Yuxarı

“Torpağa tüpürdüyünə görə dustağı karsa salmışıq” - Foto

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Torpağa tüpürdüyünə görə dustağı karsa salmışıq” - Foto

10 saylı Cəzaçəkmə Müəssisəsi mənə başqa cəza evlərindən "doğmadır". Təxminən bir il bu evin sakini olmuşam.

Prezidentin əfv fərmanı ilə bağlı jurnalistlərin müəssisələrə getməsi üçün yaradılan qruplardan hansının bu cəza müəssisəsində olacaqsa, onun tərkibinə daxil edilməmi Penitensiar xidmətin əməkdaşından özüm xahiş etmişdim.

GÖRDÜN, YENƏ GƏLDİM..

Bu da "doğma" cəza müəssisəsi. Düz 7 ildir ki buradan, bu ağır, qalın, zəhmli qapılar açılmışdı və mən azadlığa çıxmışdım. İndi o günlərin heç vaxt unuda bilməyəcəyim təəssüratlarını içimdə yenidən yaşadaraq buraxılış məntəqəsinə yaxınlaşıram. Dustaqlarla görüşə gələnlərin sənədini aparıb icazə üçün imza atdıran gizir Vəziri elə buraxılış məntəqəsində gördüm. Ucadan dedim:

- Gördü-ü-ü-n, elə bilirdin, daha buralara gəlməyəcəm?

YAZILMAYAN QANUNLAR POZULMUR

Zarafat edirəm. Qeyd edim ki, Vəzir pis adam deyil. Yazılan və yazılmayan qanunlara canla-başla qulluq edir. Bəzən yazılan qanunları pozsa da, yazılmayan dəmir qanunlar heç vaxt onun tərəfindən pozulmur. Bəs nədir, kişi hesabat verir axı. Hər halda mənim oranın sakini olduğum dönəmdə bu, belə idi...

Vəzirin toppuş sifətinə təbəssüm yayılır. Ustalıqla gözünün işarəsilə arxanı göstərir. Baxıram, müəssisənin rəisi, Ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov ondan arxada dayanıb. Rəisin çöhrəsində nə isə doğma bir təbəssüm dolaşır. Oğlunu ziyarətə gəlmiş yaşlı qadının bayaq bayırda bir nəfərə dediyi sözlərin fərqinə indi varıram: "Buranın böyüyü İmam-seyid balasıdır, o pislik eləməyib, bizimki özünü pis aparıb, amma yoluna qoyaydı gərək..."

Söhbətin nədən getdiyini soruşmağa vaxt olmamışdı. İndi bu an imkan olsa, rəisdən soruşaram, fikirləşirəm və birinci dəmir barmaqlıqlı qalın qapını keçirəm. Sənədimi təqdim edir, telefonumu təhvil verirəm. Maşınımın park olunmasına görə ləngimişdim. Həmkarlarım artıq həyətdəki iri tut ağacının altında açılmış çay masasının arxasında idilər.

MİRSALEH MÜƏLLİM DUSTAQLARI FİKİRLƏŞİR

Ətrafa fikir verirəm, dəyişikliklər çoxdur. Görüş otağının qarşı tərəfində böyük bir istixana tikilmişdi. Adam boyu hündürlükdə pomidor kolları bol məhsul gətirib. İstixananın örtüyü qaldırılıb, pomidorlar azad nəfəs alır. Bir qədər irəlidə daha bir post var və oradan keçəndən sonra daha bir dəmir barmaqlıqlar çəkilmiş çəpər və sonra "zon"un geniş həyəti. Buranın hər yerinə bələdəm. Çay süfrəsinin yanında bir kapitan dayanıb. Rəhbərlik tərəfindən təyin olunub. Zarafatla soruşuram:

- O pomidorlardan dustaqlara da verəcəksiz?

Kapitan gözləmədiyi sualdan çaşır:

- Yox, niyə ki, – sonra sualın mahiyyətinə varır. - Əlbəttə, elə onlar üçün əkilib də... Mirsaleh müəllim sağ olsun, dustaqları fikirləşir.

CƏNAB RƏİS BİZDƏN ÇOX FİKİRLƏŞİR

- Bəs siz zabit olaraq, elə vətəndaş olaraq da dustaqları fikirləşmirsiz?

Sual verirəm. Lakin sualın guya ki, ardınca düşmürəm, baxışlarımı bir daha "doğma" ərazidə hərləyirəm, sonra yenidən kapitana tərəf dönürəm.

Kapitan:

- Biz hamımız fikirləşirik. Amma cənab rəis bizdən də çox fikirləşir.

Dustaq olduğum zamanlarımdakı "zarafat xəstəliyim" baş qaldırır. Kapitana: "Bəs Penitensiar xidmətin rəisi necə, səncə o nə qədər fikirləşir dustaqları", - soruşmaq istəyirəm. Lakin tanışım deyil deyə, mövzunu dəyişirəm.

"Promzonla" bağlı sual verdim:

- Cənab kapitan, sexlər necə, işləyir? Nərd, təsbeh, mücrü, qəlyan hazırlanır?

- Burada elə şeylər yoxdur ta, – bunu rəisin müavini, mayor Vüsal Mahmudov deyir. Həmişəki kimi sakit addımlarla yaxınlaşıb. Bu adam elə bil barmaqlarının ucunda gəzir. Əvvəllər dəstə rəisi işləyirdi. Dustaqlara qarşı mərhəmətliliyi, qanunlara hörməti, nizam-intizama kifayət qədər riayət edən bir zabit idi. Görüşüb, öpüşürük.

Kənarda iki nəfər dustaq samovar çayı dəmləyir. Hiss olunur ki, əldə-ayaqda gəzən dustaqlardan deyil. Amma çay dəmləmələri sual doğurur. Yaxınlıqdan keçən gizirə:

- Bu uşaqlar çay dəmləyir... - deyirəm.

- Əlbəttə, təmiz uşaqlardı.

Biz-bir birimizi başa düşürük.

ŞEYTANIN YOLDAN ÇIXARDIĞI DUSTAQ

Dustaqlara yaxınlaşıram. Məmmədov Samir naxçıvanlıdır. Şahbuz rayonunda doğulub. Bakıda yaşayıb işləyirmiş. Deməyindən belə başa düşdüm ki, bura düşməyinə səbəb, şeytanın onu yoldan çıxarması olub. Və yolundan çıxdıqdan sonra oğurluğa əl atıb. Siqaret oğurlayıb və 8 il azadlıqdan məhrum olunub.

- İki ilini apelyasiyada götürdüm. Qaldı 6 ili, - deyir.

İki ildən çoxdur ki, oğurladığı siqaretin tüstüsünün dumanındadır. İndi də özünü samovarın tüstüsünə verib qonaqlara çay dəmləyir.

Onun yanındakı dustaq isə İmişlidəndir. Xəmmədov soyadlı digər dustaq da əməlinin peşmançılığını çəkir. 6 il həbs cəzasından hələ 4 ili irəlidədir.

- Məndə "najovoydur", - deyir.

Məlum olur ki, dava-dalaş zamanı bıçağa əl atıb, bir nəfərə ağır xəsarət yetirib.

GƏLƏCƏYƏ HESABLANAN DÖYMƏLƏR

Hər iki dustaq qollarını "bəzəyib". Vurulan döymələr acı taleyin, türmə atributlarının əksidir. Bəzən, təsadüf nəticəsində həbs yaşayanlar da çölə qollarında və bədənlərinin müxtəlif əzalarında döymələrlə çıxırlar. Desinlər ki, bəs filankəs filan yerdə olub. Niyə olub, nəyə görə olub, bunu heç fikirləşmirlər də. Hər döymənin də öz mənası olur. "Ponyatka"lı adamlara nəyi isə diktə edir. Amma samovarın arxasında dayanan bu iki gənc dustağın döymələri isə gələcəkdə şeşəllənməyə hesablanmış bir addım idi.

ƏFV FƏRMANI İCRA OLUNUR

Jurnalistlərin çay içməsi zamanından İsmi ilə səmərəli istifadə edirik. Bir neçə dustağı danışdırırıq.

Bir neçə dəqiqədən sonra isə kluba dəvət olunuruq. Mən fürsətdən istifadə edib dustaqların olduğu əraziyə keçirəm. Tanış zabit var. Hafizlə səmimi görüşürəm və ondan bəzi dustaqları soruşuram.

Kluba tərəf gedirəm. Əfv fərmanının icrası başlayır. General Hüseyn Əlixanov çıxış edir. Müəssisə haqda xoş sözlər deyir, müəssisənin rəisi Mirsaleh Seyidovun xidmətlərinə dəyər verir. Sonra isə 16 nəfər dustağa azadlığa çıxmaları haqda arayış təqdim olunur.

O, MÜTLƏQ BIÇAQLANMALIYDI

İmkan tapıb həmin dustaqlarla görüşürəm.

Mingəçevirdən olan dustaq Sirxan 6 il il dustaq həyatı yaşayıb. Əfv olunması sevindirici idi.

- Niyə tutulmuşdun?- soruşuram.

Məlum olur ki, adam bıçaqlayıb.

- Təsadüfən oldumu? Bıçaqlamaya bilərdinmi?

- O, mütləq vurulmalıydı. Həmin an gəldiyim qənaət bu idi. Peşman olmuşam, soruşursansa, peşmançılıq hissləri keçirmişəm. Amma deməyəcəm nəyə peşman olmuşam.

AXCP FƏALI RAHİB HACIYEV

Əfv olunanların arasında siyasi fəaliyyətlə məşğul olanlar da vardı. AXCP fəalı Rahib Hacıyev 234.3 maddəsi ilə günahkar bilinib həbs olunmuşdu. Bu maddə narkotik maddələrin istifadəsi, küllü miqdarda yayımı ilə məşğul olanlar tətbiq olunur. Verilən 10 il cəzanın artıq 7 ilini arxada qoymuşdu. Siyasi mənsubiyyəti jurnalistlərin diqqətindən yayınmadı. Elə müəssisə rəhbərliyinin də Rahibin jurnalistlər üçün açıqlama verməsini istədiyi nəzərlərimdən yayınmır.

Rahib əfv olunması haqda prezidentə müraciət etdiyini və müraciətinə müsbət cavab aldığını deyir. Jurnalistlərin suallarını cavablandırdıqdan sonra həbsxana həyatına bələd adam kimi artıq keçmiş dustaq olan Rahiblə səmimi söhbət edirəm:

- Verilən maddə və cəza müddəti ilə razıydınmı? – soruşuram.

Gülümsəyir:

- Səncə?..

Məncə, bu adamda narkotik aludəçiliyindən əsər-əlamət yoxdu. O tip insanları çox yaxşı tanıyıram. Hərəkətlərindən, özlərini aparmalarından hiss edirəm...

Müəssisənin rəisi Mirsaleh müəllim sonra deyəcəkdi ki, həmin cəbhəçi özü gəldi, ərizə yazdı ki, onun həbs olunmasında cəbhəçiliyi əsas olmayıb.

Mən onun da dəqiqləşməsini aparıram və məlum olur ki, Rahib bu addımı həqiqətən də atıb. Amma... daha heç nə demir.

SKİNHETLERLƏ DÖYÜŞ

Dustaqların içərisindən idmançı görkəmli biri mənə yaxınlaşır. Göygöl rayon sakini olan İsmayılov Vüqar 126.1-lə həbsdə yatır. O, Moskvada törətdiyi qətl hadisəsinə görə tutulub. 16 nəfər rus millətçi skinhetlərin hücumuna məruz qalan Vüqar təkbaşına ruslardan üçünü ağır yaralayıb və onlardan biri xəstəxanada ölüb. Onun məhkəməsi Rusiyada birtərəfli və qərəzli aparılıb. 17 il həbs cəzası alıb. 9 ilini Rusiyada çəkib. Bu haqda növbəti yazımda ətraflı bəhs edəcəyəm. Vüqar əfv olunmasını istəyir.

- Mən özümü, millətimin şərəfini qorumuşam, – deyir.

ÜZDƏNİRAQ FƏXRİ – FƏXRİYYƏ

Dəmir barmaqlı çəpərin o tayındakı dustaqlara fikir verirəm. Bir nəfərdən kəndimizdən olan dustağı soruşuram. Elə bu vaxt kimsə:

- Sən Faiq müəllim deyilsən? - deyə soruşur.

- Faiqəm. Səni tanımadım.

Həmin 25-28 yaşlı dustaq ətrafındakılara məni təqdim edir:

- Burdaydı da. Şair budur. Sançastda qalırdı. Cəlilabad əhlindən, - deyir və yenə də mənə tərəf dönür, - mən Fəxriyəm, dəyişmişəm?

- Fəxriyyə, sən hələ burdasan?

Mənim deməyimə dustaqlar gülüşür. Elə Fəxri özü də.

Əslində Fəxri əvvəldən üzdəniraq olmamışdı. Həmyerlisi olan laçınlı bir gizir tərəfindən "verbovat" olunaraq poqonlara işləməsinin üstü açılmışdı və onu çox pis cəzalandırmışdılar. Ən pisi də o idi ki, Fəxrini elə üzdəniraqların özü murdarlamış, zorlamışdılar. Növbəti yazılarımdan birinin mövzusu məhz bu insanlar olduğundan Fəxrinin Fəxriyəyə çevrilməsinə hələlik nöqtə qoyuram.

KİLSƏ, MƏSCİD, KİTABXANA

Tədbir sonu yenə də həmin tut ağacın altında çay süfrəsi qurulub. Müəssisənin həyətindəki bağın meyvələrindən dərilib, düzülüb. Bu dəfə rəis özü də bizimlə oturub. Səmimi söhbət gedir. Arada jarqonlarla danışıram.

Sonra:

- Mirsaleh müəllim, "zon"un həyətində dəyişiklik çox olub. Yeni korpus tikilib. Yoxlanış meydançasının üstü şiferlənib. Gündən, yağışdan, qardan qorunmaq olar.

Rəis:

- Tək o deyil ki. Məscid, kilsə tikilib. Kitabxana da var...

- Məscid və kitabxana elə o zamanlardan vardı, - deyirəm. Rəis zarafat edir:

- Gördüm də, sizin kitabxananı təmir etdirmişik.

Rəisə məhbus olarkən o kitabxanaya 500 dən çox kitab gətizdirdiyimi deyirəm.

- Elə həmin kitablar idi. Bilirəm, biz də əlavə etdik.

YAZILARI OXUYURAM

Demək yerinə düşər ki, mən bir neçə dəfə 10 saylı həbsxanadan reportaj hazırlamışdım və bütün dustaq yanına gələnlər indiki rəisdən xeyli razılıq etmişdilər. Onu qiyabi olsa da, yaxşı tanıyırdım. Elə o da məni tanıyırmış. Üzünü jurnalistlərə tutdu:

- Faiqin yazılarını oxuyuram. Bizdən də yazmışdı. Dəstə rəisimiz Hafizlə şəklini də qoymuşdu. Allah adamıdır, nə yazıb, qərəzsiz yazıb, həqiqəti yazıb. Gərək bunu deyəm, – deyir.

Bu an müavini Vüsal Mahmudov:

- Rəis, o burda ən nümunəvi dustaq idi. Ona dustaq kimi baxa bilmirdik. Ziyalı idi və bizə çox köməyi dəyib, – deyir.

- Vüsal, mənim jurnalist həmkarlarım elə başa düşər ki "mostavik"-zad olmuşam, ya da iş verən, - deyirəm və zarafat edirik. - Amma onu düz deyirsən ki 4-5 dustağı məhz mənə görə islah olunmuşdu.

Və bəzi olayları birlikdə xatırlayırıq.

TORPAĞA TÜPÜRDÜYÜNƏ GÖRƏ KARS

- Əvvəllər burada ümumi CÇM idi. Sizin vaxtınızda, – Mirsaleh Seyidov deyir. - İndi ağır cinayət törədənlər burda cəza çəkir. Biz qanunların dili ilə danışırıq. Amma insani hissləri unutmaq olmaz. Düzdür, sərt qərar qəbul etdiyimiz vaxtlar da olub. Məsələn, torpağa tüpürdüyünə görə dustağa "sutka" verib, karsa salmışıq. Niyə? Ona görə ki, torpaq müqəddəsdir, ona görə ki, bu torpağın uğrunda şəhid olurlar, şəhid ola bilərik. Müqəddəslərə isə tüpürmək olmaz!

Tarix
2014.06.05 / 23:07
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla