Bu gün Sumqayıtda evini sələfilərə məscid kimi
istifadəyə vermiş bu təriqət üzvlərinin şəhərdəki lideri sayılan
Zöhrab Şıxəliyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin
rəsmi saytı xəbər yayıb.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Sumqayıt
Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il
təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı
sandıqçasında 3 patronu olan "Valter" markalı tapança
aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat
qəsəbəsində yaşadığı evə baxış zamanı isə həyətdə qanunsuz inşa
edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar
olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara,
48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd
təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla
qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq
götürülüb.
Axar.az Z.Şıxəliyevlə bağlı arayış əldə edib. Şıxəliyev
təriqətin ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir. O,
bu ilin yanvarında üçmərtəbəli evini sələfilərə ibadət etmək üçün
istifadəyə verdiyini mətbuata açıqlamasında təsdiqləmişdi.
Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin cümə məscidini
ələ keçirmək cəhdində hallanmışdı. Həmin vaxt bir qrup sələfi
məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini
bildirmişdi.
Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci
bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların
narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti
yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur
olmuşdular.
Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin
tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu demişdi.
Üstəgəl vurğulamışdı ki, hökumət qurumları bu qruplaşmaları yaxşı
tanıyır.
Qeyd edək ki, Z.Şıxəliyev Sumqayıtda Qamət Süleymanov
tərəfdarlarının əsas simalarından biridir. Bəzi məlumata görə,
Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə
qadınlar ibadətə və dərslərə yığışırdılar.
Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda
dərslər təşkil edilirdi. Qamət Süleymanov, Əlixan Musayev, Muxtar
və daha bir neçə sələfi ruhaniləri gələrək, dini dərslər təşkil
edirdilər. Zöhrab Şıxəliyevin imkanlı biri, daha əvvəllər qızıl
ticarəti ilə məşğul olduğu da bildirilir. Maraqlı daha bir məqam
isə Z.Şıxəliyevin doğma qardaşının nüfuzlu şiələrdən olmasıdır.