Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


Telli Pənahqızı: “Məni dəli kimi sevən olmadı...”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, xanım jurnalistimizdir. Tanınır, sevilir və hər yerdə sayqıyla qarşılanır. Azərbaycan televiziyasında bəlkə də onun kimi az jurnalist tapılar ki, tamaşaçısını səsinin sehrinə sala bilsin. O, hər birimizin evinə "doğmamız" kimi gəlib, onu evimizin yuxarı başına keçirmişik, üzünə qapını -Televiziyanın ekranını bağlamamışıq.

Əlbəttə, söhbət tanınmış tele-jurnalist Telli Pənahqızından gedir. Onunla vədələşib "Axar.az"ın "Gerçəkləşməyən arzular" layihəsində qonaq kimi görmək istədiyimi dedim. Razılaşdı. Görüşdük, həyəcanımı güclə boğmağa çalışdığımı görüb səmimiyyətlə gülümsündü və:

- Çox sağ olun ki, zəhmət çəkib gəlmisiniz,- dedi,- vallah, Bakının küçələrində tıxac əlindən tərpənmək mümkün deyil, bəzən bu basırığın dərdindən dəvət olunduğum tədbirlərin çoxuna gedə bilmirəm. Şamxal Rüstəm haqqında yazınız da çox xoşuma gəldi. O istedadlı şairdi, təəssüf ki, özü öz qədrini bilmədi.

Poeziyanı da, nəsri də jurnalistikaya qurban vermişəm...

- Televiziyada sizə qarşı münasibət necədir?

- Normaldır, işləyirik. Hər iki kanalda (AzTV və Mədəniyyət kanalında) efirə gedən verilişlərə baxırıq, bəzilərini təkrar montaja göndəririk, bəzilərini ümumiyyətlə proqramdan çıxarırıq. Düzdür, əvvəlki illərə nisbətən indi nadir hallarda belə bir qərar qəbul edirik.

- Jurnalistika yaradıcı adamlara, bədii yaradıcılıqla məşğul olanlara maneə törətmir ki?

- Sizcə, bu mümkünmü? Mən universitetdə oxuyanda hekayələr yazardım. Bəzən az qala bütün detallarını fikirləşdiyim hekayənin bir-iki abzasını yazardım və düşünərdim ki, sonra tamamlayaram. Bəzən başım gündəlik dərslərə qarışırdı, bir yandan da zaçotlar, imtahanlar... bir də görürdüm ki, ya o hekayəni yazdığım vərəqlər it-bat olub, ya mövzunu unutmuşam, ya da xoşuma gəlməyib nəsə... Bəzən də özümə təsəlli verirdim ki, əşi, hara tələsirəm e, qoy universiteti bitirim, öz kabinetim, yazı masam olsun, arxayınca oturum yazım. Ancaq gündəlik qayğılar başımı elə qatdı ki, mən o yazılara bir daha qayıda bilmədim... Bir müddətdən sonra şeir yazmağa başladım və düşünürəm ki, əgər o vaxt indiki ağlım olsaydı, poeziyanı və nəsri jurnalistikaya qurban verməzdim. Lakin görünür alın yazısını dəyişməkdə insan həmişə acizdir.

Mənə bir şair göstərin ki, bəxtəvərdir

- Şeirlərinizdə qəm-kədər var. Sanki siz çoxlarının qibtə etdiyi həmin adam deyilsiniz. Nədəndir?

- Siz xoşbəxt olanda şeir yazırsınız? İnandırmağa çalışmayın məni. Belə şeirlər yazılsa belə, insanların qəlbinə yol tapa bilməz, çünki insan gərək ağrını hiss eləsin ki, başqasının da hisslərini, duyğularını, yaşantısını dərk edə bilsin, onun qəlbinə girə bilsin. Mənə bir şair göstərin ki, bəxtəvərdir, amma qəmli şeirlər yazır...

- Məsələn, rəhmətlik Nüsrət Kəsəmənli deyirdi ki, mən qəmli vaxtlarımda da, bəxtəvər olduğum anlarda da şeir yazmışam.

