Yuxarı

Əlivan dərəsi qorxulu idi, əmisi deyirdi ki... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlivan dərəsi qorxulu idi, əmisi deyirdi ki... - Foto

Kult.az yazıçı Mükafat Yaqubovun “Yük” hekayəsini təqdim edir.

Fərhad kişi qoyun-quzunun ağzını, çox uzağa getməsinlər deyə çəpərə sarı döndərib, mamırlı daşın üstündə oturdu. Uzandıqca uzanan tikanlı məftillər onun xəyallarını ötənlərə çəkdi...

Atası çarvadardı. “Çarvadar Mahmud” deyərdilər adına. O tay-bu taya kartof, soğan, buğda, xurma, adam daşıyardı. “O tay-bu tay” deyəndə Fərhad başa düşməzdi onda. Hələ balacaydı, uşaqdı. Əlivan dərəsini keçəndə həmişə qorxardılar. Fərhad bilmirdi niyə, nədən qorxurlar. Amma o da həmişə atasına, əmisinə, böyük qardaşına baxıb qorxardı. Səbirsizliklə gözləyərdi ki, əmisi Tapdıq desin: “Şükür Allaha, xatasız keşduğ”. Ondan sonra hamı rahat nəfəs alardı. O da daha qorxmazdı.

Fərhadın onda cəmi yeddi yaşı vardı. Əmisi çətin razılaşmışdı onlarla getməyinə. Atası isə demişdi ki, “qoy indidən bərkə-boşa düşsün, gələcəkdə o bizim işimizi davam etdirəcək”, bir də demişdi ki, “ona görə bizdən şübhələnməzlər, bəlkə də rəhmləri gələr, bizi ona bağışlayarlar”. Əslində isə Fərhad onlara kəşfiyyat üçün lazım idi...

Fərhad onda bilməzdi ki, kimin ona “rəhmi gələr”, nə üçün atasını, əmisini, özündən dörd yaş böyük qardaşını ona “bağışlayarlar”, amma qürrələnərdi ki, onu da kişi hesab eləyirlər, iş tapşırırlar. Bir dəfə o tayda şeşəbığ, çalın-çarpaz patrondaş bağlamış bir kişi əlini onun kürəyinə vurub, “balaca fədai demişdi”. O gündən Fərhad özünü doğrudan da kişi hesab eləyirdi. Özünü həmişə həmin şeşəbığ, çalın-çarpaz patrondaş bağlamış çərkəzi papaqlı kişiyə oxşatmaq istəyirdi.

Bir gün atasından xahiş elədi ki, palaza bükülmüş silahlardan birini də ona versin. Atası onda çox öyüd vermişdi, sonra da demişdi ki, “böyüyəndə sənə də verərik, fədailərə qoşularsan”. Fərhad sevinmişdi və tez böyüməyə çalışmışdı ki, “fədai” olsun. Bir şeyi də başa düşə bilmirdi ki, hər şeyi açıq apardıqları halda, nə üçün silahları möhkəm-möhkəm büküb kartofun, soğanın altında gizlədirlər. Fərhad onda çox şeyi başa düşmürdü. Soruşmağa isə utanırdı ki, birdən onu uşaq hesab edərlər, özləri ilə aparmazlar. O isə hara desələr getmək istəyirdi. Təki, atasının, əmisinin, böyük qardaşının, həmin şeşəbığ, mehriban kişinin işinə yarasın, həmişə onlarla olsun, tez-tez onu tərifləsinlər. Fərhad bilmirdi ki, təkcə əmisinin, atasının, qardaşının, şeşəbığ kişinin işinə yaramır, o həmdə böyük bir işə xidmət edir. Fərhad onda balacaydı...

Fərhad bütün bunları sonralar başa düşdü. Əmisi Tapdıq və qardaşı Həsrət o tayda həmişəlik qalandan sonra.

O vaxtdan bir ömürlük vaxt keçib. Hələ də əmisinin, qardaşının sifəti gözlərinin qabağındadır. Atası “sərbazlar” deyərək, onu qucağına alıb yarğana atılanda əmisinin dediyi son sözlər hələ də qulağından getməyib. “Siz gizdənun, biznən işuz olməsun. Soora biz də gələruğ”...

Sərbazlar qardaşıyla əmisini, dörd-beş yük çatılmış qatırı və ulaqları qabaqlarına qatıb apardılar. Fərhadla atasının ələ keçməmələrindən arxayın olmaq üçün onlar hərdən gizlicə geriyə boylanırdılar. Sərbazlarsa tüfəngin qundağıyla onları qabağa itələyirdilər.

Sabahısı atası təkcə getdi o taya və çox kədərli qayıtdı. Mahmud kişi öyrənmişdi ki, şahənşah qoşunları fədailəri darmadağın edib. Ələ keçənlər güllələnmiş, dar ağacından asılmış, sürgün edilmişlər. Tapdıq və Həsrət haqqında isə heç bir şey öyrənə bilməmişdi. Onlar bir daha geri qayıtmadılar.

Sonra atası “Tapdıq... Həsrət...” deyə-deyə dünyadan köçdü. Onda artıq Fərhadın on dörd yaşı var idi. Əlindən nə gələrdi ki! Sonra da, indi də heç bir şey gəlmədi...

Xəyal Fərhadı uzaqlara aparmışdı. Birdən ayıldı. Ətrafa baxdı. Qoyun sürüsü elə hey irəliləyirdi. Günəş də bol işıq saçırdı. Ancaq...

Ancaq daha irəli getmək olmazdı. Qoyunlar çəpərin dibindəki otları qırıb yavaş-yavaş geri dönürdü. Sürünün arxası hələ irəliləyir, qabaqdakılar isə dayanır və fınxırıb sağa-sola dağılışırdı. Qabağa yol yox idi. Sürünü geri qaytarmaq lazım idi.

Fərhadın uşaqlığı bu yerlərdə keçmişdi. İndi görünməyən, ot basmış cığırları uşaqlıqda çox tapdalamışdı. Qaçmaq, oynamaq, uşaqlıqda keçdiyi yolları bir daha keçmək istəyirdi. Yol-cığır isə yox idi, görünmürdü. Ot-ələf basmışdı yolları, görünməz cığırları.

Hardasa qoyunlar mələşdi. Fərhad başını qaldırıb baxdı. Sərhədin o tayındakı təpədən qoyun sürüsü dərə aşağı otlaşırdı. Qoyunların mələşməsi lap aydın eşidilirdi. Sürü çox da uzaq deyildi. Fərhadın qoyun-quzusu o taydakı sürüyə baxdı, burunlarının qabağındakı çəpəri görüb döyükdü. Çal qoç o taydakı qoyunların mələşməsini eşidib başını qaldırdı və məğrur-məğrur onlara baxdı. Qabaq ayaqlarını götürüb qoyaraq başını aşağı salıb qaldırdı. Sağ ayağını bir az da qabağa uzadaraq torpağı eşdi. Bir daha qıvrım buynuzlu başını endirib-qaldıraraq qırıq-qırıq o tərəfə məkkildədi. Qürurla ətrafı süzüb o taydakı qoyunların yanına lökgüməyə yol axtardı. Lakin uzandıqca-uzanan tikanlı çəpərin o tayına yol-iz belə görünmürdü. Elə bil, çal qoçun qürurunu sındırdılar. Həsrətlə qənşərdəki qoyunlara baxıb büzüşdü, peşman-peşman başını aşağı salıb öz sürüsünə tərəf döndü, bir az gedib çal boynunu arxaya döndərərək uzun-uzadı mələdi.

Qoyunların ardınca təpənin başına iki adam çıxdı. Ahıl, orta yaşlı kişilərdi. Görünür, nə isə mübahisə edirdilər. Tez-tez əllərini bu tərəfə uzadırdılar. Hündürboy, saqqallı kişi bu tərəfə işarə ilə yoldaşına nə isə göstərirdi. Onlar uzaqdan yekə bir daşa söykənib fikrə dalmış Fərhadı seçdikdən sonra əllərini yanlarına salıb bir az duruxdular. Sonra öz aralarında nə isə danışdılar. Birdən ucaboy, saqqallı kişi əllərini ağzına tutub qışqırdı:

- Ədə, heeeyy...

Fərhad kişi fikir vermədi. Belə şeylər çox olurdu. Gərək baş qoşmayasan. Qoyunlara daş atıb qaytardı və dönüb getmək istədi. Həmin səs yenə eşidildi. Kişi xırıltılı səslə nəsə deyirdi. Bənd olmadı, yoluna davam etdi. Birdən ona çox əziz, tanış bir söz eşidəndə arxaya baxmaqdan özünü saxlaya bilmədi.

- Mahmud, hə Çarvadar Mahmudu diyəm, sağdımı? Fərhad adlı bir oğlu da var orda. Sağdılarsa, onlara salam deginən. De ki, Tapdıq öldü, ancaq dörd damdirəyi oğulu var. Mən onların ortancılıyam. Mahmudun oğlu Həsrət də burda evlənib, iki oğlu, üç qızı var. Ancaq day əldən düşüb, qocalıb o da...Gözləri də day görmey. Mahmuddan, Fərhaddan hansı sağdısa deginən ki, Həsrət onlara salam göndərdi. Məni bura Həsrət əmi göndərib ki, bu taya salam deyim. Bir həftədu bu tərəflərdə qoyun otəriyəm ki, bi nəfər bəni-adəm görəm, əmimun sorəğin onə verəm.

Fərhadın beyni uğuldayırdı. Gicgahları zərblə vurmağa başlamışdı. Ürəyi sözünə baxmırdı. Daha heç bir şey eşitmirdi. Yerindəcə donub qalmışdı. Elə bil ki, nə isə onu qabağa itələyirdi, ancaq yerindən tərpənə bilmədiyinə görə müvazinətini itirib az qaldı ki, üzüquylu yıxılsın. Tez bir addım qabağa atıb özünü saxladı. Kişi elə hey nə isə danışırdı, elə bil ki, illərlə görmədiyi adamı indicə tapmışdı, ancaq bir neçə dəqiqədən sonra ayrılacaqdılar. Ona görə də ürəyini boşaltmağa tələsirdi. Amma Fərhad kişi daha heç bir şey anlamırdı. Beynindəki uğultu hələ də kəsilməmişdi. Kişi nə isə deyir, Fərhad bir şey eşitmirdi. Elə bil Fərhad kişini səskeçirməyən bir şüşə qabın içinə salmışdılar, ətrafdakı hərəkətləri görür, səsi isə eşitmirdi. Bir neçə addım irəli getdi, yenə bir şey anlamadı. Başını silkələdi, hər iki ovcunun içi ilə qulaqlarını sıxdı, ovuşdurdu, küyültü kəsilmirdi. Qulağını səs gələn tərəfə tutub, yan-yanı qaçmağa başladı. Üzünü çevirəndə zorla özünü saxladı. Daha bir neçə addım atdı. Bundan o yana yol yox idi. Keçilməz bir sədd qabağını kəsmişdi...

Fərhad kişi bu bir neçə yüz metr yolu uçardı, iməkləyərdi, sürünərdi, təki həsrətində olduqlarına yetişsin. Ancaq bu bir neçə yüz metrlik məsafə illərin ayrılığı, zamanın uzun məsafəsi idi ki, bu yolu adlamaq olmur, istəsən də olmur. Zamanı qabaqlamaq olmaz.

Hündürboy, saqqallı kişi ürəyini boşaldıb susmuşdu. İndi o birisi danışırdı:

- Təlbəyəğli Abdulla mənim babama min tümən borjdudu ha... De ki, yaddan çıxamasun. Borjdu borjdunun sağlığun isdər...

Fərhad kişi daşa dönmüşdü. Bumbuz idi bədəni. Danışmaq istəsə də dinə bilməzdi. Onlar qoyunları qaytarıb getdilər. Fərhad kişi isə yerindən tərpənə bilmirdi. Sanki çiyinlərində olduqca ağır bir yük var idi, tərpənsə, yükqarışıq yıxılacaqdı. Tapdığın, Həsrətin yükü idi Fərhadın çiyinlərində, neçə illərdi ki, daşıyırdı. İndi isə o yük daha da ağırlaşmışdı. Bu gün daha neçə-neçə adamların həsrəti yüklənmişdi Fərhad kişinin çiyinlərinə. Ağır idi, çox ağır idi Fərhad kişinin yükü! Hər adam bu yükü çəkə bilməzdi, Fərhad çəkirdi...

Başının üstündən nə isə vıyıltı ilə keçdi. Göyə baxdı. Yekə, qara bir çalağandı. Ağ, zərif bir göyərçinə hücum çəkirdi. Göyərçin heç yerdə sığınacaq tapa bilmirdi. Artıq yorulmuşdu. Yəqin ki, çoxdandı çalağan onu təqib edirdi. Çalağana nə var ki, uzun, əyri dimdiyi, yekə qanadları, qanlı caynaqları ilə göyərçini didib-parçalayardı. Göyərçin Fərhad kişini görüb ona pənah gətirdi, ona sığınmaq istədi. Sürətlə Fərhad kişiyə tərəf uçdu. Lakin arada çəpər vardı, zərb ilə tikanlı çəpərə çırpıldı. Bir anlığa məftildən sallana qaldı. Sonra Fərhad kişinin lap yaxınlığında yerə düşdü. Fərhad kişi yaxınlaşıb göyərçini götürdü. Qanadı sınmışdı. Köksünü çəpərin tikanı deşmişdi. Quşun ağ, zərif köksündən, kövrək, incə qanadından qan süzülürdü.

Fərhad kişi quşu sinəsinə sıxanda gözlərində əzab gördü, nisgil gördü. Göyərçinin ürəyi aramsız döyünürdü. Gözlərini Fərhadın gözlərinə dikib imdad diləyirdi.

Qara, əyridimdik, yırtıcı çalağan hələ də göydə, Fərhadın başı üstündə süzürdü. Elə bil ki, ovunu əlindən aldığına görə, indicə Fərhada da hücum edəcək, qanlı caynaqları ilə göyərçini də, Fərhadı da didib-parçalayacaqdı.

Sinəsini didib-parçalayan bir hayqırtı boğazında ilişib qalmışdı. Həmin hayqırtı tufana çevrilib çalağanı öz girdabına salacağı günədək Fərhadın köksündə qövr edəcəkdi. Fərhad çox ehtiyatla göyərçini bağrına basıb, altdan yuxarı çalağanı nifrətlə süzdü. Yükə dayaq verirmiş kimi, möhkəm çiyinlərini düzəldib, sürünün ardınca kəndə sarı yönəldi. Həsrəti, nisgili yaş damlalarına çevrilib gözlərindən sağılırdı. Ağ göyərçinin gözləri kimi...

Tarix
2018.03.05 / 01:25
Müəllif
Kult.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla