Yuxarı

Satanistlə Sabunçuda baronun evində: süfrədə uşaq əti...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər bir şəxs qorxmağa başlayıbsa və öz təhlükəsizliyi üçün hər hansı bir tədbir görürsə, o artıq mənən məğlub edilmiş hesab edilir...

Əvvəli burada

Bu dərəcə pərt duruma heç bir zaman düşməmişdim. Hövlnak hadisə yerinə gələrək, sahə müvəkkilinin özündən az qala izahat alan Mamed müəllim özünəməxsus xarakterini həyəcanlı anında belə nümayiş etdirirdi:

- Obyekt mənimdir, uşaq da qonaq olub; indi nə kassa var, nə uşaq...

“Kassa” deyərkən Mamed müəllim kafenin büdcəsində yığılan pulları nəzərdə tuturdu.

Çətin məqamda belə kişi öz lovğalığından qalmırdı:

- Səkkiz ildir ki, kafe fəaliyyətindəyəm, bundan qabaq restoranlarım olub, başağrısı idi deyənə...

Sahə inspektoru onun sözünü kəsdi:

- Mamed müəllim, dediniz ki, pulları götürməkdə şübhəli bildiyiniz oğlan qonaq olub. Deyə bilərsinizmi, onu bura kim gətirib?

Mamed müəllim Allanın axtırışına çıxaraq, bərkdən səslədi:

- Ay qız, haradasan? Bəri bax görək!

Alla əyləşdiyi masa arxasından qalxaraq, bir-birinə dolaşan çəlimsiz ayaqlarıyla “Mamedik”inə yaxınlaşdı:

- Eşidirəm...

- O uşaq nə təhər gəlib bura? - Mamed müəllim qaşlarını çatıb xüsusi ləhcə ilə soruşdu.

Alla mənə sarı baxdı, əlini qaldıraraq sanki nəsə demək istəyirdi ki, arxamda Daşanın pıçıltısını eşitdim:

- Sakit dayan və seyr et...

Arxaya çevirilmək istəyirdim ki, Daşa şüuraltı mənə ismarış yolladı: “Mənə boylanma!”

Onun dediyi kimi etdim. Alla əlini havaya qaldıraraq öncə mənə sarı tuşladı, sonra sanki qeyri-ixtiyari havada rəqs edirmiş kimi hərəkətlər edərək yavaş-yavaş tam əks istiqamətə çevirildi:

- Onu bu qadın gətirdi, - deyərək, yaşlı xadiməni göstərdi.

İnspektor əlində sənəd qovluğu ilə qadına yaxınlaşaraq sual etdi:

- Uşaq nəyinizdir?

İri, bərəlmiş gözləri ilə, sanki hipnoz təsiri altında qadın robot kimi qısa, bəzi sözləri xüsusi olaraq hecalaya-hecalaya cavablar söyləməyə başladı:

- Yol-da qal-mış-dı, yazığım gəl-di... Xa-hiş et-dim Al-la-dan kafedə qal-sın...

Sahə müvəkkli növbəti sualları ünvanladıqca, beynim təəccüb və heyrətdən donmağa başlayırdı ki, özümü ələ almağa çalışdım; Daşanın bu bacarığından xəbərsiz idim.

Həqiqətən də bu hal heyrətamiz idi! Təsəvvür edin ki, Daşa təlqinlə, sırf şüuraltı şəxsi bioenerjisi ilə qadına bəlkə də həyatı boyu demək istəmədiyi yalanı dedizdirirdi. Bunu heç bir elmlə, məntiqlə sübut etmək mümkün deyil, lakin həqiqət həqiqət olaraq qalır...

Deməli, təlqinlə insan beyninin şüuruna, elmi izahlarda təhtəlşüur hesab edilən hafizəyə təsir edərək, “məftun şüur” adlandırılan yaddaş bazasında xatırlamanı “dəfn etmək” və ya “diriltmək”, ən dəhşətlisi isə beyin toplumunda yığılan informasiyaya dəyişiklik edərək, subyektin öz şəxsi dilindən ifadə etmək mümkündür. İnsan hafizəsinin yaddaş baxışı ümumilikdə iyirmi dörd kadrdan ibarətdir ki, normalda illuziyaçılar mövcud olmayan, amma gözümüzə görünən, yaddaşımıza həkk olunan iyirmi beşinci kadrı hafizəmizə elə yerləşdirir və ya silir ki, o məlumat şüurunuzun dərinliyində özünəməxsus şəkildə yerləşir və ya yoxa çıxır; bir çox hallarda təlqin keçirən şəxsin istəyi ilə insan bəzən təsir gücü ilə göstərilən görüntünü bir ömür boyu ümimiyyətlə xatırlamır. Xatırlama yalnız o zaman baş verə bilər ki, insan həyatında təlqinə başladığı dayanıq nöqtəsinə qayıdış olsun; misal üçün, bərabər keçirdikləri ağır avtomobil qəzasında dostunu itirən bir şəxsə mənəvi bərpa niyyəti ilə psixoloq və ya parapsixoloq təlqinlə baş vermiş hadisəni yaddaşından silir. Sözügedən şəxs həyatını heç nə olmamış kimi normal qaydada davam edir. Yalnız o vaxta qədər ki, təsadüfən rastlaşdığı qəza görüntüləri və ya qarşılaşdığı yeni qəza onun “məftun şüur” sayılan beyninin alt qatına güclü təsir edərək, “dəfn olunmuş” xatirələrin oyanışına səbəb olur və insan bir zaman unutduğu qəza detallarını tam təfərrüatı ilə yenidən xatırlamağa başlayır.

Psixologiya və parapsixologiyada bütün unutma və xatırlatma nüansları ilə əlaqədar məlumatlar barədə xəbərdar idim; lakin insanın bu dərəcədə kənar təsirlər sayəsində qeyri-ixtiyari və iradəsinə zidd oilaraq tamami ilə fərqli məlumat söyləməsinin ilk dəfə şahidi olurdum; satanist dostumun qeyri-adi və son dərəcə fövqəltəbii gücü məni xeyli təəccübləndirdi və eyni zamanda dərindən düşünməyə vadar etdi.

Xadimə qadın hadisəni bizim ziyanımıza olmadan o qədər detalları və incəlikləri ilə təsvir etdi ki, ən fantaziyalı dedektiv yazıçı belə onun yanında yalan idi! Mən bütün olanlarda Daşanın yaradıcılıq qabiliyyətinin olduğunu dərk edir, özlüyümdə düşünürdüm: Kim bilir, bəlkə də bu qız insanların başına belə hoqqalar açaraq, zamanını və daxili enerjisini sərf etməsəydi, o zaman ondan gözəl yazar, heykəltəraş və ya rəssam ola bilərdi? Axı bütün “vergili” deyilən və ya ”seçilmiş” hesab edilən görkəmli elm, ədəbiyyat, incəsənət və hətta daha ciddi yönümlü sahələrdə fəaliyyət göstərən şəxslər əslində sadəcə olaraq vasitəçilərdir ki, ilahi və ya şeytani gücün təsiri ilə bilgi və ya hər hansı məlumatları bu həyatda yaşayan digər, nisbətən adi hesab olunan insanlara çatdırırlar. Misal olaraq, Yer üzünə nazil olmuş yüz iyirmi dörd min peyğəmbərə nəzər salaq: onlardan hər biri Yer üzünə göndərildiklərini iddia edərək, insanlara örnək olan yaşayış nümunələrini təlqin etməyə çalışsalar da, yalnız az sayda olanları insanları inandırmağa və arxalarınca aparmağa müvəffəq oldu; İsa, Musa və ən çox yaradanlara təsir göstərən və daxili aurasının bioloji gücü iyirmi dörd olan sevgili Məhəmməd peyğəmbərimiz.

Təlqin elmi ilə bağlı bütün bilgilərim beynimdən ildırım sürəti ilə keçdiyi zaman diqqətim Allada və yenə də hipnozun təsiri ilə polisə real həqiqətdən uzaq, lakin gerçəyə bənzər və ən əsası, bizi təhlükədən, sorğu- suallardan və məsuliyyətdən azad edən xadimənin ifadələrində idi. Əslində Daşa kimi fövqəltəbii, təlqin və təsir gücünə malik insanlar dövlətin xüsusi qurumları, beynəlxalq araşdırmalar mərkəzləri və ya özəl imkana sahib fərdi şəxslər tərəfindən nəzarət atına alınaraq, daima izlənirlər. Lakin əfsuslar olsun ki, bu cür bacarıqlı insanlar heç də hər zaman müsbət fəaliyyət üçün cəlb edilmirlər. Təlqin elminə sahib və ya sonradan yiyələnmiş insanlar bu elmi bilgiləri ilə bağlı məlumat ötürməyi sevmirlər; onlar bilirlər ki, barələrindəki sirr aşkarlanaraq yayıldıqda, Aleksandr Belyayevin “Amfibiyalı insan” əsərindəki kimi, şikara çevirilərək daim ov hədəfi olacaqlar və nəticədə hətta istəmədikləri əməlləri icra etməyə məcbur ediləcəklər.

Daşa izahata, sorğu-suala başı qarışmış kafe əhlinin nəzərini yayındırmadan, əlimdən tutaraq sakit addımlarla bayıra çıxdı:

- Onlar indi hamısı təsir altındadılrlar!

Özümü çaşqınlıq hayqırtısından güclə saxladım:

- Necə?! Sən hamını hipnoz etmisən?!

Daşa çiyinlərini çəkdi:

- Başqa əlacım yox idi. Belə etməsəydim, birinin yalanını digəri aşkarlaya bilərdi.

Sonra soyuqqanlılıqla cavab verdi:

- Amma narahat olma, oyandıqları zaman heç bir qaraçı, dilənçi, sən və mən yaddaşlarında qalmayacaq, çünki hamısını silmişəm...

Daşa elə qəribəlilklə və özünəməxsus tərzdə “yaddaşlarında qalmayacaq”, “simişəm” ifadələrini söyləyirdi, sanki insan övladından deyil, hər hansı bir kompüter və ya mexaniki cihazdn bəhs edirdi. Əslində, bu bacarıq bir çox insanın həyatını qorumağa, müsbət əməllərin icrasına da istiqamətlənə bilər.

Daşadan bu haqda xəbər aldım:

- Səncə, etdiyin hipnoz insanlara pis təsir göstərməz ki?

Qız təmkinlə izah etdi:

- Yox, qətiyyən! Onlar oyandıqda sadəcə olaraq hədsiz dərəcədə yorğun, narahat olacaqlar və uzun müddət yatmağa, dincəlməyə meyilli olacaqlar...

Daşayla Denisin axtarışına başladıq. Qız mənə onun yaxınlıqda olduğunu söylədi. İlk beynimə gələn fikri rəfiqəmlə paylaşmağa tələsdim:

- Qaraçıyla tanış olduğun parka gedək, ürəyimdə nəsə elə bir hiss var ki, o, mütləq orada olacaq!

Üz tutduq Daşayla Denisin ilk dəfə tanış olduqları parka. Burada iri yaşıl kolluqlar arxasında balaca oğlanı axtarmaq o qədər də asan olmadığından, “iki cəbhəyə” ayrılaraq, bir-birimizə məlumat ötürməyə qərar verdik. Beş-on dəqiqə keçməmişdi ki, arxamda Daşanın şən səsini eşitdim:

- Bu da qaçaq! Tapdım onu! Özünə dondurma alırdı yaramaz!

