Axar.az-ın "Məmur yazar"
layihəsinin ilk qonağı Ənvər Seyidovdur.
Ənvər Seyidov 1949-cu ilin 29 martında Oğuz rayonunda anadan
olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil
alıb, səhiyyə və rabitə sahələrində müxtəlif vəzifələrdə çalışıb.
1972-ci ildən VVA-nın Arxiv müdiri, Notariat, daha sonra isə
Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi vəzifəsində
çalışıb.
Hərbi rütbəsi polkovnik olan hüquqşünas birinci ixtisas dərəcəli
hakim, hüquq elmləri namizədi, dosentdir.
"Ünvansız eşq", "Təlatüm, "Gürzə" romanlarının müəllifidir.
Əsərlərinə filmlər çəkilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl Qələm" və "Qızıl qılınc" mükafatlarının sahibidir.
Hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası
Məhkəməsinin hakimidir.
– Necə oldu yaradıcılıqla məşğul olmağa
başladınız?
– Bu, Allahın göstərişidir. Əslində, heç hüquqşünas olmaq da
istəməmişəm. Məktəbi yüksək qiymətlərlə bitirmişəm. Sənədlərimi
filologiyaya vermişdim. Çünki uşaqlıqdan şeir, hekayələr yazırdım,
ədəbiyyata marağım var idi. "Pioner" qəzetində şeirlərim çıxırdı.
1961-ci ildə Yuri Qaqarin kosmosa uçdu. Onda mən 4-cü, ya da 5-ci
sinifdə oxuyurdum. Məktəbin "Sancaq" qəzetinin baş redaktoru idim.
Həmin qəzet çox populyar idi. Bu qəzetə iki alan tələbələrin
karikaturasını vururduq, yaxşı oxuyan tələbələri tərifləyirdik.
Yəni tərbiyəvi qəzet idi. Həmin "Sancaq" qəzetində Yuri Qaqarin
haqda şeir yazdım. Ümumiyyətlə, uşaqlıqdan ədəbiyyata qarşı həssas
idim. Sənədlərimi filologiya fakültəsinə verdim. Bütün
imtahanlardan yüksək qiymət aldım və müsahibəyə düşdüm. Təsəvvür
edin, 25 yerə 3000 nəfər sənəd vermişdi. Onda tapşırıqla, rüşvətlə
qəbul olmaq mümkün idi. Ona görə də mən qəbul ola bilmədim. Xüsusi
hazırlaşdığım imtahandan kəsilmişdim. İncəsənət Universitetinin
yanından keçəndə gördüm, elan yazılıb ki, Ədəbiyyat və Tarix
fakültəsinin müsahibə bölməsinə düşmüş tələbələr imtahan verə
bilərlər. Bir şərtlə ki, pantomimdən imtahan versinlər. Bu elan
mənə böyük ümid verdi. Sənədlərimi İncəsənət Universitetinə verdim.
Pantomimdən imtahanı Adil İsgəndərov qəbul edirdi. Məndən əvvəl bir
nəfər girdi və kəsildi. Mən ondan niyə kəsildiyini soruşdum və
təxmini bildim ki, Adil İsgəndərov içəridə məndən nə istəyəcək.
Sonra mən girdim və o, mənə dedi ki, taxıl biç. Namaz xalçasını
saldım yerə, diz çökdüm və Allaha dua elədim ki, mən bu taxılı
biçənə qədər yağış yağdırma. Sonra da "Ayətül-Kürsü"nü oxuyub
qalxdım ayağa. Əl hərəkətlərimlə otu necə biçdiyimi göstərdim.
Beləliklə, İncəsənət Universitetinə qəbul oldum. Universitetdə 6 ay
oxudum. Bir gün gəlib dedilər ki, dənizdə film çəkiləcək və aktyor
lazımdır. Mən də içində olmaq şərtilə bir neçə nəfər seçdilər.
Filmdə çəkildik, 6 manat da pul aldıq. Onda 6 manat çox böyük pul
idi. Ümumiyyətlə, biz sosializm dövrünü çox gözəl yaşamışıq. Nə
isə, sən demə, rəhmətlik əmim televiziyada məni görüb. Zəng edib
universitetin rektoruna, məni universitetdən qovdurub. Özü də guya
nizam-intizamsızlıq göstərdiyimə görə qovulmuşam. Halbuki mənim
Qiymət kitabçam indi də durur, hamısı beşdir. Əmim Respublika Yel
Xəstəlikləri xəstəxanasının baş həkimi olmaqla yanaşı, həm də
nüfuzlu şəxs idi. Getdim onun yanına ki, məni niyə qovdurmusan?
Əmim dedi ki, "oğul, sən seyidsən, seyiddən mütrib olmaz. Rabitə
Texnikumuna tapşırmışam, sənədləri universitetdən götür, ver ora.
Özün də xəstəxanada sobaçı işlə". Baş sobaçını çağırıb, məni ona
tapşırdı. Texnikumu fərqlənmə ilə qurtardım və sənədlərimi
filologiya fakültəsinə verdim. İmtahan günü dedilər, sənin
sənədlərin burda yoxdur. Sənin sənədlərini hüquq fakültəsinə
apardılar. Artıq 69-cu il idi, Heydər Əliyev hakimiyyətə gəlmişdi.
O gələn ildən təmizlik başladı. Universitetə tapşırıqla, pulla
düzəlmək məsələsi dayandırıldı. Heydər Əliyev tapşırmışdı ki,
hüquqa ancaq kəndçi uşaqları qəbul olunsun. Vəzifəli şəxslərin
uşaqları Moskvada, Leninqradda da oxuya bilərlər. Belə oldu,
kasıb-kusuba qapı açıldı. Nəticədə mənim sənədlərimi qəbul etdilər.
İmtahana da çox yaxşı hazırlaşmışdım. Çünki birinci dəfə
kəsilmişdim və öz-özümə dedim, bu universitetə qəbul olmaq necə bir
çətin işdir ki, mən onu bacarmayım?! İmtahandan "beş"lə keçdim.
Mərkəzi Komitənin katibi Kamran Bağırovun qardaşı Faiq Bağırovun
yanına getdim. Xahiş etdim ki, məni ədəbiyyat fakültəsinə
qaytarsınlar. O da mənə yarızarafat-yarıciddi dedi ki, nə Nizami,
nə də Füzuli universitet oxuyub... Hüquqa gedib düşməyim bu cür
oldu, yəni mənim xüsusi arzum olmayıb. Mən həmişə ədəbiyyat üzrə
oxumaq istəmişəm.
– Belə demək mümkünsə, hazırda çalışdığınız vəzifə
"qalstuklu vəzifədir". Ancaq yaradıcılıq daha çox nizamsızlığı
sevir. Bu iki fərqli həyat tərzini özünüzdə necə cəmləşdirə
bilirsiniz?
– 2013-cü ildə Amerikaya dəvət olunmuşdum. Orada Türkiyə
radiosunda çıxış etdim. Sual verdilər ki, axı siz necə həm
hakimsiniz, həm yazıçı-dramaturqsunuz, həm film çəkirsiniz, həm
hüquq-elmləri doktorusunuz?! Bütün bunları necə çatdırırsınız? Mən
də cavab verdim ki, vaxtı düz bölüşdürəndə hər şeyə çatır, hətta
axşam oturub domino oynamağa da. Mən romanı yazanda diktofonu
qoyuram qabağıma, birbaşa danışıram. Təxminən, iki saat yarıma bir
romanım hazır olur. Sonra onu kompüterdə yığdırıram. Üstündə
işləyib, hazır vəziyyətə gətirirəm. İndi oturum, iki saata bir
romanı diktofonda hazır verim.
– Bəs şeir yazmaq?
– Şeir isə bir az fərqlidir. Bir dəfə həyətdə oturmuşdum. Gördüm
ki, pişik tullanıb ağacda oturan iki göyərçindən birini caynağına
keçirdi. O biri göyərçin yerindən tərpənmədi. Hər gün o göyərçin
həmin yerdə oturub quruldayırdı. Skamyada oturub həmin göyərçin
üçün şeir yazdım. Yekə çıxmasın, ancaq mən istəsəm, 3-4 saata bir
poema yazaram. Mən şeirdən çox romanlarıma əhəmiyyət verirəm. Çünki
onlar hər biri mənim həyatımdan bəhs edir. İndi Şuşa-Laçın işğalı
ilə əlaqədar roman yazmağı planlaşdırıram. Rəhim Qazıyevin məhkəmə
prosesini mən aparmışam. Bu hadisələri məndən yaxşı bilən yoxdur.
