Ana səhifə Yazarlar |
2014-cü il yanvarın 1-dən Milli Məclisə müasir mobil
telefonlarla giriş qadağan olunub. Həm deputatlar, həm jurnalistlər
və həm də digər qonaqlar üçün. Eyni zamanda digər dövlət
qurumlarında da bu qaydanın tətbiq ediləcəyi gözlənilir.
Güman ki burada söhbət İnternet imkanları, foto çəkiliş və diktofon
imkanları olan telefonlardan gedir.
Bu Qaydaların tətbiqinin təhlükəsizliklə bağlı olduğu
bildirilib.
Fikrimcə kifayət qədər anlaşılmaz və hətta deyərdim ki təhlükəli
bir addımdır.
Nə üçün ?
İlk öncə düşündürücüdür ki görəsən hansı təhlükəsizlikdən söhbət
gedir ? Mobil telefonlarla təhlükəsiz danışıq və ya təhlükəsiz
informasiya mübadiləsi yoxsa binanın daxilində foto-video çəkilişlə
bağlı təhlükə ?
Əgər söhbət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı
Şnouder məsələsindən sonra MKİ-nın ən müxtəlif markalı İOS, Android
və Blakberry əməliyyat sistemlərinə uzaqdan müdaxilə edərək dinləmə
həyata keçirəcəyindən ehtiyatlanılırsa onda bunun da qarşısının
alınmasının telefon yığılmasına dəxli yoxdur .
Əgər dövlət məmurlarının və ya deputatların informasiya
təhlükəsizliyini qorumaq istəyirlərsə, onda bunun yolları tamam
başqadır axı. Əminəm ki aidiyyatı qurumlar bilməmiş də deyillər.
Bunun üçün ya xidməti mobil telefonlar sifariş etməlidirlər ya da
özəl informasiya mübadiləsi – məktublaşma proqramları , özəl
əməliyyat sistemləri hazırlamalıdırlar , təhlükəsiz danışıq
kanalları və təhlükəsiz məktublaşma kanallarının yaradılmalıdır və
s.
Fikrimcə aidiyyatı qurumlar öz məhdud imkanlarını Prezident
Fərmanında göstərildiyi kimi dövlət orqanında adi daxili elektron
məktublaşma sisteminin, idarələrarası elektron məktublaşma
sisteminin qaydaya salınmasına yönəltsələr daha doğru olardı.
Deputatlara hansı mail sistemindən harada (xaricdə və ya daxildə)
olarkən istifadə edilməsi və necə istifadə olunması ilə bağlı XDMX
saytında göstərilənlərin izahı daha düzgün addım olardı.
Əgər hələ indiyədək ölkədə dövlət məmurları və dövlət qurumları
arasında təhlükəsiz informasiya mübadiləsi sistemi qurulmayıbsa və
təhlükəsizliyin qarşısını "kəndçi qaydasında" telefonu əldən
almaqla edilirsə, bunun, məncə izahı yoxdur.
Bəs hansı təhlükəsizlikdir bu ?
Əgər binanın daxilində hansısa foto və ya video çəkilişdən
söhbət gedirsə fikrimcə bu da kifayət qədər normaldır. Axı MM hərbi
– kəşfiyyat filan obyekt deyil ki belə məsələlər qadağan olunsun.
Əksinə mən düşünürəm ki MM rəhbərliyi həm deputatlara ,
jurnalistlərə hər cür şərait yaratmalıdırlar ki MM –in fəaliyyəti
şəffaf olsun, informasiyalı olsun, əlçatan olsun.
Milli Məclis rəsmiləri deyirlər ki, dünyada belə praktika var.
Bildiyim qədər yoxdur belə praktika heç yerdə. Yalnız bir neçə
ölkənin yalnız hərbi obyektlərində bu tip qadağalara rast gəlmək
olar.
Bu addımın təhlükəli tərəfi hansıdır.
Fikrimcə deputatlar həmişə məlumatlı və əlçatan olmalıdırlar.
Deputatın istənilən an informasiya vasitələrinə, sosial mediaya
çıxışı olmalıdır ki, bilsin ki nə baş verir ətrafda. Mobil
telefonun olmaması deputatın iclasdan və parlamentdən kənara
çıxmasına da şərait yaradardı.
Ümumiyyətlə fikrimcə indiki zamanda deputatın hər an Mobil
telefonun – dolayısı ilə İnternetin, Facebook-un , Twitterin
yanında olması həm də onun ictimai nəzarət altında olması deməkdir
ki bu da deputatın statusu baxımından çox faydalıdır.
Fikrimcə Milli Məclis və ya XDMX əgər açıqlasaydı ki, deputatlar və
məmurlar informasiya mübadiləsi və ya məktublaşma üçün, İnternet
üçün hansı təhlükəsiz proqram təminatlarından , hansı daha etibarlı
smartfondan istifadə etsin, bu bəlkə də daha ağlabatan olardı.
Xatırlayıram ki xeyli müddət öncə xarici ölkə Parlamentlərinin
birisində notbuk gətirməyi qadağan etmişdilər. Səbəb isə
bizdəkilərin dediyi kimi "təhlükəsizliklə" bağlı deyil, sadəcə
notbukla yazarkən klavişlərin ətrafa səs-küy salması və notbukun
ventilyatorunun səsi ilə bağlı olub.
Bu qadağaya etiraz edən deputatlar isə ertəsi gün parlamentə
keçmişdən qalan yazı makinası ilə gəlmişdilər.
Bəlkə deyirəm bizim Milli Məclis rəhbərliyi də deputatlara və
jurnalistlərə, parlamentə gələnlərə köhnə yazı makinası ilə gəlməyi
tövsiyə etsin hə ?!
Fikrimcə MM-in bu qərarı ölkənin indiki inkişaf mərhələsində,
ölkədə İKT və eləcədə digər sahələrdə görülən işlərlə uzlaşmayan,
baş ucalığı gətirməyən bir qərardır .
Tarix
2014.01.10 / 16:42
|
Müəllif
Osman Gündüz
|