Yuxarı

“Böyük Ermənistan” planında gizlədilən məqamlar

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

(“Qənirə Paşayeva ilə addım-addım Elazığ”)

Əvvəli burada

“EY, NƏ XOŞ ANLAR İDİ...”

Xoş anlardır ki, Elazığ mərkəzində salınan “Azərbaycan parkı”ndan keçib Almas İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospekti ilə irəliləyirik. Xankəndi məhəlləsi haqqında Şənərr Buludun verdiyi bilgiləri dinləyə-dinləyə tarixi qardaşlığımızdan, bir kökdən gəlib, bir kökə getməyimizdən söhbət açırıq. Elə hey düşünürəm ki, elə bil, başlarına gələcək qəzavü-qədəri əvvəlcədən bildiyi üçün Allah daha möhkəm yaddaş veribmiş bizim Qarabağ camaatına. Tarixin bəzi dönəmlərində Qarabağdan köçmək məcburiyyətində qalmış bəzi qarabağlı ailələr hara köçüblərsə o yerlərə özləri ilə bərabər doğma yer-yurd adlarını da aparıblar, məskunlaşdıqları yerə öz doğma obalarının adını veriblər. Bu, Qarabağdan köçmək məcburiyyətində qalan insanlarımızın xüsusi özəlliyə malik bir xarakter, düşüncə, ilkinliyə bağlılıq xüsusiyyətləridir.

Almaz İldırım küçəsi, Bəxtiyar Vahabzadə prospektində söhbət edirik. Elazığlı alim dostlarımız Azərbaycan ədəbiyyatının bir sıra tanınmış şair və yazıçılarının Elazığı ziyarət etdiklərini xatırladır. Dönüşümüzdə onlara salamını çatdırmağı rica edir: “Elazığda ənənəvi şəkildə keçirilən Beynəlxalq Xəzər poeziya şöləninə Azərbaycandan xeyli şair dəvət edirik. Sağ olsunlar, həmişə sözümüzü tutub gəlirlər. Bu dəvətlər və görüşlər qarşılıqlıdır. Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Bakıda keçirilən Xəzər şeir axşamları günlərini heç unutmadıq ki!..” An əbədiyyətə qovuşur. Zaman durdurulur. Məmməd Arazın misraları sıralanır yaddaşımda: “Burda nə danışmaq, burda nə dinmək, gedən gedərgidir, qalan qalacaq...”

Bir yanı Malatya, bir yanı Bingöl, bir yanı Tunceli və Diyarbəkir olan Elazığda qonaq deyilik... Daha çox ev sahibi kimiyik; Xankəndi məhəlləmizlə, Almas İldırım küçəmizlə, Bəxtiyar Vahabzadə prospektimizlə, “Azərbaycan parkı”mızla, Xəzər gölümüzlə. Bu yurdun hər qarış torpağını qanı-canı bahasına qorumuş, bu vilayəti qurmuş, ucaltmış, Harput əfsanəsinin baş qəhrəmanı Balak Qazi dost-doğma Oğuz boyundan gəlmişdi. O boydan ki, ruhumuz, canımız o müqəddəslikdən qaynaqlanır.

HALALLIQ ALMADAN KEÇİLMƏZ BURDAN

Elazığın hər məhəlləsi, küçəsi bir tarix boxçasıdır. Bunun nədənliyinə varmaq üçün gərək Hicrət, Nailbəy, Rüstəmpaşa, Mustafapaşa, Rizayiə, Cümhuriyyət məhəllələrini əmin-arxayın gəzib-dolaşa biləsən. Ancaq vaxt gözləmir, zaman dar gəlir.

Elazığ Böyük Şəhər Bələdiyyəsində olan görüşdə xoş qarşılayırlar bizi. Yenə də bir kökdən gəlməyimiz, dil, din, ruh doğmalığımız əsas mövzu olur. Azərbaycan-Türkiyə əməkdaşlığından, Qarabağdan, gənclərimizə ortaq tarix, ədəbiyyat, mədəniyyət və həqiqətlərimizin daha geniş öyrədilməsinin önəmini vurğulayırıq. Bələdiyyə yetkililərinə səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Elazığın Azərbaycanın böyük, tarixi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən söz açıram və bunun çox böyük əhəmiyyətini xüsusi vurğulayaraq, Elazığda Azərbaycan şəhərlərindən birinin qardaşlaşmasını təklif edirəm. Təklifi böyük məmnuyyətlə qəbul edib “bu məsələ üzərində çalışacağıq”, - deyirlər. Bələdiyyə yetkililəri ilə görüşümüzdə ortaq acımız Dağlıq Qarabağ problemi, Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün həyata keçirilən işlərdən də danışırıq. “Türkiyə hər zaman yanınızdadır”, - deyirlər. Bələdiyyə yetkililərinə Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı soyqırımı tanıkların dilindən” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm. Bələdiyyə yetkililərinə görüşdə iştirak edən dostlara yaxın zamanlarda “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından ikinci kitabımın işıq üzü görəcəyini və bu kitabda aşiq olduğum Elazığa xüsusi yer ayıracağımı söyləyirəm. Bələdiyyə yetkililəri bu xəbərdən böyük məmnuniyyət duyduqlarını, bu cür kitabların böyük önəmini xüsusi vurğulayırlar. “İnşallah, gələn səfərimdə kitab hədiyyəsi ilə gələcəyəm”, - deyirəm. Bələdiyyə yetkililəri də öz növbələrində bizə Elazığı anladan hədiyyələr təqdim edirlər.

Tarixi birliyin, doğmalığın rəmzi olaraq da bir arada ziyarət edirik Üryan Baba türbəsini. Tarixin yuxuya daldığı bir məkandır bura. Gərək ayaqla yox, ruhla, düşüncəylə qədəm basasan. Elazığda deyirlər ki, gərək Harputda “Qayabaşı” adıyla anılan açıq hava muzeyinə getməzdən öncə yamacda yer alan Üryan Baba türbəsini ziyarət edib halallıq alasan, Türbə qapısı önündə nəzər çəkən daş üzərindəki yazıdan anlayıb-biləsən burda uyuyanın kim olduğunu:

“Allahın sevdiyi qullardan İsmailin torunu, Ömərin oğlu Hafiz Muhammed...”

1278-ci ildə yapılan türbənin giriş qapısından daxil oldunsa, sağ səmtdə bu mübarək zatın əbədiyyət yuxusuna daldığı sərdabəni görəcəksən. Bu səmtə Kurşunlu camidən keçib gəlmişdik. Harput muzeyi, Güllübağ məhəlləsi bu səmtdə idi. Eləcə də Harput məhəlləsi, Əhməd Kabaklı bulvarı, Sara Xatun camisi... Bu, Ağqoyunlu dövlətinin 5-ci hökmdarı Uzun Həsənin anası Sara Xatundur ki, Elazığda camisi 1463-cü ildə yapılıb. Allah müfti Hacı Əhməd əfəndiyə rəhmət eləsin ki, 1850-ci ildə camini yenidən bərpa etdirib. Bir qayda olaraq Harput camilərində kitabələrə rast gəlinməz. Yalnız Ulu cami 2, Kurşunlu cami 1 kitabəyə sahibdir. Ancaq Sara Xatun Camisi yeganə tarixi abidədir ki, 18 kitabəyə sahiblik edir.

Ərənlərİ İlə tanınan Elazığ

Sonra da Arap Baba türbəsini ziyarət etmək üçün qədəm alırıq. XIII əsrdə yaşamış bir behiştlikdir. Əsl adı Yusif, atasının adı Arabşah olub. Harputun fəthi üçün gələn Səlcuqlu sərkərdələrindən biri, eyni zamanda sayılıb-seçilən bir vəli olduğu bilinir. Türbəsi 1279-cu ildə yapılıb. Türbəsinin alt qatında qəbir odası, üst qatında isə ziyarət edilən sandıqça yer alıb. Qəbrinin özəlliyi nəşinin hər kəs tərəfindən görülə biləcək qədər açıqda olmasıdır; çürüməmiş cəsəd və kəsilmiş baş... Göz önünə bu müqəddəs torpaqlar uğrunda gedən qızğın savaş səhnəsi gəlir. Yay çəkilir, ox atılır, nizələr süzür, qılınclar qından sıyrılır. Hər tökülən şəhid qanı bir tarix səhifəsi yazır. Bu savaş yolunda kəsilən başlar belə gözəl görünür. Yadıma “Nəsimi” filmindən unudulmaz bir səhnə düşür. Əmir Teymur oğlu Miranşah gözəl və mətanətli Şəmsin qürurunu qırmaq üçün igid Bahadır xanın kəsilmiş başını onun qarşısına atır. Şəms o kəsik başı ilahi bir duyğuyla süzür, ətrini qoxuyur və vüqarla “Bahadır xanın ölüsü də, kəsilmiş başı da gözəldir”, - deyir.

Çarşı məhəlləsi boyu gəzib-dolaşdığım anların özündə belə bu duyğular mənimlə olur. Zibeydə xanım bulvarı boyunca uzanıb gedən geniş yol bu səmtə götürür yolçularını. Qazi prospektidir göz önündəki... İbrahimpaşa məhəlləsi solunda qalır. Eləcə də Yeni məhəllə, Raziyə məhəlləsi, Universitet məhəlləsi...

Fərat Universitetinə bu səmtdən keçib gedirik. Burada bizi müəllim-tələbə heyətilə görüş gözləyir. Bir dünyalıq məhəbbətlə qarşılanırıq. Xocalı soyqırımına həsr edilmiş konfransı gənclər böyük diqqətlə dinləyir, o dəhşətli soyqırımı əks etdirən sənədli filmdən fraqmentlərə, foto-faktlara milli kədər hissilə, “bu qan yerdə qalan deyil!” duyğularıyla baxırlar.

Fərat Universitetində düzənlənən bu önəmli konfransda etdiyim çıxışda vurğuladım ki, Ermənistan təkcə işğal etdiyi Xocalı şəhərini qan içində boğmadı, eyni zamanda, Qaradağlıda, Bağanıs-Ayrımda, Ağdabanda da dəhşətli qətliamlar törətdi. Bu gün türk torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq istəyənlər törətdikləri vəhşilikləri ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Biz buna imkan verməməliyik, Azərbaycan həqiqətlərini dünyaya daha geniş çatdırmaq üçün birliyimizi, ortaq səylərimizi daha da artırmalıyıq. Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemi olmalıdır. Bu sahədə Türk gəncliyinə inanırıq. Gənclər sosial mediada həqiqətlərin daha da geniş yayılmasında fəal olmalıdırlar. Bu gün Fərat Universitetinin tələbələrinin, eləcə də, burada təhsil alan azərbaycanlı tələbələrin simasında mən bu gəncliyi görür və onlara inanıram. Fərat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Dəmirdağ, eləcə də, ziyalılar, millət vəkilləri mənimlə həmrəyliklərini bildirirlər. Konfransdan sonra həmmüəllifi olduğum “Xocalı Soykırım tanıkların dilindən“ kitabının universitetdə təqdimatı və imzalanması mərasimi oldu. Gənclərin kitaba və öyrənməyə marağını görüb onlarla geniş fikir mübadiləsi edib, suallarını cavablandırdıq. Eyni zamanda Fərat Universitetində təhsil alan və sayları hər il daha da artan azərbaycanlı tələbələrimizlə də görüşərək geniş fikir mübadiləsi apardıq və Azərbaycanı, tariximizi, mədəniyyətimizi, həqiqətlərimizi həm təhsil aldıqları universitetdə, həm də Elazığda daha geniş tanıtmaq üçün fəallıqlarını daha da artırmağa çağırdıq. Onlara Azərbaycan həqiqətləri ilə bağlı materiallarla yanaşı müəllifi olduğum kitabları da xatirə hədiyyəsi kimi təqdim etdim.

Fərat Universitetinin rektoru, Prof. Dr. Kutbeddin Dəmirdağ, rektor yardımçıları ilə olan söhbətlərimizi heç unutmuram. Ölkələrimizin universitetləri arasındakı əməkdaşlığımızın inkişafı, ziyalılarımız arasında əlaqələrin genişlənməsinin önəmi barəsində geniş fikir mübadiləsi apardıq. Rektor Prof. Dr. Kutbeddin Dəmirdağ Azərbaycan universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini deyir və gələcəkdə də bu əlaqələrin daha da artacağını vurğulayır. Ona Azərbaycan, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitablar, filmlər hədiyyə edirik. Həmmüəllifi olduğum “Xocalı Soyqırımı tanıkların dilindən” kitabımı, rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, eyni zamanda müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabımı hədiyyə edirəm və universitetlə geniş tanış oluruq. Rektora azərbaycanlı tələbələrə göstərilən diqqət və qayğı üçün təşəkkür edib, bu münasibətin hər zaman davam edəcəyinə inandığımı deyirəm. Tədbirlər başa çatdıqdan sonra da şəhərlə tanışlığı davam etdiririk. Qazi prospektindən Yıldızbağları, Fevzi Çakmak məhəllələrinə yol dönür; İnönü, Pertek prospektləri önümüzdədir... Dövlət, Akif, eləcə də Diaqnostika (araşdırma) xəstəxanaları bu səmtdədir. Baykara prospekti İnönüdən ayrılır. Atatürk prospekti bu geniş prospektlə Yunis Əmrə bulvarını birləşdirir. Universitet məhəlləsi ilə Yeni məhəllə bu arada çevrələnir. Üzbəüzdə, sağ tərəfdə Sürsürü prospekti uzanıb gedir.

Sarayatik məhəlləsi Çarşı məhəlləsilə qucaq-qucağadır. Bir az da sağ yanda Çevrə yoludur. Düz Diyarbəkirə aparır. O Diyarbəkirə ki, bir zamanlar Ağqoyunlu imperatorluğunun paytaxtı olub. Az sonra bu yolla Sivricə köyü ətəyində yer alan Xəzər gölünü ziyarətə gedəcəyik.

İndilikdə isə yolumuz tarixi Harput qalasınadır. Hürriyyət prospektindən Harput prospektinə dönürük. Qalaya qədər uzanıb gedir. Hərbi (Askeri) xəstəxana arxada qalır. Ulukənd məhəlləsi sağdan boylanır. Harputa aparır dolama yollar.

BU QALA-BİZİM QALA,

YAXUD QAN-QANI ÇƏKİR

Dolama yolları Qalxdıqca Harput qalası haqqında söylənən əfsanələr keçir yaddaşımdan bu yollar kimi. Su yerinə daşını-torpağını südlə yoğurub-yapdıqları bilinir. Müqəddəsliyinə xələl gəlməsin deyə. Türklər südü, özəlliklə ana südünü halallıq simvolu bilib həmişə. Daşla kərpiclə hörülməyib buradakı evlər. Qayaları çapıb ev eləyiblər. 1115-ci ildə Oğuz elinin Kayı boyundan olan Artukoğlu Balak xan sahib olmuşdu Harput qalasına. İndi heykəlləşib at belindəcə. Əlində qılıncı qından sıyrılıb. Yönü Xəzərgölünə doğru boylanır. 1112- ci ildə Harput hökmdarı olan bu böyük qəhrəmanı Harput qalasına çəkib aparan Xəzər gölcüyünə göz dolusu baxmaq istəyi olub bəlkə? Nakam şair Almas İldırım kimi, bəlkə o da bu gölə boylana-boylana ayrılıb gəldiyi Oğuzların Kayı boyuna mənsub Artuk xanədanını, bir tərəfi bəhri – Xəzər olan qədim yurd yerlərini anır-anırmış. Harput Qalasından boylanıb yönü aşağı baxdıqca 26-30 km məsafədəki Xəzər gölünün başı üstündən ucalan Baba dağının sırası çəkir adamın könlünü-gözünü. Burdan yol adlayır Diyarbəkirə...

Alt yanda Dəvə mağarasıdır, Elma vadisidir... Mənsə Balak Qazinin at belindəki heykəlinin peydestalı üzərindəki yazıdan gözlərimi heç ayıra bilmirəm. Bildiyim tarix olsa da, yenidən oxuyuram: “1112-ci ildə və gənc yaşlarında Harputun hökmdarı oldu. Oğuzların Qayı boyundandır. Səlcuqlu hökmdarı tərəfindən müsəlman orduları komandanı seçildi...”

Ardı BURADA

Tarix
2017.01.22 / 09:30
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla