Azərbaycanda
saytlardan biri "Ərdoğana Azərbaycan müxalifəti ilə bağlı dosye
verilib" adlı bir xəbər yaymışdır.
Xəbərdə deyilir: "Türkiyənin
xüsusi xidmət orqanları Azəbaycan müxalifəti barədə şok bir dosye
hazırlayıblar və həmin məxfi sənəd bu günlərdə baş nazir (?) Rəcəb
Təyyib Ərdoğana təqdim olunub və bu dosyedə Azərbaycan
müxalifətçilərinin Taksim hadisələrinə baxışları, həmin olaylarda
rolu, iştirakı, bu hadisələrə yanaşması barədə faktlar yer
alır".
Guya bu məlumat sayta Türkiyənin hakimiyyət orqanlarına yaxın
mötəbər mənbələrdən daxil olmuşdur. Saytın yazdığına görə, sənəddə
Türkiyədə dövlət çevrişinə cəhd edənlər sirasında mənim də adım
hallandırılmışdır: "Sabir Rüstəmxanlının Türkiyənin daxili işlərinə
qarışaraq Ərdoğan hökumətini devirməyə açıq çağırışlarda bulunması
dosyedə xüsusi vurğulanıb".
Mən Türkiyə Cümhuriyyətində belə bir sənədin
hazırlanıb-hazırlanmaması barədə bir şey deyə bilmərəm. Əgər belə
bir şey varsa da, onu hazırlayanlar elə bu xəbəri verən və ya bu
xəbəri hazırlayanlar ağıldadır. Türkiyədən hakimiyyətə yaxın
"mötəbər mənbə" belə bir xəbər verə bilməz. Ən azı ona görə ki,
"mötəbər mənbə" sayın Ərdoğanın "baş nazir" yox, cümhurbaşqanı
olduğunu bilməmiş deyil! Bunu Bakıda qarışdıra bilərlər, ancaq
Türkiyədə kimsə qarışdırmaz və Türkiyənin istənilən məmuru və
vətəndaşı buna bənzər yazılarda hətta sevmədiyi opponenti haqqında
danışanda da müraciət etikasını pozmur.
Xəbərdə mənim haqqımda yazılan sözlər cəfəngiyyatdır və
işverənlikdən başqa bir şey deyildir.
Türkiyəyə ilk gedişimdən təxminən 30 ilə yaxın bir vaxt keçir.
Bu vaxt ərzində mən Türkiyənin Böyük Millət Məclisindən,
prezidentlərindən tutmuş ucqar köylərdəki sıravi vətəndaşlarına
qədər müxtəlif adamlarla söhbətlərədək, saysız-hesabsız görüşlərdə
olmuşam. Türkiyədə doqquz kitabım çıxıb. Qəzetlərdə, dərgilərdə
yazılarım dərc edilib. Elmi konfanslarda çıxışlar etmişəm. Bunların
heç birində Türkiyə iqtidarının zorla dəyişdirilməsi, dövlət
çevrilişi, dərbə haqqında bircə cümləlik fikrimi tapa bilməzlər.
Çünki mən Türkiyə ilə Azərbaycanın əlaqələrinə qardaşlıq münasibəti
kimi baxıram və qardaş dövlətin daxili işlərinə qarışmağı nəinki
özümə, kimsəyə rəva görmərəm.
Türkiyədəki konfranslarda, televiziya verilişlərində də bu
fikirimi dəfələrlə dilə gətirmişəm. Bizim Türkiyə iqtidarından,
Türkiyəni qəlbən sevən bir qardaş kimi, hər hansı bir
rahatsızlığımız ola bilər, lakin Türkiyənin taleyini, kimin
hakimiyyətə gəlib, kimin getməsini istisnasız olaraq böyük türk
xalqı müəyyənləşdirir. Türkiyə ilə münasibətlərimiz
iqtidar-müxalifət çərçivələrinə sığmaz. Bu, partiyalarüstü bir
münasibətdir; "bir millət, iki dövlət" olmanın gətirdiyi bir
məsuliyyətlə yanaşma tələb edir. Mənim Türkiyədə hər hansı bir
siyasi partiyaya rəğbətim ola bilər və ya hər hansı bir liderin
müəyyən sözünü, atdığı addımı bəyənməyə bilərəm, amma bunlar mənə
Türkiyənin daxili işərinə qarışmaq haqqı verməz. Onsuz da dünyada
Azərbaycanın bəlkə də yeganə səmimi dayağı olan Türkiyə ilə
ilişgilərimizi pozmağa çalışan yetərincə düşmənimiz, fitnəkarlıqla
məşğul olan satılmışlar, erməni, rus nökərləri var. Buna görə də,
bu həssas dönəmdə Türkiyə-Azərbaycan münasibətlərini qorumaq, hər
iki ölkədə xalqın seçiminə, ölkə rəsmilərinə sayğı ilə yanaşmaq
borcumuzdur.
Buna bənzər söhbətlər yeddi il bundan öncə "Ərgənəkon davası"
başlananda da ortaya atılmışdı. Bu işi aparan savçılardan Zəkəriyyə
Özün iddianaməsində bizim ailə Ərgenekon "təşkilatının" Azərbaycan
təmsilçisi kimi qələmə verilmiş və hətta mənim qızımın adı sənəddə
Ərgenekonun Azərbaycan təmsilçisi olaraq göstərilmişdi. O zaman mən
sayın Ərdoğana bir məktub yazmışdım. Yazmışdım ki, mən Ərgənəkon
olayında adı çəkilən bəzi Türkiyə vətəndaşlarını yaxından tanıyıram
və onların dilindən heç vaxt bu iddianamələrdə irəli sürülən dövlət
çevrilişi cəhdi haqqında bir söz eşitməmişəm və mənim 13 yaşlı
qızımın adının da bu iddianamədə çəkilməsi göstərir ki, Zəkəriyyə
Özün apardığı iş əsası olmayan və saxta bir işdir.
Sağ olsun sayın Ərdoğan, bundan sonra bizim adımız o
iddianamədən çıxarıldı. Bir neçə ildən sonra həbs olunanlar
azadlığa buraxıldı, amma Zəkəriyyə Öz cinayətlərinə görə ölkədən
qaçdı, həm də ilk qaçdığı ölkə Ermənistan oldu.
Bu, bizim Türkiyə sevgimizdə nə qədər səmimi olduğumuzu göstərən
bir dəlildir və əlavə yozum istəmir.
İşverənik edən "mötəbər mənbələr" müxtəlif bəhanələr tapıb, yeri
gəldi-gəlmədi, əllərində əsas oldu-olmadı, mənə belə ləkələr yaxmaq
üçün dəfələrlə dəridən-qabıqdan çıxıblar. Amma anlamayıblar ki, biz
onlar kimi düşünmürük və heç vaxt onların özlərinə rəva
gördüklərini özümüzə yaraşdırmarıq.
Mənim Türkiyənin iqtidarında da, müxalifətində də yetərincə
dostlarım var. İqtidar və müxalifət nümayəndələrinin qatıldığı
konfranslarda sözümü həmişə açıq demişəm, Türkiyədə baş verən
proseslərə münasibətlərimi səmimi-qəlbdən, sevərəkdən, televiziya
ekranlarından dilə gətirmişəm. Yəqin ki, bu çıxışlar müxtəlif
şəkillərdə qeyd olunub və arxivlərdə qalır. Türkiyə hökuməti üçün
bu çıxışların hansının nəyə çağırış olduğunu ayırd etmək o qədər də
çətin deyil, qoy o saytı idarə edənlər narahat olmasınlar.