Ana səhifə Kult Ədəbiyyat |
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş “Mitolojinin elçisi: Kamal Abdulla armağanı” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kult.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyinin tamam olduğunu deyib. O bildirib ki, Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi Kamal Abdullanın Azərbaycan filologiyasının, xüsusilə də qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafında mühüm xidmətləri var:
“Kamal müəllim yazıçı, dilçi və türkoloq alim kimi dünyada məşhurdur, Azərbaycan ədəbiyyatına, dilçiliyinə çox böyük xidmətlər göstərib. “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” kitabının Türkiyədə çapı xüsusi əhəmiyyətə malik hadisədir. Bu kitabın səsi-sorağı çox uzaqlardan gələcək. Bu kitabda bütün dünyadan ən görkəmli alimlərin Kamal Abdulla haqqında yazıları çap olunub. Bütün bunlar Azərbaycan ədəbiyyatın dünyada tanıdılmasında böyük rol oynayır”.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məruzə ilə çıxış edərək Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini və ziyalılarımıza göstərdiyi xidməti yüksək qiymətləndirib. O bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Kamal Abdulla Azərbaycanın çox dəyərli alimlərindəndir. Onun Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri var. N.Cəfərov bildirib ki, akademikin “Kitabi-Dədə Qorqud”a dair yazılan əsərləri tədqiqatçılara bir köməkdir. Həmçinin o qeyd edib ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə nəşr olunan “Mitolojinin elçisi, Kamal Abdulla armağanı” adlı kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir.
Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı çıxışında vurğulayıb ki, Kamal Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. O həm şair, həm də gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir. O, istər Azərbaycan ədəbiyyatında, istərsə də Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oynamış şəxsiyyətlərdəndir.
Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, xalq şairi Ramiz Rövşən, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və s. çıxış edərək, Kamal Abdulla yaradıcılığının çoxşaxəliliyi, eləcə də kitabın bədii tərtibatı ilə bağlı düşüncələrini bölüeşüblər.
Sonda Kamal Abdulla çıxış edərək öncə ona yubiley münasibətilə “Şərəf” ordeninin verilməsinə görə ölkə Prezidenti İlham Əliyevə və bu tədbirin keçirilməsində təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib:
“Özümü xoşbəxt hesab edirəm ki, həyatda yaxşı müəllimlərim olub. Mənim bir devizim var: “Docendo discimus - öyrədərək öyrənirəm”. Tələbəmdən başlamış ünsiyyətdə olduğum hər adamdan öyrənməyə çalışıram. O adamların ən ümdələri burada toplaşan insanlardır. 70 yaşı, gənclik dövrünü xatırladıq. Görünür, hamımız bir-birimizi sevə-sevə, dəstək ola-ola ömrü hədər yaşamamışıq. Bu kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Mənə verdiyiniz dəyərə görə, xoş sözlərə görə sizə təşəkkür edirəm”.
Sonda qonaqlar Kamal Abdullanın həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.
Tarix
2021.02.05 / 15:15
|
Müəllif
Kult.az
|