Kəndə qayıtdı, ancaq heykəl kimi
Tarixi şəxsiyyətlərin heykəlləri, rəssam əliylə yaradılan
portretləri, fotoları zamanın axarından qoparılan anların
ifadəsidir, ömür okeanından damladır, illər boyu yaşananların
xırdaca bir həniri, əsintisidir. İnsanın həyatı boyu keçdiyi
yolların, çəkdiyi əzabların, duyduğu sevincin və kədərin bütün
mürəkkəb mənzərəsini hansısa donuq şəkil və ya qranit əks etdirə
bilər. Buna görə də hər hansı heykəldə yaradılan xarakterin ən
ümumi cəhəti ifadə olunur; kimsə orda axtardığını tapır, kimsə
tapmır.
Böyük rus yazıçısı Vasili Şukşinin doğma kəndi Srostkada
qoyulmuş heykəli də onun ömrünün qısa bir parşasını, bu kəndlə
bağlı günlərinin bir görüntüsünü əks etdirir, lakin heykəltaraş
onun xarakterini o qədər dəqiqliklə duymuş, təbiətlə, bu yerlərlə
bağlılığını, burda keçirdiyi yaşantıları-abidənin ümumi fəlsəfəsi,
seçildiyi yer və forması ilə o qədər ustalıqla ifadə etmişdir ki,
bu möhtəşəm abidəyə həyəcansız, ürəyin titrəmədən baxa
bilmirsən.
Şukşinin anası üçün aldığı, özünün çox az yaşadığı evin yanından
ötüb kəndin üstünə, Piket dağına qalxdıq. Maşınları saxlamağa
ayrılan meydançada yol bitir, sonra məxmər kimi bir çəmənlik
başlayır. Yenicə yağmış yağış çəmənliyə milyonlarla göz bağışlayıb.
Elə bilirsən bu gözlərin hamısı sənə baxır. Qotaz bağlamış iri
yarpaqlı maral yoncasının tünd qoxusu vurur adamı. Ancaq göz önündə
açılan mənzərə fikrini yerdən ayırır, diqqətini uzaq üfüqlərə doğru
çəkir.
Birdən elə bilirəm çəmənliyin o başında iri gövdəli bir adam
oturub, bu mənzərəyə tamaşa edir. Heykəlin gözəlliyi də elə
bundadır. Məşhur yazıçı, kinorejissor, aktyor, Rusiyanın əməkdar
incəsənət xadimi, Dövlət və Lenin mükafatı laureate - yazdığını və
çəkdiyini bürokratiya meneələrindən keçirənəcən əldən düşmüş halda
doğma kəndə qayıdıb, anasıyla qucaqlaşıb, göz yaşını onun göz
yaşına qatdıqdan, qohumlarına baş çəkdikdən sonra dəlicəsinə
sevdiyi doğma mənzərəni seyr etmək, saf havadan doyunca udmaq,
yaşıllıq dənizində gözlərini dincəltmək üçün kəndin üstündəki dağa
qalxıb. Ayaqyalın, baş açıq... bir daşın üstündə oturub. Üzünü
çöllərə, göz önündə sonsuz genişlik və yaşıl bir dəniz kimi
dalğalanan meşələrə tutub; Dağlıq Altaydan enib Sibirə, ordan böyük
dünyaya uzanan Çuy şossesi görünür.
Bu, Şukşindir. Onun öz yazdıqları vurğunu olduğu yurduna - kiçik
vətəninə bağlılığının ən gözəl ifadəsidir. "...Və olduqca gözəldir
mənim vətənim - Altay: elə ki orda oluram, sanki göylərə
yüksəlirəm. Dağlar, dağlar və elə bir genişlik ki, adamın ürəyi
sızıldayır. Çox nadir, bənzərı olmayan bir gözəllikdir. Onu
təsəvvür etmək imkansızdır. Onunla köksünü doldurmaq da olmur, nə
qədər istəsən yenə azdır, ancaq baxasan və bu genişliyin havasını
udasan".
"Vətən ... De nədən ürəyimdə bir fikir yaşayır ki, nə vaxtsa mən
həmişəlik orda qalacağam. Hə vaxt?"
Yəqin indi oturduğu bu yamacda dəfələrlə buna bənzər düşüncələr
keçib ürəyindən.
Bütün ömrü boyu bura can atmışdı, rejissorluqdan, aktyorluqdan
əl çəkib, doğma Altaya qayıtmaq, anasının yanında ancaq yazıçılıqla
məşqul olmaq istəmişdi.
Ömrünün sonuna yaxın əcnəbi jurnalistə verdiyi müsahibəni
oxumuşdum. "Bu yaşımda anladım ki, hər yerə çatmaq olmaz, anladım
ki, mənim yerim yazı masasının arxasıdır".
Bu arzusunu məktubla anasına da bildirir:
"Ana, bir xahişim var, mən gəlməmiş, evlə bağlı heç nə
düşünməyin, yəni evi (sənin evini nəzərdə tuturam) satmayın.
Gələrəm, nə etməli olduğumuzu düşünərik... Bu böyük filmdən sonra
kino ilə az məşğul olmağı düşünürəm, lap az, ən yaxşısı yazmaq və
evdə olmaqdır... Öz doğma yurdumda yaşayıb işləmək
arzusundayam".
Söz yox ki, o öz qonorarıyla anasına hədiyyə kimi aldığı evə
qayıtmağı nəzərdə tuturdu.
Heykəltaraş böyük yazıçının ürəyinin yurd sevgisiylə, Altay
dağlarının qutsal ruhu ilə, insani təmizləyən, ucaldan saf havayla
dolduğu yeri seçib.
Elə bilirəm Şukşin deyil, özüməm, kəndin qırağındakı təpədə
oturmuşam. Dünyanın bütün alçaqlıqlarının, riyakarlıqlarının,
ədalətsizliklərinin içində sıxılan, xıncım-xıncım olan bədənim,
haqsızlıqlara üsyan eləyən ürəyim burda yavaş-yavaş dincəlir,
torpaq ağrıların ağrısını sorur, hava düşüncələrimi nizama salır.
Adətən heykəllər kəndin içində, həyətdə, məktəb önündə, yol
qırağında qoyulur... Yox, heç yerdə bu rahatlıq yoxdur. Yazıçınının
sevdiyi yer buradır. Çünki, şəhərlərin biganəlik və qeybət zəhəri
yavaş-yavaş kəndin damarlarına da yol tapır, doğmalıq və təmənnasız
sevgilər azalır. Öz-özüylə və təbiətlə baş-başa qalmaqdan başqa
çarə yoxdur.
Tanış olsaq onu nə qədər dərindən duyduğumu bilərdi. Biz, kənd
uşaqları bir-birimizə bənzəyirik. Arada minlərlə kilometr məsafə
olsa da! O ana sevgisi də, təbiətə, gözəlliyə, düzlüyə, ədalətə,
halal zəhmətə bağlılıq da insanlığın şərtlərindəndir. Burda məsafə
və millət, dil fərqi unudulur! Ana sevgisinin, təbiətin və dərdin
dili birdir!
Bəlkə elə bu birlik duyğusudur adamaları uzaq məsafələrin
üstündən bir-birinə bağlayan, məni bura gətirən də qəribə bir
"yazıçı həmrəyliyidir"? Altay respublikası, El qurultayının -
Məclisinin sədri Diman Biləkov da yazıçıdır. Dağlıq Altayı görmək
və köhnə dostumla görüşmək istəmişdim. Başqa bir Dağlıq Altay şairi
- xalq lideri, Rusiya Yazıçılar Birliyinin katibi Brontoy
Berdyayevlə dağları gəzib dolaşmışdıq. Geriyə - Novosibiriskə
qayıdarkən Şukşini ziyarət edəcəyimi deyəndə Brontoy məndən
ayrılmamış, "ora kimi səni ötürüm, bərabər gedək!"- demişdi.
Yolüstü "Sibiriski oqni" jurnalının əməkdaşı ilə də tanış olmuşduq.
Mən ona son vaxtlarda "Literaturnaya qazeta"nın Moskvada yaşayan
Azərbaycan şairlərinin şeirlərinə və Azərbaycan folkloruna geniş
yer ayrılan layihələrini örnək gətirərək Sibirdə yaşayan
azərbaycanlılara diqqəti artırmalarını xahiş etmişdim.
Çünki zaman keçir, dünyada xalqları üz-üzə qoyan, insanın
həyatını zindana çevirən gərginliklər artır və bəlli olur ki, bu
xaosun içində öz mövqeyini dəyişməyən, görülməz sülh elçisi olan,
heç bir düşmənçilik siyasətinin sındıra bilmədiyi bir qüvvə var: O
da ədəbiyyatdır, qələm sahibləridir.
Şukşinlə görüşə bizi çəkən bu mənəvi qardaşlıq duyğusu idi!
Onun rus ədəbiyyatındakı yerini Sibirin yetirməsi olan başqa bir
məşhur rus yazıçısı Balentin Rasputin dəqiq ifadə etmişdir: "Bu gün
... həyatımızda namuslu, heç bir havada sınmayan, dəyişilməyən,
sənətkar səsi - başdan ayağa yalnız ağrılardan, sevgi
qanadlanmalarından və istedadından yoğrulmuş, öz taleyində
Rusiyanın bütün iztirablarını daşıyan, onun üçün nəyin gərəkli,
nəyin məhvedici olduğunu bilən rus insanı – Vasili Şukşin
çatışmır".
Havanın tutqun olmasına baxmayaraq, heykəli ziyarətə gələnlər,
burdan onun baxmaqdan yorulmadığı genişliklərə baxanlar, yanında
şəkil çəkdirənlər çoxdur.
Adamların əli yalnız ayaq barmaqlarına çatır, şəkil çəkdirəndə
bu barmaqlardan o qədər tutublar ki, tuncun rəngi gedib, sanki
ayaqlardan uzun yolların tozu təmizlənib.
Mən bilmirəm sağlığında Şukşini bu kənddə nə qədər anlayıblar,
nə qədər seviblər, bu kənddə çəkdiyi filimlərə nə qədər yardım
ediblər. Ancaq o indi bu kəndin şöhrətinə çevrilib. Ona görə kənd
abadlaşdırılır, gəlib-gedənin ayağı kəsilmir. Şukşinin balaca
vətəninin adlı dillərdə dolaşır. Hər il burda Şukşin bayramı
keçirilir.
Yazıçı taleyi belədir. Müqayisə eləmək və bu kövrək mövzuya
acılıq qatmaq istəmirəm; əlbəttə, böyük ölkənin yazıçısı olmağın
üstünlüyünü də bilirəm, lakin bir anlığa onu da düşünürəm ki,
görəsən, bizdə əsl ədəbiyyata, doğru sözə, xalq ideallarına
xidmətdə Şukşinin mənəvi bənzərləri, tale ortaqları olan
yazıçılarımızdan, məsələn, İsmayıl Şıxlıya, İsa Muğannaya, Ənvər
Məmmədxanlıya, Sabir Əhmədliyə nə vaxt buna bənzər, daha doğrusu,
onların öz taleyinə bənzər heykəllər qoyulacaq, ev muzeyləri
yaradılacaq. Bir çox heykəllərin məzarların üstündən doğma
yurdumuzun çeşidli qəsəbələrinə, Kür qırağına, dağ-aran
torpaqlarımıza addımlamasını görmək istərdik.