Daşa Denisin əlindən bərk-bərk yapışmışdı, qız sanki oğlanın yenidən qaçacağından ehtiyat edirdi. Denis digər kirli əli ilə dondurmanı iştahla sovururdu. Onun az qala aylarla yuyulmayan vücuduna nəzər yetirdim: cırıq köynəyinin qolları az qala dirsəyinəcən sürüşmüşdü və ən qəribəsi dünən gözümə çarpan bahalı saat qolunda yox idi. Oğlandan “saat söhbəti” ilə başlamaq fikrim eyni zamanda onu hürkütmədən pullar barədə məlumat almaq istəyim ilə bağlı idi:

- Dünən qoluna bağladığın saatı neyləmisən?

Uşaq üzümə baxaraq qımışdı, sonra əlindəki dondurmanı göstərərək, sakit tərzdə “dondurmayla dəyişdim” dedi.

Daşa əsəbləşdi:

- Necə? Gedək qaytaraq! Heç bilirsən o saatın qiyməti nə qədərdir?

Mən Daşadan səbir etməyini xahiş etdim:

- Lazım deyil, onsuz da o saat Denisin deyil. Saatı geri istəməklə başımıza iş aça bilərik.

Denis razılıq əlaməti olaraq başını yellədi.

Mən oğlana yaxınlaşaraq diqqətlə zil qara, uşaq baxışına bənzəməyən gözlərinə zilləndim:

- Qulaq as, kafedən götürdüyün pulları polis axtarır! Pulları ver mənə, sənin adın olmadan qaytaracam sahibinə.

Oğlan kefini pozmadan dilləndi:

- Pullar məndə deyil ki! Onları Səidə ötürmüşəm.

Təəccüblə Daşayla bir-birimizə baxdıq:

- Səid kimdir? - xəbər aldım.

- O, Romanın sağ əlidir.

- Roman kimdir? - bu dəfə Daşa soruşdu.

Uşaq əlindəki donduqmanın taleyini tam “həll etməkdə” idi, deyəsən suallardan bezmişdi, üz-gözünü turşudaraq etirazını bildirdi:

- Nə çox sual verirsiniz? Heç polislər bu qədər sual vermirlər adama! Əgər çox maraqlıdırsa, sizi apara bilərəm Səidin yanına; nə sualınız, istəyiniz varsa, ona deyin!

Əsəbimdən az qala partlayırdım, qəzəblə Daşaya baxdıqda, qız artıq mühafizəkarcasına başını yerə dikmişdi, sakit səslə pıçıldadı:

- Gərək səni dinləyərdim.

- Əlbəttə, mənə “macərasız yaşaya bilməyirsən” deyə irad tutan da sən, macəraların davamına başımı qatan da! Bilirsən ki, bu yeri-yurdu, adı, soyadı, sənədi-sünədi bəlli olmayanlar iblis İqbaldan, “buynuzlular”dan, hətta sənin o gözlə müşahidə olunmayan mənfi məxluqatlarından belə qat- qat təhlükəlidirlər?!

Özümü ələ almağa çalışdım: “Səbirli ol! Səbirlə düşün! Hər şeyi diqqət və nəzarətdə saxla!” motivasiya ruhlu üç prinsipi xatırlayıb, nəhayət, bir qədər rahatlıq tapdım.

Oğlana yaxınlaşaraq söylədim:

- Qulaq as mənə, balaca yaramaz oğru! Əgər bu dəfə də bizi aldatsan, əlimdən qurtula bilməyəcəksən! Hətta Daşa səni mənim qəzəbimdən xilas edə bilməyəcək! Odur ki, heç bir yerə qaçmadan bizi yaşadığın yerə apar! Orada qərar verərik!

Oğlan xeyli ciddi görkəm alaraq, baxışlarımdakı qətiyyəti dərhal anladı:

- Qaraçı sözü verirəm, yaşadığımız ünvanı göstərə bilərəm, sizi aldatmayacam.

Üçümüz də yorğun halda avtobusla Bakının Sabunçu ərazisinə yola düşdük; buradan “Qaraçı qəsəbəsi”nə xeyli piyada yol vardı. Denis burada onun çoxlu bacı-qardaşlarının olduğunu deyirdi. Atasının üç arvadı olduğundan, Denis ailədə neçə nəfərin olduğunu dəqiq bilmirdi; mən isə məhz bir qənaətdə idim ki, yazmağı-oxumağı bilməyən uşaq ümumiyyətlə saya bilmədiyindən və özünün pərt olmaması üçün növbəti yalanını söyləyir. Axı hər kəsə qaraçıların dilənçilik xüsusiyyəti və eyni zamanda onların qürur hissi məlumdur.

Nəhayət axşama doğru qəsəbəyə yetişə bildik. Denis bizi dar, ensiz zir- zibil dolu üfunət qoxan daşlı küçələrlə aparırdı. Döngələrdən birində qarşımıza iki nəfər hündürboylu qarayanız gənc çıxdı. Yaşları iyirmi, iyirmi beş olan oğlanlardan biri çox güman ki, qaraçı dilində Denisdən bizi göstərərək nə isə xəbər aldı. Uşaq onlara tərəf əyilərək:

- Dorov ot Romana, - dedi.

İki nəfər dərhal yumşalaraq, heç nə olmamış kimi yollarına davam etdilər. Daşaya şüuraltı ismarış yolladım:

- Parolu unutma. Gərəyimiz olacaq!

Denis isə sanki üzrxahlıq edərək bizə sarı boylandı:

- Sizi tanımırlar. Maraqlanırdılar ki, kimsiniz...

Daşa cavab olaraq beynimə siqnal ötürdü:

- Təcüməsi “Romandan salam” deməkdir.

Gülsündüm:

- Təxmin edirdim.

Bu cür qısa və rabitəsiz dialoqumuz iri, səs-küylü, əsasən uşaqların qaynaşdığı və arxalarınca qadınların çığırdığı məhəlləyə daxil olana qədər davam etdi.

Denis rahat nəfəs alaraq:

- Bu da bizim yaşadığımız yer, - dedi. - Gördünüzmü, sizi aldatmadım, - uşaq şuxluğu ilə tərif gözlədi.

Mən ona xoş sözlər deməyə tələsmirdim; məqsədimizin başlanğıcında idik və yaramazı rahat etmək düzgün deyildi.

- Bizə Səidi göstər! - ona əmr etdim.

Uşaq məhəllədəki geniş komaya tuşlayaraq, “orada yaşayır”, - dedi.

Komaya tərəf yönəldiyimizdə isə arxamızca səsləndi:

- Amma bilmirəm evdə olacaq, ya yox!

Üst-başları toz-torpaq basmış uşaqların arasından keçərək komaya tərəf yaxınlaşmışdıq ki, həyətin düz ortasında yanar ocaq üzərində yekə tiyanda su qaynadan qadın bizdən xəbər aldı:

- Sizə kim lazımdır?

Mən cavab verdim:

- Səid. Onu axtarırıq.

Qadın bizi diqqətlə xeyli süzdü:

- Kimsiniz? Haradan gəlmisiniz?

Daşa cəld cavab verdi:

- Tanışlarıyıq, şəxsi mövzuda söhbətimiz var.

Qadın kinayə ilə gülümsədi:

- Onun cavan qızlarla nə alış-verişi? Səid təzə evlənib. - Sonra üzünü komaya sarı tutaraq bərkdən səslədi: - Sonya, bayıra çıx, ərini soruşan var.

İki-üç dəqiqqədən sonra komanın qapısında uzun hörüklü, qarabuğdayı, qırmızı uzun donda bir gənc qadın göründü. O, salamlaşmadan narazı halda xəbər aldı:

- Nə lazımdır?

Maraqla Daşaya baxdım: Çox güman ki, Səid hansısa gizli alverlə məşğul idi, çünki qadınların hər ikisi bizi maraqlandıra biləcək “mal” ilə bağlı sual edirdilər.

Mən cavab verdim:

- Yoldaşınız evdədir?

Qadın təəccübləndi:

- Xeyr, yoxdur. Sizi nə maraqlandırır?

Mən ağlıma gələn ilk fikri söylədim:

- Şəhərdə ikən bizdən qızıl alveri edəcəyini söylədi; gəldik bu gün özü ilə danışaq, qərarlaşdıraq ki, sabaha, birisigünə qızılı təhvil verək.

Gənc qadın ürəkləndi:

- Mənimlə danışa bilərsiniz. Səid iki gün gəlməyəcək.

Beynimdə ildırım sürəti ilə düşünməyə başladım; əlbəttə, kafedən götürülən və çox gümün ki, az olmayan məbləğin izini “yumaq” üçün bu alçaq bir neçə müddət qaçaq həyatı yaşamalı olacaq. Ay Denis, sən gözəl bilirdin ki, Səidi tapmaq mümkün olmayacaq, ona görə də belə asanlıqla evini göstərməyə razılıq verdin. Əlbəttə ki, ağır cinayətlərdə belə cinayətkarın ilk fürsəti qaçaraq gizlənməkdən ibarət olur. Çünki isti izlərlə istənilən hadisəni daha tez açmaq mümkündür, bəlli bir zaman keçdikdən sonra bir çox cinayətlər ümumiyyətlə unudulur. Çox güman ki, oğurluqda illərin mütəxəssisi olan Səidin də evdən iki gün qaçaq düşmə səbəbi məhz oğurlanan pullarla bağlı məsələnin üstünün ört-basdır olmasından ibarət idi.

Təbəssümlə gənc qadına etirazımı bildirdim:

- Özü ilə danışsaq, daha yaxşı olar.

Gənc qadın çiyinlərini çəkərək evinə qayıtdı.

Tiyan qaynadan nisbətən yaşlı qadından Denisdən eşitdiyim digər adla bağlı xəbər aldım:

- Roman burda haradadır?

Qadın əlindəki çömçəni kənara qoyaraq mənə yaxınlaşdı, baxışlarını gözlərimə sancaraq soruşdu:

- Roman kimdir elə?

Denisin qarşımıza çıxan oğlanlara dediyi parolu xatırlayaraq, səsləndirdim:

- Dorov ot Romana!

Qadın sanki söylədiklərimdən diksindi. Yaxınlıqda əyləşən yaşlı nənəyə tiyana nəzarət etməyi tapşıraraq bizi ardınca səslədi:

- Gəlin gedək!

Gəldiyimiz dar, ensiz küçələri geriyə qayıdırdıq. İri məhəlləyə girəcək əsas yoldan nəzərə çarpmayan kolluqlu döngəyə burulduq. Qadın tez-tez arxaya baxaraq, sanki gəlib-gəlməməyimizə əmin olmaq istəyir, sonra yenidən iti addımlarla bizə nabələd yolla gedirdi. Yorğunluqdan artıq təngə gəlmişdim ki, qadın iri, üçmərtəbəli evin qarşısında dayandı:

- Budur, gəldik!

Sonra evin girəcəyindəki dəmir döyəcləmədən yapışaraq, bərk-bərk qapıya döyməyə başladı:

- Açın, qonağımız var!

Bir neçə saniyədən sonra qapı astaca aralandı:

- Gəlin! – içəridən ciddi kişi səsi dəvət etdi.

Öndə qadın, arxasınca isə Daşayla mən geniş sarayı xatırladan evə daxil olduq. Qapıdakı iki yekəpər mühafizəçi bizi əsas girişdən işıqlı geniş qonaq otağına apardı. Hər yerdə kameralar vardı. Hiss olunurdu ki, baron yüksək səviyyədə qorunur və evinə kimin gəldiyindən artıq xəbərdardır. Əlbəttə, mühafizəsinə bu qədər diqqət ayıran insan qorxur və zənnimcə, əgər bir şəxs qorxmağa başlayıbsa və öz təhlükəsizliyi üçün hər hansı bir tədbir görürsə, o, artıq mənən məğlub edilmiş sayıla bilər...

Ləziz xörəklərlə düzülmüş masanın arxasında kök qara topabığ barona təzim edərək bizi təqdim edən mühafizəçilərinə başçıları əli ilə “gedə bilərsiniz” işarəsi verdi. Qaraçı qadın da onlarla birgə “qeyb oldu”. Baron ayağa qalxaraq bizə yaxınlaşıb, diqqətlə Daşanı süzdü. Mənim salamıma məhəl qoymayan yaşı əllini ötmüş və qızıla bürünmüş zəhmli kişi xırıltılı səslə, “satanist” dedi.

Tüklərim biz-biz oldu. Qaraçı hissiyatı, falabaxma, cindarlıq üsulları barədə məlumatlı idim, lakin qaraçı tayfasının başçısının bu dərəcədə konkret və dəqiq fikir söyləməsinin ilk dəfə şahidi olurdum. Daşa təbəssümlə cavab verdi:

- Bəli, eynən sizin kimi!

Kişi sanki doğma insanını salamlayırmış kimi qollarını açaraq süfrə arxasında əyləşdi, təamlara işarə edərək, “O zaman gəl, əziz qonaqlarımıza ikram etdiyimiz sevimli xörəyimizdən birgə dadaq” dedi və gülərək əlavə etdi:

- Azərbaycanda yemək üstünə çıxan müsafirə “qaynanan səni çox istəyir” deyirlər.

Deməli, baron Daşanın uzaqdan gəldiyini də hiss etmişdi. Lakin təəccübüm bununla bitmədi. Süfrəyə nəzər saldıqda, baronun qarşısında dəmir sinidə qızardılmış quzu kimi görünən, amma diqqətlə baxdıqda, əslində qovurulmuş yeni doğulan uşaq bədənini gördüm.

Bir addım geri çəkildiyimdə Daşanın bərk əlinin biləyimdən yapışdığını hiss etdim. Həyəcanım üstələdiyindən, qızın şüuruma ötürdüyü siqnallarını tam hiss edı bilmirdim, sadəcə olaraq uzaqdan “dayan”, “etmə”, dediyi qırıq telepatik ifadələri ilə qarşılaşırdım.

Baron heç nə olmamış kimi körpənin budunu qoparıb qarşısındakı iri nimçəyə qoydu, ağ geyimdə xidmətçi qadın otağa daxil olaraq, əlindəki şərab dolu şüşədən kişinin qarşısındakı iri qədəhi doldurmağa başladı. Baron məni sanki heç görmürdü, ancaq Daşayla ünsiyyət yaratmağa çalışırdı:

- Bircə demə ki, əsas ayində diri insan qanı içməmisən. - Sonra bərkdən qəşş edərək, davam etdi: - Əslində, o zaman diri idi. Lütsiferin ordusuna əsas sərkərdə olduğundan sonra tərəfindən təbii ki, öldürülməli idi.

Bir anlıq beynim qarışdı; eşitdiklərimlə düşüncəm təzad təşkil etdiyindən hafizəmdə dumanlanma başladı, başım yüngülcə dönməyə başlayırdı. Baronun səsi getdikcə uzaqdan eşidilirdi:

- Rəfiqən dadmasa da, duzumuzdan, çörəyimizdən, ən əsası xörəyimizdən sən dad; genimiz bir olmasa da, qanımız birdir...

Ardı var

Tarix
2021.03.04 / 00:53
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla