Xan Altay ucalığı
Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü
boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı
sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq
istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkoru ilə
maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır... Qədim
türklər dağları canlı sayırdılar, buna görə də onlara sevgiylə,
ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan Altay...
(Əvvəli
burada)
***
Aul demişkən, bir məsələni yazmadan ötə bilmərəm. Altayda
olduğum günlərdə Moskva televiziyalarının birində Gənc və
Hazırcavablar klublarının (KVN) yarışı keçirilirdi. Əsasən Rusiya
komandalarıydı, aralarında Bakı klubu da vardı. Görünür, KVN dövrü
də arxada qalıb, çünki çıxışlar Qusmanların, Anar Məmmədxanlıların
komandaları ilə müqayisədə çox solğun idi. İnsafən, yenə Bakı
komandası seçilirdi aralarında. Ancaq bizim bəzi filmlərimizdəki
yanlışlıq burda da davam etdirilirdi: Aul, cigit və sair. Bu,
Dağıstan üçün, Şimali Qafqaz üçün düzdür. Ancaq Azərbaycanda aul
yox - oba, cigit yox - igid var. Niyə özümüzü başqasına bənzətmək
xəstəliyindən əl çəkə bilmirik?..
Bakıdan zəng vuranda tanıdığım Altay yazaları ilə görüşmək
istədiyimi də bildirmişdim. Günorta yeməyinə onlar da dəvət olunub:
Pasley Samık və Brontay Bedyurov.
Brontay mənim Altayda olduğumu eşidincə Moskvadan uçub gəlib.
Altayın məşhur şairlərindən olan Pasley Samıkı Azərbaycanda
tanıyanlar çoxdur. Vaxtilə Moskvada bizim Fikrət Qoca ilə oxuyub,
onu Altaya – öz yurduna aparıb. Fikrət Sadığı da tanıyırlar. Burda
keçirilən ədəbiyyat günlərində iştirak edib və Altay haqqında
şeirlər yazıb.
Məclisimiz uzanır, Noqanın komuzu möcüzələr yaradır, restoran
dağ şəlalərinin gurultusu, meşələrin xışıltısı, at ilxılarının sel
kimi axışı və tənha yolçunun yorgun ayaq səsləri ilə dolur. Pasley
Samık öz yeni şeirlərini oxuyur. Razılaşırıq ki, Dimanın işi çox
olduğuna görə rayonlara, dağlara Brontoyla birgə gedək.
***
Altay respublikasının cəmi on oymağı var. Səfər üçün Onduqay və
Ust-Kan seçilir... Bunun mənasını sonra anlayacağam. Bəlli olacaq
ki, bu oymaqlar həm də respublikanın qədim mədəniyyət
mərkəzlərindədir, Dimanla Borontayın ata yurdları da
burdadır...
Axşam yenidən Tursibə qayıdıram. Səfərimiz sabah başlanacaq.
...İşçi qızlar xahişimlə balaca yazı masasını gətirib eyvana
qoyublar. Dopdolu ay da sanki məni gözləyirmiş, düz gəlib dayanıb
həyətdə ucalan şam ağaclarının başında. Onun işığının sehri Xatun
çayının səsinə qarışır və ürəyini izahı olmayan bir rahatlıqla,
güclə doldurur; elə bilirsən beləcə oturub səhəri-axşamı hiss
etmədən, yorulmadan çalışa, ürəyini boşalda bilərsən...
***
Həftənin ikinci günü, iyulun 21-də səhər tezdən Altay
respublikasının xalq yazıçısı və elbaşı, yəni əcnəbiləşmiş dillə
desək, xalq lideri, Rusiya Federasiyası Yazarlar Birliyinin katibi
Bpontoy Bedyurov başda olmaqla, yol yoldaşlarım - Əjər və Sergey
gəldilər. Əjər hüquqşünasdır, El Qurultayında belə gənclərin
olmasına sevinirəm, hazırlıqlı, yüksək mədəniyyətli, əsil türk
tərbiyəsi görmüş, böyük-kiçik yeri bilən, Altayın bir kəndindən,
sadə bir ailədən çıxsa da, artıq öz ayağı üstündə duran istedadlı
gəncdir. "Altayın gələcəyi sizin əlinizdədir! - deyirəm, - bu gün
köməkçisən, sabah deputat, Qurultayın sədri..."
Xatunun sol sahilinə keçir və iç oymaqlara doğru irəliləyirik;
getdikcə mənzərələr də dəyişilir. Meşəli dağlarla sıldırım
qayalıqlar bir-birini əvəz edir. Ancaq iyulun axırına yaxın bu
qədər yaşıllığa gözümüz öyrəşməyib, hələ ot çalını başlanmayıb və
torpağın bütün gül-çiçək sərgiləri göz önündədir.
Ədəbiyyat söhbətləri, köhnə dostlarla bağlı xatirələr, dünyanın
ümumi durumundan doğan əndişələr yola körpü salır. Ancaq Altay
yolları o qədər gözəlliklərdən keçib gedir ki, körpü və ya yolun
qısalması haqqında düşünmürsən...
Söhbətin şirin yerində Tümendən köhnə dostum, jurnalist-yazar
Knyaz zəng vurur: "Rusiyanın "Kino" jurnalını göndərdim, aldınmı?"
"Almamışam. Bakıda deyiləm! Altaydayam!" "Ooo! Nə gözəl! Orda mənim
bir dostum var. Görüşüb tanış olsanız, yaxşı olar. Gözəl insandır,
Dağlıq Altayın ən tanınan yazarlarından biridir..." "Tanış olaram,
- deyirəm, - kimdir o?" "Brontoy Bedyurov!.."
Məni gülmək tutur: "Brontay yanımdadır! Verim telefonu,
danışın!".
Bu da insan münasibətlərinin sirli bir səhifəsidir. İnsanları
bir-birinə bağlayan gözəgörünməz bağlardan biridir...
***
Dağlıq Altayda böyük dağ aşırımlarında yay yarmarkaları təşkil
olunur. Burda hər cür dağ neməti tapa bilərsən: müalicəvi otlardan
tutmuş növbənöv xalq sənəti ürünlərinədək. Bəzi yarmarkalarda
Monqolustandan gətirilmiş əşyalar da var. Ancaq altaylılar üçün bu
əsas deyil, əksinə, yarmarkaların aşırımların qutsal havasını
pozmasına əsəbiləşirlər. Çünki aşırımlarda qonaqlar qarşılanır,
bizim ocaqlarda olduğu kimi ağaclara parşa bağlanır, qayçılar
çalıb-oxuyur.
Onquday oymağı ərazisinə girərkən Semi aşırımında (altaylılar
Semibaşı deyir) bizi icrayə komitəsinin sədri Eduard Tekenov başda
olmaqla bir heyət qarışlayır. Kımızla, üstünə əyirdək, qurud və
sair yerli bərəkətlərin düzüldüyü süfrəylə və ən əsası şeir və
musiqi ilə...
Açıq havada bir xanım bizi salamlayan, gəlişimizə məmnuniyyət
duyğusuyla yazılmış bir şeir oxuyur. Elə danışır ki, sanki məni
çoxdan tanıyır. Bu, əlbəttə Dimanın işləridir. Belə rəsmiyyət və
təmtəraq məni sıxır, lakin adət-ənənəyə və göstərilən diqqətə
minnətdar olmaqdan, cavab verməkdən başqa yol yoxdur. Gənc qayçı
qopuzunu dilləndirir və bu rəsmi qarşılanma havasına musiqinin
əbədi nəfəsi qatışır. Qarşılayanların ardında rayon qəzetinin
redaktoru, mədəniyyət evinin müdiri, bizi kımıza, Dağlıq Altay
nemətlərinə qonaq edən milli geyimli xanımlar var.
