Dünən Bakıda "Flame Towers"in "Park Cinema"sında
"Yarımdünya" bədii filminin qala gecəsi keçirilib.
Filmi türkiyəli rejissor Osman Albayraq çəkib. Daha çox aparıcı
kimi tanınan Tural Əsədov layihənin baş prodüseridir.
Qala-gecəyə filmin yaradıcı heyəti - rejissor Osman Albayraq,
prodüser və filmdə baş rollardan birini oynayan Tural Əsədov,
müğənni Miri Yusif, aktrisalardan Gülsara Rzayeva, Pərvin Abıyeva,
aktyor Kamran Ağabalayev iştirak ediblər.
Publika.az xəbər verir ki, gecəyə filmin çəkiliş heyətindən başqa,
Nura Suri, Rafael İsgəndərov, Coşqun Rəhimov, Hacı Nuran, Kəmalə
Babayeva, İlham Qasımov, İlkin Həsəni və başqa məşhur simalar
iştirak ediblər.
Film Miri Yusifin dostuna ithaf etdiyi "Yarımdünya" adlı mahnısı
əsasında çəkilib. Film 3 kişinin bir qadına olan sevgisindən bəhs
edir. Bu 3 kişi xaraktercə bir-birindən çox fərqlənir. Hadisələr bu
məhəbbət üçbucağı ətrafında cərəyan edir. Talelərində artıq bir
dəfə bu sınaqdan keçən dostlar bu xoşagəlməz hal ilə yenidən
qarşı-qarşıya qalır. Lakin sevginin onları hara aparacağını
bilmirlər, nələrlə üzləşəcəklərdən xəbərsizdirlər.
Miri Yusif: "Yarımdünya" klipini sentyabrda dünyasını dəyişən dostu
Vüqar Əbdülrəhmanova həsr etmişəm. Buna görə də bu mahnı mənim
yaradıcılığımda böyük rol oynayır. İlk rolum olduğu üçün çox
həyəcanlıyam" - deyib. Sevilən ifaçı onu da qeyd edib ki, filmdə,
demək olar ki, özünü, yəni romantik musiqiçi obrazını
canlandırıb.
Filmdə Fuad obrazını canlandıran Tural Əsədov isə bildirib ki, bu
film dostluq, səmimiyyət və düzgünlük üzərində qurulub.
Tural Əsədov:: "Bu film həm də bu və ya digər vəziyyətdən necə
çıxmağın yolu göstərilib. Film maarifləndirici xarakter daşıyacaq,
heç birimiz bu cür hallardan sığortalanmamışıq. Biz dostluğun sözdə
yox, əməldə göstərilmək lazım olduğunu ifadə etməyə çalışmışıq", –
söyləyib.
Ekran işi Azərbaycanın bütün kinoteatrlarında aprel ayının 9-dan
etibarən nümayiş olunacaq.