Yuxarı

Ay özünü Səmadan asdı...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyüzü və Bulud rəvayəti

Qədim zamanlarda Göyüzü adlı yaraşıqlı bir cəngavər vardı. Göyüzündə çoxlarının gözü vardı; Ulduzların, Çayların, yaşıl zolaqlı ucsuz-bucaqsız Çəmənliklər belə Göyüzünə həsrətlə baxardı.

Göyüzünün qızıl saçlı həyat sirdaşı vardı, Günəş. Onların Ay adlı və ay kimi bədirlənmiş gözəl qızları vardı. Heç kəs cəsarət edib Göyüzünə öz sevgisini etiraf edə bilmirdi; hər kəs Günəşdən qorxurdu. Gecələr Günəş yatdıqda isə Göyüzünün yanında qızı Ay olardı. Beləcə ay dolanar, illər biri-birini əvəz edərdi.

Bir gün Göyüzü çox darıxdı, sanki nəsə çatışmadı həyatında. Ətrafa nəzər saldı. Sayrışan Ulduzlar onun nəzərini hiss edən kimi yanıb sönməyə, göz vurmağa başladı. Çaylar istiqamətini dəyişib şaxələndi, var gücləri ilə çağlamağa, daşmağa, onu səsləməyə çalışdı. Yaşıl zolaqlı, ucsuz-bucaqsız Çəmənliklər isə düşündülər:

- Nə sayrışan Ulduzlar, nə də axar Çay indiyə qədər Göyüzünün diqqətini çəkə bilməyib. Bizim hüdudsuz Yaşıllığı bu yaraşıqlı heç bəyənməz!

Bu fikirlərlə onlar Göyüzünə baxa-baxa soldular, həsrətdən saraldılar.

Qəfil Göyüzünün gözlərinə mavi libaslı gənc qız göründü - Bulud. O, yaşlı atası Küləklə əl-ələ tutub, səmada süzürdü. Göyüzü düşündü:

- Necə də cazibədardır! - Sonra qəfil özünü məzəmmət etdi: - Axı mən evliyəm! Bulud isə gənc, pak səma mələyidir. Onu sevə bilmərəm!

Bulud Göyüzünün ona zillənmiş aydın nəzərlərini hiss etdi, atası Küləyin əlindən dartınıb, Göyüzünə tərəf üzdü. Utancaq halda dilləndi:

- Xoş gördük, Göyüzü! Mən Buludam.

Göyüzü güldü:

- Bilirəm, amma yaman böyümüsən, gözəlləşmisən. Artıq yağan zamanındır! Sənin toyunda gör nə fişənglər təşkil edəcəm! Büsbütün hər yerə şimşək yağdıracam, paxıllıqdan Ulduzlar, Çaylar, Çəmənliklər çat verəcək!

Bulud bir qədər bikef halda yırğalandı, ağ pambıq yanaqlarını şişirtrdi:

- Onlar yalnız sən mənim olduğum zaman çatlaya bilərlər! - dedi və sürətlə atası Küləyin yanına üzdü.

Bu cavab yaraşıqlı Göyüzünü çox düşündürdü, qızın inanılmaz cəsarətini təəccüb və heyrətlə qarşıladı. İndiyə qədər heç kəs Göyüzünə bu sözləri söyləməmişdi. Hətta qızıl saçlı parlaq Günəş belə ona heç bir zaman istəyini, arzusunu deməzdi. Vaxtı ilə Kainat nəslinin seçdiyi, bəyəndiyi qız idi Günəş.

Göyüzü gecələr yatmamağa, səhərə qədər Buludun ona dediyi sözlər haqqında düşünməyə başladı. Ay qızının sualına dağınıq cavab verərdi, Günəşlə çalışardı qarşılşmasın, fikri mavi Buludun yanında idi.

Br gün o, yenə Buludla qarşılaşdı. Bu dəfə qız Səmada tək üzürdü. Göyüzü onu görcək, yenə aydın nəzərlərini Buludun dəniz gözlərinə zillədi:

- Nə yaxşı oldu, səni gördüm!

Bulud həyəcanlandı:

- Yəni o qədər çox arzulayırdınız məni görməyi?

Göyüzü cavab verdi:

- Əlbəttə, çox düşünürəm sənin haqqında. Gəl, bir gün Günəş Səmadan çəkildikdən sonra görüşək.

Bulud həyəcan içində yırğalandı. Göyüzü Buludu qüvvətli əlləri ilə bağrına basdı, bu nəvazişdən Bulud duman kimi onun bədəninə yayıldı.

Bulud Göyüzünə vurulmuşdu, odur ki, onunla görüşməyə söz verdi. Külək ata qohumları Ümmangilə qonaq əsməli idi. Buludu özü ilə sovurub aparmaq istəsə də, qızı naxoşladığını deyərək, Səmada qalacağını söylədi. Külək qızının pambıq alnından meh dodaqları ilə öpərək, titrək- titrək “Bax, qızım, sən mənim yeganə ümidimsən, özünü qoru” söylədi və Ümman tərəfə əsdi.

Artıq Səmaya Gecə pərdə çəkirdi; hər kəs dincəlməyə qərar verdi; Günəş yorğun baxışları ilə Göyüzü ilə sağollaşıb, Səmanın bir küncünə qısıldı və şirin yuxuya daldı. Göyüzü onu acıqlı nəzərlərlə süzüb, elə yerindən tərpənmək istəyirdi ki, Ay özünü çatdırdı:

- Ata, sənin üçün darıxmışam!

Göyüzü onun nurlu çöhrəsindən öpdü:

- Gözəl balam, səni çox istəyirəm, amma getməliyəm. Səmada bir qədər işlərim var.

Ay dilləndi:

- Mən də səninlə gedirəm!

Göyüzü əsəbiləşdi:

- Qızım, asıl qal Səmada, mən də tez qayıdacam!

Göyüzü Buludla görüşə getdi. Bütün gecəni Ay atasını gözlədi, Göyüzünün gəlmədiyini görcək, Səmaya qalxdı,oradan nurlu çöhrəsi ilə ətrafa işıq saçaraq, boylanmağa başladı. Göyüzünü yenə görmədi, Ulduzlara səsləndi:

- Ey, Səma muncuqları, atamı görməmisiniz?

Ulduzlar Göyüzünü Buludla gördüklərini dedilər:

- Onlar tez-tez bərabər buxarlanırlar, - deyib, bir-birlərinə göz vurmağa başladılar.

Ay əsəbiləşdi, dərhal nurunu Buludun pəncərəsinə yönəltdi; atası Göyüzünü Buludla bərabər görcək, az qaldı, yerə enə. Göyüzü məmnun halda yeni sevgilisindən ayrılıb Səmaya qayıdarkən, Ayı Səmada asılı tapdı.

Ay özünü asmışdı…

Göyüzü dərhal qızını qüvvətli qolları üstünə aldı, Ayın yarısı artıq yox idi. O gözəl, bədirli mələk simalı qızdan indi burnu, çənəsi iti əcaib məxluq qalmışdı.

Göyüzü öz günahını anladı, Aya yalvarmağa, bir daha səhv etməyəcəyinə söz verdi.

Ay özünə gəldi, amma əvvəlki təki pak olmadı. Üzündə iztirabdan, göz yaşlarından qara ləkələr peyda olmuşdu.

Ertəsi gün Bulud Göyüzünü axtarırdı, ona şad xəbəri vardı. Göyüzü onu uzaqdan görcək, sarısaç ömür sirdaşı Günəşə sarıldı. Bulud kövrəldi, əsdi, cəld Səmanın bir küncünə üzdü. Aradan bir qədər keçdi, buludun Leysan adlı oğlu doğuldu. Külək Göyüzünün yanına gəldi:

- Heç xəcalət çəkmirsən? Sənin də Ay qızın var, amma mən həmişə onun yanından ata kimi əsmişəm.

Göyüzü qəzəbdən Şimşək yağdırdı. Külək kor-peşiman qızı Buludla nəvəsi Leysanın yanına qayıtdı.

Bir gün sarısaç Günəş Buluddan intiqamını alacağını düşündü:

- Göyüzünü əlimdən almaq istəyi kənara, qızım da şikəst qaldı! Mən sənin həyatını məhv edəcəm, Bulud! Mənə də Günəş deyərlər. Sənin kimi pambıq yelli nəslin qızı deyiləm, mən qızıllı, ləl-cəvahiratlı Kainatın qızı Günəşəm, Günəş!

Bir gün Bulud dolub, ağlayarkən, Leysan da ona qoşuldu. Onlar ürəklərini boşaldıb, bununla bir qədər Göyüzündən mərhəmət dilədilər; axı Leysan atası Göyüzünün üzünü belə görməmişdi, heç Göyüzünün də oğlu Leysanın varlığından xəbəri yox idi. Bu səs-küydən Göyüzünün xəbər tutacağından ehtiyatlanan Günəş parlaq saçları ilə Leysan yağdıran Buludu qurutmağa başladı. Bir qədər sonra artıq Bulud yox idi; o buxarlanmışdı. Leysan da kəsmişdi, daha yağmırdı, çünki onun da həyatını qızmar Günəş tükəndirdi.

Zavallı Külək ata Səmada var-gəl eyləyir, vıyıldayır, sızıldayır, qızı Buludla nəvəsi Leysanı tapmaq üçün dolaşırdı. Çaylar və yaşıl Çəmənliklər Buludla Leysanın yerə endirilərkən buxarlanmaları haqqında Külək ataya danışdılar. Sarısaç Günəşin Bulud və Leysanın qatili olduğunu açıb söylədilər. Külək dərhal Göyüzünün yanına - Səmaya əsdi:

- Sən övlad qatilisən!

Göyüzü bu dəfə qocanı dinləməyə qərar verdi. Bütün olanlardan xəbərdar olan Göyüzü parlaq saçlı Günəşdən ayrılmağı qərara aldı. Külək ata Səmanı tərk edərək, artıq torpaq üzərində qızı və nəvəsinin nəfəsinə yaxın əsirdi. Yaraşıqlı Göyüzü öz rəngini dəyişərək, bozarmışdı, əvvəlki aydınlığı qalmamışdı. O, həsrətlə Səmadan aşağı - torpağa tərəf baxırdı; Buludla Leysanı düşünərək, qəm içində Səmada gəzinirdi. Ay isə Gecə pərdəsi tam çəkildikdən sonra, ürkək-ürkək Səmaya qalxaraq, ətrafa boylanar, eybəcərliyini görməsinlər deyə, əvvəlki tək Yer üzünü nura boyamazdı. Günəş onlardan uzaq gəzərdi; nə Ayla, nə də Göyüzü ilə görüşərdi, Küləklə isə ümumiyyətlə heç yola getmirdi; o parlayan yerdə Külək əsməzdi, Külək dolaşan məkanı isə Günəş isitməzdi.

Buludla Leysanın torpağa enərək, yağdıqları Çəmənliklərdən cücərən Çiçəklərin ətri hər yeri bihuş edər, Payızda solar, Yazda yenidən açardı. Külək ata isə bu ətri bütün diyara yayar, Göyüzü və Bulud hekayətindən onlara nəql edərdi.

Tarix
2018.12.30 / 02:18
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla