Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov
Şəki, Zaqatala, Balakən rayonlarında referendumla bağlı ictimaiyyət
qarşısında çıxışları olduğuna görə sentyabrın 24-dən 29-na qədər
davam edən Şərq numizmatikası mövzusuna həsr olunan İkinci
Beynəlxalq "İCON II" konfransında iştirak edə
bilməyib.
Bu barədə AMEA Tarix İnstitutundan Axar.az-a daxil olan
məlumatda bildirilib. Həmçinin konfransın numizmatikaya həsr
olunmasına görə AMEA tərəfindən bu tədbirdə görkəmli numizmatik Əli
Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakının münasib
bilindiyi qeyd edilib:
"Xatırlatmağı özümüzə borc bilirik ki, Yaqub Mahmudov həmişə
ermənilərin önündədir. Nyu York, London, Saarbrüken, Roma, Los
Anceles, Mexiko və b. şəhərlərdə Y.Mahmudovun erməni yalanlarını
ifşa edən əsərləri çap olunub.
Tarix İnstitutu sözügedən konfransa dəvət olunmayıb və bu barədə
institut heç bir rəsmi açıqlama verməyib. İnstitut ayrı-ayrı
fərdlərin elmi müəssisə barədə açıqlamaları üçün məsuliyyət
daşımır. Ə.Rəcəblinin başçılıq etdiyi nümayəndə heyətinin
beynəlxalq konfransda iştirakı nəticəsində ermənilərin növbəti
təxribatının qarşısı alınıb".
Qeyd edək
ki, bu gün AMEA-dan mediaya verilən açıqlamada sözügedən
konfransda erməni təxribatının qarşısının alındığı bildirilib.
Konfransda iştirak edən görkəmli alimlərimiz sırasında Yaqub
Mahmudovun adının olmaması isə diqqət çəkib. Çünki Tarix
İnstitutunun əməkdaşı Dilavər Əzimlinin millət vəkili Fazil
Mustafaya ünvanlanan cavabında Y.Mahmudovun Peterburqa
hazırlaşdığı, çıxış mətni üzərində işlədiyi, ermənilərin cavabını
yerindəcə vermək üçün öz şəxsi kanallarından istifadə edərək,
konfransda təmsil olunmaq istədiyi bildirilmişdi.