Sərkisyan sabah Moskvada
Putinlə görüşəcək.
Rəsmi informasiya vasitələrində ənənəvi müttəfiq
münasibətlərindən irəli gələn xəbərlər, siyasi-iqtisadi məsələlər
qabardılsa da, ekspert camiyəsi daha çox iki məqama diqqət yetirir:
İŞİD təhlükəsinin Türkiyənin içərilərinə irəliləməsi fonunda Yaxın
Şərqin siyasi arxitekturasının dəyişməsinin Cənubi Qafqaza təsiri
və Qarabağ münaqişənin fəal hərbi eskalasiya müstəvisinə
keçməsi.
Ermənistan ərəb dünyasında baş verən qarşıdurmanın birbaşa
iştirakçısı olmasa da, o qitədə yaşayan ermənilərin taleyinə həm
humanitar, həm də siyasi vasitələrlə qoşulmaqla hazırda dünyada
gedən anti-Suriya trendindən öz məqsədləri naminə yararlanmağa
çalışır. İyul ayında bir neçə beynəlxalq mediaya müsahibə verən
Edvard Nalbandyan ötən əsrin tarixini yada salaraq, Osmanlının
"cinayətləri" nəticəsində 100 ildir Dəməşqdə, Aleppoda və Qəsəbdə
(Kasab) repatriasiya olunmuş soydaşlarının növbəti "böyük köç"ə
məruz qaldığını dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Cəmi 15
min ermənin Ermənistana gəldiyini deyən nazir bunun kiçik bir
respublika üçün ağır yük olduğundan danışmaqla görünür, onsuz da
dərin iqtisadi böhran yaşayan ölkəsinin xaricdən kömək almasını
çıxış yolu kimi təklif edirdi. Lakin öz siyasi rəhbərlərini bu dəfə
də qabaqlayan Qarabağın keçmiş döyüşçüləri hazırda Amerika ilə İŞİD
əleyhinə koalisiyaya gedərək Suriyanı bombalayan Türkiyəni növbəti
dəfə suçlandırmağa fürsət qazandılar.
Onların iddiasına görə, rəsmi Ankara təkcə islam terrorçularına
və kürd yaraqlılarına deyil, əzəli düşmənləri olan ermənilərə də
ciddi zərbə vurmağa çalışırlar. Belə ki, Qəsəbdə baş verən
dağıntılar, dinc əhalinin talan edilməsi sən demə türklərin daha
uzağa gedən planlarının tərkib hissəsidir. Regionda ermənilərin
kompakt yaşadığı sonuncu yaşayış məskənlərini də anti-Bəşər
kampaniyasının gedişində məhv etmək bu ssenarinin tərkib hissəsi
imiş.
Xatırladaq ki, Suriyada yaşayan ermənilərin ümumi sayı 100 min
nəfərdən çox deyil. Lakin 5 ilə yaxındır davam edən vətəndaş
müharibəsindən başını götürüb, ən yaxın ölkələrdə sığınacaq
tapanların 2 milyonu keçdiyini nəzərə alsaq, onların 99 faizinin
Türkiyədə məskunlaşdığını görərik və dünyada heç kəs iddia edə
bilməz ki, AKP hökuməti həmin qaçqınların milli mənsubiyyətinə
baxaraq öz ərazisinə buraxıb. Avropa yalnız indi kütləvi olaraq
həmin köçkünləri qəbul etməyə başlayıb. Bununla bərabər, Angela
Merkel hökuməti miqrant selinin qabağını kəsməyin ən yaxşı yolunu
heç də öz ölkələrində sığınacaq yerləri tikməkdə deyil, daha çox
Suriya-Türkiyə sərhədində çoxlu düşərgələr inşa etməkdə görür. Qoca
qitənin elitası bu yolla onun içərilərinə müharibə atmosferini və
qeyri-sabitlik havasını gətirənlərdən xilas olmağa çalışır.
Fərqli din daşıyıcılığı, əsasən müsəlman xalqından ibarət
toplumun mental və dünyagörüş fərqləri də Avropa Birliyinin
özünüqoruma instiktinin əsasını təşkil edir. Ona görə Sərkisyan
indi bir neçə cinahda vuruşan, xüsusilə də PKK-nın mərkəzi
hakimiyyəti cəzalandırmaq üçün savaşı Türkiyə içərilərinə keçirmək
planlarına Moskvanın münasibətini öyrənməyə gedib. Doğrudur, onlar
birbaşa kürd terroçularına yardım göstərməklə əzəli düşmənlərini
zəiflətməyə hər zaman çalışıblar. İrəvan tərəfindən idarə olunan
terror qruplarının Yaxın Şərqdə dayaqları həmişə güclü olub. Lakin
indi İŞİD onunla eyni mövqeni bölüşməyən hər kəsi özünün rəqibi
elan etdiyi dövrdə Ermənistanın Türkiyə ilə sərhədinin böyük bir
zolağı hərbi teatrın oynanıldığı meydana çevrilə bilər. Belədə
Cənubi Qafqaz özü Yaxın Şərqin qeyri-sabitliyini özünə götürən
növbəti ünvana dönər.