Yeri gəlmişkən, o proses lentə alınmışdı. 178 kaset dövlət
arxivindədir.
– Bəs hazırda nə yazırsınız?
– Hazırda "Nuh peyğəmbərin göyərçini"ni yazıram. Bu roman Nuh
peyğəmbərin həyatından bəhs edir. Gözəl mövzusu var.
– Filmlərinizdə rol alan aktyorları özünüz
seçirsiniz?
– Yox, mən seçmirəm, ancaq mənimlə məsləhətləşirlər. Məni filmə
Məhərrəm Bədirzadə çəkib apardı. Bir gün Məhərrəm Bədirzadə dedi
ki, səndə bu qədər ideya var, özün də bir şey yaz. Mən də "Təlatüm"
filmini çəkdim. Bu film də mənim həyatımdandır. Qaxda bir cinayət
işi var idi, hakimi mən idim. Orada məni həbs etmək istəyirdilər,
bunun üçün Bakıdan xüsusi dəstə gəlmişdi. Ancaq bu işdən çıxa
bildim. "Təlatüm"də də məhz ondan danışırdım.
– Məncə, Nurəddin Mehdixanlı "Təlatüm" filmində sizin
obrazınızı yarada bilib.
– Biz "Təlatüm"dəki hakim rolunu Rasim Balayevə vermək istədik.
Rasim Balayev ssenarini zəif hesab etdiyi üçün oynamaqdan imtina
etdi. Nurəddin Mehdixanlı götürdü bu rolu. Film çəkilib qurtarandan
sonra Rasim Balayev peşman oldu. Mənə dedi ki, təzə bir ssenari
yaz, mən oynayım. Onda mən imtina etdim. Sonra Məhərrəm Bədirzadə
mənə dedi ki, indi ağır bir şey yaz. Onda da "Gürzə"ni yazdım.
Sonra dedi ki, bir az yüngül, eşq əsəri yaz. Beləliklə, "Ünvansız
eşq" yarandı. Daha sonra da dedi ki, dələduzluq baş alıb gedir, bir
dənə belə bir ssenari yaz. Mən də "Dələduzlar"ı yazdım. Çox
gülməli, yaxşı filmdir.
– Gənc yazarlardan kimləri oxuyursunuz?
– Heç kimi. Çünki vaxtım yoxdur. Təqaüdə çıxandan sonra
oxuyaram. O vaxt ki, heç kim məni axtarmayacaq, saymayacaq – onda
oxumağa da vaxtım olacaq. İnsan təqaüdə çıxandan sonra onun
ətrafında olan adamlar yavaş-yavaş uzaqlaşırlar. Həyatda vəzifə və
puldan şirin heç nə yoxdur.
– Onda, yəqin ki, gənc yazarlarla yaşlı nəsil arasında
gedən polemikalardan da xəbərsizsiniz.
– Gənc yazarların həyat təcrübəsi azdır. Onların yazdıqlarının
əksəriyyəti fantaziyadır. Ya da xarici filmlərdən götürülən
süjetlərdir. Yazdıqları əsərlərin əksəriyyəti yorucudur. Çoxu
imkansız olduğundan kitablarının üz qabığı, rəsm tərtibatı primitiv
alınır. "Ünvansız eşq" romanımın dizaynına baxın, görün, dizaynı
necə qurulub. Cavanlara məsləhət görərdim ki, kitabın üz qabığına
xüsusi fikir versinlər. Mən sevinirəm ki, istedadlı gənclər
var.
– Rauf Aslanovla Ramiq Muxtar arasındakı məhkəmə
çəkişməsinə siz baxırsınız?
– Yox, mən baxmıram. Ağır Cinayət Məhkəməsi mülki işlərə baxmır.
Mən heç vaxt belə işlərə qarışmıram. Ümumiyyətlə, ortaya girən
həmişə zədə alır. Heç vaxt araya girməyin, onda başınız da salamat
qalar.