Hələ də danlanırıq. Biz danlanırıq, "Diffomasiya
haqqında" qanun kənardan dayanıb gülür. Hətta lağ edir. Biz onu
jurnalist həyatımıza daxil olmağa çağırırıq, o bizi ağıllı olmağa.
Bizə dəli kimi baxır. Görür ki, çatana mürəkkəb atırıq -
ləkələyirik. Anlayır ki, mürəkkəbimizlə başqasını ləkələyərək,
qaçıb onun arxasında gizlənmək istəyirik. Tutulmayaq, cəzalanmayaq
deyə.
Guya tutulanmı var, guya cəzalananmı var? Hələ "Diffomasiya
haqqında" qanun qəbul edilməyib, qələmi silaha çevirmişik, bəs
qəbul olunsa, neyləyərik? Böhtan xarakterli cümlələrdən tank
düzəldərik, şər saçan sözlərdən təyyarə hazırlayarıq. Onların
iştirakı ilə dinc əhalini bombalayarıq.
Hələ də danlanırıq. 140 yaşlı mətbuat gərəkdir özünü 3 yaşlı
uşaq kimi aparmasın. Hələ ki, aparırıq. Lap tutaq ki, keçmiş
yoxdur. Lap tutaq ki, mətbuatın 25 yaşı var... Məgər 25 uşaq
yaşıdır? Razıyam, bambılılığın yaşı olmur. Axı Azərbaycan mətbuatı
bambılı deyil. Ənənəsi var, bu ənənənin daşıyıcıları var, rəhmətlik
qazanan sələfləri var, alqış eşidən xələfləri var.
Bilirsiz nə var, mən varam - Jurnalist Ceyhun Musaoğlu. İmzamı
anamı qoruduğum kimi qoruyuram, balamı sevdiyim kimi sevirəm. İmza
insanın özüdür. Yəni özünü qiymətləndirməyən adam varmı? Varsa, ona
adam deməyək, sadəcə varlıq deyək. Kol da varlıqdı, kül də.
İmzasına hörmət edən hər bir jurnalistin birinci borcu mətbuatı
qorumaqdır. Qəhrəmanı olduğum bir hadisəni qısa yazım. Mehdiabadda
yaşayıram, demək olar, oralıyam. Eşitdim ki, bələdiyyə sədri ona
telefon açıb dilənən, lap dəqiq yazım - 20 manat istəyən küçə
adamını jurnalist adı ilə təqdim edib, "bu jurnalistlər məni
bezdirib" kəlməsini orda-burda hara gəldi səpələyir.
İntellektualların toplandığı məclisdəydik, dostlarım internet
saytlarının birindən yazımı oxuyurdular. Qürur hissimin bir fazadan
ikinci yüksək fazaya keçməsi baş vermədi – qarşısı alındı.
Bələdiyyə üzvü salona daxil olub dedi ki, bəs elə indicə jurnalistə
20 manat verib, yola salıblar. Həyatımda bəlkə də ikinci dəfəydi
belə pərt olurdum. Birinci tarixi pərtliyi 5 illik hərbi xidmətdən
qayıdandan sonra bakalavr diplomu alacağımı eşidəndə yaşamışdım.
1991-ci ildə - magistratura və bakalavr sözünün dillərdə və
beyinlərdə olmadığı dövrdə ali məktəbə qəbul olan və taleyin hökmü
ilə 5-ilini dağda-dərədə itirən adama vurulan "bakalavr" damğalı
pərtlik ruhumu necə əzmişdisə, necə ağrıtmışdısa "indicə jurnalistə
20 manat verib, yola saldıq" cümləsi də hələ də əzilmiş formada
qalan ruhumu neştərləmiş oldu.
Oradaca bəyan etdim: bundan sonra bizim şərəfli peşənin adından
istifadə edən hər hansı şəxs bələdiyyəyə zəng etsə, ona mənim mobil
nömrəmi verin.
Zənglər mənə ünvanlandı. Kimə dedimsə, adımıza xələl gətirməyin,
anlayıb qəbul etdilər. Məqsədim bələdiyyəni jurnalistlərdən yox,
jurnalistləri bələdiyyələrdən qorumaq idi. Adımıza söz çıxmasın
deyə, ölümə də gülə-gülə getməyə hazıram.
Hələ də danlanırıq. Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qanuna zidd
fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq
yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü
götürüləcəyini bəyan edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov hər hansı bir şəxs
haqqında haradansa eşidilən şayiələri yaymağın, ölkə ictimaiyyətini
çaşdırmağın yolverilməz olduğunu bildirib.
İlk dəfə deyil ki, dövlətin və mətbuatın mötəbər şəxsləri bizi
danlayırlar. Böyümürük. Bu da növbəti fakt: cəmiyyətin bütün
təbəqələrinin şəxsiyyətini və fəaliyyətini hörmətlə qarşıladığı
dəyərli düşüncə adamı - Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
sədri, millət vəkili Azay Quliyevin özü və rəhbərlik etdiyi Şura
barədə iyrənc xarakterli cümlələr yayılıb. Kamil Nəzərov adlı
birinin e-mail ünvanından paylaşılıb. Bu adam kimdir? Varmı, yoxmu,
bunu araşdırmadan həmin cümlələri tirajlayanlar tapılıb. Hər hansı
fikri dəqiqləşdirmədən yaymaq Cəhrə nənənin işidir. Sonra desin:
"Nəyimə lazımdır, kim kiminlə cikkildəşir...".
Jurnalist Ekspert Mərkəzinin rəhbəriyəm. Şura JEM-in
layihələrinə bir neçə dəfə maliyyə dəstəyi verib. Cəhrə nənə küçədə
qarşısına çıxan adamlara deyir ki, bəs, nəşrlərin xüsusi
nəşriyyatda həyata keçirilməsi QHT rəhbərlərindən tələb olunur.
JEM-in 2014-cü ildə "Azərbaycanın istedadlı yazarlarını dünyaya
tanıdaq" adlı layihəsi çərçivəsində hazırladığı ingilis dilində
kitabın nəşr olunduğu nəşriyyatı özüm seçdim. Bu, Cəhrə arvadın
dediyi nəşriyyat deyildi. Layihə nəticəsinə görə, Fəxri fərman da
aldı. Cəhrə arvadın məntiqi ilə düşünsək, kitabı Şura ilə
əməkdaşlıq edən mətbəədə nəşr etmədiyim üçün iqnorla
qarşılaşmalıydım. Əksi oldu ki... 400-dən çox təşkilatın içərisində
30-a yaxın təşkilat Fəxri fərman aldı, aralarında JEM də vardı.
Etirafımı da oxuyun: Şuranın əməkdaşlıq etdiyi nəşriyyatda çıxan
kitablar, JEM-in əməkdaşlıq etdiyi nəşriyyatda nəşr olunan kitabdan
çox-çox keyfiyyətlidir. Bunun fərqinə sonra vardım.
Cəhrə arvad QHT-lərə ayrılan qrantların məbləğindən kəsildiyini
goplayır. Xahiş edirəm, kimin qalib layihəsinə ayrılan pulu
kəsilibsə, adını çəkməyəcəm, mənə məlumat versin. Bilim ki, bu
yazıda vicdanımın səsi məni aldadıb, ya yox.
Şuranın katibliyində təmsil olunanları seçən zövqə və bu
insanları yetişdirən valideynə, mühitə tez-tez alqış deyirəm. Xanım
müəllimənin adını xüsusi çəkim. Təsviri hesabatdakı izahların
dolğunluğunun hərf səhvlərinə qədər düzəlməsini tələb edən Xanım
müəllimədən layihənin icrasına diqqətlə yanaşmağı, nəticəli
fəaliyyət göstərməyi öyrənən tək JEM olmayıb. Qalib QHT-ləri
qarşılamaq, yola salmaq, fəaliyyətlərini bütün hüquqi və mənəvi
tələblər çərçivəsində yoxlamaq, icarçılara təlimlər keçmək,
əsrarəngiz münasibət fonunda ruhumuza gözəl musiqi səviyyəsində
təsir edir. Onlarla ünsiyyətdən sonra layihəni daha yaxşı icra
etməyə, seçilməyə çalışırsan.
QHT Şurası və "ASAN xidmət" cəmiyyətimizin ən böyük uğurudur.
Şura bizi yad qüvvələrin asılılığından qurtardı, ziyanlı sifarişlər
yerinə yetirməyin nəsillərə zərbə olduğunu fəaliyyəti ilə göstərdi.
"ASAN" insanlara rahatlıq gətirdi. Vətənə dövlətin dəstəyi ilə
rahatlıqla xidmət göstərmək. Bu missiyanı anlamayanlar ya Məhərrəm
Əlizadənin yaratdığı Cəhrə, ya da Kafkanın Zamzamıdır. Biri tülkü
xislətlidir, o biri həşərat.
Özümüzü elə aparaq ki, danlanmayaq!