Dekabrın 5-dən 6-na keçən gecə Bakıda yol hərəkəti
təhlükəsizliyini gücləndirmək məqsədilə, habelə sərxoş və
avtoxuliqanlıq edən sürücülərə qarşı genişmiqyaslı reyd
keçirilib.
Reyddə 100-ə yaxın sürücü
cərimələnib. Həbs olunanlar da var… Belə ki, paytaxtın bütün
ərazilərini əhatə edən reyddə Bakı şəhər Dövlət Yol Polisi
İdarəsinin rəhbər şəxsləri, bölmə və şöbə rəisləri, 8 və 11-ci
tağımın, eləcə də eskort-müşaiyət tağımının şəxsi heyəti iştirak
edib. Təxminən 50-yə yaxın yol polisi əməkdaşının qatıldığı reyd
zamanı avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə avtomobil idarə edən,
eləcə də yol polisinə qarşı kobudluq göstərərək tabe olmayan
onlarla sürücü saxlanılıb.
Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi məlumata
görə, reyd zamanı tabesizlik nümayiş etdirərək yol polisinə qarşı
müqavimət göstərən 17 sürücü barəsində müvafiq tədbir görülməklə
cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən 16 sürücü DYP
əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində protokol
tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər biri
barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.
Reyd zamanı sərxoş vəziyyətdə "avtoş"luq edən sürücülərə də rast
gəlinib. Onların sayı 4 nəfər olub və saxlanılaraq məhkəmələrə
aparılıblar. Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə
idarə edən 36 sürücü aşkar olunaraq barələrində tədbir görülüb.
Həmin sürücülər cərimələnməklə yanaşı, avtomobilləri cərimə
meydançasına aparılıb.
Yol polisindən qaçmağa çalışan 6 sürücünü saxlamaq üçün süni
sıxlıq yaradalıb və onlar saxlanılıb. Yalnız bir sürücü Babək
prospektində qaçıb aradan çıxmağı bacarıb. Yol polisinin qanuni
tələbini yerinə yetirməyərək avtomobilin açarlarını və sənədləri
təqdim etməyən bir sürücünün avtomobili isə evakuator vasitəsilə
cərimə meydançasına aparılıb.
Gecə yarısı yol polisinə tabe olmamaqla yanaşı, fiziki güc
tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti yaradıb
qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti əməkdaşları
tərəfindən polis bölmələrinə aparılıb.
Artıq 20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə
və plyonka ilə avtomobil idarə edən 6 sürücü də yol polisi
tərəfindən cərimə edilib. Avtomobillərdən plyonkalar yerindəcə
soyulub, pərdələr yığışdırılıb. Nəqliyyat vasitəsini heç bir sənəd
olmadan idarə edən 3 sürücü də saxlanılıb. Onların hər üçünün
maşının cərimə meydançasına aparılıb. Həmin sürücülərdən yalnız
biri 3 saat ərzində sənədləri tapıb gətirdiyi üçün avtomobil cərimə
meydançasından buraxılıb. DYP əməkdaşları avtomobili palçıqlı,
dövlət nömrə nişanı görünməz halda idarə edən 2 sürücünü də
cərimələyib. Reyd zamanı psixotrop maddənin təsiri altında
avtomobil idarə edən 1 sürücü saxlanılıb.
Aeroport yolunda keçirilən reyd zamanı isə yüksək sürətlə
hərəkət edən, səsboğucu qurğusuna müdaxilə olunduğu üçün gurultulu
səs çıxaran 6 bayker saxlanılıb. Onların idarə etdiyi motosikletlər
də cərimə meydançasına aparılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,
polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür
reydlər mütəmadi keçiriləcək: "Çünki son vaxtlar yol hərəkəti
qaydalarının pozulması halları narahatçılıq doğurub. Əsasən də gecə
saatlarında sərxoş və avtoxuliqanlıq edən sürücülərlə bağlı
məlumatlar əldə edirik. Belə hallara qarşı mübarizə aparmaq
məqsədilə rəhbərliyin də iştirakı ilə genişmiqyaslı bir reyd
keçirmək qərarına gəldik. Kütləvi informasiya vasitələrinin də
qatıldığı reyddə məqsəd odur ki, kobud qayda pozuntusuna yol verən,
yol polisinə qarşı hətta fiziki güc tətbiq edən sürücüləri aşkar
edib cəzalandıraq. Həm də, ictimaiyyət belə sürücüləri tanısın.
Hesab edirik ki, bu cür kobud sürücüləri ictimai qınağa cəlb
etməklə qaydalara əməl etmək vərdişini aşılaya bilərik. Bu
baxımdan, belə reydləri mütəmadi şəkildə keçirəcəyik".
P.S. Reydlə bağlı maraqlı video və fotoları, eləcə də daha
ətraflı yazını az sonra təqdim edəcəyik.