Dəniz səviyyəsindən 1717 metr hündürükdə olan aşırımdan Sarılıq
dağlarının gözəl mənzərəsi açılır. Burda Daqlıq Altayın Rusiya
tərkibinə qatılmasının ildönümü münasibətilə abidə qoyulub. Onun
yanından keçib Sidr meşəsinə girir və parça bağlanmış ağacların
birini seçib biz də ağ lentləri budaqlara bağlayırıq...
Niyə Sidr ağacı belə əziz tutulur? Bu barədə Altaylarda maraqlı
bir əfsanə var. Bir dəfə tayqada yorulub əldən düşmüş bir ovçu
dincəlmək istəyir və təbii ki, bu məqsədlə meşənin ən böyük,
qocaman ağacının altını seçir. Ağacın budaqları yerə kimi əyilib,
çadıra dönüb. İllər uzunu gövdəsinin mamırı tökülüb və altında
qalın və yumuşaq bir döşəyə dönüb. Elə rahatdır ki, ovçu uzanan
kimi dərin yuxuya gedir. Ertəsi gün tam dincəlmiş halda oyananda
qəribə bir söhbət eşidir. Qulaq verib görür ki, danışan altında
yatdığı sidr ağacıdır, sızıldaya-sızıldaya qocaldıqından, daha
dayana bilmədiyindən gileylənir. Cavan ağac "niyə yıxılmırsan, axı
sən dünən də belə ağrıyır və şikayətlənirdin" deyir. Qocaman sidr
ağacı "necə yıxılım, yıxıla bilmirəm, axı altımda insan yatıb"
deyir. Ovçu qalxıb qocaman ağaca bərk-bərk sarılıb ona
minnətdarlığını bildirir. O kənara çəkilən kimi ağac dərindən köks
ötürüb torpağa sərilir...
***
Günorta yeməyi üçün geniş vadinin ortasında "İpək yolu" adlanan
yolüstü bir restorana dönürük. Bizi restoranın sahibi qarşılayır.
"Sizin yerlinizdir" deyirlər. Həsən "çoxdan çıxmışam Bakıdan,
azərbaycanla əlaqələrim üzülüb. Ancaq təsadüfən atam da burdadır.
O, sizi daha yaxşı tanıyır. Gəlişinizi deyəndə, "o xalq adamıdır,
şairimizdir, ona yaxşı qulluq elə!" – dedi. "Sağ olsun - dedim,
-salamımı çatdır. Bura sənindirmi?" "Hə, özüm tikmişəm!" "Lap
yaxşı. Qulluq elə, həm də mənim hesabıma!" Etiraz edir: "Elə şey
olar! Bu mənim qonaqlığımdır, sizin şərəfinizə!. Bunlara da
demışəm!"
Sonra öz saldığı bagı, çay qırağında tikdiyi kotecləri göstərib,
"nə vaxt dincəlmək istəsəniz, buyurun, burda hər şəraitim var!"
deyir. Taleyimiz belədir. Bu uzaq yollarda da Vətən
bizimlədir...
Dağların arasında hava çıx istidir. Getdiyimiz yol da hər yerdə
dərin dərələrdən keçir..
Bu bölgənin özəlliklərindən biri arxeoloji abidələrin,
kurqanların bolluğudur. Öncə Çar kurqanına və ya başqa adla Başadar
kurqanına baxırıq. Azərbaycandakı torpaq kurqanlardan fərqli olaraq
burda dəfn edilənlərin üstünü daşlarla örtüblər. Çar kurqanı çoxdan
araşdırılıb. Bizimlə bərabər kurqana turistlər də baxır. Brontay
nəyə görəsə onlardan biriylə mübahisə edir. Sonra məlum olur ki,
mübahisə etdiyi tarixçi alimdir və Bolqarstandan gəlib. Brontay
kurqanların türklərə məxsusluğu, skiflərin türklüyü və indiki
slavyan bolqarların kökünün türklərə bağlı olması ilə bağlı tarixçi
alimə ağıllı-başlı bir "dərs" verir. Sonda bolqar xristian olduğunu
boynuna almır, "mən tanrıçıyam" deyir. Əlaqə saxlayacağımız barədə
vədələşib ayrılırıq...
Kurqandan azca aralıda yaxın dağların ətəklərinə kimi uzanan bir
daş sıralaması, balbal karvanı var. Eynilə Tonyukuk abidəsinin
yanında, Monqolustanda belə bir daş sırası görmüşdüm. Orda bu
daşların Tonyukukun öz qardaşının intiqamını almaq üçün öldürdüyü
döşmənlərin sayını bildirmək üçün qoyuldugunu yazmışdım. Bəs burda?
Bu daşlar nəyin əlamətidir. Yoxsa təbiətin öz düzgüsüdür?
Altay kurqanlarının tapıntıları ümumi skif mədəniyyəti adına
Ermitajda nümayiş etdirilir. Dünyada məşhur olan, daha doğrusu
bugünədək gəlib çatmış ən qədim xalça da Pazırık kurqanlardan
tapılıb. Persiya adıyla təqdim olunsa da, onun bir türk-Azərbaycan
xalçası olması şəksizdir. Çünki o vaxt İran-Persiya ərazisində bu
tipli xalçalar yalnız Azərbaycanda toxuna bilərdi...
Pazırık tuvinlərin dilində kurqan deməkdir və bütövlükdə kurqan
mədəniyyətini ifadə edən bir sözdür.
***
Həmin gün çox sərt yolu olan, qayaların ovcunda yuvaya bənzər
Çike-Taman adlı bir aşırımda da dayandıq, çay içdik. Brontay
çayxananın adını göstərdi: Turan! Bəli, Turan torpağında olduğumuz
hər addımda hiss olunur. Çayxana adları bu gün var, sabah yoxdur,
amma bu yerin-göyün, dağın-daşın, çayların, göllərin, yolların və
mənzillərin adı əbədidir. Altay xalqının özü kimi...
Onduqay oymağına gəlməyimizin bir səbəbi də buranın Brontayın,
Diman Belekovun vətəni olmalarıdır. Yolüstü Brontay doğulduğu doğma
Kuladı kəndini göstərir.
Sonra Dimanın alma, ərik bağları və və sanki dünyadan qopub
dağlar arasında təklənməsi ilə yadımda qalan kəndlərindən də keçib
getdik. Həmin gün 450 kilometrdən artıq yol keçdik. Gördüyümüz
yerlər bir-birindən maraqlıydı. Ən unudulmaz mənzərələrdən biri
Xatunla Çuy çaylarının birləşdiyi yerdi. Eynilə Arazla Kürün
birləşdiyi kimi Çuyun ağ-bulanıq suları Xatının içində bir xeyli
qarışmadan axır, sonra onun da rəngini dəyişir, ancaq yollar boyu
Xatun o qədər göz yaşı kimi dupduru suyu olan çayları qoynuna alır
ki, bu bulanıqlıqdan əsər-əlamət qalmır. Dağlıq Altayda xeyli dağ
çayı var və onun da çoxu Xatuna qarışır...
Bizi müşayət edən tarixçi Çuy çayının o üzünü göstərir. Qarşı
yaxada bir silsilə, sonra daha uca, qayalı və sərt bir silsilə:
- O arxa dağların arasında mağaralar var. Türkün qorunduğu yer
oradır. Ötükəni, yəni türk soyunun sonuncu fərdini Qurd nənəmizin -
Aşinanın qoruyub çoxaltdığı yeri Monqolustanda axtarırlar, tapa
bilmirlər. Tapa bilməzlər də! Türkün beşiyini monqol düzlərində
axtarmaq əbəsdir. O burdadır, Altay dağlarının qoynyunda,
əlçatmazlığında! - deyir.
Çuyla Xatunun birləşdiyi yerdə, bələdçinin göstərdiyi dagın
ətəyilə yol çəkilir. "Bəlkə gedək!" deyirəm. "Vaxtımız olsa,
gedərdik! Amma yolu çətindir". Gülə-gülə: "Mən köhnə dağçıyam!" -
deyirəm.
İki çayın bitişdiyi yerdə, Xatunun sol sahilindəki yastanda
nəhəng bir bayraq abidəsinin ucaldılması nəzərdə tutulur. Yol da
ona görə çəkilir. Həmin bayraq türklərin bu dağların bağrından
qopduğunun rəmzi olacaq. Bu yerlər mağaraları, kurqanları, qayaüstü
yazıları ilə məşhurdur. Bunların hamısı, Altay boğaz səsi və
qayları-mahnılarıyla bərabər, Diman Belekovun təşəbbüsü ilə
YUNESKO-nun qorunan dəyərlər siyahısına salınmışdır.
Dağlıq Altayın ən böyük mənəvi xəzinələrindən biri qayaüstü
yazılardır: Biçiktu (yazılı qaya), Kalpakdaş və s. Həmin gün biz
Kalpakdaşa baxa bidik. Böyük ərazini tutan yastı qayalardakı
yazıların əsatirlərlə, qədim inanc və kosmik düşüncəylə yozula
bilən görüntülərini bir gəlişdə gəzib-görüb yadda saxlamaq
çətindir. İstidə qızmış qayaların həniri adamı vurur. Buna
baxmayaraq, bizi qarşılayan dəstənin içində gəlmiş tarixçi gənclə
iki saat boyu bir qayadan başqasına adlayır, bu açıq qalareyaya
baxır və onların yozumunu dinləyirəm...
Ancaq bu qayaüstü yazıları hər yerdə bir vəhşilik və düşmənçilik
izləyir. Hər yerdə yazıların, rəsmlərin ən qiymətlilərinin və
qədimlərinin üstündən nadan əlləriylə adlar cızılıb. Qayanın içinə
işləyən qalın hərflərlə: Nataşa, Nikolay, Vasya və s. Məncə, bu
təsadüfi deyil və cahillikdən, kefli başla edilmir, bu vəhşilik də
deyil; bu qəsd və düşmənçilikdir.
Kalpak daşın ətrafındakı seyrək meşəli, qayalı dağlar bizim
Böyük Qafqazı xatırladır. Burda vadi genışdir. Yamaclar nəhəng
terraslar kimi doğram-doğramdır. Bəzi yerlərdə qədim arx yerləri və
bələdçimizin dediyi kimi "türk qalaları"nın qalıqları görünür.
Arada Altayın qüruru və rənzi olan Üç Sumer zirvələrini
salamlamağa da imkan tapırıq...
Bu qədər uzun yol gedəndən, qayaüstü yazılara baxandan sonra
yorğun-arğın, nisbətən balaca bir çayın Xatuna töküldüyü yerdə
salınmış istirahət zonasına gəldik. Brontay "Ədəbiyyat günlərində
qonaqlara burda, eləcə açıq havada, çəmənlərin üstündə yemək
vermişdik, ətrafda heç bir tikili, aul yox idi. Bu düşərgə
sonralar, Dimanla mənim ideyamla tikildi" - deyir. "Niyə məhz
buranı seçmisiniz?"- soruşuram. İzah edir ki, bu çay qovşağının
xüsusi bir mikroiqlimi var, həm də tarixi yerdir, ətrafı
gözəldir.
Xatuna qovuşan çayın üstündəki asma körpüdən adlayıb bizim üçün
ayrılmış yurdda yerləşirik. Birinci Eduard, vaxtilə milli güləş
üzrə respublika çempionu olmuş iri cüssəli ev sahibi girir çaya və
məni də dəvət edir: "Soyuq olmağına baxma, sonra çıxmaq
istəməyəcəksən!" - deyir.
Gurultuyla axan, bir az ehtiyatsızlıq eləsən səni də alıb apara
bilən bumbuz dağ çayı bir anda yorğunluğu yudu. Bundan sonra
aclığımız yada düşdü. Qayaların altındakı köşkdə gecə saat 2-yə
kimi oturduq. Kimsə yatmaq istəmir. Sibir türklərinin tarixi və
taleyindən, əlaqələrimizi möhkəmlətmək yollarından, türk tarixindən
danışdıq. Eduardın Azərbaycan haqqında da xatirələri var. Gəncədə,
Goranda, Mingəçevirdə əsgər olub. Dağlıq Altay, tuva, xakas milli
güləşinin tarixindən maraqlı sıhbət edir. Bu barədə kitab
yazıb.
Güləş yarışları yenə keçirilir. Monqollar da qonaq gəlir.
***
Altay dili ərəb, fars, Avropa sözlərinin qarışmadığı təmiz
dildir. Ara-sıra bizim arxaik sayıb işlətmədyimiz sözlər
bir-birimizi daha yaxşı anlamağımıza kömək edir.
Bütün gecə söhbətlərimizin bir musiqi müşaiyətçisi var. Altay
mahnılarının coxu süjetlidir. Təbiət, at, it bu mahnıların
iştirakçısıdır. At ayaqlarının səsi, qartalların qıyıltısı... Qaycı
azalıbmış, indi isə gənclərdə xalq musiqisinə maraq artır.
Qayçı gecə boyu bir neçə musiqi alətində çalır. Oxuyur, mahnının
içində gülməli dialoqlar aparır. İkitelli kopuz təbiətin bütün
səslərini canlandıra bilir.
Brontayın da, Eduardın da arzusu budur ki, türklər bu diyara
tez-tez gəlib getsinlər, onsuz da turist axını ildən-ilə artır,
belə getsə, təbiətin ilkin gözəlliyini qorumaq çətin olacaq. "Qoy
Altay yenə türklüyün mərkəzi olsun; bir görüş yerinə, bütün türk
xalqlarının yaddaş yerinə, milli varlığlarını qutlama yerinə, bir
türk ocağına çevrilsin. Qorunsun".
Bu axşam Brontay bəyin Sibir türklərinin ümumi tarixi və
mədəniyyəti haqda geniş ensiklopedik bilik sahibi olmasına
sevindim. Onun və Sergeyin Sakanın inkişafı ilə bağlı söhbətləri bu
bölgədə türklüyün yeni intibahından xəbər verir.
***
...Köhnə vərdişlə yuxudan tez oyanmışam. Bu dəfə Eduardı
gözləmədən çaya baş vurdum. Soyuq su adamın bədənini dağların
dözümü və enerjisiylə doldurur.
Sabah erkəndən yenə iri qazan ocağın üstündədir. Altaylılar
səhərlərini də ətlə acırlar. Əti iri parçalar halında, sümükləri
qırmadan qazana atıb bişirirlər. Çörək az yeyirlər. Daha çox
əyirdəyə bənzər qızardılmış xırda çörək parçaları, mantı qoyurlar
süfrəyə. Uyğurlarda görüb bəyəndiyim samza və bal da əskik
olmur.
Eduard səhər yeməyi zamanı torpaqlarının azlığından,
qışlaqlarının Altay diyarında qaldığına görə mal-qara, qoyun və
maral sürülərini qış aylarında saxlamağa yerin çatışmadığından,
Altay xalqının halal torpaqlarının əllərindən çıxdığından
gileylənir. Başımı qaldırıb ətəyində oturduğumuz qayalıqlara
baxıram. Ətəyində yox, altında deməliyəm, çünki qayalar qanad kimi
üstümüzə gərilib, azca çırpılsa, nəhəng daş yığınlarının altında
qalarıq.
Eduardla vidalaşıb Ust-Kan oymağına üz tuturuq.
(davamı var)