"Yeni Müsavat" qəzetinin 29 yanvar sayında "Məhərrəm
Əliyevin qardaşından şifrəli mesajlar" adlı məqalə yayınlanıb.
Manşetdən yayınlanan bu məqalədə sosial şəbəkələrdə yazdığım
sözlərə istinad olunsa da, qəzet yazısı təhrif olunmuş şərhlə
"zənginləşdirilib".
Birincisi, mənim adım Adil, soyadım Əliyevdir. Bəli, Məhərrəm
Əliyev mənim qardaşımdır və mən bununla fəxr edirəm. Ailə
üzvlərimiz, o cümlədən mən və qardaşım alnıaçıq insanlarıq, heç
kimin yanında gözükölgəli deyilik, ona görə bizim haqqımızda
ibarəli ifadələr işlədənlər, yazanlar aynaya baxsınlar, bizi özləri
ilə səhv salmasınlar. Sosial şəbəkələrdə yazdığım fikirlər mənim
şəxsi düşüncələrimdir, bunun qardaşımla heç bir bağlılığı yoxdur.
Bu baxımdan məqalənin başlığının mənim deyil, qardaşımın adının
hallandırılmasıyla yayınlanması etik qaydalara uyğun deyil. Sözünüz
varsa, mənə deyin, başqalarının adını niyə hallandırırsınız? Hər
kəs özünə cavabdehdir, bunu söz azadlığına, fikir plürializminə
iddia edən qəzet də bilməmiş deyil. Bu ona bənzəyir ki, hansısa
müxalifət partiyasının lideri və ya funksioneri açıqlama verir və
ya sosial şəbəkədə nəsə yazır, həmin açıqlama və ya fikir başlığa
onun adıyla deyil, yaxın qohumunun adıyla çıxarılır. Bunda məntiq
varmı?
İkincisi, manşetə çıxarılan başlıqda daha bir ciddi yanlışlığa yol
verilib. Mən düşüncələrimi "şifrəli mesajla" deyil, açıq deyən
insanam. Mənim xarakterimdə kiməsə "şifrəli mesaj" göndərmək
yoxdur. Sosial şəbəkələr icad olunduqdan bu yana mən də digər
soydaşlarım kimi bu imkandan istifadə edib, fikirlərimi dostlarımla
paylaşıram. Hamı kimi mən də status yazır, vacib bildiyim mövzulara
toxunuram. Yazdığım statuslara müsbət reaksiyalar da var, tənqid
edənlərə də rast gəlinir. Demokratik cəmiyyətdə məhz belə
olmalıdır. Ancaq yazdığım yüzlərlə statusun içindən birini və ya
ikisini xüsusi olaraq qabardaraq, həmin statusu kontekstdən çıxarıb
siyasi rəng verməyə çalışmaq qərəzdən başqa bir şey deyil.
Bəli, "Yeni Müsavat"da yayınlanan "Sən mənə "haralısan" – deyə
sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də
türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?..
Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır.
Başa düşənlərə..." ifadəsi mənə aiddir. Bu ifadənin altından bu gün
də imza qoymağa hazıram. Bu ifadədə nə kiməsə "şifrəli mesaj"
göndərmək, nə də kimisə hədəf almaq məqsədi var. Bu ifadəni
facebook-da mən dünən və ya srağagün deyil, ötən ilin noyabr ayında
yazmışam. Yəni yazdığım bu statusdan az qala iki aydan çox vaxt
keçib. Ona görə də "Yeni Müsavat" qəzetinin iki ay öncəki fikrimi
indi niyə manşetə çıxarmasını, bunun ətrafında ajiotaj yaratmaq
istəyini, hansısa "xüsusi ssenarinin" tərkib hissəsi kimi göstərmək
həvəsini anlaya bilmirəm. "Mən azərbaycanlıyam, türk oğlu türkəm" –
bu ifadəni Azərbaycanda səsləndirə biləcək milyonlarla insan var.
İndi bu insanların hamısının düşüncəsini şübhə altına almalıyıq?
Mən türkəm, ancaq ləzgilər, talışlar, kürdlər, tatlar və digər
millətlər də bizim qardaşlarımız, Azərbaycan pasportu daşıyan
soydaşlarımızdır. Azərbaycan hamımızın vətənidir və bunu
vətənimizin bütövlüyü uğrunda savaşan bütün millətlər əməlləri ilə
sübut ediblər. Bunu da hər zaman vurğulayıram.
"Yeni Müsavat"da mənim statusuma istinadən yazılan məqalədən isə
belə çıxır ki, guya məqsədim qeyri-türklərlə mübarizə aparmaq,
kimisə hədəf almaqdan ibarətdir. Kökündən yanlış yanaşmadır. Hətta
"Yeni Müsavat" məlum statusumu "az qala üsyan" kimi qiymətləndirib.
Qəzet bir az daha irəli gedərək mənim adi statusumu dövlətçiliyə
qarşı çıxan nazirlə məntiqsiz şəkildə əlaqələndirməyə çalışıb. Mən
prezidentimə, dövlətimə və millətimə sadiqəm. Prezidentin daxili və
xarici siyasətini, həyata keçirdiyi islahatları cani qəlbdən
dəstəkləyirəm. İnanmıram ki, bundan kiminsə zərrə qədər də şübhəsi
olsun. Bizim ailə bu kursa ulu öndər Heydər Əliyevin hakimiyyət
gəldiyi uzaq 1960-cı illərdən sadiqdir. Ulu öndərin ikinci dəfə
1993-cü ildə hakimiyyətinə yenidən qayıdışını da müdafiə etmişik.
Ulu öndərin siyasətini bu gün layiqlə davam etdirən möhtərəm
prezident İlham Əliyevin siyasətinin də fəal
dəstəkçilərindənik.
Əgər hansısa media orqanı iki cümləlik statusdan "uzaqgedən"
nəticə çıxarırsa, onda həmin qəzet sosial şəbəkələrdəki yazıların
təftişini davam etdirməklə, yüz minlərlə belə "uzaqgedən nəticələr"
çıxara bilər. Gərək onda bu qəzet bütün səhifələrini ancaq həmin
statusların "şifrələrini" açmağa həsr etsin. Təəssüf ki, bir
statusumu əlində bayraq edən "Yeni Müsavat" həmin günlərdə yazdığım
digər çoxsaylı statuslarımı görməzlikdən gəlib. Mən isə durum aydın
olsun deyə, həmin günlərdə yazdığım bir başqa statusu da
diqqətinizə çatdırmağı lazım bilirəm:
"Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün çıxışlarında
işğal altında olan torpaqlarımızın alternativ yolla azad oluna
bilinəcəyini bəyan etməsi hər zaman Ermənistan üçün siqnal olmalı
və bu, onları narahat etməlidir: Mən vətənimin hər guşəsini sevirəm
və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm
ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki,
boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə
deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata
biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün
Prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam
gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini
gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin.
AMİN!"
Bəs bu statusa nə sözünüz var, yoxsa vətənimin bütövlüyünün
bərpası uğrunda mübarizə istəyimi də harasa, nəyəsə yozacaqsınız?
İşğal davam edirsə, bölgədə vəziyyət gərgindirsə, mən fərqli nə
yaza bilərəm ki?
Əlbəttə, aydındır ki, millət vəkili olduğumdan sosial şəbəkələrdə
yazdığım fikirlər diqqətlə oxunur və çoxsaylı rəylər verilir. Ancaq
bu heç kimə əsas vermir ki, düşüncələrimlə və əməllərimlə heç bir
əlaqəsi olmayan şərhləri statuslarıma yapışdıraraq qəzetinizdə
tirajlayasınız.
Statuslarıma şərh qoşmağa ehtiyac yoxdur. Statusun özü elə
şərhdir. Yox, əgər statuslarım Sizin diqqətinizi çəkirsə, onda ya
necə var elə də yayınlayın, ya da ki, mənim rəyimi öyrənin.
Dostlarım da bilir ki, media nümayəndələrinə açıq insanam.
Yazımı bu günlərdə yazdığım bir başqa statusla bitirmək
istərdim: "Dostlar, mən vicdanım qarşısında təmizəm, vicdan isə
daxilimdəki Allahın səsidir. Allah millətimizi qorusun, arzusuna
çatdırsın. Kimsə mənə vətənimi, dövlətimi, xalqımı və prezidentimi
sevməyi qadağan edə bilməz".
"Musavat.com"