Dünyada neftin ucuzlaşması
bir çox ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da öz
təsirini göstərib. Ölkədə müxtəlif sahələrdə, xüsusən də biznes
sahəsində, daşınmaz əmlak bazarında, iri ticarət mərkəzlərində
müəyyən durğunluq müşahidə olunur, əhalinin alıcılıq qabiliyyəti
zəifləyib. Bəs görəsən, bu iqtisadi proseslər avtomobil bazarına
necə təsir göstərib?
Axar.az olaraq vəziyyətlə maraqlanmaq üçün Yasamal rayonu,
Badamdar qəsəbəsində yerləşən Bakı Avtomobil Satışı Mərkəzinə
yollandıq. Yalnız həftənin altıncı və bazar günləri təşkil olunan
satış bazarında ilk baxışdan durğunluq hiss olunur. Demək olar ki,
alıcıdan çox satıcılara rast gəlinir.
İstənilən ödəniş qəbul edilir
Çeşidli avtomobillər var və onları əldə etmək üçün bütün növ
ödənişlərə yaşıl işıq yandırılıb – təki alver olsun: kredit,
lizinq, barter, hətta müəyyən müddətə ödəmə...
Geniş əraziyə malik maşın bazarında əsasən xarici markalı
avtomobillər gözə dəyir. Satıcılar maşınlarında əyləşib, müştərinin
yolunu həsrətlə gözləyir.
Bazarda satış ölüb
"Niva"ların satışı ilə məşğul olan Əmrah adlı satıcı 15 ildir
avtomobil satdığını dedi:
"Gördüyünüz avtomobillərdən "Niva Priora"nı 10.000, "Niva"nı isə
8.500 manata satıram, lakin alan yoxdur".
Öz avtomobilini satışa çıxaran Musa da deyir ki, bazara alıcı
gəlmir:
"Avtomobilimi çox sərfəli qiymətə satıram. 2010-cu ilin
"Volksvagen"idir, 8.900 manata verirəm. Alıcı olsa, lap aşağı da
verərəm, təki sata bilim".
Qiymətlərdə o qədər də ucuzlaşma hiss
olunmur
2000-ci ildən maşın ticarəti ilə məşğul olan Ramin "Mersedes"
markalı avtomobili satışa çıxarsa da, orada olduğumuz müddətdə
avtomobilin qiyməti ilə maraqlanan olmadı.
Füzuli rayonundan məcburi köçkün olan Zakir kişi elə bu gün
bazara avtomobil satmağa gəldiyini deyir:
"Bu "Kia"nı 11.000 dollara satıram. 2008-ci il
buraxılışıdır".
O, bizimlə söhbətində avtomobilinin ön yan hissəsinin
vurulduğunu da gizlətmədi:
"İnsan gərək vicdanla satsın, onsuz da maşın alan şəxs aparıb
yoxlatdırır, aldatmaq yaxşı iş deyil".
Bazarda daha bir neçə avtomobilin qiyməti ilə maraqlandıq.
2012-ci il Rusiya istehsalı olan VAZ 2107 markalı maşın 8.000
dollara satılır. "Saipa" markalı İran maşını isə ilkin ödəniş 1.000
manat olmaqla, 24 aya 250 manatdan kreditlə verilir.
Qeyd edək ki, bazara satış məqsədi ilə gətirilən hər maşın üçün
10 manat yer haqqı ödənilir. Gecə avtomobili burada saxlamaq üçün
isə 5 manat tələb olunur.