Yuxarı

Bu yazını bitirib, ona zəng edəcəm. Siz də edin...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qadının sevdiyi şəhid olanda çox sarsılmışdım. Çox ağlamışdım. Dinc dövrün şəhidiydi. 44 günlük qəhrəmanlıq dastanımızdan 1 il öncə...

Həyat yoldaşını – şəhidimizin 2 körpəsinin anasını özüm axtarıb tapdım. Görüşdüm. Yas mərasimlərində iştirak etdim. Keçirdiyi ağır stressə, depressiyaya rəğmən məğrur duruşunu heyrətlə izlədim. Mənən, ruhən dəstək olmağa çalışdım. Yaxınlaşdıq, dostlaşdıq, doğmalaşdıq. Hər problemində yanında olacağıma, hər çağıranda mütləq özümü çatdıracağıma söz verdim...

O qadının qarşısında uzun bir ömür vardı. Bu uzun və çətin yolu təkbaşına getmək heç kəsə asan gəlməsin. Bir qadının, bir xanımın, bir ananın daşıyacağından qat-qat ağır yükdür. Amma öhdəsindən gələcəyinə əmin idim. Çünki mən o gənc, gözəl və ağıllı gəlinin gücünü görürdüm. Bilirdim ki, ərinin adını həmişə yüksək tutacaq. O da Nümunə olacaq. Qəhrəman komandirim Raquf Orucovun Sevinci kimi... Bütün Sevinclər kimi...

O qədər parlaq, yüksək mənəviyyatlı, yüksək əxlaqlı, ləyaqətli, vətənərvər bir kişinin, bir zabitin yalnız xatirələriylə yaşamaq, ona aid olan hər şeyi - vərəqlədiyi kitablarda qalan hərarətini, toxunduğu əşyalarda belə izini saxlamaq, qorumaq, unudulmağa qoymamaq, atalarının niyə evə gəlmədiyini, atalarının HARADA olduğunu uşaqlarına izah etmək, onlara belə yaşamağı – gözləyərək yaşamağı öyrətmək, sevmək, sevmək, daha çox sevmək... hünər istəyir, ürək istəyir, qadınlıq, böyüklük, şücaət istəyir...

O qadınların – şəhid analarının, şəhid xanımlarının qarşısında baş əyirəm! Mənimçün yer üzünün ən müqəddəsləri onlardır. Mənim Məkkəm onların yaşadığı şəhərlər, mənim Kəbəm onların yaşadığı evlərdir...

Bu günlərdə belə bir şey oldu: o qəhrəman şəhidimin gözəl xanımı mənə zəng etdi. Həmin vaxt Zum (Zoom) iclasdaydım. Cavab verə bilmədim. Düşündüm ki, iclas bitən kimi zəng edərəm. Adətən, nəsə məsləhət almaq üçün zəng edər, o qədər vüqarlı xanımdır ki, maddi kömək-dəstək söhbəti zatən, mümkün deyil onun tərəfindən. Amma... Unutdum. Zəng etməyi, hal-əhval tutmağı, balalarıyla maraqlanmağı unutdum. Vallah, billah, qəsdən, etinasızlıqdan, başdansovduluqdan olmadı. Mən onları – şəhid analarını, şəhid xanımlarını – evində, yuvasında balalarını başına toplayıb Dağ kimi oturan o çiçək xanımları daim başımın üstündə tutmağa hazır bir ovqatdayam. Uzun illərdir, 30 ildir keçməyən bir duyğudur bu. Gecə saat 2-də, 3-də, 5-də çağırsalar, heç nəyə baxmadan, pay-piyada yolun ağına düşüb çağırdıqları yerə gedərəm. Əllərindən öpər, dizlərinin dibində əyləşərəm...

Amma unutmuşam. Lənətə gəlmiş bu yaddaşsızlıq sanki xronikidir məndə. Bəzən ən vacib şeyləri – hətta ən vacib insanları, - hansı ki, nəfəs qədər yaxın və doğmadırlar – yaddan çıxarıram.

Və aradan təxminən 10 gündən artıq vaxt keçəndən sonra - bu gecə qəfil xatırladım ki, axı mən zəng etməliydim. Bəlkə bir problemi var, bəlkə kömək istəyəcəkdi. Bəlkə sadəcə, dərdləşib, söhbətləşib ürəyini boşaldacaqdı. O, dəstəyin o başında həzin və hüznlü səslə danışdıqca göz yaşlarının içəriyə süzüldüyünü mən dəstəyin bu başında hiss edəcəkdim, görəcəkdim...

Çox utandım. Utanmaq nə söz ki! Ölüb yerin dibinə girdim. Yastığı ağzıma sıxıb hönkür-hönkür ağladım. Qəlbimdə o dərdli gəlindən dəfən-dəfən üzr istədim.

İndi, bu yazını bitirdikdən sonra zəng edib ürəyimdən keçənləri özüylə bölüşəcəm. İnanıram, təvazökarlıqla gülümsəyəcək, mehribanlıqla könlümü almağa, məni sakitləşdirməyə çalışacaq. “Neyləyəsiz, sizin də işləriniz çoxdur, vaxtınız olmur, telefona cavab verməyəndə anladım ki, məşğulsunuz. Narahat olmayın. Vaxtınız olanda zəng edəcəyinizi bilirdim...” deyəcək. Məni lap utandıracaq...

Əziz azərbaycanlılar, məmurlar, iş adamları, millət vəkilləri, jurnalistlər, həkimlər, müəllimlər, Qarabağ, Azərbaycan, bu gözəl Vətən üçün canından keçməyə hazır olan soydaşlar, xitabım sizədir:

Son 30 ilin ağrılarından, travmalarından, dəhşət və vəhşətindən danışmayın mənə. Əzbərimdədir.

Düşmənlər yalnız torpağımızın altına minalar basdırmayıblar ki! Onlar bizim beynimizə, şüurumuza, altşüurumuza, yaddaşımıza, qəlbimizə, ruhumuza da MİNA basdırıblar. Ara-sıra kimsə toxunanda – bilərəkdən, ya bilməyərəkdən – o minalar torpaqlarımızda partlayan kimi, beyinlərimizdə də partlayır, darmadağın edir, ruhumuzda dərin, yeri heç vaxt dolmayacaq çalalar açır.

Mənə dərdlərinizdən danışmayın. Həmdərdik...

Müharibə sindromundan heç danışmayın...

Arzularınızdan, xəyallarınızdan, planlarınızdan da danışmayın daha. O arzuları, o xəyalları, o planları reallaşdıran Oğula eşq olsun! O oğula – Şuşanı alan, Şuşanı qaytaran, Şuşanı ərməğan kimi, hədiyyə kimi qarşımıza qoyan Oğula, Sərkərdəyə, Qəhrəmana, Ali Baş Komandana, onun Əsgərlərinə, bizim Əsgərlərimizə, bizim balalarımıza – Şəhid Qəhrəmanlarımıza, Qazi Qəhrəmanlarımıza yalnız və yalnız EŞQ deyək! Şuşanı azad etmək iş deyildi, ola bilməzdi, bu sevgiydi, eşq idi, eşqdir!

Mən deyirəm ki, Xankəndidə ilişib qalmayın. Mənim Qəhrəmanım Zəngəzurdan danışır, Göyçə mahalından, İrəvandan... bəhs edir. Mənim Sərkərdəm nə deyibsə, nə vəd veribsə, edib, yerinə yetirib. Mənim Qəhrəmanım nə eylərsə, gözəl eylər!..

Siz mənim insanlarımın qeydinə qalın. Onların yaralarını sarıyıb sarmalayın. Şəhid analarının, şəhid atalarının, şəhid balalarının, boynubükük solğun bənövşəyə bənzəyən şəhid xanımlarının qeydinə qalın.

Siz onların necə bir Oğul (Oğullar) itirmələrini düşünün. Siz o Oğulların nurlu simalarını, gözəl gözlərini, çinar boylarını, pəhləvan cüssələrini gözünüzün önünə gətirin.

Fotolarına diqqətlə baxın!

O yaraşıqlı Oğullar öləndə, daha dəqiqi, Şəhid olanda onların analarının, atalarının, yarlarının, körpə yavrularının, hələ doğulmamış yavrularının, heç vaxt doğulmayacaq yavrularının da ürəyində MİNA partlayıb!

O dağıntıların miqyasını təsəvvür etməyə cəhd edin!

O analara, o atalara, o yarlara, o yavrulara ürəyinizin içində təzim edin. Dua edin. Şükr edin. Heç kəs hiss etməsə də, görməsə də, ritual kimi, ayin kimi edin bunu!

Toplumu Millət, dövləti Vətən edən həm də bu ayinlər, bu dualar, bu şükranlıqlardır.

Özünüzü onlara həmişə, hər zaman, hər an borclu hiss edin. Təxəyyülünüzdə, təsəvvürünüzdə bir şəkil cızın: məsuliyyət şəkli. O şəklə tez-tez baxın və xatırlayın ki, onların - o ailələrin qarşısında bir məsuliyyətiniz, bir vəfa borcunuz var.

Təbii, dövlət və qanunlar onların yanındadır. Prezident və Birinci Xanım onların yanındadır...

Dövlət tərəfindən pensiya və müavinətlər verilir, təbii, verilməlidir. YAŞAT Fondu fədakarlıqlar edir, etməlidir. Amma yalnız pulla məsələ həll olunmur ki! Təbii ki, maddi dəstəyə həddən ziyadə ehtiyacı olan qazilərimiz, şəhid ailələri də var, çoxdur. Müvafiq dövlət qurumları dəstəyi daha da artırmalıdır.

Ancaq elə yaralar var ki, onları sağaltmaq təbabətin və paranın gücü xaricindədir. Lap əvvəldə dediyim kimi, doğmalarını itirmiş bu insanların qarşısında uzun bir ömür var. Onların əllərini buraxmaq olmaz.

44 günlük Vətən Savaşında şəhid olan oğullarımızın analarına baxın, böyük əksəriyyəti gənc analarıdır. Fotolarda heç oğullarından seçilmirlər, həmyaşıd görünürlər. Təxminən 40 yaşlarında olan bu analar tez ailə qurduqları üçün çox güman, ali təhsilli deyillər. Bu səbəbdən də işləmirlər. Şəhid xanımları da zatən, gəncdirlər. 18-20-25 yaşlarında bu gəlinlər, bu analar dörd divarın arasında hövllənər, havalanar, yaşamaq cəhənnəmə çevrilər.

Bu anaların işlə təmin edilməsi, bacardıqları bir işlə məşğul olmalarına şərait yaradılması vacib və mütləqdir. Təbii, bunu dövlət təkbaşına etməməlidir. Mən ona görə bütün soydaşlarımıza səslənirəm. Bütün özəl müəssisələrdə, özəl orta məktəblərdə, özəl uşaq bağçalarında, xalçaçılıq, tikiş fabriklərində, həmçinin, bütün dövlət qurumlarında, yəni harada mümkünsə, harada uyğunsa, hər bir sahibkar, hər bir məmur xüsusi diqqətlə, xüsusi həssaslıqla bu anaların, bu xanımların işlə təmin olunmasına şərait yaratmalıdır. Lazım gələrsə, o insanlarlın bacarıq və imkanlarıyla bağlı YAŞAT Fondu informasiya bankı formalaşdırmalı və onların hər biri ilə fərdi əlaqə saxlanmalı, söhbət aparılmalıdır.

Məmurlar, millət vəkilləri, bu ailələrlə mütəmadi əlaqə saxlayın, onların evinə gedin. Hər kəs getsin.

Gedərkən körpələrə şokalad və oyuncaq alıb aparın, “atanız göndərdi” deyin...

Şəhid anaları, Şəhid ataları hər çağıranda gedin. Şəhidlərin ailə üzvlərini qəbul otaqlarında gözlətməyin. Heç qəbulunuza gəlmələrini gözləməyin, özünüz gedin onların ünvanlarına. Problemlərini dinləyin. Sözlərini yarımçıq kəsməyin. Sonadək səbrlə dinləyin. Bəzən dinlənilmək o problemin həlli qədər böyük önəm daşıyır.

O valideynləri yaşadın. O anaları, o uşaqları yaşadın. Çünki Şəhidlərimizin bu dünyadakı yadigarlarıdır onlar. Qarabağdır onlar, Şuşadırlar...

Vətəndirlər onlar...

Tarix
2021.04.23 / 09:41
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla