.
İlk olaraq Xidmət tərəfindən "Multikulturalizmə giriş" (bakalavr
pilləsi), "Azərbaycan multikulturalizmi" (magistr pilləsi) fənləri
üzrə tədris proqramları hazırlanıb. Bununla paralel bu fənləri
xarici dillərdə tədris edəcək müəllimlərin hazırlıq prosesi
başlanıb. Qısa zaman kəsiyində bu fənn ölkəmizin 20 ali təhsil
ocağında və 11 xarici ölkə universitetində tədris olunub. Onların
sırasında Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti
(Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti
(Gürcüstan), Ural Federal Universiteti (Rusiya Federasiyası), Litva
Pedaqoji Universiteti (Litva), Praqa Karl Universiteti (Çexiya),
Roma Sapienza Universiteti (İtaliya), Belarus Dövlət Universiteti
(Belarus), Lusafona Universiteti (Portuqaliya), Ausburq
Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə) və Sakarya
Universitetində (Türkiyə) və başqalarını göstərmək olar. Bu
universitetlərdə "Azərbaycan multikulturalizmi" fənni həm
azərbaycanlı və həm də xarici müəllimlər tərəfindən tədris
edilib.
Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan
Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə
universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda
kollokviumlar, seminarlar, "dəyirmi masa"lar formatında da təqdim
edilib. Bu təqdimatlar Londondakı BBC-nin qərargahından tutmuş
İndoneziyanın Coqyakarta şəhərindəki Ahmad Dahlan Universitetinə
qədər olan geniş coğrafiyanı əhatə edib.
Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını,
iqtisadiyyatını, müasir ictimai-siyasi durumunu özündə kompleks
şəkildə birləşdirən "Azərbaycan multikulturalizmi" fənni eyni
zamanda ölkəmizdə, özəlliklə, texniki peşələr və dəqiq elmlər
təmayüllü universitetlərdə, institutlarda və xüsusi tipli təhsil
ocaqlarında tədris olunmağa başladı və bu gün də davam
etməkdədir.
Bu istiqamətdə real ənənələri olan Bakı Slavyan Universitetində
ölkədə ilk olaraq "Azərbaycan multikulturalizmi" kafedrası
yaradıldı və fəaliyyəti təmin edildi.
Azərbaycana maraq
Azərbaycana məhəbbətə necə çevrilir?!
Keçən yay xarici ölkə universitetlərində və ölkəmizdəki təhsil
ocaqlarında "Azərbaycan multikulturalizmi" fənnini yüksək
qiymətlərlə başa vuran tələbələr "Multikulturalizm Azərbaycanda
həyat tərzi kimi: öyrən, araşdır, paylaş" devizi altında təşkil
olunan yay məktəbinə dəvət olunmuşdular. Xarici tələbələrin bu
fənni seçməklə Azərbaycana göstərdikləri maraq ölkəmizi gəlib
gördükdən və buradakı reallığın həqiqi şahidləri olduqdan sonra
Azərbaycana məhəbbətə çevrildi. Bakıda, Qubada, Qusarda, Xaçmazda
gördükləri multikultural əhval və insanlara sevgi, dostluq hissləri
ilə dolu həyat onlarda Azərbaycanla bağlı dərin təəssüratlar
yaratdı. Onlar bu gün öz ölkələrində Azərbaycanın yeni dostları,
Azərbaycanın maraqlarını müdafiə edəcək şəxslər və daima ölkəmizə
məhəbbətlərini izhar edən gənclərdir. Onlar Azərbaycana qarşı baş
verən istənilən ədalətsizliyə anında sərt reaksiyalar verir və
Azərbaycan reallığının ölkəmizə qarşı ikili standartlar sərgiləyən
dövlətlərin və beynəlxalq təşkilatların hesabatlarında təqdim
edilən şəkildə olmadığı fikrini başqaları ilə bölüşür və bütün
bunları dönə-dönə ifadə etməkdən çəkinmirlər. Onlar Azərbaycanı
həqiqi dost kimi sevirlər. Bu yaxınlarda Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dəvəti ilə Los-Ancelesdəki Sinay
sinaqoqunun 50 nəfər üzvü baş rahib David Volpenin rəhbərliyi ilə
Azərbaycana səfər etmişdi. Səfərdən sonra hörmətli David Volpe
Amerikanın "Time" jurnalında Azərbaycana məhəbbət və heyranlıq dolu
bir məqalə dərc etdirdi. Əslində, o, Azərbaycan həqiqətini Amerika
oxucusuna çatdırmaq istəyirdi. Amma nə baş verdi?! Bu məqalə erməni
lobbisinin haqsız hücumlarına məruz qaldı. Bu haqsız hücumların
qarşısına isə biz azərbaycanlılardan əvvəl yay məktəbinin
iştirakçıları olmuş gənclər çıxdı və onlar David Volpeni müdafiə
etdilər. Həm öz ölkələrindəki media orqanlarında, həm də sosial
şəbəkələrdə onların verdiyi reaksiya, əslində, bir azərbaycanlının
verə biləcəyi reaksiya qədər səmimi və kəsərli idi.
Milli mənsubiyyət –
qürur,
Azərbaycanlı olmaq –
fəxarətdir
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının
multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən
siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam
və inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
söylədiyi "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir.
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" ifadəsi bu gün hər bir
ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Xidmət bu il ərzində də ölkədə milli azlıqların hüquq və
azadlıqlarının müdafiəsi, onların mədəni-mənəvi irsinin qorunması
və dini etiqad azadlığının təminatı ilə bağlı yerli icra
hakimiyyəti orqanları və digər dövlət strukturları ilə öz işini sıx
şəkildə qurdu. Milli azlıqların dil və mədəniyyətinin qorunub
saxlanması və inkişafı, onlara məxsus milli özünəməxsusluğun,
adət-ənənələrin gələcək nəsillərə çatdırılması, eyni zamanda
onların sıx yaşadığı bölgələrdə Azərbaycanın dövlət müstəqilliyinin
və azərbaycançılıq ideyalarının təbliği, hərbi vətənpərvərlik,
vahid dövlətçilik, vətənə sədaqət hislərinin gücləndirilməsi
istiqamətində müvafiq dövlət qurumları və azlıqların milli-mədəni
təşkilatları ilə birgə ardıcıl fəaliyyət həyata keçirdi. Xidmətin
təşəbbüsü ilə fəaliyyətə başlayan "Kultura+" internet
televiziyasında milli azlıqların dil və mədəniyyətinin qorunub
saxlanması üçün müxtəlif verilişlər və milli azlıqların dillərinin
virtual tədrisini həyata keçirən proqramlar hazırlandı və
kulturaplus.az saytında yerləşdirildi. Həmçinin bu saytda
Azərbaycanın xaricdəki dostları öz dillərində Azərbaycana
məhəbbətlərini ifadə etdilər və bu xoş sözlər dünyanın bir çox
ölkələrində izləndi. "Kultura+" vasitəsilə bu gün ən uzaq ölkələrdə
belə Azərbaycanın multikultural durumu barədə real təsəvvür
yaranmaqdadır.
Xınalıqdan Çinədək
Prezident İlham Əliyevin bu ilin əvvəlində imzaladığı
"Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd edilməsi" ilə bağlı xüsusi Sərəncam təkcə bu dastanı
deyil, həm də Azərbaycan mədəniyyətini, ədəbiyyatını, tarixini
dünya elm adamlarının və gəncliyinin bir daha diqqət mərkəzinə
çevirdi. Bir daha bu Sərəncamın işığında Fransa, Almaniya,
İngiltərə, ABŞ, Portuqaliya, Rusiya, Türkiyə, İtaliya və başqa
ölkələrdə Azərbaycan mədəniyyəti bir daha dünya ictimaiyyətinə
təqdim olundu. Və məhz ölkə başçısının böyük uzaqgörənliklə
imzaladığı bu Sərəncam sayəsində görkəmli alman şərqşünas alimi və
diplomatı Henrix Fridrix fon Ditsin 200 il əvvəl Azərbaycan
ədəbiyyatı və mədəniyyəti ilə bağlı qələmə aldığı çox dəyərli
fikirlər və "Dədə Qorqud" dastanının "Basat" boyu bir kəndin dili
olan Xınalıq dilindən, yüz milyonların dili olan Çin dilinə qədər
geniş bir coğrafiyaya yayılmış oldu. Kitab Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan, türk, alman,
ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi,
gürcü, erməni, macar, italyan, ukrayna və başqa dillərdə çap
edildi.
Bu Sərəncamdan ölkəmizdə yaşayan milli azlıqlara da sevinc dolu
bir pay düşdü. Çünki qeyd edilən kitab eyni zamanda talış, tat,
udi, ləzgi, kürd və xınalıq dillərinə də tərcümə edilərək çap
edilmişdi. Beləliklə, hər bir Azərbaycan vətəndaşı ümumi ana
kitabımız "Dədə Qorqud"u indi öz dilində oxuyur.
Hər qarışında Qorqud
izi
Xidmət öz fəaliyyətində Prezident İlham Əliyevin şəxsi
nümunəsini əsas götürərək, təkcə paytaxtda deyil, bölgələrimizdə
yaşayan insanlarla birbaşa sıx ünsiyyət qurub. Xidmət əməkdaşları
bu il ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla
ölkəmizin əksər bölgələrində Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə çoxsaylı yerli
əhalinin qatıldığı müxtəlif tədbirlərdə iştirak edib. Biz "Dədə
Qorqud" dastanının ölkəmizin müxtəlif guşələrinə səpələnmiş
izlərinə düşüb Xocavənd-Nərgiztəpə, Ağdam, Füzuli, Tərtər, Tovuz,
Qazax, Quba, Qusar, Zaqatala, Qax, Balakən, Lənkəran, Yardımlı,
Zərdab, Göyçay, Şamaxı, Qəbələ, Şəki və başqa rayonlarımızda yerli
məktəblilərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı
ilə saysız-hesabsız tədbirlər təşkil etdik. Bu tədbirlərdə
malakanlar ingiloyların, ləzgilər talışların, saxurlar axısxa
türklərinin, həmçinin bakılılar tovuzluların, ağdamlılar
qubalıların, qazaxlılar şəkililərin, astaralılar maştağalıların
evlərində qonaq qaldılar. Hər yerdə Azərbaycançılıq məfkurəsi hökm
sürdü. Bu məfkurənin əsl təntənəsi baş verdi. Və bütün bunlar əsl
qardaşlıq və vətəndaşlıq nümunəsinə çevrilirdi.
Qafqaz Albaniyasının
renessansı
Akademik Ramiz Mehdiyevin öz əsərlərində dəfələrlə erməni
fitnəsi və saxtakarlığına qarşı ortaya qoyduğu prinsipial elmi
mövqe və bədxahlarımızın əsassız iddialarını elmi-tarixi mənbələr
əsasında puça çıxarması Dövlət müşavirliyi xidmətinin işində də
yeni istiqamətin meydana gəlməsinə vəsilə oldu. Erməni yalanlarını
üzə çıxaracaq qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının
tarixini təkcə yerli və bölgə əhəmiyyətli mənbələr əsasında deyil,
xarici ölkə alimlərinin fikirləri, şərhləri və tərtib etdikləri
tarixi arayışlar, xəritələr əsasında sistemli tədqiq etmək və bunu
beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaq ötən il Xidmətin
əsas işlərindən biri oldu. Bu məqsədlə bölgələrimizdəki Qafqaz
Albaniyasına məxsus abidələrin tədqiqinin əsil renessansı başladı.
Ermənilərin əsassız Qarabağ iddialarına öz varlığı ilə böyük zərbə
vuran qədim Bərdə İmamzadəsi təmir və bərpa olunaraq yenidən
insanların istifadəsinə verildi. İmamzadə təkcə dini sitayiş yeri
kimi deyil, həm də özündə zəngin tarixi izləri qoruyub saxlayan bir
muzey kimi də insanların üzünə öz qapılarını açdı. Bu abidələr
məktəblilərin ziyarət edəcəkləri tarixi məkanlara çevrildi. Çünki
onlar real olaraq Azərbaycan tarixinin müəyyən səhifələrini
yaşadırdılar. Təsadüfi deyil ki, elə buna görə də təkcə ölkəmizdə
deyil, xaricdə, məsələn, İtaliyada albanşünasların iştirakı ilə bu
istiqamətdə müxtəlif konfranslar, "dəyirmi masa"lar və ictimai
müzakirələr keçirildi. "Kultura+" internet televiziyası burada da
öz missiyasını yerinə yetirdi. Bu internet TV-də erməni yalanlarını
ifşa edən sanballı verilişlər və sənədli filmlər hazırlandı. Və bu
iş bu gün də Azərbaycan və xarici ölkə ziyalıları tərəfindən davam
etdirilir.
İstinad yerimiz –
qaynaqlar
Dövlət başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır
ki, multikulturalizm Azərbaycanda tarixən olub və bu gün də var.
Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın
bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu
ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə
yaşayır. Bu mənada Xidmətin təşəbbüsü ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının
və ölkə universitetlərinin mütəxəssislərinin birgə iştirakı ilə
"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları",
"Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik
qaynaqları", "Azərbaycan multikulturalizminin siyasi qaynaqları"
adlı monoqrafiyalar hazırlanır. Təbii ki, adı çəkilən əsərlərlə bu
iş bitməyəcəkdir. Əslində, son dərəcə faydalı və zəruri bir elmi
nəşr seriyası işıq üzü görməkdədir. Onun müxtəlif dillərə
tərcüməsi, yeni-yeni mahiyyətlər və istiqamətlərlə
zənginləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Xidmətin intellektual dəstəyi ilə "Azərbaycan
Multikulturalizmi" adlı dərsliyin hazırlanması işinə də start
verilib. Bu dərslik həm xaricdə, həm də Azərbaycanda "Azərbaycan
multikulturalizmi" fənnini öyrənən tələbələr üçün xüsusi bir
əhəmiyyət daşıyan vəsait olacaq. Onu da qeyd etmək istərdim ki, bu
dərsliyin səhifələrində eyni zamanda xarici mütəxəssislər də öz
ölkələrindəki multikultural dəyər və əhvalı vətənimizdəkilərlə
müqayisə etmək imkanına malik olacaqlar. Məsələn, bu müqayisəli
prinsip alman, italyan, rus, gürcü universitetlərində artıq həyata
keçirilir. Belədə hər iki ölkəni daha aydın şəkildə "görmək" üçün
eyni baxış bucaqları formalaşır.
Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə
azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm
xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü
ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu
məqsədlə Xidmət tərəfindən hələlik 4 virtual "dəyirmi masa" təşkil
olunub. "Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi
inkişafın harmoniyası", "Multikultural təhlükəsizlik", "Xarici ölkə
universitetlərində "Azərbaycan multikkulturalizmi" fənninin
tədrisi: problemlər və perspektivlər", "Azərbaycana maraq
Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli
və əcnəbi tələbələrin gözü ilə)" mövzusunda olan bu "dəyirmi
masa"ların materialları Azərbaycan, rus və ingilis dillərində dərc
edilərək ölkə daxilində və xaricdə paylanıb. Virtual "dəyirmi
masa"larda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan,
Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gücüstandan, Misirdən,
İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər
və tələbələr iştirak edib.
Portuqaliyadan İndoneziyaya
qədər
İl ərzində Azərbaycanda olan sabit və demokratik mühiti, insan
haqlarının ali təminatını həzm edə bilməyən və öz qərəzli
hesabatları, ölkəmizə qarşı ikili standartları ilə gündəmə gələn
bəzi beynəlxalq QHT-lər və təşkilatlara da ölkəmizdəki milli
azlıqların hüquqlarının qorunması və dini etiqad azadlığı sahəsində
həyata keçirilən dövlət siyasəti haqqında yetəri qədər
informasiyalar verilib. ATƏT- in İnsan Ölçüsü Komitəsinin Vyanada
keçirilən iclasında "Tolerantlıq və qeyri ayrı-seçkilik: Azərbaycan
təcrübəsi" mövzusunda ölkəmizdəki multikultural və tolerant mühit
haqda Xidmət tərəfindən xüsusi təqdimat edilib. Ölkəmiz haqqında
həqiqətləri öyrənmək üçün qərəzli məruzəçilər və bu təşkilatların
nümayəndələri Azərbaycanı yaxından tanımaq və reallıqları öz
gözləri ilə görmək üçün ölkəmizə dəvət edilib. Xidmətin həm
təklikdə, həm də müxtəlif dövlət qurumları ilə birgə Almaniya,
İsveç, İngiltərə, Gürcüstan, Rusiya, İtaliya, Türkiyə və başqa
ölkələrdə təşkil etdiyi tədbirlər Azərbaycan multikulturalizmini
dünyaya təqdim etməklə yanaşı, həm də Azərbaycan tarixini,
mədəniyyətini, dövlətçiliyini və bu gün ölkəmizdə həyata keçirilən
uğurlu daxili və xarici siyasəti dünya ictimaiyyətinin diqqətinə
çatdırıb. Bu tədbirlərdə ürək genişliyi ilə ölkəmizin müsəlman,
xristian, yəhudi kinfessiyalarının rəhbərləri iştirak etdiblər və
Şeyxülislam hacı Allahşükür Paşazadənin xaricdəki məclislərin
birində tribunadan dediyi kimi müsəlmanların (həm sünni, həm də
şiələrin), yəhudilərin, pravoslavların, katoliklərin və digər din
və məzhəb nümayəndələrinin qardaş kimi yaşadığı Azərbaycan bir
model kimi bu gün həqiqətən dünya üçün bir örnəkdir. Qeyd edim ki,
dini liderin bu sözləri ilə razılaşmayanlar yox idi.
Belə bir özəl modelin yaranmasına səbəb isə müxtəlif dinlərə və
onların nümayəndələrinə ölkə rəhbərliyi, şəxsən Prezident İlham
Əliyev tərəfindən yönəlmiş bərabər siyasi münasibətdir.
Azərbaycanda heç bir səmavi dinin başqasından üstünlüyü olmadığı
kimi, modelin başqa yaranma üsulu da yoxdur.
Bu gün Portuqaliyadan İndoneziyaya qədər ən müxtəlif ölkələrin
universitetlərində, intellektual dairələrində və ictimai-siyasi
qurumlarında Azərbaycan dəyərləri müzakirə edilir. Biz
sual-cavabların içindəyik. Maraqlıdır ki, opponentlərimizə cavablar
yavaş-yavaş daha çox xaricdəki Azərbaycansevərlər tərəfindən
verilir. Onlar artıq püxtələşmiş və nə etdiklərini şüurlu şəkildə
bilən intellektual qüvvələrdir. Ölkəmizin xeyirxahlarının sayı
çoxalır, dostlarının sayı artır. İnanıram ki, onların səsi getdikcə
daha aydın və məqsədyönlü şəkildə eşidiləcək. Bunun üçün
Azərbaycandaxili mümkün olan və hətta mümkün olmayan koordinasiya
məqamlarının gücünü artırmalı, məqsəd və vəzifələri daha aydın
şəkildə qarşımıza qoymalıyıq.
Azərbaycan Prezidentinin dəqiqliklə göstərdiyi ideoloji
hədəflərə doğru daha qəti addımlarla irəliləmək əzmindəyik.
Kamal Abdullayev,
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,
akademik