Texniki baxışdan keçmə vaxtında dəyişilik
var.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mövcud
qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan
mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları
istehsal olunduqları vaxtdan dörd il keçdikdə, iki ildə bir dəfə,
istehsal olunduqları vaxtdan on il keçdikdə, ildə bir dəfə texniki
baxışa cəlb olunurlar (Oxu.Az).
Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq
olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması
üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq
sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları
vaxtdan bir il keçdikdə, ildə bir dəfə texniki baxış keçirilir.
Mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri
istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci,
2007-ci, 2009-cu illər olan minik avtomobillərini, istehsal müddəti
2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə
verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat
vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı
texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat
vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının
31-dək, "VAZ", "Qaz", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB
istehsalı olan minik avtomobilləri üçün 01 yanvardan 01 maya qədər,
xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də
istehsal olunan minik avtomobilləri 01 maydan 01 avqusta qədər, yük
avtomobilləri və avtobuslar üçün 01 sentyabrdan 31 oktyabra qədər
dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər.
Avtomotonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat
vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə
uyğun Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa
qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz
edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər
rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış
şöbələrində həftənin bütün günləri fasiləsiz olaraq keçirilir.