Düma ilə Coys arasında, yaxud aldanmış
oxucu
Göyüzündən ulduz axan zaman o yox olana qədər sevgililər
tələsə-tələsə ürəklərində niyyət tuturlar. Bu vəziyyətdə tutulan
niyyət, adama elə gəlir ki, hökmən yerinə yetəcək və hamı arzusuna
çatıb xoşbəxt olacaq. Əlaqəni nə qədər fikirləşirəm, tapa bilmirəm.
Ulduzun göy üzündən silinməsi və niyyət… Nə mifologiyada, nə
ədəbiyyatda, nə də həyatda bunların əlaqəsi sanki yoxdur. Ulduzlar
isə axmağına, başqa sözlə, yox olmağına davam edir, yenə də
kimlərsə xoşbəxtliyə qovuşur, kimlərsə də bunun üçün öz növbəsini
gözləyir. Axan ulduz hara getdi, hara yox oldu sualını adətən biz
özümüzə vermirik. Xoşbəxtliyinmi dalınca getdi, yoxsa xoşbəxtliyi
gözləyən biçarəyə onu verə bilmədiyi üçün utanıb gizlənməyimi
tərcih etdi – bunu kimsə bilmir.
Amma bir yozum da var. Bəlkə bu axan ulduz sayrışmaqdan
yorulduğu üçün axıb gedir?! Bəlkə son səhnəni oynamış və artıq
tamaşanı bitirmiş, indi isə teatr pərdəsi qarşısında dayanıb
uzun-uzun baş əymələrdən sonra nə edəcəyini bilməyən aktyorlar kimi
bərq vurub sayrışan digər ulduzların yanında asılıb qalmaq onu
bezdirib?! Yoxluğa işıq sürətilə qərq olmaq "poklona" çıxmış
aktyorlarla bir sırada hələ də uyumsuz baş endirməkdən bəlkə daha
maraqlıdı?! İllah da ki, əl çalanların sayı get-gedə azalmaqda ola…
Tamaşaçıların çoxu artıq qarderoba, üst geyimlərinin dalınca qaçıb.
Bir azdan teatrın tamaşaçı salonu da, kulisarxası da bombalanboş
qalacaq. Hamı açıq havaya çıxıb köks dolusu nəfəs alacaq.
Səhnənin dibində daldalanıb qalmış bir aktyor baş əyməyə inadla
davam edən əsas rol ifaçılarının arxasından zalda ləngiyib qalmış
üç-dörd tamaşaçını onsuz da görə bilmirdi. O, sakitcə səhnədən
sivişib kulisarxasına, oradan da küçəyə çıxdı. Gecənin ulduzlu
aləmində sərin havanı ləzzətlə ciyərlərinə çəkdi. Sonra nəfəsini
verdi və bu, bir ahçəkməyə bənzədi. Nə oldu, nə olmadısa, aktyor
qəfildən başını qaldırıb göyüzünə baxdı. Və elə bu zaman göyüzündən
həmən o ulduz axmağa başladı. Ürəyində "niyyət, niyyət…" deyə
çabalayan aktyor təlaş içində yadına hər hansı bir xoş niyyət
salmağa çalışdı. Sakit vaxtlarda onlar bir-birindən gözəl,
bir-birindən samballı idilər. İndi isə, məqamı gəldiyində biri də
yada düşmədi. Aktyor yanıb tökülə-tökülə qaldı.
Göyüzü mavidən də mavi idi. Axan ulduz hələ yox olmamış gözünün
bir qırağıyla onun son uçuşunu nəfəs dərib izləyən aktyoru gördü və
əlacsızlığın ağrısını çəkən bu adama cani-dildən acıdı, hətta öz
sürətli hərəkətini bir azcana ləngitdi də. Təki aktyor ulduzun
yoxolma vaxtının içinə girməyə macal tapsın, bəxti gətirsin və o öz
niyyətini tuta bilsin. Olmadı. Niyyət deyilən şey yada düşmədi ki,
düşmədi. Aktyor yox olmuş ulduzun arxasınca qaranlıq boşluğa son
dəfə həsrətli bir baxış atıb yerləri və göyləri, əzizlərini və
düşmənlərini ürəyində söyə-söyə evinə tərəf yola düzəldi.
***
Bığlı, saqqallı oğlanların böyük əksəriyyətinin gözəl Monika
Beluççiyə vurulduğu vaxt idi.
Bu oğlanlar, onların içində isə şairlər də var idi, əsrlər boyu
necə romantik və xəyalpərvər idilər, bu günün özündə də eləcə
qalmışdılar. Monika deyirsən, bu da sənə Monika. Al onu, bərk-bərk
tut. Gözlə, qaçıb getməsin. Yucin O"Nilin sözüdü, deyir, "əlçatana
canatanı onun arzusunu yerinə yetirməklə cəzalandırmaq lazımdı". Bu
da sənin cəzan.
Həqiqətən, günlərin bir günü götürdülər Monika xanımı, qızıl
sinidə təqdim elədilər onu ən çox arzu edən bir əzizi-mən şairə.
Amma bu xanım gözəgörünməz və keçilməz pərdənin o biri üzündə idi
və ona hətta əl toxundurmaq belə mümkün deyildi. Eləcə, bu
gözəlliyə ancaq baxmaq olardı. Monika gülümsəyirdi…
Pərdənin bu tərəfində isə dişlərini qıcamış, dırnaqları ilə
bədənini cınqırını belə çıxarmadan didik-didik cırmaqlayıb qanına
qəltan edən və gözləri hədəqəsindən çıxmış bizim bu əzizi-mən
şairimiz…
***
Hamının yanında qışqırıb bağıranların təkbətəkdə necə
pıçıldadığını bircə görəydiniz…
***
Sovet dövrünün sonlarına yaxın bəzi yazıçılar, xüsusilə, kənd
mövzusunda yazan yazıçılar iki kəlmədən bir "Allah", "Tanrı",
"İlahi", "Pərvərdigara" deyə-deyə, guya ki, vicdan məhbusları
rolunu oynadılar. Bu sözlərin, iniltilərin arxasında nə qədər
gizlənmək olardı?! Buna oxucunu aldatmaqdan başqa heç nə demək
olmur .
Oxucunu öz səmimiyyətinə ciddi-cəhdlə inandırmağa (əslində,
aldatmağa!) çalışdınsa, deməli, surroqatsan. Çalışdınsa, deməli,
səhvsən. Eyni işi teatrda lirik- romantik pafos, əslində süni,
yalançı nəfəs yaradıcıları edirdi. Əzilib-büzülən səsləri ilə
edirdi. Ədəbiyyatda isə bu cür imitasiyalı sünilik xüsusi səriştə
ilə tətbiq edilir, gizli, dərin xətlərlə öz ziyanlı təsiruni həm
müasir məkana, həm də yaxın gələcəyə buraxırdı. Çünki şərait və
potensial var idi. Dəhşətli olan da elə bu idi. Rus ədəbiyyatından,
dünya ədəbiyyatından xəbəri olmayan oxucu üçün, əlbəttə ki, belə
surroqat mətn əsl sənət nümunəsi kimi görünə bilərdi.
Bu "incə" duyğular tərənnümçüləri illərlə qələmə verildiyi kimi
bir-birindən uzaqda deyildilər, hətta bir-birinə yaxında da
deyildilər, əslində, onlar bir-birinin variantı idilər. "Kəndli"
yazıçılar "şəhərli" yazışçıların daha hiyləgər variantı idi.
***
Yazıçılığın qayəsi budur. Bütün yazıçılar bütün oxucuları
aldatmağa çalışır. Ən azından ona təqdim etdiyi mətnin həyat
parçası olduğuna inandırmaq cəhdi ilə. Füzuli nahaqdan demirdi:
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Amma aldanmış oxucu ilə aldadılmış oxucunu fərqləndirmək
lazımdır.
Aldanmış oxucu ən sadiq oxucudur. O özü özünü yaradır.
Aldadılmış oxucu isə müəllifin qələm məhsuludur. Onun müəllifi
müəllifin elə özüdür.
Yenə də amma. Bu, sonadək bu cür gedə bilməz. Bütün hallarda
aldadanları eyni aqibət gözləyir. Günlərin bir günü
aldadılmışlardan biri hamının deməyə cürət etmədiyi sözü dilinə
gətirəcək və deyəcək: Bu müəllif axı lütdü…
***
Mənən qullar bütün qabiliyyətlərini tədricən itirirlər, birindən
başqa. Bu, dönük çıxma qabiliyyətidir.
***
Suyun dibindəki o möhtəşəm sakitlik yadınızdamı? Səslər varsa da
— boğuq-boğuq, ağır-ağır… Suyun üzündəki tələsik səsləri isə yada
belə salmaq istəmirsən — bunlar əsəbi tarıma çəkən küylər,
qışqırıqlar, çığırtılardır…
Azərbaycan ədəbiyyatı sualtı qayıqlar kimi su dibinə çöküb. Su
üzündə Feysbuk və sayt ədəbiyyatının tükürpədən çığırtısı…
Çığırtıdan o tərəfə keçə bilməyən ədəbiyyat öz tənqidçisi, öz
tarixçisi, öz mədhiyyəçisi ilə bir yerdə su dibinə çökmüşlərin
xofunu hələ də səksəkə içində yaşamaqdadı. Yoxsa bu boyda nifrətin
bir qaynağı olmalıdı axı.
***
"Dənizin ortasında bir ada …
Ya sən onun gözünə görükürsən, ya o sənin."
Vaqif Bayatlının bu misraları imkan verir ki, deyək: Azərbaycan
şeirinin fəlsəfi qaynaqları qurumayıb.
***
Şah Abbasın məliküşşüərası Saib Təbrizi bu gün də sübut edir ki,
qəzələ yad baxışla baxmaq, onun imkanlarını müasir bədii təfəkkür
üçün yetərli saymamaq ən azından naşılıqdır. Şairlər şairinin ikicə
misrası bunu asanlıqla sübut edir. Makrokosm ədəbiyyatının ən
cilalı, ən cazibəli, ən qədd-qamətli misraları:
"O hilal Saibə bənzər, necə əymiş belini,
Başını qoymuş üfüqdə bu səmanın dizinə."
Füsunkar və qəmli, yorğun və məhrəm, gecə rənglərinin zərif
xətləri, bir də oxucusuna inam və etibar, yəni, "zaman gələcək,
məni anlayacaqlar" düşüncəsinin ürkək xoşbəxtliyi…
Azərbaycan ədəbiyyatında makrokosm motivləri Saib Təbrizinin
ölməz beytində bu cür həkk olub qalıb.
***
Ustad Umberto Eko ilə unudulmaz görüş zamanı söhbət əsnasında o,
bədii mətndə adlandırma probleminə toxundu. Dedi ki, romandakı
adlar sadə və birsözlü (!) olmalıdı. Xüsusilə, tərcümə edilən
romanda. Mürəkkəb adlar oxucu ilə müəllif arasında lazımsız
sərhədlər yaradır. İlk növbədə o, "Yarımçıq əlyazma"dakı bəzi
adları nəzərdə tuturdu. Mən dedim:
— Başqa romanımda ("Sehirbazlar dərəsi") bir uzun adlı adam var.
Hacı Mir Həsən Ağa Səyyah. O deyir ki, bu adı mən qışda paltar kimi
geyinirəm ki, üşüməyim. Yayda isə soyunuram. Yayda adım ancaq
Səyyah qalır.
Ustad qımışdı:
— Elə həm də buna görə, məncə, sizin romanınızı plyajda oxumaq
mümkün olmayacaq.
Bir qədər əvvəl o mənə "Yarımçıq əlyazma"nın plyajda
oxunamayacağının başqa səbəblərini demişdi.
Həqiqətən, ədəbiyyat plajda oxunan və oxunamayan kitablara
bölünür. Əlbəttə ki, bu bölgünün arxasında daha ciddi kriterilər
durur və yəqin ki, onları indi bir-bir yada salmağa ehtiyac
yoxdur.
"Kənd və şəhər ədəbiyyatı", "Ağıldan gəlir, yoxsa ürəkdən?",
"Səmimi, yaxud qeyri-səmimi" kimi bölgülər isə boş və uğursuz ədəbi
zəvzəmələrdir.
***
Böyük Nizamiyə Dərbənd hakimi bəxşiş olaraq bir cariyə göndərir.
12-ci əsrdə belə bəxşişlə nə etmək lazımdır sualının yəqin ki, bir
məlum cavabı ola bilərdi. Amma şair başqa bir cavab tapır. O, bu
qızı sevir və ona evlənir. "Öz-özgə" qarşıdurmasının iti bucaqları
bu şəkildə yumşaq, pambıq qədər yumşaq sonuclara dönür. Nizami
Renessans titanları qədər yüksəlir. Bu dərəcədə insansevərlik
gözəgörünməz bir çevrilmədə ildırım kimi vurub Füzulinin qəlbindən
zühur edir. Onun Tanrıya müraciətlə ifadə etdiyi "həm ver mənə qəm
yemək kamali, həm aləmi qəmdən eylə xali…" arzusuna çevrilir. Amma
xətt burada qırılırmı? Qırılmır. Xəttin digər sonucu Hüseyn Cavidin
"Qızlar məktəbi" şeirində özünü göstərir. "Allahdan, onun
elçilərindən sonra sevdiklərin daha kimlərdir?" sualına bu kiçik
şedevrin qəhrəmanı Gülbahar belə cavab verir: "Anam, babam,
müəlliməm, bir də bütün insanlar…"
Bütün insanları sevən Gülbahar öz xalqının nəhəng və qüdrətli
bir mənəvi potensialının varisidir. Azərbaycan xalqının ən böyük
arzularından birini həyata keçirən möhtəşəm varlıqdır.
***
Azərbaycan ədəbiyyatının bir şah damarı var. Onu ideya
müstəvisinə salıb nəzərən keçirə bilərik. Adını belə qoymaq olar:
Yaşanmamış həyatın ilğımı.
Müəllif öz qəhrəmanına onun yaşadığı yox, yaşaya biləcəyi
həyatın bir qırığını, bəzən də bir kəsiyini, ya da bütövünü
göstərir. Müqayisə edilən hissələr, yəni, yaşanan həyatla yaşana
biləcək həyat arasındakı fərq mənəvi baxımdan o qədər böyük alınır
ki, burada yerinə yetməmiş arzular, ümidlər və puç olmuş xəyallar
xam torpaqlar kimi şumlanır, beləliklə, əsərin öz-özlüyündə, bəzən
əsas süjetdən aralı öz arxeoloji dərinliyi yaranır. Buradan
katarsisə də, yenidən intibaha da, günah hissini yaşamağa da,
əzabçəkmə çalarlarının yeni təsvirlərinə də əvvəlcədən tanış
olmayan, elə onunçün də xüsusi maraq doğuran cığırlar, lağımlar
açılır.
Əyyami-qədimdə mən bu haqda bir dəfə yazmışdım. Məqalənin adı
elə belə də idi: Yaşanmamış həyatın ilğımı. Təəssüf ki, bu ideyanın
davamı gəlmədi. Nə mən onu inkişaf etdirmək gücündə oldum (bununçün
geniş və xüsusi tədqiqat lazım olardı), nə də başqaları bu xətti
davam etdirmək istədilər. Hər halda mən elə bilirəm, bəlkə də
vəziyyət başqa cürdü, mənim bundan xəbərim yoxdur. Amma ideya həm
də ona görə maraqlı idi ki, ədəbiyyatımızın vacib bir məsələsini
qaldırırdı. Onunçün vacib deyirəm ki, bu ideyada həm
üslubi-poyetik, həm intellektual, həm də məzmun qatları bir-birinə
qovuşmuş halda ələ gələ bilərdi, çünki onları bir tam kimi öyrənmək
imkanı görünürdü.
Əsər qəhrəmanlarının xəyal və arzuları, həyata keçirmək
istədikləri niyyət və düşüncələri, əslində, yaşanmamış həyatın
ilğımlarıdır. Qəhrəmanın təbii vəziyyəti məngənə içərisində
çabalamaqdır. Eynən Laokoon kimi. Yaşanmamış, amma yaşaya biləcəyi
həyatın ilğımı onlar üçün bir nəfəscikdir. İmkan verir ki, qəhrəman
öz əzabını sonadək yaşaya bilsin. Məşəqqətini sonadək çəkə bilsin.
Bu da olmasa o məşəqqətin siqləti görünməz.
Əlçatmaz, yerinə yetirilməz istəyin Azərbaycan ədəbiyyatında ilk
müəllifi, təəccüblü görünsə də, "Dədə Qorqud" dastanındakı
Təpəgözdür. Ölüm ayağında o, Basata bir etiraf edir və özünün
intihar arzusunun yerinə yetməməsindən danışır. Bu məqam
tədqiqatçıların diqqətindən, nədənsə, kənarda qalıb. Və sanki Basat
Təpəgözü öldürməklə onun gözlədiyi, hətta arzu etdiyi bir missiyanı
yerinə yetirir. Təpəgözü öldürə bilən qılıncın Təpəgözün özü
tərəfdən Basata nişan verilməsi, son ölüm səhnələrində Basatın
Təpəgözün dediklərinə uyğun hərəkət eləməsi, əslində,
tədqiqatçıların qarşısına yeni-yeni suallar qoyur. Amma orası var
ki, həmən etirafında ölmək arzusunun səbəbi kimi çox günahsız
igidləri qanına qəltan elədiyini deyən Təpəgöz faktiki olaraq günah
hissi ilə yaşadığını boynuna almış olur. Mancanaq daşını başına
atıb bu şəkildə həyatına son qoymaq istəyi Təpəgözün yaşanmamış
həyatının ilğımıdır. Beləliklə, günah hissinin ədəbiyyatımızda ilk
daşıyıcısı Təpəgöz olmuşdur desək, heç də səhv etmərik. Baş
tutmayan intihar Təpəgöz obrazının üzərinə bizim üçün tamam yeni,
alışmadığımız bir rakursdan işıq salır.
Yaşanmayan həyatın ilğımı mətnin (sözün) dərinində, Şellinqin
sözlərilə desək, sayrışan mənaları görməyə çağırır.
***
Bu gün artıq "iki Azərbaycan ədəbiyyatı var" deyə bilərik.
Hamının alışdığı, tanıdığı və inandığı ədəbiyyat bir tərəfdədi,
saytların və feysbukun təqdim etdiyi ədəbiyyat isə bu biri tərəfdə.
Hər biri də öz qanun-qaydası, öz dahiləri, öz istedadsızları, öz
tənqidçiləri, öz şair və yazarları ilə bir yerdə… Bir hörmətli
müğənni kimi onların hər biri öz ətrafındakılara adlar və titullar
verir, özü üçün müvafiq oyun və davranış normaları tənzimləyir,
eyni zamanda, o biri ədəbi dünyaya ölüm-dirim mesajları göndərməyi
də unutmur. Bəzi ədəbiyyat adamları isə bu iki dünyanın
həndəvərində əməlli-başlı azıb qalıblar.
Bir sual çox maraqlıdır. Bu iki dünyanı birləşdirmək olarmı? Hər
iki dünyanın, əlbəttə ki, ləyaqətli nümayəndələri yox deyil. Onlar
bir-birinin yanında durmağa hazırdılarmı?! Yoxsa onlar bu gün
ermənilər və azərbaycanlılar qədər bir-birindən uzaqdadılar?!
Qəşəm Nəcəfzadənin Kəramətə verdiyi intervüdən bir məqamı heç
cür unuda bilmirəm. O dedi: "Oturmusunuz Feysbukun içində, elə
bilirsiniz ki, ədəbiyyatın içində oturmusunuz…"
Bu feysbukda oturanların ən istedadlısında da, elə bil, nəsə
çatışmır. Hər şey sanki yerindədi — intellekt, duyum, savad… Amma
yenə də, elə bil, nəsə yoxdur. Nə qədər fikirləşirəm, tapa bilmirəm
nə. Orasını bilirəm ki, bunu əlüstü "tapan" adamlar qorxulu
adamlardı…
İş budu ki, ədəbiyyatda oturanların da nəyisə qırılmışdır, orda
da nəsə çatışmır. Nə? Bu sualın da, əslində, asan cavabı
yoxdur.
Hər iki tərəf Böyük Azərbaycan Ədəbiyyatının bir mərhələsinə
qədər ona şərik çıxırlar. Arada bir cığallıqlar, yalançı
araqarışdırmalar istisna.
Amma bu, bir dövrə qədər belə sürür. Sonra inkarlar zamanı
başlayır. Cəngəlliklərə arasıkəsilmədən yağan yağışlar kimi bu
inkarlar da bitib tükənmək bilmir. Kim kimə nəyi sübut edir —
bilinmir. Dostoyevskiləri, Tolstoyları, Kafkaları, Selincerləri,
Folknerləri, Heminqueyləri, daha kimləri, guya ki, oxuyub
mənimsəmiş bu əzizi-mənlər öz ədəbi kumirlərinin əsas həyat
kredolarını niyə bəs doğru-dürüst anlamayıblar?! Bağışlaya
bilməyiblər bir-birini?! Çünki bağışlaya bilməzlər də. Çünki
bağışlamağın yolu hər şeyi dərininə qədər anlamaqdan keçir. Qədim
romalılar deyirdi: hər şeyi anlamaq hər şeyi bağışlamaqdır.
Nə düz-əməlli günah hissini təsvir edib ədəbiyyatımız, nə də
"bağışla" sözünün həndəvərinə gətirib qəhrəmanını (təbii ki,
oxucusunu). Özünün hər iki "cəbhəsində".
***
Hər səhər yuxudan ayılıb, yuxu qatarının dayandığı müxtəlif
dayanacaqlar var, onlardan birinə düşürəm. Günlər şəhərlər kimidi,
kəndlər kimidi, hərdən də nə kənddi, nə şəhər, ha tərəfə baxırsan
boşluqdu. Qatarlar bəzən çölün düzündə də dayanır.
Bu dayanacaqların birində mən ləngiyib qatardan qalacağam və
uzaqlaşan qatara heç cür qaçıb çata bilməyəcəyəm. Qatar yavaş-yavaş
uzaqlaşacaq, mən isə həmən dayanacaqda onun arxasınca təəccüblə
baxa-baxa…
***
Yazıçı hardadır? Onu harda axtarmaq lazımdır? Sözdəmi,
cümlədəmi, mətndəmi?
Onu sözarası, cümləarası, mətnarası sükutda axtarmaq heç
ağlınıza gəldimi?
kamalabdulla.az