- Rəhmətlik Nüsrət Kəsəmənli gözəl, ilhamlı şair idi. Amma onun acı taleyi, dərdi, yaşantıları, çəkdiyi ağrılar da çoxlarına bəlli idi və o öz yaşantılarına bədii sözün köməyi ilə çox gözəl güzgü tuta bilirdi. Elə bu üzdən yazdığı sevgi şeirləri bu gün də hamının dilinin əzbəridir, çünki onlarda güclü hiss var, gizli duyğular var, çoxlarının dilə gətirmək istədiyi, amma bacarmadığı etiraflar var. Mənim şeirlərimə isə ilahi bir eşq hakimdir. Şeir yaşantının, məhrəm hisslərin tərənnümüdür.

Məni, mənim qədər sevən olmadı

- Telli xanımın ən çox narahatçılığı nədəndir? Nəyə çata bilmədiniz, nədir, hansı hisslərdir sizi indiyə qədər izləyən?

- Bu dünyada, real aləmdə yaşamaq və narahat olmamaq mümkündürmü? Mən insanları dəli kimi sedim! Amma məni dəli kimi sevən olmadı... Bu da mənim qismətidir.

- Nakam sevgi?!.

- Əgər buna sevgi demək mümkünsə. Mən o hissləri - nakam məhəbbətimin mənasını, mahiyyətini hələ də əməlli başa düşə bilmirəm. Məhəbbət müdrik bir hissdir. O, hər kəsə qismət olmur. Mənim məhəbbətimin şaxələri içində Tanrıya, vətənə, ailəmə - anama, doğmalarıma olan sevgim əsas yer tutur. Bunu mən təkcə nakam sevgi ilə əlaqələndirmirəm. Mənə görə, şeir Tanrının insanın dodaqlari ilə pıçıldadığı duadır... bizim içimizə dolansa onun ziyasıdır...

27 il onun qulluğunda durdum

- Niyə tək qaldınız?

- Təkrar edirəm ki, bu mənim taleyimdir və bu taleyi mən seçməmişəm. Buna görə təəssüflənmirəm. Bu, həyatdır. Mən oxumaq üçün Bakıya gələndə məni heç kəs tanımırdı, heç kəsin də məndən xəbəri yox idi. Sonra bacılarımın və qardaşlarımın yükü üzərimə düşdü. Mən hər kəsin dərdini çəkən adamam. Qardaş-bacılarım ali təhsil aldılar (ailədə 6 uşağıq) oxutduqdan sonra, anamı yanıma gətirdim. 27 il onun qulluğunda durdum. Anama analıq elədim, onu gəlinlərin ümidinə qoymağa ürəyim gəlmədi, bəlkə onlar məndən daha yaxşı baxacaqdılar ona, ancaq düşündüm ki, o mənim üçün bu qədər əziyyət çəkib, məni insan kimi o yetişdirib, qazandığın hər uğura o da mənim qədər, bəlkə də məndən daha çox sevinib. Heç kəs onu mənim qədər qoruya, rahatlığını təmin edə bilməz. Ona görə də onu yanımda saxladım. Bir yandan da sevdiyim iş vardı, televiziya mənim üçün doğma evim qədər müqəddəs oldu. Başım işimə və ailəmin qayğılarına qarışdı və bir də gördüm ki, illər ötüb, gənclik yavaş-yavaş uzaqlaşır məndən... Xoşbəxtliyimi işimə və anama qurban verdim! Mən həmişə Allahıma yalvarıram ki, "İlahi, mən anamın dərdini çəkib bitirə bilmirəm, mənə başqa dərd vermə". Anam 7 ildi ki, bizi tərk eləyib. Bu illər ərzində sanki 70 il qocalmışam. Görünür, anamın ən istəkli övladı mən olmuşam ki, o da məndən ayrı yaşamaga razı olmurdu. Şükür edirəm ki, Allahım məni övlad kimi üzüqara eləmədi anamın yanında... Məncə, anamın ruhu rahatdır, o məni görür və qızının hər uğuruna sevinir. Bəlkə ailə qursaydım, yaxşı olardı, olmayıbsa, deməli, belə məsləhətmiş...

- Axı sizi sevənlər çox olub, ürək açanlar, sifariş göndərənlər... Bəlkə bu sevgidə qorxulu nələrisə hiss etmisiz, təmənna, karyera qurmaq üçün umacaq. Bəlkə heç sizin şerlərinizdə olan o ilahi sevgi olmayıb?

- Sevdiyim insan olub, amma qara tikan kimi aramızda bitənlər imkan vermədilər. O başqası ilə evlənəndən sonra dünyanın sevgiləri düşdü gözümdən. Bu lap çoxdan olub, hələ həyatın nə olduğunu əməlli-başlı dərk etmədiyim illərdə. Sonra şəhərə gəldim, məni sevən, ürəyini açanlar, məhəbbətini dilə gətirənlər çox oldu, amma mən o ilk sevgimdəcə qaldım... Bəzən kiməsə ürək qızdırmaq istədim, gördüm ki, onu daha çox mənim məşhurluğum, imkanlarım, onun problemini həll etmək qabiliyyətim maraqlandırır. Sakitcə belələrindən uzaqlaşdım. Mən insanları çox sevirəm, onlarla rahat dil tapıram, hansısa bir problemi həll etməyə iqtidarım çatır. İnsanlarla müzakirə etməyə həmişə maraqlı mövzum, danışmağa sözüm olur. Bu gün də özümü yalqız saymıram, yaxşı dostlarım var, məni sevən doğmalarım var! Şeirlərim isə... Bu poeziyadır, bədii sözdür, duyğuları, arzuların inikasıdır, Tanrı pıçıltısıdır. Mənim şeirlərimin baş qəhrəmanı dünyaya, Vətənə, insana, təbiətə gözəlliyə aşiq olan bir insandır! Yəqin ki, bu aşiq vüsala yetsəydi, heç bu şeirlər də yaranmazdı...

Bəlkə uğursuz bir evlilik keçərdi başımdan

- İş yoldaşlarınız, tələbə qızlar, sizdən öyrənən xanımlar, bacılar hamısı gəlin köçdü. Ətrafınızda hansısa boşluq yarandımı?

- Mən heç vaxt, heç kəsə paxıllıq etməmişəm. Hətta Allahdan nəsə istəməyə utanıram. Həmişə namaz üstündə deyirəm ki, İlahi, məni özündən başqa heç kəsə möhtac eləmə. Ən əsası mənim sevdiklərimi qoru. Mənə doğma olan insanların övladlarını da öz balam kimi sevirəm. Hərdən düşünürəm ki, bəlkə uğursuz bir evlilik keçərdi başımdan, həyatım alt-üst olardı, işimdən, yaradıcılığımdan ayrılardım, əziyyət çəkərdim, sıradan biri olardım və bu gün sizin qonağınız da ola bilməzdim (gülür), sizinlə bu söhbət də olmazdı.

Dramatrugiyamız yox dərəcəsindədir

- Jurnalistikamızın narahatçılığını çəkirsiz, bəs çağdaş ədəbiyyatımızın vəziyyəti necədir?

- İndi çağdaş ədəbiyyatımızda yaxşı ədəbiyyat nümunəsi çox azdır. Dramatrugiyamız isə demək olar ki, yox dərəcəsindədir. Bizim teatrlarımızda yaxşı əsər yoxdur. Teatrlarımız hələ də "köhnələrin" çiynindədir. Bu gün türk kinematoqraflarının fəaliyyətinə filmlərinə, yaxşı mənada qibtə edirəm. Demirəm ki, onların çəkdiyi bütün filmlər şedevrdir, lakin onlar çox məhsuldar işləyirlər. O günü televiziya verilişlərinin birində belə bir xəbər eşitdim ki, bu il Türkiyədə müxtəlif kanallarda nümayiş etdirilən həftəlik seriallardan başqa 70 bədii filmin çəkilişinə başlanıb. Bu, bilirsiniz nə deməkdir?

Dövlət pul da ayırdı, amma yenə...

- Yoxdur, əsər yoxdur. Dövlət pul da ayırdı, yenə də bu işi yerindən - ölü nöqtədən tərpədən yoxdur. Düzdür, bir-iki cəhd oldu, ancaq... yaddaqalanı, insanı ekrana kilidləyəni yoxdur. Mən bu gün teatr aktrisaları, aktyorları sırasında vurula biləcəyimiz, pərəstiş edəcəyimiz bir-iki nəfərdən başqa (onlar da artıq yaşa dolub) sima tapa bilmirəm. Bu gün teatrda işə başlayan gənclər bir-iki ilə məşhurlaşmaq, ulduz olmaq, onları şöhrətə aparan pillələri birdən-birə qalxmaq istəyirlər. Məsələn, mən televiziyaya gələndə 3 il ştatdankənar müxbir işlədim. Hər kəs yazılarımı, reportajlarımı bəyənirdi, tərifləyirdi, amma rəsmi işə götürmək söhbəti gələndə deyirdilər, hələ boş yerimiz yoxdur.

Başladılar Rəqsanənin davranışını müzakirə etməyə

- Təkcə yazarlarımızın yox, elə oxucuların, tamaşaçıların da səviyyəsi düşüb.

- Bir neçə il əvvəl Rəqsanə mənim sözlərimə bir mahnı oxuyub. İndi onun haqqında nələr deyirlər, nələr danışırlar. Mahnımız başqa bir ölkənin prezidenti tərəfindən sevilib, onun ifasında yeni il şənliyində səslənib. Mən bunu ümumilikdə həm bəstəkarın, həm müğənninin, həm də şairin uğuru kimi qəbul etdim. Camaat, xüsusilə də, auditoriyanın zövqünü korlayan telekanallarda heç dəxli olmayan müzakirələr başlandı, mahnı qaldı bir tərəfdə, başladılar Rəqsanənin davranışını, hərəkətini müzakirə etməyə. Özü də bunu edənlər guya üzdə olduğunu düşünən sənət adamlarıydı. Bizim çox məşhur bir sənətkarımız vardı, Allah ona rəhmət eləsin, həmişə deyirdi ki: "Bizə də "salam" verən, söz göndərən, istəyini bəyan edən çox olub, ancaq biz bunu ictimailəşdirməmişik, müzakirə mövzusuna çevirməmişik, ləyaqət və şərəfimizi kimlərinsə dedi-qodusuna çevirməmişik. Biz sənətimizlə sevilməyə, yadda qalmağa çalışmışıq. Mən Rəqsanənin sənəti haqqında bir söz deyə bilmərəm. Onun da öz tamaşaçısı, öz pərəstişkarları, qadın kimi, ana kimi öz taleyi var. Onu əxlaqını müzakirə eləmək, qarışqadan fil düzəltmək kimə maraqlıdır, bilmirəm. Bu işə, dedi-qoduya kişi jurnalistlərin belə fəal maraq göstərməsini isə heç anlamıram, məgər yazmağa mövzu yoxdur?!

- Sizin sözlərinizə başqa müğənnilər də mahnı oxuyub...

- Hə, Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" adlı mahnının bəstəkarı Novruz Aslandır. "Bizi intiqama çağırır cəngi" adlı mahnını Azərin oxuyur. Onun da bəstəkarı Gülsüm xanımdır. Səyyad Əlizadə, Niyaməddin Musayev bir neçə mahnımı oxuyublar. Bu yaxınlarda isə Teymur Əmrah sözlərimə yazılan yeni mahnını oxuyacaq.

Bu məni çox şeydən təcrid də etdi

- Nələr gözləyirdiniz, nələr oldu?

