Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Eko öldü... – Kamal Abdullanın yazısı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur yazıçı Umberto Eko dünən axşam saatlarında vəfat edib. 2014-cü ildə Umberto Eko ilə onun evində görüşən tanınmış yazıçımız Kamal Abdulla daha sonra həmkarı haqda maraqlı bir yazı yazmışdı.

Axar.az Kamal Abdullanın Umberto Eko haqda essesini və həmin görüşün videosunu təkrar təqdim edir:

Umberto Eko ilə onun evində görüşdük. Bu nəzakətli dəvətin təxminən 10-15 dəqiqə çəkəcəyini güman edirdim. Sandro Teti də belə düşünürdü.

Sandro "Yarımçıq əlyazma"nın İtaliyadakı naşiridir. Görüşü o təşkil etmişdi. "Təşkil etmişdi" deyəndə ki, kitabı Ekoya göndərmişdi və ondan oxuyub fikir söyləməsini xahiş etmişdi. İtalyan nəşrinə önsözü Florensiya Universitetinin məşhur professoru, orta əsrlər mədəniyyətinin görkəmli mütəxəssisi Franko Kardini yazmışdı. Və Kardini də Ekonun dostu idi. Qərəz, məncə, əlçatmaz Eko kitabı daha çox Kardininin önsöz yazmasına görə maraqlanıb oxumuşdu. Əvvəlcə o mənə kitabı ona göndərdiyim üçün təşəkkür yazdı, sonra da mənimlə Sandronu Milana, evinə dəvət etdi. Mən bu arada Romada idim. Romada "Yarımçıq əlyazma"nın Beynəlxalq kitab fuarında təqdimatı keçirilirdi və eyni zamanda Vatikan Universitetində mənimlə görüş və müzakirə təşkil edilmişdi. Müxtəlif qəzetlərə və bir TV-yə müsahibələr də verəcəkdim. Qərəz, bütün bunları ləzzətlə yola verdik və Romada işləri bitirəndən sonra Sandro ilə birlikdə Milana yola düşdük.

Budur, Milanın qədim qala divarlarının üzbəüzündəki gözəl Kastello (Qəsr) küçəsinə gəlib çatırıq. Taksidən düşüb ətrafa boylanıram. Küçənin o biri tərəfi qala divarlarının arxasında gizlənən balaca, köhnə Milandır. Bu qala divarları bir anlıq Bakıdakı Sabir heykəlini və arxasındakı bizim qala divarlarını yadıma salır. Bir az da bürcləri ilə Moskva Kremlinin divarlarına bənzəyir. Küçənin biz durduğumuz tərəfində isə əzəmətli roman üslubu hökm sürür. Evlər klassik memarlığın nümunəri kimi bir-birini tamamlayır. Hər guşədən zənginlik yağır. Bu da Kastello, 13. Ekonun evinin önündəyik. İkinci mərtəbəyə qalxmalıyıq. Sandro domofonun düyməsini basır.

O özü bizi liftdən düşən yerdə qarşılayır. Hərəkətlərindən mehribanlıq yağır deməzdim, daha dəqiqi budur – mehribanlıq hiss edilir. Evə daxil oluruq. Bizi salona dəvət edir. Soyunub, cürbəcür kitablar, suvenirlər, şəkillərlə süslənmiş işıqlı – ən çox yadda qalan salonun işığı oldu – işıqlı və geniş salona keçirik. Ağ tül pərdənin yüngülvari şəkildə canına sarışdığı pəncərədən o tərəfdə Milanın qala divarları... Eko bizdən nə içəcəyimizi soruşur. Kresloda yerimi rahatlaya-rahatlaya fikrimdən bu keçir: "Qaraqabaq dedikləri adam budur?!"

Xidmətçi qadın qəhvə gətirir. O, məşhur italyan filmi "Yolagəlməzin ram edilməsi"ndə yolagəlməz Çelentanonun vəfalı xidmətçisinin tam eynidir. Qəhvə içə-içə və "xoş-beş"dən sonra söhbət yavaş-yavaş öz məcrasına düşür. Biz heç bir kəşfiyyat-filan aparmadan, onun yaratdığı auranın təsirilə min ilin tanışları, həmfikirləri kimi söhbətə başlayırıq. Söhbətin lap əvvəlində onun mənə ilk və qəfil sualı bu olur (sualı olduğu kimi yazıram, çünki Sandroya dönə-dönə tərcümə etdirmişəm):

– Məndən burda soruşan kimi, sizdən də sizdəki kretinlər orda soruşdularmı, bu əlyazma həqiqətən var, ya yoxdur?

Quruyub qalıram. "Bu adam orakuldu, nədi?!" – Təəccüblə düşünürəm.

Həmən görüş, daha dəqiqi, həmən unudulmaz görüş nə az, nə çox – saat yarım davam etdi... (1-ci hissənin sonu).

***

Professor Eko "Yarımçıq əlyazma" romanı haqqında gözləmədi ki, biz ondan nə isə soruşaq və o da bizə cavab versin. Elə söhbət başlayan kimi "kretinlər" haqqında sualından sonra özü birbaşa belə dedi:

– Sizin romanınız cəlbedicidir (italyanca – "avvincente"), amma onu plyajda oxumaq olmaz.

Dedi və gülümsədi. Daha sonra o, romanı italyan oxucusuna daha yaxın etməyin yollarından danışdı. Sandro ona "Sehirbazlar dərəsi" haqda, bu romanı da tərcümə və çap etmək niyyəti barədə söz açdı və bu zaman Eko belə bir məsləhət verməyi lazım bildi:

– Bəzən romanda adlara lazımi fikir vermirlər. Üçmərtəbəli, hətta dördmərtəbəli adlar işlədirlər ki, tərcümə edilən əsərdə onlar oxucu qarşısında real çətinliklər yaradır. Adları çalışın, sadə məxrəcə gətirin.

Bu məqamda mən öz çoxdankı "problemimi" xatırladım. Məni narahat edən bir məsələ ilə bağlı xarici ədəbiyyatçılara, oxuculara, nəşri hazırlayanlara bu sualı vermişdim. Cavablar birmənalı olmayıb. Mən Ekodan soruşdum:

– Sizcə, xarici oxucunun, lap elə italyan oxucusunun "Kitabi-Dədə Qorqud"u tanıyıb-tanımamasının romanı qəbul etməsində rolu var, ya yox?

Onun cavabı məni azacıq məyus etdi. Eko qətiyyətlə dedi:

– Hökmən rolu var. Dastan barədə məlumatı olsaydı, roman oxucuya daha anlaşıqlı olardı.

Mən amerikalı redaktorumu xatırladım. O mənə yazmışdı ki, romanı oxuyarkən maraqdan və yeri gəldikcə gülməkdən özünü saxlaya bilmirmiş. Xüsusilə, Boğazca Fatmanın Oğuz cəngavərlərinə kələk gəlməsi onu son dərəcə əyləndirmişdi. O redaktor Dastanı oxumamışdı. Dastana nabələd oxucu tərəfindən romanın bəyənilməsi üçün bu faktorun bəzi yerlərdə əhəmiyyəti olmurdu. Əlbəttə ki, bunları dilimə gətirmədim.

Azərbaycandan danışırıq. Onun qədim tarixini, "Dədə Qorqud" dastanını bir daha yada salırıq. Yunan mifləri ilə səsləşən motivlərdən, paralellərdən, Şah İsmayıl və onun apardığı siyasətdən – dil və mədəniyyət qayğılarından, o dövrün Qərb ölkələrinin Səfəvilərlə əlaqəsinin vacibliyindən, Şahın özünün şairliyindən söz düşür. Müasir Azərbaycanın tolerant və multikultural bir ab-havaya malik ölkə olduğu, burada yaşayan müxtəlif xalqların gün-güzəranı, ölkə başçısının Azərbaycan üçün onun öz, xüsusi siyasi yolunu müəyyənləşdirməsi, Qarabağ, ikili standartlar, Mirzə Cəlil və "Anamın kitabı", "Kamança", Bakıda keçirilən möhtəşəm Humanitar Forumlar...

Bu zaman Ekonun xanımı salona daxil olur və o da çoxdankı tanışlar kimi bizi salamlayıb söhbətə qatılır. Cavanlıq gözəlliyini asanlıqla saxlamış xoşruhiyyəli bir xanımdır. Daxili gözəlliyini o dəqiqə hiss edirsən. Mən "fürsətdi" düşünüb, Bakıya ikisini də dəvət edirəm.

– Sizin bir kitabınız var – "Ədəbiyyat meşələrində altı gəzinti". O kitabı bir professorumuz Azərbaycan dilinə tərcümə edir. Bəlkə onun təqdimatına, bəlkə Humanitar Foruma...

– Məmnuniyyətlə gələrik, elə deyilmi? – Xanım Eko ərinə baxıb gülümsəyir.

– Olar. – İkimizin də gözləmədiyi halda Eko asanlıqla razılıq verir. –Amma il əvvəlində Milanda təzə kitabımın təqdimatları keçiriləcək. Buralar mənim üçün cəhənnəmə çevriləcək. İş çox olacaq. Ondan sonra bu barədə konkret danışmaq olar.

Mən də, Sandro da sevincimizi gizlətmirik və mən xanım Ekoya Azərbaycanda onu gözləyən maraqlı məqamların tələsik və qısa xülasəsini verirəm. O, həqiqətən də, Bakıya gəlmək istədiyini gizlətmir və mənə Bakı haqqında suallar verir.

Ekonun "Ədəbiyyat meşələrində..." adlı, professor Azad Məmmədlinin ingilis dilindən tərcümə etdiyi həcmcə o qədər də böyük olmayan kitabı çox maraqlı ədəbiyyat söhbətlərindən ibarətdir. Eko o kitabı Amerikada, gərək ki, Harvard Universitetində oxuduğu mühazirələrin əsasında hazırlayıb. Ən çox bəyəndiyim məqam Düma qəhrəmanlarının yaşadığı evlərin Dümanın təklif etdiyi şəhərdaxili coğrafiya əsasında yerlərinin müəyyənləşdirilməsi, onların sonrakı aqibətlərinin izlənməsi və təhlili idi. Dartanyanın, Atosun, Aramisin, Portosun kirayədə qaldıqları evlər daha sonrakı dövrdə, məsələn, Fransız inqilabı zamanı hansı məqsədlərlə istifadə edilib və s. və i.a.

Eko mənə diqqətlə qulaq asdıqdan sonra bu kitabın Bakıda çapı ilə bağlı belə bir jest edir:

– Çox gözəl. Kitabın çapı münasibətilə Bakıya gəlmək olar. Mən də öz ədəbi agentimə deyərəm ki, sizdən ingilislərdən, fransızlardan aldığı qədər çox pul almasın (gülümsəyir), simvolik bir qonorar alsın.

Təbəssümümü güclə saxlayıram. Maestro bilmir ki, eninə, uzununa, demək olar ki, az qala bütün külliyyatı Bakıda çapdan çıxıb və heç bir ədəbi agentin bundan xəbəri yoxdur (2-ci hissənin sonu).

Tarix
2016.02.20 / 13:22
Müəllif
Kamal Abdulla
Şərhlər
loading...
Digər xəbərlər

Ələtdə uşaqların Novruz səhnəciyi maraqla qarşılandı - Foto

YUNESKO məşhur alimimizin məqbərəsini... - Qərar

Sovet Azərbaycanında ilk Novruz açıqcası - Foto

Sosial xidmət müəssisəsində Novruz şənliyi - Foto

Avropanın dənizaltı restoranı Norveçdə açıldı - Foto

2500 illik gəmi tapıldı: Herodot bu barədə yazmışdı

Türkiyədə Koroğlunun nəhəng abidəsi açıldı

Sevil Əliyevadan bayram təbriki

Azərbaycanın tarixi heykəli yerindən götürüldü - Foto

ADU-da yeni mərkəzin açılışı oldu - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla