Xüsusilə qış vaxtı havanı kirlədən maddələrin dumanla
birləşməsilə görüş məsafəsi bəzən 1-2 metrədək azala
bilər.
Axar.az Atv.az-a istinadən xəbər verir ki, dumanlı havada
sürücü həm yaxşı görməli, həm də yaxşı görünməlidir.
Uzaq farları
yandırmayın: Dumana
daxil olarkən yaxın farları və ön duman farları yandırılmalıdır.
Dumanda maşın sürərkən çox vaxt uzaq farlar yandırırlar, halbuki
belədə yaxındakı dumanlı sahə işıq bəndinə dönüb qabağı görməyə
mane olur.
Yaxın farları və ön duman farları yandırın:
Dumanda sürücülərin yol verdiyi başqa bir səhv bütün farları
söndürüb ancaq ön duman farları yandırmaqdır. Nəticədə qarşıdan
gələn sürücülər maşının cizgilərini aydın görə bilmirlər və qəza
ehtimalı artır.
Şüşəni açın: Dumanlı havada zəruri tədbirlərdən
biri şüşəni açmaqdır ki, başqa maşınların siqnallarını aydın eşidə
biləsiniz.
Ara məsafəyə fikir verin: Duman su buxarından
ibarət olduğuna görə yolu isladır və əylənmə məsafəsi quru havaya
nisbətən daha uzun olur. Belə ki, normal şərtlərdə 100 km/saat
sürətilə gedərkən əylənmə məsafəsi 44-50 metr, dumanda isə 100
metrədək olur. Odur ki, məsələn, 60 km/saat sürətilə gedən maşın 60
metr ara məsafəsi qoymalıdır.
Sol zolağa keçməyin: Dumanlı havada bu
əməliyyata qətiyyən girişməyin, çünki görüş məsafəsinin və sürətin
az olduğu dumanlı havada qarşıdan gələn avtomobillə toqquşma
ehtimalı da artır. Amma mütləq sol zolağa keçmək lazımdırsa, farla
və siqnalla ətrafdakıları xəbərdar edin.
Maşını saxlayanda sayrışan işıqları yandırın:
Hansısa çətinlik üzündən maşını yolun kənarında saxlayanda sayrışan
işıqları yandırıb arxadan gələn sürücülərin maşınınızı görmələri
üçün 100 metr arxada reflektor qoyun.
Yavaş sürün: Dumanlı havada, xüsusilə də şəhər
içində piyadalar da aydın görünmür. Odur ki, şəhər içində maşını
yavaş sürmək, yol kəsişmələrində mütləq dayanıb yolda adam
olub-olmadığını yoxlamaq lazımdır. Bununla yanaşı dumanlı havada
piyadaların da işıldayan fosforlu paltar geyməsi məsləhətdir.