- Heç vaxt özümü böyük adam saymamışam. Nə vaxtsa desəydilər ki, sən də seçilən, tanınan, xalq tərəfindən sevilən və dəyərləndirilən bir şəxs olacaqsan, inanmazdım. Çünki mən həmişə özümü sənətin sıra nəfəri saymışam. Əgər kimsə yaradıcılığıma qiymət verə bilirsə, nə gözəl. Ambisiyasız, içi, dışı bir olan adamam. Mən həmişə nail olduğum kiçik bir uğurla da kifayətlənmişəm, Tanrının verdiyinə qane olmuşam. Şeir yazmaq mənim daxili təlabatımdır. Təsəvvür edirsiz, neçə illərdir yazırdım, İlk kitabım isə 2002-ci ildə çap olundu. İnsan müəyyən bir zirvəyə çatandan sonra həyatın necə çətin olduğunu dərk edir. Bir vaxtlar ən böyük arzum jurnalist olmaq idi, oldum. İşə girmək istəyirdim, bu da alındı, kitablarım çıxdı, tanındım, məşhurlaşdım. Təbii ki, bu məni çox şeylərdən təcrid də etdi. Mən hər vaxt hamının gözü önündə oldum, bunu istəməsəm də... Heç vaxt gözəlliyimdən (əgər deyilənlər sadəcə kompliment deyildisə), istedadımdan, tutuğum mövqedən, vəzifəmdən istifadə edib özümü kimlərdənsə uca tutmadım, qürrələnmədim. Gözüm həmişə ayağımın altına baxdı ki, qalxdığım ucalıqda duruş gətirə biləm. Bu, bəlkə də aldığım tərbiyədən, məxsus olduğum ailənin həmişə qorunan gələnəklərindən qaynaqlanır. Ona görə də hər şeydə - əməllərimdə də, yazılarımda da bu qızıl ortanı qoruyub saxlamağa çalışıram.

Saat 9-dan sonra adam öz evinə yığışmalıdır

- Sanki qapalı həyat yaşamısız və bu qədər müasir, təhsilli olmaqla yanaşı...

- Anam məni şəhərə oxumağa göndərəndə demişdi ki, bax, filankəsin, filankəsin atası var, amma onlar qızlarını tək şəhərə oxumağa göndərməyə ürək eləmirlər. Amma mən səni göndərirəm. Orda hər şeyə diqqət elə! Elə buna görə də mən tələbəlik illərində heç vaxt bulvara getmədim. Hətta ad günlərinə, toy şənliklərinə, hər hansı tədbirə dəvət alanda belə çalışırdım axşam saat 8-dən o tərəfə ləngiməyim. Mənim aləmimdə saat 9-dan sonra adam öz evinə yığışmalıdır. Bu gün də gecə yarısından sonra küçədə adam görəndə təəccüblənirəm. Fikirləşirəm ki, bəs bu adamlar səhər işə necə gedir, necə işləyirlər. Görünür, mən bu zəmanənin adamı deyiləm...

- Siz həyatınızı lap çərçivəyə salmısız ki...

- Buna çərçivə deməzdim. Mən daxilən azad insanam. Həyatda təkcə Allahıma hesabat vermişəm. İnsansa öz hərəkətlərinə və sağlamlığına həmişə nəzarət etməlidir.

Mən yaradıcı adamam. Bilirəm ki, bədii sözün başlıca meyarı insanı cəlb etmək, insanın diqqətini çəkməkdir. İnsanları sevmək, onları duymaq lazımdır. Amma bu gün əlinə fürsət düşən bəzi naşı adamlar öz yazıları ilə, bayağı söz-söhbətləri ilə tamaşaçını, dinləyici və oxucunu insanlıqdan uzaqlaşdırmaqla, manqurtlaşdırmaqla, biganələşdirməklə, pak, ülvi, gözəl duygularını tərbiyəsizləşdirməklə məşğuldur. Gərək örtükləri, pərdələri götürməyək. Tanrı gecəni ona görə yaradıb ki, gündüzün eybəcərliklərinin üstünü örtsün. Mən gözümün gördüyü hər yerdə və hər şeydə gözəllik axtarmağa çalışıram ki, bu da məni xoşbəxt edir.

Tarix
2014.01.29 / 23:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

İraq ordusu Mosulda kütləvi məzarlıq tapdı

“Klintonun məktubunda İŞİD-lə bağlı elə faktlar var ki…”

Türkiyə jandarmasında FETÖ əməliyyatı

Türkiyə Şimali İraqı PUA ilə vurdu

“Neftçi”də yeni təyinat

“Putin Avropada Stalinin arzuladığına nail oldu”

Zakir Həsənov çexiyalı həmkarı ilə görüşdü - Foto

Vasif Talıbov Aşura mərasimində - Foto

Merkel Normand dördlüyünü toplayır

Professor ermənilərin önünə niyə çıxmadı? - Cavab

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla