Ötən gün Avroparlamentin qəbul etdiyi qətnamənin siyasi
qiymətləndirilməsini bir kənara qoyaraq, orada özünü göstərən 5
kobud səhv haqqında qeydlər:
- "Jurnalist Rasim Əliyev sosial mediada prezidenti kəskin
tənqid etdiyi üçün ardıcıl qorxudulmaya və döyülməyə məruz qalaraq,
xəstəxanada həyatını itirib".
- Operatorun ölümünün siyasətlə heç bir bağlılığının olmadığına,
əksinə bir idman hadisəsi üzərində inkişaf edən qarşılıqlı
çəkişmənin sonda qətllə nəticələndiyinə görə dövlət başçısının
həmin məsələyə dərhal reaksiya verdiyini, ehtimal olunan
günahkarların hazırda istintaq edildiyini Azərbaycanda hər kəs
bildiyi halda, avroməmurlar və parlamentarilər bundan
xəbərsizdir.
- "Avropa Birliyi nəzərdə tutduğu 13 qrantdan 11-ni məhdud
qanunvericilik üzündən ona görə verə bilməyib ki, özügedən şəxslər
həbsdədir".
- Son illər Azərbaycanda beynəlxalq donor mənbələrdən alınan
qrantların məhdudlaşdırılması deyilərkən, Avropa strukturlarının
konkret anti-hakimiyyət fəaliyyətinə görə "mükafatlandırdığı"
şəxslərin həmin vəsaitləri əldə edə bilməməsinin qeyri-demokratik
hadisə kimi qələmə verilməsi absurddur. Məgər vətəndaş cəmiyyəti və
QHT sektoru xüsusi privilegiyaya malik insanların himayəsi və
onlara toxunulmazlıq statusu verilməsi əsasında çalışmalıdır?
Bəs onda Avropa Birliyinin bəyan etdiyi bərabərlik və şəffaflıq
prinsipi necə olsun?
- "Azərbaycanda hakimiyyətinin ən yüksək pilləsindəki şəxslərin
LGBT - cinsi azlıqlara siyasi nifrət çıxışlarını qətiyyətlə
pisləyirik".
- Ölkəmizdə tarixən formalaşmış ailə münasibətləri və ictimai
ənənələr zəminində istər məmurların, istərsə də siyasi xadimlərin
sözügedən məsələyə fərdi baxışlarını Azərbaycanda azlıqlarının
diskriminasiyası kimi necə qəbul etmək olar? Parlamentdə onlar
əleyhinə xüsusi qanun qəbul edilmədiyi, dövlət vəzifələrinə və
seçkili orqanlara seçilmək üçün insanların xüsusi müayinələrdən
keçirilmədiyi halda avroqanunçular LGBT-yə qarşı hökumətin
mövqeyini necə müəyyənləşdiriblər?
- "Xədicə İsmayılovanın Prezident Əliyevə qarşı korrupsiya
ittihamı ilə bağlı Avropa Birliyi hökuməti xüsusi araşdırmaya
başlasın".
- Əvvəla, dünyaya hakimiyyət bölgüsü ənənlərini gətirmiş Fransa
inqilabının və demokratiyanın baza şərtinin burada pozulduğu hər
kəsə aydındır: Hökumətlər məhkəmə funksiyasını öz üzərlərinə götürə
bilməzlər. Burada siyasi maraqlar, dövlətlərə qarşı qeyri-hüqiqi
niyyətlər və şəxsi düşmənçiliklər yer ala bildiyi üçün yalnız
məhkəmə orqanı hər hansı işi aparmağa müvəkkil edilə bilər. Lakin
Avroparlament sözügedən müddəa ilə sübut edir ki, jurnalist
araşdırması kimi təqdim olunan komromatlar Azərbaycanda böyük
geopolitik marağı olan ölkələrin vasitəsilə hazır qovluq şəklində
Xədicə İsmalıyılovaya verilib və onu beynəlxalq nəzarətə götürmək
bir ölkəyə qarşı yürüdülən təzyiq siyasətinin tərkib
hissəsidir.
- "Azərbaycana qarşı ünvanlı viza və digər sanksiyalar tətbiq
edilsin".
- Qərb yenicə böyük entüziazmla İrana və Kubaya qarşı
sanksiyaları ləğv edib. Biz buna qarşı deyilik. Lakin maraqlıdır,
İranda dini və dövlət idarəçiliyinə, vətəndaş azadlıqlarına
münasibətdə hansı qlobal dəyişiklikləri nəzərə alan Avropa Birliyi
keçmiş mövqeyindən daşınmalı olub? Yoxsa prinsiplər və demokratik
standartları dövləti maraqlar tələb edəndə bir kənara atmaq
olar?
- "Ermənistan və Azərbaycan arasında düşmənçiliyin aradan
qaldırılmasında rol oynayan şəxslərin vacib işi bir daha qeyd
edilsin".
- İki ölkə arasında münasibətləri "xalq diplomatiyası"nın
üzərinə qoyanlar beynəlxalq qurumların məsuliyyətdən kənar
durmasına çalışırlar. Hər gün Rusiya əleyhinə qətnamələr qəbul edən
və bunu dünyada zorla sərhədlərin dəyişilməsinə qarşı etalon
siyasətlə bağlayan avroçinovniklər Qarabağ münaqişəsini və işğal
olunmuş torpaqlarımızı Leyla Yunusun sərəncamına veriblər.
Bir sözlə, böyük siyasi mənafe savaşına gedildiyi bir dönəmdə
Avroparlamentin anti-Azərbaycan cəbhəsi açması yuxarıdakı yanlış
müddəalardan qaynaqlanmaqla region uğrunda savaşın tərkib
hissəsidir. Lakin bu artıq başqa söhbətin mövzusudur!