"Hadisənin bütün məsuliyyəti "Speys" telekanalının
çiyinlərindədir".
Bu sözləri Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri
Toğrul Məmmədov "Speys" telekanalında yayımlanan "Günaydın"
verilişində müğənni Mətanət Əsədova ilə Əziz Musaoğlu adlı yazar
arasında yaşanan biabırçı qalmaqalla bağlı Axar.az-a danışarkən
deyib:
"Milli Televiziya və Radio Şurası bu məsələni "Speys" TV
rəhbərliyi ilə müzakirə edib. Rəhbərlik üzrxahlıq edərək ciddi
tədbir görəcəyini öz öhdəsinə götürdü. Biz də bunu nəzərə aldıq.
Şura verilən vədin əməl olunmasını gözləyəcək. Olayla bağlı ciddi
tədbir görülməsə, Milli Televiziya və Radio Şurası sərt addımlar
atacaq. Hadisənin canlı efirdə baş verməməsi bunun reytinq xətrinə
atılmış addım olduğunu təsdiqləyir. Hətta canlı efirlərdə belə,
məsələn, ANS telekanalı yayımı 4-5 dəqiqə gecikdirir və xoşagəlməz
halların qarşısını alır. Hadisənin bütün məsuliyyəti "Speys"
telekanalının çiyinlərindədir. Rəhbərlik bununla bağlı ciddi
addımlar atmalıdır".
"Speys" telekanalında yayımlanan "Günaydın" verilişində ifaçı
Mətanət Əsədova ilə Əziz Musaoğlu arasında xoşagəlməz hallar
yaşanıb. Belə ki, tərəflər efirdə bir-birinə qarşı biabırçı
səviyyədə olan qeyri-etik sözlər işlədib.
Qeyd edək ki, bu, son günlər "Speys"lə bağlı ikinci qalmaqaldır.
Bir müddət öncə Samir Biləsuvarlı adlı müğənninin sözügedən kanalın
efirində mahnının sözlərini dəyişərək eybəcər hala salması və söyüş
işlətməsi barədə sosial şəbəkələrdə yayılan video-görüntüyə də
kanal rəhbərliyi reaksiya verməyib.