Yuxarı

Eşşək batdığı yerə bir də girmir, amma Kəramət... - Video

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycan jurnalistikasının parlaq imzalarından sayırlar onu. Fərqli müsahibələri, ənənədən uzaq köşə yazıları ilə xeyli oxucu kütləsi də toplayıb. Amma Kəramət Böyükçöl deyəndə “Çöl” romanından daha çox, vaxtilə ANS-in efirində dediyi açıq-saçıq şeir və ya sosial şəbəkədəki hansısa status yada düşür. Amma yada düşürsə, sitat gətirilirsə və zaman-zaman qıcıq doğurursa... bu gənc adından söz etdirməyi bacarıb deməkdir. Müzakirə mövzusu olmağa, müzakirələr yaratmağa səbəb olan birisinin hekayəsini, həyata baxışlarını, sevgisini, nifrətini, zəifliklərini və onu güclü edən detalları danışdıq.

Kult.az Musavat.com-a istinadən gənc yazar-jurnalist K.Böyükçölün müsahibəsini təqdim edir:

- Kəramət, ilk dəfədir belə bir şey başıma gəlir. Mən kiminləsə müsahibə ilə bağlı danışıram. Amma müsahibəyə qədər həmin adam baş redaktora yazıb, bu barədə xatırlatma edir, müsahibəyə gələndə də onu çağıran həmkarı ilə yox, yenə baş redaktorla görüşür. Nədir bu taktika? Özünə güvənsizlik, dayaq axtarma cəhdi? Yoxsa, Rauf bəy demişkən, özünü tapşırtdırırdın?

- Xeyr, Rauf bəylə mən başqa bir mövzu barədə sosial şəbəkədə yazışırdıq. Həmin vaxt ona dedim ki, biz Sevinc xanımla müsahibə üçün razılaşmışdıq, amma həmin vaxt mən Qazaxda idim, indi isə gəlmişəm. Fikirləşdim ki, birdən sizlərin ağlına gələr ki, gör, bu, özünü nə qədər böyümüş sayır ki, müsahibə istəyəndə deyir, burda yoxam. Özümü tapşırtdırmaq məsələsini isə Rauf bəy zarafatla dedi. Gəlmişdim və onunla da görüşmək istədim.

- Narahat olma, bunlar söhbətə giriş üçün zarafat idi. Amma mənimçün sən indi həm də ona görə maraqlı müsahibsən ki, mərhum həmkarımız Mövludun qəbri üstündən, Qazaxdan gəlirsən. Nə gördün, Mövludun yanında, nə danışdız, onunla?

- Mövlud dünyasını dəyişdiyi günün səhəri Aynur xanım (Aynur Camal) bir avtobus tutdu və biz onun ziyarətinə getdik. Sonra onun 40 mərasimində və ölümünün ildönümündə imkanlı dostlardan xahiş etdim ki, avtobus təşkil etsinlər. Etdilər və biz getdik. Amma il mərasiminə gedəndə yolun yarısında məlum oldu ki, ailəsi Mövluda il mərasimi keçirmir. Mövludun Qazaxdakı nənə ocağı bağlı idi. Niyə keçirmədiklərini bilmədim. Qardaşından niyə il mərasimini keçirmədiklərini soruşdum. Dedi ki, görüşəndə səbəbini deyərəm. Gedəndə qəbrinin üstündə də heç kimi görmədik, sonradan isə atası gəldi.

Mövludun məzarının üzərində boş bloknot və üstündə qələm vardı. Heç kim, heç nə yazmamışdı. Bunu görəndə çox kövrəldim. Götürüb yazdım ki, Mövlud, yanına gəlmişəm, səni heç vaxt unutmayacam. Orda poetik, bər-bəzəkli çox cümlə yazmaq olardı. Amma Mövlud elə birisidir ki, ona olan hisslər bəzəksiz-düzəksiz olmalıdır. Qəribə hisslər keçirdim. İlk dəfə idi ki, başqa bir dünyanın varlığına inanmaq istədim. İstədim ki, kaş başqa bir dünya doğurdan da olsun və mən Mövludla nə vaxtsa, təzədən görüşə bilim.

“Gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı”

- Tez-tez statuslarında ona işarə edirsən ki, Mövludun ölümü ilə bağlı bəzi açıqlanmayan, gizli qalan məqamlar var. Nədir, bu işarə vurub da dilə gətirmədiyin sirlər?

- Mən bu barədə xüsusi, yəni istintaq üçün əhəmiyyətli sayıla biləcək nəsə bilmirəm. Amma öz məntiqimlə izah edə bilərəm ki, Mövludun ölümə gedən yolları hansı tinlərdən, hansı döngələrdən keçdi. Bu yoldan o biri yola, bu tindən o biri tinə necə keçdi... Məsələn, bu tində onun yanında filankəs olmalıydı, olmadı. Bu detallarla əsaslanıb, öz düşüncəmə və məntiqimə uyğun nələrsə deyə bilərəm. Amma əminəm ki, Mövlud bunu istəməzdi. Son 5-6 ildə onunla çox yaxın dost olmuşuq. Mən təkcə ölümündən sonra yox, sağlığında da ondan ötrü darıxan dostlarından olmuşam. İndi onun boşluğu heç cür dolmur. Düzdür, adam özünü nə iləsə ovundurmağa çalışır. Bəzən içirsən, kövrəlirsən, bəzən də hirslənib, sərt sözlər deyirsən. Amma darıxmaq yenə də keçmir, alınmır. Mən gəncəm. Hələ doğmaların itkisini yaşamamışam. Atam sağ, anam sağ, bacı-qardaşım sağ... Bu mənada Mövlud mənim ilk itki təcrübəm idi. Mövluda qədər ağlamağın çəmini-çümünü bilmirdim. İndi o təcrübəni qazanmışam. Mən bu həyatda nəyisə öyrənmək üçün mütləq onu yaşamalıyam, kiminsə məsləhətilə ağıllanan adam deyiləm. Atam desə ki, bu yolla getmə, orda bir çuxur var, düşərsən. Mən atamın sözünə baxmayacam. Gərək, özüm o çuxurda batam, ondan sonra biləm. Özü də nəinki bir dəfə, dəfələrlə o çuxura düşməliyəm. Məsəl var, deyirlər ki, “eşşək batdığı yerə bir də girmir”. Amma mən batdığım yerdən çıxıb, təzədən ora kəllə vururam. Mövludun da yoxluğunu ən çox paylaşdığım adam Aynur Camalqızıdır. Aynur xanımla tez-tez onun haqda danışırıq. Mövludun ölümündən bir il keçməsinə baxmayaraq, onun ölüm hadisəsi bizim üçün hələ də yenidir və yəqin ki, heç vaxt da köhnəlməyəcək. Biz Mövludla eyni hissləri yaşayan adamlarıq. Bəlkə Mövlud mənim və digər dostlarının yerinə intihar etdi. Onun da bizim kimi bu cəmiyyətlə öz mənəvi dünyası arasında heç bir divar yox idi. Elə adamlar var ki, cəmiyyətlə arasına bir divar çəkib. Hadisələr gəlib, o divara dəyir, qayıdır. Ona görə də ona heç nə təsir eləmir. Biz isə üstü açıq sim kimiyik.

- Bəs səni güclü edən, Mövludun getdiyi yoldan qoruyan nə idi?

- Ata da, ana da, bacı-qardaş da öz yerində... Amma insan onu həyatda saxlayan kimin üçünsə yaşamalıdır. Məni yaşadan da həyat yoldaşım və övladlarımdır. Həyat yoldaşım məni çox gözəl anlayır və bu da mənə müəyyən bir rahatlıq verir. Bir qızım, bir oğlum var. Mən həyata bu üç tellə bağlanmışam. Əgər bir gün həyat yoldaşım məni anlamasa, o telin biri qırılacaq. Eyni zamanda sevinəcəm ki, telin biri qırıldı, artıq bir teldən xilas oldum. Demək, rahat ölə bilərəm. Amma övladlarımla məni birləşdirən tellər heç vaxt qırıla bilməz. Fikirləşirəm ki, oğlum Barış hər qapı döyüləndə “ada” deyə-deyə qaçır, bəs mən həyatda olmasam, o, necə olacaq? Bunu düşünəndə deyirəm ki, heç nəyə baxmayaraq yaşamaq lazımdır. Gül kimi intihar şansım vardı, onu da arvad-uşaq əlimdən aldı. Nə bilim, mən də belə adamam. Həssas, duyğulu, sentimental, hissləri ilə yaşayan...

“Pulsuz bir status belə, yazmaq istəmirəm”

- Deyəsən, bir müsahibəndə demişdin ki, hələ oğlunla qızını tanış etməmisən... Kənardan çox faciəvi görünür, mənzərə...

- Mən iki dəfə ailə qurmuşam. Birinci ailəm çox qısa davam etdi, bir-birimizi başa düşmədik. Məni anlamayan qadından ayrılmaq çox asandır. Çünki heç bir mənəvi əzab çəkmirsən. Amma səni anlayan qadından ayrılmaq çox çətindir, vicdan əzabı çəkirsən ki, onu niyə tək qoydum? Mənim qızım da 5 yaşına keçib və birinci ailəmdəndir. Sonra ikinci dəfə ailə qurdum, oğlum dünyaya gəldi. Oğlum 3 yaşına keçib. Onları görüşdürməmişəm. Bir dəfə görüşdürməyə cəhd etdim. Qızım uşaq dili ilə soruşdu ki, “Ata, sənin başqa uşağın niyə var?” Onu oğlumla görüşdürmək istəyəndə də dedi ki, “İstəmirəm, sən ancaq mənim atamsan”. Əvvəl-axır düşünürəm ki, onlar böyüyəcək və hər şey öz axarına düşəcək.

- Əslində, sıradan bir ailə problemidir. Amma hamıya ağıl verməyə çalışan Kəramətin belə bir problem qarşısında aciz qalması mənə qəribə gəldi...

- Yox, ortada qızım var. Mən darıxanda, yəni istədiyim vaxt onunla görüşə bilmirəm. İndi oğlum anası ilə mənim aramda yatır. Mən bir gün rayona getmişdim. Oğlum gecə yatanda taxtdan yerə yıxılıb, başını zədələmişdi. Cəmi bircə gün yanında olmamışam, oğlum yıxılıb. Fikirləşirəm ki, gör, qızım neçə dəfə yıxılıb... Onun bir tərəfinin müdafiəsiz qalmasına görə narahatam.

- Çox faciələşdirmirsənmi, səncə? Uşaqların yıxılması hər valideynin başına gələcək hadisəykən, sənin bunu bu qədər dramatikləşdirmənin kökündə bəlkə bir qədər də bundan mazoxistcəsinə zövq alman dayanır. Yaradıcı insanların ağrıdan qidalandığını nəzərə alanda, bu epizod da gələcəkdə sənin hansısa əsərinin mövzusu ola bilər...

- Bəlkə də haqlısız. Çünki əzabdan zövq alan adamam, mən. Əksər qələm adamları belədir. Yaradıcı adamları həmişə xırda məişət problemləri məhv edir. O boyda Əli Kərimin faciəsinə baxın. Onu da ən xırda məişət məsələləri məhv elədi. Və yaxud dünyanın nə qədər şair, yazıçıları var ki, mənasız, adi məsələlərin içində məhv olub, gediblər. Çünki onların düşüncəsi, təfəkkürü o qədər böyük şeylərə hesablanıb ki, xırda məsələlərin həllindən başları çıxmır. Ümumiyyətlə, məişət divarları arasında ölməyən yazıçı, şair yoxdur.

İkincisi, Azərbaycanda qələm adamının yetişməsi, kamillik mərhələsinə çatması üçün şərait yoxdur. Onu elə şeylərin əlində aciz qoyurlar ki, çox istedadlı bir adam sonucda hamının gözünə avara, alkaş kimi görünür. Məsələn, qələm adamının pulu, imkanı yoxdur. Gedib, əclafa ağız açır. Sabah isə o hadisə, detal onun başına qaxınc olur: “O dəfə məndən pul istəyən adam deyildin?” Azərbaycanda cəmiyyət, xalq öz şairinin, yazıçısının arxasında dayanmır. Yazıçısının arxasında dayanan bircə hakimiyyətdir. O da ki...

“Eşşək belə, batdığı çuxura bir daha girmir, amma Kəramət Böyükçöl..."

- Nəyə görə müasir yazar və şairlərin əksəriyyətində bu “Cırtdan təfəkkürü” var? “Nənəm mənə yağ yaxmacı verib, mənim yükümü daşımalısız” söhbəti hara qədər davam edəcək? Başqa peşə sahibləri öz problemləri ilə necə baş edə bilirsə, siz də həmin qaydada etməlisiniz. “Şairi xalq dolandırmalıdır” kimi çürümüş fikri müasir düşüncəli insanların dilindən eşitmək faciəvidir...

- Baxın, Azərbaycanda yazıçı nə ilə dolanmalıdır? Deyim. Kitabı çıxmalı, kitab satılmalı, insanlar ən azı 10-20 min tirajla o kitabı almalıdır. Yazıçı həmin pulla alkaşlıq edəcək, nəşə çəkəcək, öz işidir. Əsas odur ki, pulu kitabının satışı ilə qazanır. Kitab yazır, pulu qurtarandan sonra birini də yazacaq. Bütün bu məsələ yazıçıya daxili bir rahatlıq, azadlıq, sərbəstlik verəcək, onda mütilik yaratmayacaq. Mərd görünəcək. Çünki bilir ki, öz məhsulundan qazanacaq. Amma bizdə kitab satmaq, oxumaq mədəniyyəti formalaşmayıb. Yazıçı isə görəndə ki, kitabı satılmır, neyləməlidir? Hökumətyönlü mətbuatda çalışmalıdır ki, normal maaş alsın. Bu gün mediada bir balaca istedadı olan adama bütün qapılar açıqdır ki, pul qazana bilsin. Məndə də elədir. Amma təəssüf ki, gül kimi yazıçı idim, ehtiyac məni jurnalist kimi tanıtdı. Mən ayda 22 müsahibə alıram və düzdür, bunun qarşılığında normal da pul alıram. Amma bu enerjini, bədii gücümü toplayıb, yaxşı bir əsər yaza bilərəm, axı... Bu əsər isə həm yaradıcılığım olar, həm də pul qazanaram. Axı jurnalistika, müsahibə əsər deyil, qonorar üçündür. Mən qələmi çörək ağacı kimi minib, çapmaqla məşğulam. İnanın, artıq o qədər robotlaşmışam, təfəkkürüm o qədər kapitallaşıb ki, pulsuz bir status da yazmaq istəmirəm.

- (Zarafatla) O zaman adamlara da potensial müsahib, yeriyən pul kimi baxırsan...

- Əlbəttə... Adamlara ikiayaqlı 80 manat kimi baxıram...

- Bir müsahibəyə görə 80 manat qonorar alırsan?

- Bəli...

- (Gülərək) Yaxşı yaşayırsan...

- Yenə deyirəm, axı mən yazıçı idim, romanlarım, povestlərim var. Hələ çap olunmamış hekayələrim, romanım da var...

- Bəs, onda niyə səni o dediyin romanların, povestlərinlə deyil, Elgizin verilişində dediyin şeirlə, qeyri-ciddi statusların və içkili vəziyyətdə “Facebook” üzərindən etdiyin canlı yayımlarla xatırlayırlar?

(Davamı var)

Tarix
2018.03.29 / 23:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla