Tanınmış alim, filologiya
elmləri doktoru Almaz Ülvi ilə görüşümüzdə təkcə elmi-bədii
yaradıcılıq haqda söhbət olmadı, eyni zamanda onun "Xatirə
dəftəri"ni vərəqləyəsi oldum. Almaz xanımın xatirələrinə baş
vurmazdan əvvəlona bu günün ovqatını şərh edəcək sualla müraciət
etdim:
- Almaz xanım, nə işlə məşğulsunuz? Filologiya elmləri
doktorusunuz. Elmi araşdırmalarınız nə yerdədir?
- Hazırda bir az dincəlmək istəyirəm, ən azından on gün. 2015-ci
ildə xeyli yoruldum. 3 kitab nəşr etdirdim: Ülvi Bünyadzadənin
"Qəhərlənmiş könlüm" (Dünya ədəbiyyatından tərcümələri) və
"Əfqanıstan ağrıları" (1979-cu ildə Əfqanıstanda gənc ömürlərinə
vida etmiş əsgərlərimizin xatirəsinə ithaf olunmuş poema və povest)
– hər iki kitaba 15-20 səhifə həcmində giriş sözü yazmaq şərtilə,
AMEA-nın 70 illik yubileyi günlərində Rəyasət Heyətinin qərarı ilə
çap olunan akademik Musa Əliyevin həyatı, fəaliyyəti haqda"Elmin
haqq çırağı".
25-ə qədər elmi məqalə yazıb, yerli mətbuatda və xaricdə nəşr
etdirdim. Müxtəlif ölkələrdə keçirilən 12 beynəlxalq elmi
konfransın məruzələrlə iştirakçısı oldum. AMEA Nizami adına
Ədəbiyyat İnstitutunda keçirilən "Türk xalqları ədəbiyyatı:
mənşəyi, problemləri və inkişaf mərhələləri" adlı beynəlxalq elmi
konfransın materiallarını, "Türk xalqları ədəbiyyatı antologiyası"
seriyasından ilk kitabı - Türkiyə: Poeziya (I cild, I kitab)
hazırlayıb nəşriyyata təqdim etdik. Sadalamadığım və sıralamadığım
çoxlu işlər.Bu günlərdə, xeyli yarımçıq yazım var, onları
nizamlamaq, bir yana çıxarmaq fikrindəyəm. Onlardan nigaranam.
-Nədir bu yarımçıq işlər?
- Krımtatarlarının taleyindən bəhs edən bir yazı - elmi-ədəbi
araşdırma üzərində çalışıram, tam iki ildir, cəmi 18 səhifə
yazmışam. Ədəbi faktların ağırlığından elə əzilirəm ki, son nöqtəni
qoymağa çətinlik çəkirəm. Qazax ədəbiyyatına dair bir araşdırma,
Bosniya və Hersoqovina ədəbiyyatına aid tədqiqat, Kazan
tatarlarından aldığım dəvət tədbirinə məruzə, illərdir üzərində
işlədiyim və tamamladığım 3 kitabımı nəşriyyata təqdim etmək və
s.
Ən böyük qazancım budur
- Əslində, bu sual söhbətimizə bir körpü rolunu oynadı.
Deyin, bir elm adamı olaraq, ədəbi araşdırmalarınız Azərbaycan
oxucusuna nəyi isə diktə edə bilirmi?
- Bilirsinizmi, alimin nəyisə oxucuya diktə
etmək məqsədi olmur. Başladığın və ya başlamaq istədiyin tədqiqat
işində yeni bir problem ortaya qoymaq, ya da hərhansı məsələyə öz
elmi münasibətini bildirmək, illər əvvəl ədəbi əlaqələr
kontekstində yazılmış əsərlərə - tədqiqatlara yeni baxışla nəzər
yetirmək məqsədində olursan. Özün bir cığır açırsan və o cığırla
yoluna davam edirsən, təki açdığın cığır sağlam niyyətli olsun. Elm
adamı olaraq məni düşündürən, düşünmək istədiyim mövzularım çoxdur:
əsasən türk xalqları ədəbiyyatı müstəvisində araşdırmalar üzərində
çalışarkən zövq alıram. Doktorluq dissertasiyam özbək ədəbiyyatı
ilə əlaqədar olduğundan, özbək ədəbiyyatını mütəmadi izləyirəm,
orada nəşr olunuram. 20 ilə yaxındır ki, stolumun üstündə iki kitab
varsa, biri özbək ədəbiyyatı olur. Orada dostlarım çoxdur - özümü
az qala Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat
İnstitutunun, Daşkənddəki Nizami adına Dövlət Pedaqoji
Universitetin və Daşkənd Milli Universitetin əməkdaşı kimi hiss
edirəm. Bu hissi həmin elmi-tədris müəssisələrindəki dostlarımla
sıx əməkdaşlığım aşılayıb. İşlərim nə qədər çox olsa da, başımdan
belə aşsa da, bunlardan zövq alıram, fiziki, zehni yorğunluğum olsa
da, ruhən heç yorulmuram, şükür Allaha!Ən böyük qazancım budur,
desəm, yanılmaram.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Krımtatar, Kazan
tatarları, Başqurdlar, Balkan türkləri, uyğurlar və s. türk
dövlətlərinin alimləri, yazarları ilə də sıx elmi əməkdaşlıq
münasibətlərim var. Belə dostluq - elmi əlaqələrimiz mənə böyük
stimul verir. Eyni məhəbbətlə Azərbaycan ədəbiyyatı üzərində elmi
çalışmalarım var. Azərbaycan ədəbiyyatına dair həmin ölkələrdə
məqalələrlə çıxışlarım olur, xüsusən müqayisəli araşdırmalar
ürəyimcədi.
Ülvinin 2015-ci ildə nəşr etdirdiyim "Əfqanıstan ağrıları"
kitabına daxil etdiyim poeması Azərbaycan türkcəsi, Türkiyə
türkcəsi, özbək, qırğız, krım-tatar, gürcü, ingilis, rus dillərinə
tərcümə olunaraq nəşr edildi. Bunlar da ədəbi əlaqələrimizin bir
hissəsidir. Bir yandan həmin ölkələrin oxucuları gənc bir şairin
istedadı, yaradıcılığı və faciəvi taleyi ilə tanış olurlarsa da,
digər tərəfdən Azərbaycan azadlığı uğrunda məğrur Azərbaycan
gəncliyinin mübarizə və mücadiləsini öyrəniblər. Öz ölkələrinin
gənc yazarları ilə müqayisə edirlər. Bəlkə də dünya ədəbiyyatında
20 yaşında bu qədər zəngin yaradıcılığa sahib olan gənc elə Ülvi
özüdür.
Oxucuya diktə edə biləcəyim sözümü jurnalistik fəaliyyətimlə
deməyə çalışıram. Oxucuma qanımızla qazandığımız müstəqilliyimizi
urvatsız, xırda hisslərimizə, nəfsimizə qurban etməməyi diktə
edirəm.
- Siz yaradıcılığınızın, araşdırmanızın demək olarmı ki,
tən yarısını şəhid şairimiz Ülvinin qısa ömrünə, yaradıcılığına
həsr etdiniz.
- Bəli, Ülvi ilə bağlı yazılarım, müqayisə
xarakterli yazılarım çoxdur. Amma yazı-pozularımın tən yarısı yox,
bir xeyli hissəsidir.Ülvinin indiyəcən 9 kitabı nəşr edilib: "Ülvi
duyğularım" (1990), "Bir ölümün acığına" (1993), "Ömrüm sənin
eşqindi" (1998), "Sənin oxşarın bənövşədi" (2005), "Ömür
yolu"(2009,Tiflis; 2009,Bakı), "Əfqanıstan ağrıları (poema və
povest, 2015)", "Qəhərlənmiş könlüm: dünya ədəbiyyatından
tərcümələr/şeirlər, hekayələr, 2015.)", " Жизненный путь. Стихи и
поэма", 2014). Haqqında sayını bilmədiyim məqalələr yazmışam,
respublikamızda və xarici ölkə qəzet və dərgilərində, simpozium və
konfranslarda elmi məruzələr, "Ülviləşən Ülvim" kitabını nəşr
etmişəm. Haqqında çəkilən filmlərdə iştirakçı olmuşam, təhsil
aldığı İnstitutda "Ülvi Bünyadzadə Xatirə muzeyi"nin
yaradıcılarından biri olmuşam (sonralar həmin muzeyin başına min
oyun açdılar) və s. Belə deyim ki, tam 26 ildir ki, Ülvi adlı
ağrılı, göynəmli, hıçqıraq, hüzn dolu namuslu, şərəfli, milli
məsuliyyətli bir karvanın yolçusuyam. Tam məsuliyyətlə və səmimi
deyim ki, bunu özümə borc bilirəm, o güc Ülvi ruhuna verdiyim sözün
məsuliyyətidir. Almaz Ülvi imzası elə belə deyil ki?! Bu iki ad
biri-birindən ruhlanır, biri-birindən güc-qüvvə alır. Yoxsa məndə
haradandır o boyda enerji? 1990-cı ildə dediyim söz - bir bədəndə
iki ruh yaşayırıq - hələ də öz qüvvəsindədir. Zamanın ötdüyündən
xəbərsizik. Mənim yaradıcılığım öz axarındadır, Ülvi ilə bağlı
gördüyüm işlər mənim nə zamanımı alır, nə də görəcəyim şəxsi
yaradıcılıq işlərimə mane olur. Ülvi Şəhid adı "yaşayır", mən də
belə.
Bibi kimi sevdim, dost kimi bağrıma basdım
-Siz onu bibi olaraq sevdiniz, yoxsa elə arzuları yarıda
qırılmış gənc, istedadlı bir Azərbaycan türkünün faciəsi olaraq
yandınız?
- Birinci növbədə evimizin körpəsi -
dədəmin-anamın əziz nəvəsi idi və bir yerdə yaşayırdıq, demək olar
ki, hər gün üz-üzə idik, bir süfrədə çörək kəsirdik, birgə
işə-dərsə gedirdik və s. Deməli, ilk olaraq bibi kimi sevdim, dost
kimi bağrıma basdım, arzuları çiliklənmiş gənc kimi yandım, milli
mücahid kimi çiliklənmiş ömrünü sətirlərinin, yazı-pozularının
arasında göyərtməyə çalışdım. Bir evin Ülvisi indi bütün
Azərbaycanın Ülvisidir. Odur ki, Ülvi adını qorumaq, onun şərəfinə
kölgə salmaq məsuliyyətini hiss edirəm.
Ülvi ağrım bütün şəhidlərimizə aiddir, onların da taleyi həmin
an gözümə-könlümə dolur. Hələ 1990-cı ildən Ülvinin şeirlərini nəşr
etməyə başlarkən, Ülvi ruhu xətrinə yazı-pozuları olan şəhidlərin
ünvanlarını soraqladım, onların da şeirlərini, hekayələrini
müxtəlif mətbuat orqanlarında çap etdirdim. Elə şəhid oldu ki, cəmi
bir şeiri var idi, onu çap etdim, nakam Fərizənin ölüm anında
qırıq-qırıq yazdığı bir etiraf-sevgi cümləsini-balladasını əsər
adına nəşr etdim. Onların yazdıqları sətirlərdə talelərini, milli
məqsədlərini - amallarını araşdırdım, ədəbiyyatşünaslıq səhifəmizə
yazdım. 1990-cı il şəhidlərinin ədəbi irsi ilə 1918-ci il milli
mücahidlərin ədəbi irsini müqayisəli təhlil etdim və s. Görünür, bu
ağrılı anları yaşayarkən özüm bir qəm karvanının sarvanına
çevrilmişəm.Əlbəttə, istedadlı bir gəncin nakam taleyinə təkcə bibi
kimi yox, həm də vətəndaş olaraq, cəbhədaş olaraq yandım, həm də
qorun-qorun.
- 20 Yanvar faciəmizin yaxınlarda 26 ili tamam olacaq.
26 ilin uzaqlığından bu günə içinizdə nələr gəldi?
- 26 ilin uzaqlığını hiss etməmişəm, yaramız hələ də qanayır.
Ülvi hər an yanımda, ürəyimin başında, düşüncəmdə, beynimdə,
yuxularımda, uzaq yollarda xəyal həmdəmim oldu. Heç məndən qopmadı.
Onun qəribçiliyini çəkməyə heç fürsət vermədi. Ailəmizdə - atam,
iki bacım, iki qardaşım dünyalarını dəyişdilər. Bu itkiləri
dalbadal yaşadığımızdan çoxdandır az qala gülməyi yadırğamışıq. Bu
illər ərzində o qədər uğurlu-uğursuz hadisələr oldu. Amma bu
həyatdır, sevindiyimiz günlərimiz də lap çox oldu. Şükür
Allaha.
O günlər üçün çox darıxıram
- Almaz xanım, sizin həm də jurnalist fəaliyyətiniz var.
Elmi araşdırmalar və sair, yorulmazsınız yəqin.
-Tam 30 ildir ki, sevə-sevə jurnalist kimi çalışıram. Özümü nə
mətbuatdan, nə də elmi auditoriyadan ayrı hiss edə bilmərəm. Bunlar
mənim üçün biri-birinə mane olmayan, qəlbən bağlandığım işlərimdir.
Qaçqınlıq, köçkünlük həyatını həm ailəmdə, həm də qələmimdə
yaşadım. Sonra Qarabağ uğrunda gedən müharibənin dəhşətləri
məqalələrimin mövzusu oldu. Xəstəxanalara gedib cəbhə bölgələrindən
gətirilmiş yaralılara baş çəkər, onlardan müsahibələr götürərdim.
30 illik jurnalistlik fəaliyyətimdə heç məni utandıran, üstündən bu
gün xətt çəkəcəyim yazım olmadı.
- Göyçədənsiniz və yurd itkisini yaşayan o ağrını
qəlbində və yaradıcılığında daima daşıyanlardansınız. "Göyçədə
Novruz" yazınız milli adət ənənəmizin qərbi Azərbaycanda necə
keçirilməsi xatiratınız "Heç demirsən Ələsgərim hardadır" yazınız
isə böyük aşığa sevgidən yaranıb. Daha hansı yazılarınız o yerlərin
adamlarını, ötənlərini ehtiva edir?
-Ulu Göyçə mahalı ilə doğulduğum o göyçək yerlər haqqında çox
yazılarım var. İnsan doğulduğu yeri heç unudarmı? Yox! Bu yurd
ağrılarımı yazılarımla bölüşürəm. Hələ 1990-ci ildə çalışdığım
"Ədəbiyyat və incəsənət" qəzetində baş redaktorumuz, sevimli
şairimiz Nəriman Həsənzadənin dəstəyi ilə hər ay belə bir səhifə
hazırlayırdım: "Ədəbi Göyçə". O səhifədə Göyçədə yaşayıb-yaradan
yazıçı və şairlərin əsərlərindən nümunələr verirdik. Ümumiyyətlə,
Göyçə mahalımla əlaqədar say-hesabını bilmədiyim yazılarım var.
Bunların bir qismini "Müharibə ağrılarım" (2005, 545 səh.) kitabıma
daxil etmişəm, bir qismini nə vaxtsa nəşr etmək istədiyim kitabıma
daxil etmişəm. Müxtəlif qəzet və dərgilərdə o qədər yazılar dərc
etmişəm ki. Bunlar azmış kimi "Göyçə mahalı – Kəsəmən: bir kəndin
tarixindən səhifələr" (2011, 592 səh, I kitab) kitabını yazıb nəşr
etdim, II kitabı isə artıq nəşrə təqdim olunmaq ərəfəsindədir.
Publisistik yazılarımla yanaşı bu mövzulara elmi kontekstdən də
yanaşıb müxtəlif ölkələrdə keçirilən elmi simpozium və
konfranslarda məruzələr edirəm. Göyçəmin toponomiyası, el
adət-ənənələri, tarixi hadisələri, igid oğul-qızları, yaradıcı
insanları, gözəl təbiəti, vüqarlı dağları, çağlar bulaqları,
dumanına-çəninə ithaf etdiyim yazılar… o yazılarda nisgilimlə
yanaşı, dərin sevgimi, solmaz məhəbbətimi sezməmək olmur.
-O yerlərin yaddaşınızda daha çox qalan və sizi incidən,
darıxdıran məqamları haqda eşitmək istərdim.
- O yerlər bütünlüklə - hər cığırı, dağı, daşı,
dərəsi, düzü, otu-çiçəyi, quşları, heyvanları, bulaqları, çayları,
kənd arası keçidləri, söyüdü, itburnu-qızılgül kolları,
alması-armudu, gilası-gavalısı, hər şeyi yadımdadır, xatirələrimin
qənimətləridir. Miskin Abdal, Şımpırlı Sevgili, Ozan İbrahim, Ağ
Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, ….,nəğmələrinin poetik ruhu
yazılarımın canındadır. Qəşəm Aslanın iki kitabını nəşr etmişəm:
"Məğlub ölüm" (1997) və "Seçilmiş əsərləri"(2013). Füzulidə döyüşən
18 yaşlı əsgərin - gənc göyçəli balasının "Ölüncə biləcəm qədrini"
şeir kitabçasını çap etdirmişəm. Göyçəyə aid elmi kitablara Ön söz
yazmışam, sadalamaqla başa gəlməz ki?! Amma nə yanğım azalır, nə də
sözüm bitir. Mən doğulduğum kənddə cəmi 16-17 il yaşamışam, düz 39
ildir ki, Bakıdayam. Amma həmişə Göyçəni, kəndimizi yuxularımda
görürəm, Bakı heç yuxuma girmir. Hətta Ülvi ilə yuxularımda
görüşəndə Bakıda olmuruq: ya qərib, tanımadığımız bir yer olur, ya
da Kəsəmən.
Ən çox və tez-tez xatırladığım, unuda bilmədiyim, hətta
gerçəkdən də darıxdığım günlər: sıldırım qayalıqlarda əllərimizə
xına qoymağımız, şiş dağlara dırmanaraq yemlik, quzuqulağı, toppuz,
qazayağı, çaşır yığmağımız, "Daşlıq" düzlüyündən Solmaz çiçəyi,
"Gözəllər" çəmənliyindən bənövşə dərməyə getməyimiz. Bunlar çox
romantik və insanı həyata, təbiətə aşiq edən günlərimiz idi.
Təsəvvürünüzə gətirin, uca bir dağın başında gül-çiçək dəririk,
birdən başımızı qaldırırıq ki, hər yan ağappaqdır. Çəndən-sisdən
nəinki heç hara, hətta biri-birimizi görmürdük. 10-15 dəqiqə hər
kəs öz yerində dayanardı. Qəflətən başımızın üstünü alan sis-duman
sakitcə də çəkilib gedərdi. Biz gülüşərdik ki, yəqin bizi çəmən –
çiçəklərə qısqanır. Bunları hər gün xatırlayıram, o günlər üçün çox
darıxıram.
Ədəbiyyatın axsaq yeri olmur
- Almaz xanımın "Xatirə dəftəri"ni vərəqləyək: onun
yaddaşında daha nə qalır, arzuları nə idi, gerçək olanı, xəyal
olaraq yaşananlar hansılar idi?
-Arzum Azərbaycanımızı müstəqil dövlət olaraq görmək idi. Çox
şükür, bunu gördüm, bu, elə bir nemət, elə bir qənimətdir ki, tarix
qismətimizə yazdı (kaş Ülvi də görəydi). Arzum bu dövlətimizi
qorumaq – dişimizlə-qanımızla-canımızla qorumaq, qorumaq, qorumaq!
Arzum bu Vətənə layiq övlad olmaq və Vətənimə layiq övlad
yetişdirmək! Gerçəklərim bunlardır, xəyalım isə hər gün Göyçəyə can
atıram!
- Almaz xanım, hansıdı bizim ədəbiyyatın axsaq
yeri?
-Ədəbiyyatın axsaq yeri olmur. Zövqlər kimi düşüncə tərzləri də
müxtəlif olur, zəif və güclü əsərlər var.Hər kəs öz zövqünə uyğun
əsərləri oxuyur, ya da yazıçı öz dünyagörüşünə, zövqünə, düşüncə
tərzinə uyğun əsərlər yazır. Elə hər yazılan ədəbiyyat səhifəsinə
həkk olunmur ki, ədəbiyyatın da öz süzgəci var, ələnir, özünə yer
alan əsər varsa, qalır, qalanı ələkdən keçmirsə, atılır bir
yana.
- Bəs elmimizin zəif yeri?
-Eyni cavabı elmimizə də şamil edə bilərəm. Bu gün ədəbiyyatımız
da, ədəbiyyatşünaslığımızda klassik irsə söykənirsə, demək, dayağı
möhkəmdir.
Kim deyibsə, gözəl deyib: "Bu gün dünəni mükəmməl öyrən ki,
sabaha çata biləsən".
- Almaz xanım olmasaydı, ədəbi elmimiz nə
itirərdi?
-Almaz xanım olmasaydı, məncə, ədəbi elmimiz heç nə itirməzdi.
Kaş ki, bir səhifəsində görünəydim.