Bir müddət öncə Əfqanıstanın birinci vitse-prezidenti Rəşid
Dustum da bu haqda xəbərdarlıq etmişdi. Amerika siyasi rəhbərliyi
isə öz vətəndaşlarını Türkiyənin İncirlik bazası ətrafından çıxmağa
çağırmaqla bir daha sübut edir ki, Türkiyənin anti-İŞİD qərarı ona
baha başa gələcək. Görünür, kürd dövlətinin Böyük Yaxın Şərq
layihəsində yerini cızanlar daha böyük toqquşmaların olacağını
proqnozlaşdırırlar. Bu isə Rusiya-Türkiyə əlaqələrinin pisləşdiyi
və İranın regiona böyük bir qüvvə ilə daxil olduğu dövrdə baş
verir.
Düzdür, fars diplomatiyasının qələbəsi ilə başa çatan nüvə
danışıqlarının Cənubi Qafqazda hansı siyasi və iqtisadi
dəyişikliklərə yol açacağını söyləmək o qədər də asan deyil. Çünki
miqyasına görə Sovetlər Birliyinin dağılması ilə müqayisə olunan bu
hadisə bütövlükdə beynəlxalq münasibətlər sisteminin özünü dəyişib.
Bununla belə, post-nüvə erasının arxitekturasının Türkiyənin
ziyanına olduğunu görmək üçün əlavə arqumentlərə ehtiyac
yoxdur.
Qərb Soyuq müharibə illərində, yaxud anti-İran sanksiyaları
dövründəki kimi Ankaraya güclü ehtiyac duymur. Nüfuz dairəsini
genişləndirmək üçün Avropaya həmişə türk-fars düşmənçiliyi sərfəli
olub, lakin son yüz ildə ilk dəfədir ki, İran beynəlxalq
münasibətlər sisteminə həm Yaxın Şərqin, həm Rusiya əleyhinə
planların, həm də ola bilsin, Qafqazın həyatında eyni vaxtda
müxtəlif missiyalarla qoşulmaq hüququ qazanıb. Söhbət münaqişələrin
həllindəki yeni təşəbbüslərdən, həmçinin anti-rus transmilli
layihələrdəki yeni vəzifələrdən gedir.
Sərkisyanı Rusiyaya səfər zamanı narahat edən ən mühüm
məsələlərdən biri də şübhəsiz Qarabağ münaqişəsinin real vəziyyəti
və onun hakimiyyətinin dayaqlarının tamamilə sarsılmasıdır. Əslində
hamıya məlumdur ki, Gümrüdəki hərbi baza və ölkədəki silahlı
qüvvələrin süngüsü olmasa, hazırkı rejimi bir an belə ayaqda
saxlamaq mümkün deyil. Vaxtilə xilaskar və qalib obrazında siyasi
olimpə qalxan hərbi xunta rəhbərinin məhz həmin dalğa üzərində
xalqın qəzəb və nifrət ünvanına çevrilməsi tarixin ironiyası,
ideyalarla bərabər şəxslərin devalvasiya olunmasıdır. İndi
Ermənistanda hər kəs görür ki, ölkədə artan hüquqi nihilizmi
doğuran başlıca səbəb bir dövlətin suverenliyinin formal xarakter
daşıması və qazanılmış müstəqiliyin xalqa gətirdiyi bəlalardır.
Sərkisyan Qarabağda itkilərin qarşısını almaq üçün Moskvaya nə
qədər sığınırsa, onun təmsil etdiyi dövlət beynəlxalq hüquq
subyekti kimi əhəmiyyətini bir o qədər itirir. Lavrovun sentyabrın
1-də gözlənilmədən Bakıya gəlişinin səbəbləri də Sərkisyan üçün
xüsusi önəm daşıyır. Gerçəkdən də bir ölkənin gündəmində qlobal
məsələlər olduğu yerdə Rusiyanın ən mühüm diplomatı Azərbaycana
niyə gəlmişdi? Yoxsa, gerçəkdən də Moskva Qarabağı satır? Söhbət
heç də bu yolla Azərbaycanın siyasi suverenliyini əlindən almaq
niyyətlərindən getmir. Lakin cəbhədə vuruşların intensivliyi
Putinin çevrələrinə hər gün məruzə olunursa və Bakıya qəzəb və
ultimatum verilmirsə, erməni elitası başqa nə düşünsün? Yoxsa,
xarici işlər nazirinin mətbuata açıqlamasında dediyi "hərbi sərgiyə
dəvət" məktubu çox da ağlabatan deyil. Çünki bunun üçün başqa
kanallar mövcuddur.
Rusiyanın yeni Qafqaz planında Ermənistanın yeri necə olacaqdır,
- başlıca olan budur! Əgər həqiqətən də işğal olunmuş Azərbaycan
ərazilərindən bir qismini qaytarmaqla yeni arxitektura
formalaşdırmaq niyyəti mövcuddursa, onda belə çıxır ki, Moskva özü
şüurlu şəkildə öz tarixi müttəfiqini müvəqqəti satır və hamıya
məlum olan "müdafiə missiyası" zərurəti meydana çıxan kimi Kreml
hərəkətə keçəcəkdir. Axı Sərkisyan böyük ağrı ilə 24 apreldə
Poznerə etiraf etmişdi ki, onların rus silahı ilə öldürülməsi
erməni xalqına daha çox təsir edir. Bir yandan da yeni sərgidə
iştirak edəcək Azərbaycanla hərbi texniki əməkdaşlıq artmaqda davam
edəcək. Görünür, Lavrovun Bakı səfərində cəbhəboyu artilleriya
hücumunun başlıca səbəbi də bundan ibarətdir. Qarabağ ermənilərinin
Moskvaya onların satdığı silahların yaratdığı acı mənzərəni xüsusi
nümayiş etdirməkdən başqa çarələri qalmamışdı. Amma proses onların
düşündüklərinin əksinə gedir və hətta mənşəcə erməni olan Lavrov öz
xalqına deyil, vətəndaşı və diplomatı olduğu ölkəsinin ssenarisinə
uyğun hərəkət edir.
Taleyran "bizimkilər qalib gəlir" mesajına cavabı döyüşlərin
qızğın getdiyi vaxtda deyil, savaşdan sonra verməkdə heç də səhv
etməmişdi. Gerçəkdən də, peşəkar qrossmeystr Lavrovun dilində
"bizimkilər" məfhumunun yalnız bir mənası ola bilməz. Putin
Sərkisyanın göz yaşları əsasında qərar verə bilməz. Azərbaycan ötən
aylar ərzində balanslı xarici siyasət kursunu qoruyaraq anti-rus
sanksiyalarına qoşulmayıb. Düzdür, rəsmi Bakı həmin aylar ərzində
ölkəmizə təşrif buyuran İqtisadiyyat naziri Ülyükayevin, Dumanın
sədri Narışkinin və Baş nazirin hərbi məsələlər üzrə müavini
Roqozinin gətirdiyi Avrasiya İqtisadi Birliyi paketindən də
ustalıqla yan keçə bilib və hazırda böyük siyasi birliklərdə
iştirak məsələsi gündəmdə deyil. Ona görə erməni rəhbərliyi
Qarabağdakı hərbi balansın pozulmasını Moskva vasitəsilə bərpa
etməyə bu dəfə o qədər də inanmır. Əksinə yayılan informasiya seli
bütün erməni ictimai fikrini basqı altında saxlayır və onları yeni
həll planına razılaşmağa məcbur edir.
Beləliklə, Lavrovun top-tüfənglə qarşılanmasından sonrakı günlər
Azərbaycanın bütün cəbhəboyu vurduğu zərbələrin genişlənməsi
Moskvanın razılığı ilə baş verən əməliyyata bənzəyir. Rusiya öz
müttəfiqini yeni geopolitik konfiqurasiyaya belə hazırlayır.
Gözlənilən xalq müqavimətini qırmağın ən yaxşı yolu bundan
ibarətdir. Bir yandan da NATO Baş katibinin Gürcüstanda açdığı
təlim-məşq bazası - özü də Vazianidə, keçmiş Sovet hərbi
platsdarmında - Rusiyaya növbəti siqnal vermiş oldu. Düzdür, söhbət
böyük bir təhlükədən getmir. Lakin keçmiş Sovet məkanının nüfuz
zonasına qaytarmaq uğrunda belə açıq addımlar çox az hallarda
atılır.
Cavab reaksiyası kimi təkcə Abxaziya və Osetiyada qoşunların
Bakı-Ceyhan xəttinə doğru irəliləməsi heç də uğurlu yol sayıla
bilməz. Çünki bu, açıq müharibə deməkdir.
Xatırladaq ki, Ukrayna münaqişəsi məlum qaz müharibələrindən
qaynaqlanmışdı. Moskva bu regionun iqtisadi arteriyalarına,
qan-damarlarına zərbə vura bilməz. Ona görə də rus strateqləri
görünür, Qəbələ RLS-i əldən verdiklərinin ağrısını indi çəkməyə
başlayıblar. "Zvezda" nəşrinin 2017-ci ildə həmin stansiyanın
yenidən qurulacağı xəbəri hələ ki, rəsmi olaraq təkzib olunmayıb.
Bir sözlə, Lavrovun səfəri ilə sinxron Sərkisyanın Moskvaya
çağrılması ortada məxfi qovluqların daşınmasına işarədir. Axı
Edvard Snoudenin xəbərdarlığından sonra heç bir dövlətin elitası
bunu telefon vasitəsilə deyil, bilavasitə yazılı şəkildə etməyə
üstünlük verir. Görünür, diplomatiya keçmiş tarixin surquclu,
çaparlı dövrünə qayıdır!