Sözünlə
birgə özün də
yaşayacaqsan
Bir ünlü şairimizi, bir böyük söz ustasını, bir Vətən aşiqini,
bir misilsiz istedad sahibini, bir itirilmiş yurdunun həsrətiylə
ürəyi yaralı olan nakam qardaşımızı, bir dostu və yol yoldaşını da
itirdik. Sentyabrın 23-də Məmməd Aslanı Xırdalan-Binəqədi yolunun
üstündə, vulkan dağının soyumuş küllərindən qoparılmış bir
qəbiristanda - qaçqın, Bakıda yaşayan kəlbəcərlilərin məzarlığında
torpağa tapşırdıq.
Ətraf tikililər, küçələr, evlər bir rəzalət mənzərəsidir,
Bakının qulağının dibində bu boyda səliqəsizlik bizim daxili
durumumuzu, özümüzə, milli xarakterimizə və şəhərimizə
münasibətimizi göstərir. Qəsəbələr salınır, xərc çəkilir, evlər
tikilir, ancaq bunun yolları niyə ilan yolu olmalı, niyə rahat
keçib getmək üçün, nəfəs almaq üçün yer saxlanmamalıdır? Niyə indi
salınan yeni yaşayış yerlərində küçələrimiz belə dolanbac
olmalıdır? Niyə düzlüyü sevmirik? Bu rayonun böyükləri hara
baxır?
Məmməd belə şeylərə əsəbiləşərdi. Buna görə ilin yarısını
yollarda, dağda-daşda, Dəlidağın, Murovun havasının tutduğu
yerlərdə keçirərdi. Onsuz da Bakıda evi yox idi, dağlara qalxmaq
Sumqayıtda beşinci mərtəbəyə ağrıyan ayaqla dırmaşmaqdan daha asan
gəlirdi ona.
Məmməd çağdaş şeirimizin qüdrətli yaradıcılarından biriydi.
Yunis İmrədən Aşıq Ələsgərə - Aşıq Şəmşirə qədər böyuk bir yol
keçmiş, türk dilinin bütün gözəlliklərini əks etdirən, ərəb-fars
zınqırovnamələriylə millətin başını xarab edən saray mədhiyyə
sicilləmələrinə öz ana südü kimi tərtəmiz ruhuyla dərs verən əsil
milli ədəbiyyat yolunun adamıydı. Göycə-Kəlbəcər saz-söz
ənənələrinə baglıydı, bu dağların bağrından qopan nə hikmətlər
vardısa, Məmmədin sinəsində, yaddaşında yuva qurmuşdu. Qoşmanın,
gəraylının ustasıydı, bu yoluna sonadək sadiq qaldı, xaric
vurmadan, həmişə öz səsiylə oxudu.
Bununla yanaşı, Məmməd Aslan gözəl uşaq şairiydi. Uşaqlar üçün
televiziya verilişlərinin təkrarsız aparıcısıydı, dil sərrafı
olaraq bir müəllim kimi sözü anlamaq və qorumaq dərsi verirdi. Onun
çox sevilən uşaq verilişlərini niyə bağladılar, onu AzTV-nin zövqlə
nəşr etdiyi qəzetindən niyə uzaqlaşdırdılar, bilmirəm, ancaq onu
bilirəm ki, Məmməd bunların ağrısını yaşadı, bu qədirbilməzlik
mühiti insan ömrünü qısaldan, insanı içindən baltalayan, qələmini
qıran, ruhunu sarsıdan şeylərdir və Məmməd bu zorakılıqlar
burulğanında nə qədər incisə də, şükür ruhunu qorudu, iki cildlik
şeir kitabını oxuculara çatdırdı, Anadolu-türk poeziyasından
örnəklə, çox sevdiyi Mövlanədən seçmələri sevə-sevə nəşr
etdirdi.
Ayrıca uşaq şeirlərindən düzənlənmiş bir kitabını hazırlamışdı.
Məmməd, doğrudan da, qeyri-adi istedad sahibiydi. Yollara çıxanda
foto makinası, kamerası əlindən düşməzdi. Yorulmadan çalışardı.
Apardığı televiziya verilişlərinin bölgələrdən gətirilən bütün
video-görüntüləri onun öz əməyinin məhsuluydi. Yollarda, dağlarda
mənim tələskənliyimə baxmayaraq seçdiyi bir mənzərəni, gülü- çiçəyi
dəfələrlə lentə köçürməmiş keçib getməzdi. Bundan zövq alırdı,
sözlə deyə bilmədiklərini bu yolla deyirdi.
Məmməd Aslan hələ sovet dövründə Azərbaycanla Türkiyə arasında
körpü salan, gedib-gələn, sonradan Azərbaycanın ən yaxın dostları
olmuş Türkiyə ziyalılarını Azərbaycana dəvət edən, Türkiyə səfəri
haqqında o vaxt əldən-ələ gəzən "Ərzurumun gədiyinə varanda"
kitabını yazan böyük ziyalı, yurdsevər, türklüyün aşiqi və
təbliğçisi idi.
Ədəbiyyatımıza ötən əsrin altımışıncı illərində gəlmişdi. O,
Yazarlar Birliyinin Natəvan klubunda ilk şeirlərini oxuyanda mən
tələbəydim, elə orda tanış olmuşduq və bu tanışlıq Məmməd Bakıya
köçənədək davam etmişdi. Sonra bu tanışlıq dostluga çevrildi. Köçüb
gələndən sonra bir müddət Böyükşorda onuncu islah-əmək düşərgəsinin
yanında kasıb bır gecəqondu məhəlləsinin balaca bir evində anasıyla
yaşayırdı. Təsadüfən mən də əsgərliyimi həmin türmədə çəkirdim,
fürsət düşən kimi Məmmədgilə qaçırdım və yeni şeirlərimizi
oxuyurduq bir-birimizə.
Məmməd Bakıya köçsə də, fikri, ruhu dağlardaydı. 1984-cü ildə
yayın axırında onunla ilk dəfə Kəlbəcərə, İstisuya getdim və sanki
Azərbaycanı, Kiçik Qafqazı yenidən kəşf etdim. Kəlbəcər ayrıca bir
dünyadır. İstisunun başı üstündə, Sücaətin quş yuvasına bənzər
kafesində saz havalarını dinləyə-dinləyə, şeir oxuya-oxuya
kəsdiyimiz çörəyin dadı-duzu bir də heç yerdə təkrar olunmadı.
Məmməd mənə Kəlbəcərin hər köşəsini göstərdi, sevdiyi adamlarla
tanış elədi, İstisuda böyük şeir şöləni təşkil etdik, Ala Göllərin
üstündə at çapdıq, dağ yollarıyla aşıb Göyçəyə getdik, Ələsgər
ocağını ziyarət etdik, İslamın, İsmixanın qonağı olduq, Göyçə
gölündə üzdük. Düzünə qalsa, at çapmaqda da, Göyçədə üzməkdə də
Məmməd yalnız tamaşaçıydı. Mənim isti vannadan sonra Tərtərin buz
sularında çimməyimi görəndə "özünə qəsd edirsən, öləcəksən..."
deyirdi.
Talenin acı, sərt oyunları və dünyanın xəyanətkarlığı Kəlbəcəri
əlimizdən çıxartdı. Müvəqqəti olsa da. Yalnız dağlarda boya-başa
çatmış adamlar kəlbəcərlilərin o dağlarsız nələr çəkdiklərini duya
bilərlər. Havası çatmayanda, Məmmədi Yardımlıya aparırdım.
Başqalarının dilindən keçən sözlər bəzən qəribə vərdişlər yaradır.
Mən anama "bacı" deyirdim və bizim evimizə gələn dostlarım, o
cümlədən Məmməd Aslan üçün də bir bacı, bir qardaş ocağı vardı,
ərklə gedər, günlərlə dağı-daşı dolaşar, hər qayanı, hər ağacı lent
yaddaşına köçürərdi. Oraları da elə Kəlbəcər kimi tanıyırdı və ilin
hansı vaxtı "gedək Yardımlıya!" desəm, hazır idi...
Məmməd Aslan gözəl redaktor idi, dil zövqünə söz ola bilməzdi.
Bu baxımdan onunla müqayisə oluna bilən adamlar çox azdır. O da
mənə inanırdı və əli çatmasa da, telefonla oxuyurdu yeni
şeirlərini, ya da zəng vurub qəzet və dərgilərdə dərc olunmuş yeni
yazılarını oxuyub-oxumadığımı soruşurdu. Dostlar bir-birlərinin
dəyişilməz oxucularıdır. Yaxınlar gedir, kürəyimizdən soyuq
küləklər əsir, dünya özgələşir...
Məmməd qardaşımın bir qabiliyyəti də vardı. O, əsil loğman idi,
xalq təbabətini gözəl bilirdi, illər uzunu özü-özünü müalicə
etmişdi. Ancaq bir dərmana əli çatmırdı. O da Dəlidağın havasıydı,
suyuydu... Kəlbəcərə gedib-gələ bilsə, Kəlbəcər azad olsa, Məmməd
bundan sonra on-onbeş il də yaşayardı. Onun kəmikləri - nəşi vulkan
külündə qovrulacaq - Kəlbəcər torpağına qayıdana qədər...
Sənə əlvida demirəm, Məmməd! Çünki ayrılmırıq. Biz ömrümüz boyu
bu Vətənin qeyrətini çəkdik. Kefini başqaları çəkdi... Ancaq
dünyanın malının-mülkünün torpaqdan fərqi yoxdur. Söz isə Allah
amanındadır və əbədidir. Sən hər il şəhidlərə və qərənfillərə
oxşama deyəcəksən... Sözünlə bir, özün də yaşayacaqsan...
24.09.2015