Xan Altay ucalığı
Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin
ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can
atdığı sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini
duymaq istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və
folkoru ilə maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır...
Qədim türklər dağları canlı sayırdılar, buna görə də onlara
sevgiylə, ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan
Altay...
(Əvvəli
burada)
Düzənlk Altay bitir, Dağlıq Altay başlanır. Telefon rabitəmiz
qırilmır. Bizi Altay respublikasının sərhədində gözləyirlər. Burda
2006-cı ildə bir abidə ucaldılıb. Bu, Tatarstan Respublikasının
Altay Respublikasına hədiyyəsidir. O vaxt Tatarstan Respublikasının
Prezidenti Mintimer Şaymiyev yazırdı:
"Əziz altaylılar! Altay torpağı bir çox xalqın beşiyi olmuşdur -
burda çox qədim zamanlardan hindavropa, türk və monqol etnik
birləşmələri yaşamışlar. Lakin Altay türklər üçün xüsusi əhəmiyyət
daşıyır - qədim türk sivilizasiyası məhz burda doğulmuş, onun
daşıyıcıları burdan bütün Avrasiyaya geniş şəkildə yayılmış və
özləriylə bərabər əsrlər uzunu işlənib kamilləşmiş Altay
dəyərlərini aparmışlar. Ən mühüm tarixi hadisələrdən biri VI əsrdə
burda - Mancuriyadan Dunaya qədər olan əraziləri sərhədləri içinə
alan Türk xaqanlığının yaranması olmuşdur..."
Qədim alaçığı xatırladan abidədə Orxon-Yenisey əlfbasıyla və
rusca yazılmışdır: "Biz bu xatirə-abidəsini Dağlıq Altayda – dünya
yaradılışının mərkəzində ucaltdıq; o yerdə ki, qədim tayfalar öz
dövlət işlərini həll etmək üçün toplanardılar; igidlər arqamaklara
minib dünyanın dörd tərəfinə axın edərdilər, xalq ünlü günlər
şərəfinə bayram və yarışlar keçirərdi. Türk sivilizasiyası
başlanğıcını burdan alır. Ey gələcək nəsillərimiz, öz kökünüzü
anın, ulularınızın yaratdıqlarından qürur duyun və adınızı uca
tutun! Qoy Göy Tanrı sonsuzadək üstünüzdə nur saçsın!"
Bu sətirləri həyəcansız oxumaq olmur. Və sənə elə gəlir ki, bu
abidənin yanından keçib Altay adlı bir ölkəyə deyil, bir evə, bir
ziyarətgaha qədəm qoyursan. Bol sulu, coşqun Xatun çayına
"Günaydın!" deyib, sahilində şəkil çəkdirəndən sonra göndərilmiş
maşına minirəm. Tanış oluruq. Diman Belekovun köməkçisi Əjər və
sürücü Sergey. Altay Respublikasında olduğum bütün günlərdə onlar
məndən ayrılmayacaqdılar.
Yeri gəlmişkən deyim ki, əslində Altayın indiki inzibati bölgüsü
doğru deyil, torpaqlarımızı ermənilərə verməklə bizi yaylaqsız
qoymaq siyasətinə bənzəyir. Dağlı-düzlü Altay, Çın, Monqolsan
Altayı hamısı bir bütövdür və onun bu cür bölünməsi Avrasiyanın bu
nəhəng güc və bioenerji mənbəyini zəiflədir. Bu günkü Dağlıq
Altayın əkin-biçin yerlərinin böyük bir hissəsi, qışlaqları düzən
Altayda qalıb. Ziyanını hər iki tərəf çəkir...
***
Dağlıq Altay başlanan kimi gəldiyim yollar, yuxusuzluq, dünyanın
qeylü-qalları yaddan çıxır. Məni qarşılayanlarla söhbət etsəm də,
fikrim keçdiyimiz yollarda, ətraf dağlarda, meşələrdə, dünyanın heç
yerində görmədiyim gözəlliklərdədir. Bəlkə qanımı qaynadan uzaq
bağlılıqlardır hər şeyi gözümdə doğmalaşdiran? Bilmirəm! Ancaq
içimdə uzaq səfərdən doğma ocağa qayıdan bir insanın duyduqlarına
bənzər bir fikir burulğanı var. Bu cəkici gücün sirrini anlamağa
çalışıram və düşünürəm ki, bu sirlərdən biri təbiətdəki bakirəlik,
ilkinlik və ucalıqdırsa, biri də - bir vaxtlar yazdığım kimi,
tarixlərin də unutduğunu unutmayan Qan Yaddaşıdır. Altay dağlarına
qalxmaq dünyanın damına, başının üstünə çıxmaq kimi görünür və mənə
elə gəlir ki, nə vaxtsa tərk etdiyim uşaqlıq dünyama, doğma ocağıma
qayıdıram. Telefonda balaca bir qeyd edirəm: "Dağlıq Altay elinə
bütün Altay diyarını gəzərək gəldim. Ucsuz-bucaqsız çölləri
bərəkətləndirən taxıl zəmiləri və günəbaxan tarlaları, yüz
kilometrlərlə uzanan ağcaqayın meşələri, Altay dağlarının donub
qalmış, dalğalı dənizi xatırladan və ilğıma bürünmüş zirvələri,
adama boy verməyən çəmənlər, gur çaylar, yay mövsümündə minlərlə
insanı çəkib gətirən dupduru göllər-muqəddəs kitablardakı cənnət
tərifinə çox yaxındır. Türk xalqlarının dünyaya Altaydan yayılması
haqqında nəzəriyyənin məntiqsizliyini bir daha düşündüm. Bura
gəlmək olar, burdan getmək olmaz. Bu gözəlliyin övladları başqa
harda buraya azacıq da olsa bənzəyən yer tapa bilərlər ki, bir daha
geri dönməsinlər? Deyirlər, türklər Altaydan çıxıb. İnsan cənnətdən
niyə çıxmalıdır ki? Burdan daha gözəl yer tapa bilərmi,
getsin?!"
Bütün qitələrini, onlarla ölkəsini gördüyüm dünyanın bənzərsiz
və cənnət guşələrindən birindəyəm.
Respublikanın paytaxtı Qorno-Altaysk Altay diyarı ilə sərhəddə
yaxın, neçə vadiylə şırımlanmış bir dağ ətəyinə səpələnib. Evləri
yaşıllıqlar arasında itib. Əhalisi çox olmasa da sahəsi genişdir;
rahat və sakit bir şəhərdir. Cəmi iki gün öncə istifadəyə verilmiş
bir oteldə yerləşirik. Bir neçə saat dincəlmək lazımdır. Gənc səfər
yoldaşlarımın tələbi belədir...
Diman Belekov dağlarda görüşdədir, iki gün sonra qayıdacaq.
Günümüzün qalan hissəsi boş keçmir, Qorno-Altaysk şəhərindən o
qədər də uzaq olmayan bir gölün sahilindən başlanan kanat yoluyla
göz önündə dağ zirvələrinin, adamın ruhunu yerindən oynadan
mənzərələrini açan ucalığa qalxırıq. Sanki dalğalı bir dənizin
ortasındasan. Uzaq üfüqlərə qədər hər tərəfdə sıralanmış dağ
silsilələri bir-birini qovan dalğalara bənzəyir. Kanat yolunun
bağlanmasına az qalsa da, vaxt itirmədən dağın sırtındakı kiçik
tikilliləri, hədiyyə satılan yerləri gəzir və ağac kümələrin
birində şamanlara bənzər birisiylə rastlaşırıq. Xaçpərəstlik
rəmzləri satır əslində, lakin özünü bütün dinlərdən xəbəri olan və
özəlliklə Altay ruhunu bilən mütəxəsss kimi aparır. Söhbətimiz
tutur, ancaq artıq son yolçuları kanata dəvət edirlər. Mən
zarafatla "qoy bağlasınlar, piyada düşərik" deyirəm. Bu, Babadağdan
enmək kimi çətin bir iş olardı...
Gecəni Qorno-Altaysk şəhərində qaldıq, səhəri bura kimi mənə
yoldaşlıq etmiş Faiq və Müşfiqlə vidalaşdım, onlar Novosibirskə
qayıdacaqlar... Ejerlə Sergey məni şəhədən 70 km. aralıda Xatun
çayı sahilindəki Tursib adlı istirahət mərkəzinə gətirdilər. Əlimdə
yazım var və coşqun dağ cayının sahilində, ağac evdə bir an tez
təklənmək istəyirəm. Bilirəm ki, Diman rayonlardan qayıdandan sonra
burda oturmaq olmayacaq.
***
Bura Çemal oymağının ərazisidir və Rusiyanın hər tərəfindən
turistlərin axdığı bir yerdir. Adama boy verməyən, güllü-çiçəkli,
yayın ortasında da yam-yaşıl olan belə otlaqları, belə ucaboylu şam
və sidr ağaclarını başqa yerdə görmək mümkün deyil. Meşələr Böyük
Qafqazın quzey yamaclarını, Tiberdanı xatırladır.
Görünür müşayiətçilərim Dimandan özəl tapşırıq alıblar. Ejer:
"Sabah bazar günüdür, sizi əlavə narahat eləmək istəmirik,
dincələrsiniz, məsləhət görülən bir-iki yer var, yorulmamısınızsa,
bu gün baxaq!" deyir. Otağa girməyimizlə çıxmağımız bir olur. Xatun
çayı boyu yuxarı – Çemala, oymaq mərkəzinə doğru qalxırıq.
Düşünürəm ki, doğrudan da, bu gözəllikləri görmədən otağa qapanıb
qalmaq düz olmazmış. Kəndlərdən, istirahət yerlərinin yanından
keçirik. Xatun boyu meşələr - Kemerovadan (kömür sözündəndir),
Buryanskdan, Novosibirskdən, hətta Moskvadan gəlmə turistlərlə
doludur. Eləcə çadırlarını qurub yaşayırlar. Yol boyu yarmarkada,
xırda alış-veriş yerlərində satılan Altay nemətləridir: daşlardan
düzəldimiş hədiyyələr, onlarla növü olan dağ otları-yerli çaylar,
Altay balı, maral buynuzundan düzəldilən dərmanlar, milli geyimlər
və s.
Öncə Çemaldan yuxarıda çayın ortasındakı Patmaz (Batmaz) adlı
adada yerləşən məbədə baxmağa gedirik. Burda Xatun çayı genişlənib
gölə çevrilmişdir. Sahillər hündür qayalıqlardır. Adaya suyun 10-15
metr hündürlüyündə yellənən asma körpüylə keçməlisən. Deyilənə
görə, bu məbəd və ada tək deyil. Aralıq dənizində eyni adlı adada
bu məbədin bənzəri var. Əslində isə bu balaca monastr proslav
missionerləri tərəfindən 1848-ci ildə ağacdan tikilmişdir,
dəfələrlə yandırılsa da, 2000-ci ildə yenidən qurulub. Proslav
kilsəsi buranı müqəddəs elan edib. Məncə, müqəddəslik bu təbiətin,
bu guruldayan dağ çayının, ağ, mərmər qayaların, ucalan dağların
özündədir.
Şənbə günü olduğuna görə türistlərin arası kəsilmir. Körpünün
ağzında uzun bir növbə var. "Burda dayanmağa dəyməz!" deyərək ev
sahiblərini növbəsiz keçmək minnətindən xilas edirəm.
