Şirməmməd Hüseynovdan həqiqi
Məhəmmədə doğru...
Marşal Davu tamam başını itirmiş formada həyəcanla izah
edir:
- Hökmdar, siz Parisdə olduğunuz müddətdə hökumət xalq üsyanının
baş verəcəyindən qorxur.
İmperator gülümsünür:
- Siz istəyirsiniz mən çıxım gedim?
Gecə Fuşe peyda olur. Həmin çəlimsiz, dodaqları rəngsiz və başı
hər zamankı kimi qabağa əyilmiş, lakin bu dəfə balıq gözlərində
parlayan gülüşlə:
- Əlahəzrət, bu dəfə mən müvəqqəti hökumətin rəhbəri kimi təşrif
buyurmuşam.
O özünün şadyanalığını heç gizlətmir də. İmperator yenə
gülümsünərək:
- Mən sizi ilk dəfədir axmaq yerində görürəm. Siz hökm edə
bilmirsiniz, Fuşe! Sezar doğulurlar, necə ki, sadiq xidmətçi olmaq
da yaranışdandır! Siz yaxşı qulluqçusunuz. Amma bir məsələdə
haqlısınız - sizin hökumət müvəqqətidir. Sona çatan kimi siz
əvvəlki ağıllı xidmətçi vəzifəsinə qayıdacaqsınız…
Bir zamanlar Napoleonu sürgünə göndərərkən onun qapısını kəsən
generallar və öz naziri Fuşeyə böyük sərkərdənin dediyi sözlər
apokalipsis olaraq düz 200 il sonra Sovet Azərbaycanının həyatında
da zühur etdi. 1987-ci ildə Heydər Əliyevi SSRİ rəhbərliyindən ev
dustaqlığına endirəndə onun düşmənləri sevinmişdilər ki, nəhayət,
gilyotin qurulub və dünyanı əsdirən DTK məktəbinin ən görkəmli
çekistini başqa bir Yelena adasında - Kremlin ahıllar evində
birdəfəlik bitirəcəklər. Düz 3 il ərzində fransız triumfatoruna
yedizdirdikləri zəhəri eynən kiçik bir xalqın böyük liderinin
cisminə və qəlbinə yeritməyə çalışdılar. Bütün ölümlü cinayətlərdə
onu suçlandıranlar partnomenklaturanın bədnam izlərini hər yerdə
tapırdılar. Azərbaycan başdan-başa sovet prokurorları ilə dolu idi.
Bir milyon ton pambığın, 2 milyon ton üzümün çıxdığı məkanları lupa
ilə ekspertizadan keçirib bütün əmək qəhrəmanlarının titullarını
əllərindən alır, keçici qırmızı bayraqlarla ölkəsini tanıtdıran
Əliyevi müttəfiq respublikaların gözündən salaraq onu İttifaq
miqyasında linç etməyə çalışırdılar.
Lakin Əliyevin izlərini Azərbaycandan silib qurtarmaq mümkün
olmurdu. O, təkcə beşillik planların öncülü deyildi, milli həyatı
əhatə edən hər yerdə Əliyev qarşıya çıxırdı. Qurulan zavod və
fabrikləri yenidənqurma dalğası altında dağıtmaq bəlkə də mümkün
idi. Bəs onminlərlə beynəlmiləl təhsilli gəncdən, bütün
respublikanın ucqarlarında qurulmuş məktəblər hesabına savadlanmış
milyonlarla yeniyetmədən, xalqın mədəni səviyyəsini müəyyənləşdirən
saysız-hesabsız intellegensiya nümayəndələrindən, ən nəhayət,
peşəkar idarəetmə ordusundan imtina etmək yalnız bir toplumu
tamamilə məhv etməklə mümkün idi. O üzdən, tarixin gedişinə sona
qədər süngü ilə hökm edə bilməyənlər Əliyevin edamına hazırlığı
yarımçıq qoyub Azərbaycanı tərk etdilər və fərqli bir libasda yeni
inqilabın çəngindən xilas olmağa çalışdılar.
İndi mən sizdən sual edirəm, Şirməmməd Hüseynov - 1987-93-cü
illərdə iki fərqli formasiyanın qovuşuğunda köhnə-yeni elitaya
Əliyevsiz dövlət qurmağa kim mane olurdu? Bütün ölkəni bir nəfərin
əleyhinə arxeoloji qazıntı meydanına çevirəndə sizlər hardaydınız?
Əslində, şəxsi düşmənləri olmayan Əliyevi fiziki və mənəvi məhv
etməyə çalışanların bir millətə qəsd etmək niyyətində olduğunu
görmək sizlərə o qədərmi çətiniydi? Hər növ şər işləri görənlərin
bir xalqın liderini Moskvada mühakimə edəndə onun 14 illik
xidmətlərindən bir cümlə yazıb ora göndərmək mümkün deyildimi?
Axı sizlərin tribunası 90-cı illərdə təkcə BDU-nun auditoriyası
deyil, bütün Sovet məkanı idi. Bunlar zorən sizi mövqe bildirməyə
çağırış deyil. Repressiya illəri çoxdan arxada qalıb. Lakin
Rəsulzadənin qızılla birgə mühacirətinə dair verdiyiniz sualı
müəllim kimi deyil, müstəntiq qiyafəsində səsləndirəndə sizə doğma
olan tarixin başqa səhifələrini qaldırıb baxmağı hər kəs tələb edə
bilər. Xalq hərəkatının önünə çıxanların doğrudanmı hamısında belə
bir əminlik vardı ki, SSRİ-ni dağıdan beynəlxalq imperializm sonra
onları gül-çiçəklə demokratik ideallara qovuşduracaq?
Doğrusu, müstəqilliyin qazanıldığı ilk illərdə metropoliyaların
dayaqlarını qoruyub saxlamağa çalışan Kremlə milli azadlıqları
boğmaq üçün dərin düşünməyə heç gərək də yox idi. Çünki bütün
elitamız Azadlıq meydanına toplaşırdı və orada ölkənin gələcəyini
görmək o qədər də çətin deyildi. Dediyiniz dövlət harda olub bəs
onda biz onu görməmişik?
1991-ci ildə Vətənin ilk çağırışına ayağa qalxan mərd oğullar
Qarabağda kütləvi ət maşınından keçəndə Rəsulzadə ideyaları ilə
onlara sipər çəkmək istəyənlər harada qalmışdı bəs? Yoxsa,
Kəlbəcərin işğalından sonra səslənən "sərhəddə divar çəkəcəyik,
bununla da müharibəyə son qoyulacaq" stilində təfəkkürə dayanan
idarəçiliyi siz əski irsə bağlılıq hesab edirsiniz? Halbuki döyüş
üçün ayağa qalxanların o ülvi hislərindən ağıllı rəhbərlər
torpaqların müdafiəsində istifadə edə bilərdilər. Əgər ideyalardan
qoruyucu zireh taxmaq mümkün idisə, hər bucaqdakı xiyabanları biz
niyə salırdıq?
Allahı sevərsiniz, bu yerdə şəhidlik üçün buyurulan müqəddəs
kəlamlarımıza əl atmayın. Torpağı su əvəzinə qanla suvarmaq yalnız
Şərq məfkurəsinin məhsuludur. Qərblilər ölməyi deyil, Vətən üçün
yaşamağı üstün tuturlar! Aleksis de Tokvill deyir ki, Avropada
insanlar siyasi azadlıqlarını dövlətlərini tamamilə dağıtmaqla əldə
ediblər. Yəni burada Fransa burjua inqilabı ilə dünyaya gələn
respublika quruluşundan, səlahiyyətlərin bölgüsündən, çəkindirmə və
balans funksiyasından söhbət getmir. Siz Amerikada doğru olan
təcrübəni gətirib başqa bir milli mühitə tətbiq edə bilməzsiniz.
90-cı illərdə lidersizləşdirmə və hakimiyyətin elə küçələrdən idarə
olunması əslində düz yüz il əvvəlki demokratik cümhuriyyət zamanı
ilə eynilik təşkil edirdi. Nəticəsi çox ağır oldu. Halbuki
Makiavelli hələ 500 il əvvəl xaos şəraitində avtoritar idarəçiliyin
qaçılmaz olduğunu özünün məşhur "Hökmdar" əsərində yazmışdı.
Bəs xalq inqilabçıları Rəsulzadə ilə bərabər, böyük italyan
mütəffəkirini niyə yaxşı oxumamışdılar? Dövlət və hakimiyyətin
fərqini bizə izah etmək üçün politoloji dərsliklərə deyil, son 30
ilin gerçəklərinə baxmaq kifayətdir. Hamını ehtizaza gətirən Qərb
demokratiyalarında dəyişən iqtidarlar dövlətin müvazinətinə heç bir
mənfi təsir göstərmirsə, bizim kimi təməl prinsipləri və idealları
nə qədər mübarək olsa da liberal, ortodoksal, partokrat, plutokrat,
daha onlarla "krat" hakimiyyətlərimiz yıxılan kimi dövlətimiz ondan
qabaq çökürsə, kağız üzərində yazılanlar mənasını itirir. Təkcə
simvollarla, işıqlı əsərlərlə, millətə xidmət edən fədai insanların
ruhları ilə dövlət qurulmur, Şirməmməd müəllim!
Bilirsizmi, Əbülfəz Elçibəyin üzərinə gedənlər onu taxt-tacı KQB
generalına verməkdə suçlandırırlar. Əlbəttə, bizim keçmiş şərqşünas
siyasi elitamıza qalsaydı, onlar bütün ictimai qanunların,
idarəetmə fəlsəfəsinin ziddinə olaraq partokratlardan aldıqları
kresloları heç kəsə verməzdilər. Cəbhəkratiyanın liderlərinin bir
qismi öz rəhbərlərini hələ də Əliyevlə gizli sövdələşmədə,
əvvəlcədən tandem yaradaraq təhlükə anında sadəcə yerlərini
dəyişməyə razılaşmaqda günahlandırırlar. Sən demə, bununla müasir
Azərbaycan demokratiyası Şərqi Avropa ölkələrinin yolunu getməkdən
məhrum olubmuş. Halbuki Elçibəyin yeganə tarixi düzgün addımı onun
Bakıdan qan tökülmədən uzaqlaşması, xalqla vuruşmaması və həm
özünün, həm də tərəfdarlarının son anda xilas ünvanını düzgün
görməsində idi. Ancaq əksinə olsaydı, məgər bir xalqın nicatına
doğru gələn tarixi liderin yolunu kəsmək mümkün idimi?
Elçibəy prezidentlik kreslosunda oturanda Fuşe kimi gördü ki,
bura meydan deyil. O, səriştəsizliyi idarəçilik kursuna çevirməyə
başlayanda sizin dediyiniz Rəsulzadənin atributlarının hamısı onun
başının üstündə idi. Lakin onlar əqidə ilə bağlı olduqları ideoloji
babalarının yüz il əvvəl bolşeviklərə məğlubiyyətindən fərqli
olaraq, bu dəfə mürəkkəb zamana, yeni formasiyanın quruculuq
yollarını tapa bilməməyə və inqilab etdikləri kütlənin qəzəbinə
təslim oldular. Ona görə də Heydər Əliyev həm də Rəsulzadənin
xilaskarıdır! Əks halda Talışıstandan bir, Ləzgistandan iki,
Bakıdan üçüncü bir əşirət başçısı indi Suriyada və İraqda olduğu
kimi parçalanmış xanlıqlarımıza başçılıq edəcəkdi. Onda bizim
Stalinlə dostluq hesabına xilas olmuşların şəklini tapdaq altından
qaldırmağa bir kimsənin tapılacağına inanmaq çətindır, Şirməmməd
müəllim!
1993-cü ildə qan çox az töküldü. Hə, tarix şərt şəkilçisini
sevmir. O vaxt prezidentlik uğrunda vuruşan, indi müxtəlif
məkanlarda balaca piştaxtalara sığınanların virtual
qəhrəmanlıqlarını görəndə hər dəfə bu barədə düşünməli olursan.
Geriyə qayıdıb, Nəvahidə qoşun cəmləmiş və xaos diktaturasının hökm
elədiyi bir məmləkətdə Surətin edam kötüyünə gətirilənləri Heydər
Əliyevsiz təsəvvür etməyə bir daha çalışın. Yəqin yaranan mənzərə
hazırkı İŞİD başçılarının vandalizmdən çox az fərqlənəcəkdi. Lakin
zamanın çarxını geri döndərib xalq üzərində eksperiment aparmaq
olmur. Amma "bir kərə yüksələn bayraq, bir daha enir", Şirməmməd
müəllim! Özü də bilirsiniz necə enir? Məgər tarixdə tamam yox olan
millətlər və dövlətlərin siyahısını bilmirikmi?
Yox, Roma imperiyasından danışmağa tələsməyin. Heç Sovetlər
Birliyi də burada misal göstərilə bilməz. Təkcə son yüz ildə
onlarla dövlət yaranıb və yox olub. Onların siyasi fədailəri, qələm
fəhlələri, 34 yaşlı Rəsulzadə kimi altruist istiqlal mücahidləri
vardı. Ancaq çifayda. Tarixin unudulması nə qədər pisdirsə, onun
ilahiləşdirilməsi və ideallaşdırılması da o qədər ziyanlıdır.
Azərbaycanın görkəmli filosofu, alimi, ziyalısı Əlisa Nicat bir
vaxtlar ruhların söhbətini dərc edirdi. O, Bəyazidi Əmir Teymurla,
Bağırovu Nərimanovla, yaxud başqa bir dövrün qəhrəmanları ilə
"görüşdürür", ziddiyyətli tariximizin qaranlıq səhifələrini bu
yolla aydınlatmağa çalışırdı. Əlisa müəllimin yolu ilə getsək, əgər
Rəsulzadənin məqsədi müstəqil və güclü Azərbaycan görmək olubsa
(buna heç kəsin şübhəsi yoxdur - Z.O.), onun ruhu şad ola bilər.
Savadsız və kasıb millətinin dünyaya çıxmasını istəyibsə, bütün
bunları Heydər Əliyev gerçəkliyə çevirib.
Yəqin yenə dövlətin əsas funksiyasının top və topxana, neft və
qazla yanaşı, insan yetişdirmək olduğunu deyəcəksiniz. Özü də
ləyaqətli və ədalətli vətəndaş. Bax bu vəzifə bizim hamımızın birgə
işindən asılı olub. Heydər Əliyevin dövründə milli səviyyə
yüksəlib, dünyaya açılmamız genişlənib, iddialı bir xalqa çevrilmək
mümkün olub. Kənardan baxanlar, bizi müharibənin məğlubiyyəti
sindromundan əziyyət çəkənlər kimi görmürlər. Lakin yəqin
deyəcəksiz ki, yaltaqlıq, rüşvət və əliəyrilik, məmur özbaşınalığı
və haqsızlıq da artıb. Bunlar təkcə dövlətlə bağlı olan məsələ
deyil. Tarixin bütün dövrlərində liderlərin kölgəsinə o qədər
mənfəətpərəstlər toplaşır ki! Axı bunu heç bir quruluş tam inkar
edə bilmir. Təkcə bir fakta - 1993-cü ildən sonra Heydər Əliyev
haqqında yazılan kitabların son 12 illə müqayisəsinə baxın. Nəyi
görəcəksiniz? Kəskin bir azalmanı. Bəs Rəhbərin adına bağlanan və
vəzifə pilləsində irəliləmənin qarantına çevrilən bu kütləvi iş
niyə axsayıb? Yoxsa, o adamların ilham pəriləri qeyb olub?
Yox, sadəcə onlar dövrün aparıcı tendensiyasını yaxşı bilirlər.
İctimai ruhun istəklərini deyil, öz mənafelərini haradan
çıxaracaqları onlara gün kimi bəllidir. Bundan böyük Heydər
Əliyevin dünyəvi miqyasına bir xələl gəlirmi? Əsla, yox.
Bütün ölkə boyu yalnız bir insanın heykəllərindən danışırlar.
Guya bu bütpərəstlikmiş. Meksikadakı bəlli bir kampaniyanı
Azərbaycanda da təkrarlayın - Heydər Əliyev zirvəsindən bir misqal
da aşağı enməyəcək. Çünki onu böyük edən heykəllər deyil, müasir
Azərbaycan dövlətini qurmasıdır! Ona görə də bu ölkədə minlərlə
mədəniyyət və incəsənət xadimi var, lakin tək bir insanın adının
qarşısına bu sözləri yazmaq olar - DÖVLƏT ADAMI, o da Heydər
Əliyevdir.
Dediyiniz ləyaqətli cəmiyyəti və qanunlarla yaşayan toplumu
qurmaq üçün İlham Əliyevin "ensiklopediya müşavirəsini"
xatırlatmaqda bir fayda olduğunu düşünürəm. Cənab prezident "indi
hakimiyyətdə biz olmasaydıq, onda nələrin yazılacağını təsəvvürümə
gətirirəm" söyləmişdi. Cəmi üç aylıq fasilə - İlham Əliyevin
iqtidara qısa bir müddət sonra gəlişi yetərliydi ki, prezidentin
nəzərdə tutduğu o pusquçu məmurlardan, sabotajçı və əqidəsiz
varlıqlardan xilas olmaq mümkün olsun. Lakin Napoleonun dediyi
kimi, onlar sonra imperatorun - əsil sərkərdənin siyasətinə
qayıdacaqdılar. Ona görə də əgər milyonlarla insan bu dövlətə
Heydər Əliyevin qurduğu siyasi sistem kimi yanaşırsa, siz onları
qınaya bilməzsiniz!
Vaxtilə 14-cü Lüdovik də belə söyləmişdi. Demişdi ki, dövlət mən
özüməm. Bəli, bizə 90-cı illərdə sizin dediyiniz dövlət
qalmadığından elə bir şəxsiyyət lazım idi ki, o sözü desin və
özünün daşıdığı keyfiyyətləri dövlətə köçürsün. Çünki Şərq
xalqlarında dövlət ona rəhbərlik edənə çox oxşayır. Mustafa Kamal
Türkiyə Cümhuriyyətini quranda Osmanlının 600 illik mirasına
söykənirdi, Heydər Əliyevsə bir xalqın min illərdir davam edən
məğlubiyyət seriallarından savayı elə bir keçmişə malik deyildi!
Ona görə də Atatürkə əqidəsindən asılı olmayaraq, baş əyənlər
kiçilmədikləri kimi bu gün də böyük Heydər Əliyevə ehtiram
göstərənlər onu məhz dövlət qurmaq bacarığına görə sevirlərsə,
əbədi hörmət bəsləyirlərsə, bu faktla barışmalısınız!
Şirməmməd müəllim, Lenindən indi sitat gətirmək qətiyyən
populyar deyil. Lakin bir dünya inqilabını törətmiş şəxsin haqqını
tanıyaraq onun sözlərini hərdən xatırlatmaqda fayda olduğunu
düşünürəm. Amansız tərəfdar axtarışları zamanı Vladimir İliç
"bolota"lardan çox qorxurdu. Bir çox intellegensiya təmsilçiləri
mövqe bildirməyərək, sükut yolunu seçərək partiyaların fövqündə
durmaq istəyirdilər. Halbuki ziyalılar susanda fəhlələr kütlə
inqilabının liderlərinə çevrilirlər. Ona görə də millətimizin öndə
olan adamlarının borcu tarixi utopik və ilğım şəklində beyinlərə
yeritməkdə deyil, gerçək nümunələrlə təqdim etməkdədir. Hər halda
Rəsulzadə və istiqlal hərəkatının o zamankı məğlubiyyəti,
müstəqilliyimizə son verilməsinin günahı Əliyevlərdə deyil. Ona
görə kim qalibdən bəhs edirsə, ona qəzəblə baxmağa ixtiyarınız
yoxdur.
İslam dünyası İmam Hüseyn şəhidliyindən sonra sanki kədərə,
məğlub olmuş savaşın ideallaşdırılmasına daha çox bağlanıb. Həmin
mənəvi mərəzi davam etdirərək siyasi şəxsiyyətlərə qiymət verməyək.
Bütün millətimiz hər gün sabahını Rəsulzadə ilə açsa, məktəblilər
hər gün ilk dərslərini Cümhuriyyətə həsr eləsələr də, siz tarixdən
Uzun Həsəni, yaxud Cavadxanı gətirib müasir dövlətçiliyimizin
fövqünə qaldıracaqsınız. Ona görə ki, diri liderlər Ulu öndərə
alternativ ola bilmir, gedib onu tarixdə axtarırsız.
Halbuki hər kəsin haqqını özünə verərək Heydər Əliyevi
qalibiyyətin simvolu kimi tanımağa məcbursunuz. Uğur hadisəsi
üzərində, güclü olmaq və uduzmamaq fəlsəfəsində tarix yazmaq daha
əbədiyaşardır! Napoleon öz nazirinə dediyi kimi - Sezar doğulurlar,
Fuşe! Elə sadiq xidmətçi də!
Qeyd: Yazı Şirməmməd Hüseynovun "Heydər Əliyev
hakimiyyət, Məmməd Əmin isə dövlət qurub" fikrindən sonra Musavat.com saytında
başlayan və hazırda davam edən polemikanın davamı kimi
yazılıb.