Şukşin 1933-cü ildə atası güllələnəndən sonra anasıyla birgə
qalmışdı, anasının söhbətləri ilə böyümüşdü. Öz dediyi kimi, əsl
kəndçi idi, Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən
biri idi. Əsərlərinə də əyalət danışığının bütün kaloritini
gətirmişdi. Eyni dil novatorluğunu biz Sabir Əhmədlinin əsərlərində
də görürük. İsa Muğannanın da əsərlərinə Şukşində olduğu kimi bir
çox filmlər çəkilib. Sabir Əhmədlinin Cəbrayılı düşmən
işğalındadır, amma İsmayıl Şıxlı, İsa Muğanna kimi yazıçılarımızın
kəndlərində onların belə canlı heykəlləri qoyulmalı, muzeyləri
yaradılmalıdır. Onların da xatirə günləri keçirilməlidir.
Bizdə yazıçıların cəmi üç-dörd ev muzeyi var, halbuki, çağdaş
ədəbiyyatımız Səməd Vurğun və Rəsul Rza ilə bitmir.
Bu düşüncələrlə Şukşinin heykəlinə yaxınlaşır, üzündəki
qeyri-adi narahatlığa baxa-baxa, xəyalən əsərləri ilə göz önündə
açılan mənzərələrin ruhunu tutuşdurmağa çalışıram. Yadıma düşür ki,
Şukşini mənə onun kəndin mənəvi və maddi dəyərlərinə amansız
hücumların ağrıları ilə yazılmış hekayələri və əlbəttə, "Qırmızı
Başınağacı" ("Krasnaya Kalina") filmi sevdirmişdi. Həmin filmə ilk
dəfə 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino
festifalında baxmışdım. Film festivalın baş mükafatını almışdı və
haqlı olaraq kinematoqrafiyada yeni bir mərhələ sayılırdı.
Yağış gurlaşır və heykəllə vidalaşıb Şukşinin evinə, anası üçün
aldığı və anasının tək yaşadığı həmən evə doğru endik. İndi ev
səliqəlidir. Pəncərələrin yaşmaqları və taxta qapaqları ağappağ
rənglənib. Asfalt yol düz qapıya kimi uzanır. Sağlığında necə olub,
bilmirəm. Balaca otaqlar, sadə, kasıbyana mebellər, özünün və
anasının otaqları əbədi bir ana-bala mehri içindədir. Bu mehrə bir
də rus sobasının bərəkəti qatılıb. Yəqin yazıçı öz halal puluyla
kəndin gözəl yerində, seçilən evlərdən birini alanda çox xoşbəxt
imiş. Amma bura qayıtmaq ona qismət olmadı. İş-güc anasına tez-tez
baş çəkməsinə imkan verməyəndə, həyət-bacaya, saraya, təsərüffat
tikililərinə baxmaq, evi yığışdırmaq yaşlı qadın üçün artıq
əziyyətə çevriləndə, anasını şəhərdəki kooperatıv evə köçürmək
məcburiyyətində qalıb.
Evin qabağındakı alma ağacı cırdır, amma arxadakı alma ağacları
yaxşı bar gətirib və yağışda yuyulan almaların qızaran yanaqları
uzaqdan diqqəti çəkir. Zarafata "Şukşin sağ olsa, bizi meyvəyə
qonaq edərdi" - deyirəm. Diman Biləkovun bu səfər boyu məni
müşayiət etmiş köməkçisi Əjdər sözümə bənd imiş kimi, hasarın
üstündən uzanıb iki alma qoparır.
V.M.Şukşin bu kəndin kalxozçu gənclər məktəbində oxuyub.1989-cu
ildə məktəb yenidən qurularaq Şukşin muzeyinə çevrilmişdir. Təəssüf
ki, biz gedəndə bağlı idi və muzeyə baxmaq qismət olmadı. Ancaq o
möhtəşəm abidəni, evini və bütün ömrü boyu can atdığı və nə vaxtsa
qayıdacağına ümid bəslədiyi yerləri görəndən sonra muzeyə baxmağa
ehtiyac da qalmadı.
Altay diyarı ucsuz-bucaqsızdır, zəngindir, gözəllikləri göz
oxşayır, amma yamacda oturub bu genişliyə tamaşa edən Şukşin
olmasa, buralar çox kasıb görünərdi…