Dənizçi Xristofor Kolombun təxminən 500 il əvvəl Amerika
qitəsi səfərindəki bayraq gəmisi "Santa Maria"nın qalıqlarının
tapıldığı bildirilir.
"Axar.az" "İndependent" qəzetinə istinadən
xəbər verir ki, Haitinin şimal sahilində tapılan gəmi qırıntıları
dünyanın ən əhəmiyyətli sualtı kəşflərdən biri ola bilər. "Santa
Maria" gəmisinin təxminən 10 ildir ki, həmin bölgədə olduğu ehtimal
edilir.
Bildirək ki, ABŞ araşdırmaçıları Haiti hökumətinin verdiyi
dəstəklə arxeoloji araşdırmalar aparılacağını açıqlayıb. Hələlik
Barri Klifford başda olmaqla araşdırmaçılar qrupu gəmini ölçüb və
şəklini çəkiblər.
Tapıntı italyanca adı "Cristoforo Colombo" (Latınca:
Christophorus Columbus) olan dənizçinin gündəliyinə köçürdüyü
məlumatlarla üst-üstə düşür.
Qeyd edək ki, əhəmiyyətli dəlillərdən biri də "Santa Maria"nın
üzdüyü dövrdə istifadə edilən bir topun qalıqlarının aşkar
olunmasıdır. Fotoşəkli çəkilən bu topun orta əsr dəniz quldurları
tərəfindən istifadə edildiyi güman olunur.
Qrupun rəhbəri Barri Klifford tapıntının çox mühüm olduğunu
bildirib:
"Bu ərazinin qorunması üçün Haiti hökuməti ilə əməkdaşlıq
edəcəyik. Bu dəlillər Kolumbun Amerikanı kəşf etməsi ilə bağlı hər
şeyi sübut edəcək".
Təcrübəli dəniz arxeoloqu basdırılmış vəziyyətdə olan gəminin
taxta hissəsinin çıxarılaraq Haitidəki bir muzeydə sərgilənməsinə
çalışacağını deyib.
Məlumat üçün bildirək ki, XV əsrin əsrin ikinci yarısında
İspaniyanın Bask vilayətində hazırlanan "Santa Maria" 1492-ci ildə
Kolumb tərəfindən kirayəyə götürülüb. O, Asiyaya yeni yol tapmaq
üçün başlanan tarixi dəniz səfərinə başçılıq edib. 37 günlük
səfərdən sonra Baham adalarına yaxınlaşan kapitan Kolumb və heyəti
10 həftədən sonra Haiti yaxınlığında qayalara çırpılıb.