Monastrdan sonra A.K.Bardinin muzeyinə getdik. Həyətin
sakitliyində, səliqə-sahmanında bir canlılıq var, ilk dəfə
gəldiyini və buranın müzey olduğunu unudursan. Bizi Bardinin xanımı
qarşlayır. Müəllim işləyib, ziyalıdır, Altayın tarixini və
altaylıların taleyini yaxşı bilir. Həyətdə üç ev-ağacdan tikilmiş
üç, altaylılar demiş ayıl (aul) var. Böyüyünü Bardin öz əliylə
muzey üçün tikib. Burda bütün türk dünyasından nişanələr, Altay
dünyasının əbədiyaşar rəngləri toplanıb. Muzeydə Altayın böyük
oğlu, maarifpərvər ziyalı, rəssam, ictimai-siyasi xadim, sonda
repressiya qurbanı Q.Çoros-Qurkinin həyatı və sənətindən geniş
bilgi verilir. Xatirə kitabında qeydlərimi yazıb çıxıram. Yol boyu
Coros-Qurkinin şəxsində tək bir adamın öz milləti üçün nə qədər
böyük işlər görə biləcəyi haqqında düşünürəm. İlk rəssamlıq işləri,
Tomskda fərdi sərgisini açması, orda Rusiyanın böyük mənzərə
rəssamı İ.İ.Şişkinlə tanış olması, Preterburqda onun
emalatxamasında qala-qala Rəssamlıq Akademiyasında oxuması, Sibirin
ilk peşəkar rəssamı olması, Altayda maarifçilik hərəkatına başçılıq
eləməsi, daşıdığı böyük vəzifələr, Altay dağlarının muzeylərini
bəzəyən son dərəcə gözəl, bəzən sehirli mənzərələrini yaratması...
Üstəlik rəngləri qədər parlaq və əlvan yazıları. Cümlələrin hər
biri şeir misrası kimi səslənir:
"Mən sanki dünya yaranışının ilk gününü görürəm. Uzun əsrlərin
zülmətindən sonra, sən, Xan Altay, ilk dəfə doğan günəşdən
işıqlanarkən möcüzəli qayaların necə işıq saçır, zümrüd buzlaqların
necə parıldayırdı! Ətrafda hər şey cana gəlir, hər şey çiçəkləyir
və bir bütöv, aramsız musiqiyə qoşulur, sonu olmayan bir misilsiz
akkorda dönür, təbiət bayram edirdi. Gözə görünməyən zərif
tellərdən qopan ilahi mahnılar sənin qoynunu təbiətin musiqisi,
şəlalələrin harayı və coşqun çayların gurultsu ilə doldururdu. O
musiqi dağlardan və gədiklərdən, çiçək açan və ətir saçan
vadilərdən axıb gedirdi. Öz köpüklü sularını daşlara çrpa-çarpa
gözəl, burulganlı Xatun keçib gedirdi".
Çoros-Qurkin bir müdət respublika Dumasına başçılıq edərək
Altayın özünü idarəetməsi ugrunda çalışmışdı.
Bütün bunların "mükafatı" ağır olmuşdu və böyük rəssam 1937
fəlakətindən qoruna bilməmişdi.
Beləliklə, bir insan ucalıb Üç Sumer dağının zirvələrindən
birinə, Kadın-Bacı ilə yanaşı ucalan zirvəyə çevrilir... Əgər
Tursibə qayıdan yoldan sola dönüb, Xatun çayını adlayadaq, Ayrıdaş
dərəsi boyu irəliləsəniz, Askat və Anos kəndlərinə çatacaqsınız.
Tarixi bir körpüdən keçəcəksiniz. Xatun çayının üstündə 11 belə
körpü var. Şalbandan tikilib və bircə mıxdan da istifadə
olunmayıb... İlk qarşınıza xalq sənətkarları, xalq teatrı, buddist
məbədi ilə məşhur olan Askat kəndi çıxacaq. Qriqori Çoros-Qurkin
ordan 6 km aralıda yerləşən Anos (on çay yatağı) kəndində anadan
olub. Bu balaca kənddə indi böyük rəssamın ev-muzeyi, rəssamlar
üçün emalatxana, Altayın bütün guşələrindən gətirilmə ağacların
əkildiyi dendrari var.
***
Həftə başlanan kimi Qorno-Altayska qayıdası oldum. Köhnə dostumu
El Qurultayında - iş yerində ziyarət etdim. Gözlədiyimin tərsinə
Diman heç dəyişilməyib, sanki elə səksəninci illərdə tanış olduğum
cavan oğlandır. Son vaxtlarda yüngül rahatsızlığı var, lakin buna
görə halını pozmur, mən də təsəlli verirəm. O vaxt - Qırğızıstanda
tanış olduğmuz gənclərin sonrakı taleyidən, yaradıcılıq
işlərimizdən, Rusiyanın çətin şəraitdə də tədricən dirçəldiyindən
danışırıq. Bu illər ərzində Dimanla cəmi bir dəfə Bakıda görüşmək
qismət olub. Onun həm qələm sahibi, həm də ictimai-siyasi xadim
kimi yüksəlişinə sevinirəm. Moskvada təhsil alandan sonra qəzetdə
əməkdaş, sonra redaktor olub, Elmlər Akademiyasını bitirib,
namizədlik dissertasiyası müdafiə edib, respublikanın Mədəniyyət və
Kino naziri vəzifələrini daşıyıb, Rusiyanın Əməkdar mədəniyyət
işçisidir. Təkcə Altayın yox, Rusiya Federasiyasının tanınmış
icyimai-siyasi xadimlətindən biridir. Semipalatinskdə atom
sınaqlarına qarşı çıxıb. Bir dəfə deputat mandatından imtina edib,
"Gənclik rüzgarları", "Nəgməkar sidr agacları", "Ortam üçün
mahnılar", "Bulaqda ulduzlar" "Xatun - mənim dənizim", "Bay-Terekə
qayıdış" (altayca, rusca) və "Altay zirvələri" (rusca) şeir və
publisistika kitablarının müəllifidir. Bir sözlə, bütün ömrünü
xalqının, respublikasının gəlişməsinə, yüksəişinə həsr edib...
Diman Belekov 1953-cü ildə Onduqay oymağının Selcar kəndində
anadan olub və təbii ki, Altayda görmək istədiyim yerlərdən biri də
Selcar idi... Xəritəyə baxa-baxa mənə respblikanın on oymağının hər
birinin ayrı bir özəlliyi olduğundan danışır və hiss edirəm ki, ona
qalsa, mənə bu oymaqların hər birini göstərmək istər. Ancaq vaxt
azdır və cəmi iki bölgəyə gedə bilərəm...
Dağlıq Altayın məşhur şairlərindən Arjan Adarov onun haqqında
yazır:
"Mən Diman Belekovun şeirlərini oxuyanda - Yaloman təpələrini,
firuzəyi Xatunu, sərt qayalı dağları, əfsanəvi Yaylaquşunu,
əlçatmaz Kadrini, daş yarğanlardan şütüyən işıqşırnaqlı çayları,
Yalomanın çiçəklənən bağlarını görürəm... Belekov poeziyası öz
mənbəyini hardan alır? Niyə onun poeziyası bu qədər təmiz, şəffaf
və melodikdit?
...Mən Diman Belekovun valideyinlərini tanıyırdım. Sadə zəhmət
adamları, ...heyrətamiz dərəcədə xeyirxah, gözəl insanlardı...
Atası İtul Belekov tökməbədən, güclü, torpağa bağlı bir adam, çoban
və ovçuydu. Anası bəstəboy, irigözlü, gözəl qadındı. Qədim evdə
ocaq başında ağ rəngli araqdan qurtumlya-qurtumlaya biz öz doğma
Altay mahnılarımızı oxuyurduq. Bu mahnılar Xatunun, göy qayalı
dağların ütündə qanadlanırdı.
Gecə. Alov dillərində tonqalın – Altay lalələrinin allığı,
Ağ simlərdən Altay arqımaklarının iti qaçışı səpilir
qaranlığa;
Zəhmli musiqiylə axır qızıl ilxılar dərənin zülmətinə
Dərdə, qəmə, zülmətə sinə gərir bir yerdə
Ellər - bahadır kimi...
Belekovun poeziyası hissiyyatlı, pomantik və
düşündürücüdür..."
Azərbaycan-Altay əlaqələri, bu işdə yazıçıların, millət
vəkillərinin görə biləcəi işlər barədə xeyli söhbət edəndən sonra
respublika muzeyini görmək istədiyimi bildirirəm. Bərabər gedirik.
Muzeyin direktoru özü məlumat verir, lakin bu, Dimanı qane etmir,
tez-tez özü qarışır söhbətə. Hansı muzey işçisi Dağlıq Altay
tarixini, arxeologiyasnı, mifologiyasi və mədəniyyətini Dimandan
yaxşı biləcək! Dağlıq Altay muzeyinin ekspozisiyası unikal və
zəngindir. Məni ən çox arxeoloji tapıntılar və qədim dövr
maraqlandırır. İki min beş yüz il öncə yaşamış gənc xanımın
mumiyası da bu muzeydə saxlanılır. Altay kurqanları yüz illər boyu
nə qədər talansa da, hələ çox sirlərini gizlədir. Muzeydə xanımın
tapıldığı kurqanın bənzəri də yaradılmışdır. Bəlli olur ki, 25
yaşlı xanım arabası və arabaya qaşulan altı atıyla, bütün
geyım-kecim və sərvətiylə birgə dəfn olunub. Başında öz saçı deyil,
parik olub. Mizirdə fironların mumiyalarına baxmağa peşman
olmuşdum. İndi də gənc xanımım 25 əsr sonrakı halına gözucu baxıb
keçirəm. Əbədi olan dağlardır və muzeydə Altayın ölməz
gözəlliklərinin əksi olan xeyli dəyərli rəssamlıq əsəri, Altay
xalqının böyük istedadının nişanəsi olan sənət nümunələri var.
Onlara tamaşa edirik..
Sonra muzeyin qapalı həyətində Altayın ən məşhur
qayçı-musiqiçilərindən birinin, Rusiynın əməkdar artisti Noron
Şumarovun ifacını dinləyirik. Muzeyin qədim eksponatlarıyla
dinlədiyimiz musiqi arasında qeyri-adi bir ahəng, səsləşmə var.
Noron Altayın çox məşhur ifaçılarından biridir və vaxtilə Dimanla
birgə Bakıda da olub. Altay qayçı sənəti bizim aşıq sənətinə
bənzəyir. Ancaq onlardan da çox manasçıları xatırladırlar. Bizdə
dastan demək ənənəsi getdikcə zəifləyir. Altayda isə qayçılar 5-6
gün ara vermədən qaylarını, yəni qoşqularını və oxumalarını davam
etdirə bilərlər. Sonrakı günlərdə bunun şahidi oldum. Hər rayonda
məni qarşılayanlar arasında bir nəfər də qayçı olurdu. O, bədahətən
və özəl olaraq qonağın (burda konkret mənim) həmin bölgəyə gəlişi
şərəfinə qoşub-oxuyur.
XXI yüzil çox şeyi dəyişsə də Altayın qədim ənənələrini silə
bilməmişdir. Min illərin maddi yadigarlarının qorunduğu bir yerdə
minillərin üstündən adlayan ölməz havaları dinləyirdik. Balaca
aulların və böyük dağların böyük sahiblərinin havalarını...
(davamı var)