Yuxarı

“Yeni dalğa gələcək, insanlar quduz it kimi...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çayxana ab-havasından tamam sıxılmışdı; canını götürüb qaçacaq ünvan düşünürdü ki, Firuzənin ona tapşırdıqlarını xatırladı. Üzgün-üzgün cibindən çıxardığı siyahıya məyusluqla baxıb, peşmançılıq hissi ilə vaxı ilə dərs dediyi universiteti xatırladı; yenə də uşaqlardan beş-üç manat qazanırdı, indi isə taksi ilə canı çıxır, qazandığı da, özü dediyi kimi, “itə- qurda”, ya da gecə-gündüz fasiləsiz sürdüyü köhnə “Mersedesi”nin dəmir-dümürünə xərclənirdi.

Firuzəni ona anası seçmişdi; qədd-qamətli, hündürboylu, yaraşıqlı qızdan illərin kasıb durumu bütün gözəlliyini dartıb almışdı, yerinə deyingən, artıq yaşlanmağa doğru gedən və vaxtından tez qocalan bir qadın gəlmişdi. İki uşaqlarından yalnız böyük oğlu təhsilə maraq göstərdiyindən, balacadan əlini çoxdan üzmüşdü; bir tərəfdən də evin kiçiyinə haqq qazandırırdı: “Guya mən oxuyub nə etdim ki?”

Çayxanadakıların bərkdən, az qala mübahisəyə çevirilən söhbətləri onu fikirdən ayırdı. Tağı kişi əlini özündən qabağa uzadaraq, az qala yaşıdı Məhəmmədin gözünü çıxaracaq qədər tənəylə üzərinə bağırırdı:

- Sənə deyirəm ki, bir oyundayıq! Hansı dövlət daha güclü oyun aparsa, Yer kürəsini də o idarə edəcək!

Məhəmməd kişi adı qədər ibadətdə, namaz-niyazda olan yaşlı nəslin hörmət-izətlilərindən idi. Təmkinlə Tağının iradlarından qorunmağa cəhd edirdi:

- Allah var, Yaradan var! Möminlər və kafirlər var! Kafirlər ara qatışdırıb, dünya malına tamah salanda, möminlər onların hidayət olunması üçün Yaradanlarına üz tutarlar, dünya və axirətləri üçün ən xeyirlisini istərlər!

Tağı kişini Məhəmməd dayının bu çıxışı daha da əsəbləşdirdi:

- Qonşumuzda nişanlı qız bu lənətə gəlmiş xəstəlikdən dünyasını dəyişdi! Anası havalı gəzir hələ də, heç kəsi tanımır! Harda idi sənin hörmətli möminlərin? Niyə bu zavallı millət üçün dua edərək onları başlarına gələcək bəladan hifz etmədilər?

Məhəmməd kişi anlatmağa çalışdı ki, qədər var, tale var, Allahın sınağı deyilən bir haqq var, haqqa uyğun ədalət var, amma Tağı kişi əllərini yelləyərək, masaya cibindən çıxardığı bir beşlik ataraq, çayxanadan ləngər vura-vura çıxdı. Səssizlik içində çayxanadakı on-on beş nəfərin nəfəs aldıqları eşidilirdi ki, tanımadığı iyirmibeş-otuz yaşlı gənc qəfil dilləndi:

- Pandemiyanın yeni dalğası gözlənilir! Daha amansız, daha dəhşətli olacaq bu xəstəlik. Quduz it kimi doğmalar bir-birlərin boğazlarını gəmirəcək. İnanın Allaha, bir zaman baxdığımız qorxu filmlərindəki zombilərdən dəhşətli olacaq xəstəliyə duçar olanlar!

Hər kəs vahimə içərisində mübahisəyə, bununla da sanki qorxunc sözlərdən mənən qurtulmağa çalışırdı. Cavan isə bu uğultunun içərisində səsinin daha da yüksəkdən eşidilməsi üçün sözlərini ucadan deyirdi:

- Artıq Amerikada yeraltı bunkerlərdə zombi-insanlara qarşı hərbi təlimlər keçirilir. Bunu gizli saxlamağa çalışsalar da, alınmayıb, dünya sıxılıb- sıxılıb, yüzlük sayılan ailənin əlinə keçəcək; onlar nə müsəlman olacaq, nə xristian, nə buddist. Onlar Allahı inkar edənlərdən olacaq!

Oğlanın son sözlərini dinləmədən, cibindəki son iki manatı masanın üzərinə ataraq, bayıra çıxdı. Öncəgörücülük edənləri heç sevməzdi; ona görə yox ki, onların sözlərində həqiqəti yox idi, sadəcə olaraq, acı gerçəklərdən qaçan idi və bir də qəfil bəd xəbərlərdən çox qorxardı. Yadındadır, səkkizinci sinifdə Volqoqrada atası ilə gəzməyə getmişdilər, atasını mühəndis işlədiyi zavoddan ezamiyyətə yollamışdılar, o da sevimli övladı ilə getmək istəmişdi. Evdə kiçik bacısı anasının yanında qalmışdı. Rusiya küçələri ilə addımladıqları zaman bir qaraçı onlara yaxınlaşaraq, fallarına baxmaqda israr etmişdi. Nə qədər çalışsalar da, yaşlı qadından canlarını qurtara bilmədikləri üçün o zaman üç rubla onun öngörülərini dinləmişdilər. Qadının söylədikləri zamanla öz yerini tutduqda bütün öncədən söyləniləcəklərə nifrəti yaranmışdı. Yaşlı qaraçı anasının tezliklə dünyasını ağır xəstəlikdən dəyişəcəyini desə də, atası gülmüş, yoldaşında adi zökəmin belə olmadığını fəxrlə vurğulamışdı. Qaraçının iri, qara gözlərini indiyədək xatırlayırdı; qadın pulu ovcuna alaraq bərk-bərk sıxdıqdan sonra qəfil ona baxaraq, “qismətindəki ilk qadına aldanma” deyib, arxasına baxmadan axşamın alatoranında qeybə çəkilmişdi. Atası o vaxt çaşqınlıq içərisində yeniyetmə oğlunu süzərək, “qadınlara hələ var axı!” deyərək dodaqaltı mızıldanmışdı.

Bakıya qayıdanda analarını artıq yataqda gördü; qadın kəskin sinə ağrılarından şikayətlənirdi: çoxdan mövcud olan, lakin özünü büruzə verməyən xəstəlik barədə məlumatı öyrəndikdə çox üzüldülər. Anasını itirdiyi gün qaraçının siması gözünün önündə idi; qadın dayanmadan pıçıldayırdı: “Özünü ilk qadınından qoru!”...

Telefonuna gələn yeni ismarış-sifarşə baxdı. Üzbəüz salondan dəniz kənarındakı yeni qəsəbəyə sərnişin aparmalı idi. Dərhal sifarişi qəbul etdi. İki dəqiqə keçmədi ki, avtomobilinin arxa qapısı açıldı və içəriyə dolu qadın atıldı:

- Off, bayaqdan gözləyirəm, belə də taksi olar?!

Qadının tənəsinə etiraz olaraq istədi desin ki, onun heç bir günahı yoxdur, təqsir şirkətdədir, lakin fikrindən daşındı. O, qadınlarla hər zaman ehtiyatla davranardı. Düşündü ki, birdən şirkəti günahlandırar, qadın da acıq edər, şirkəti yığar, şikayət edər, bunu da işçi kimi atarlar qara siyahıya. Fikirlərini təsdiqləmək üçün güzgüdə qadına ani nəzər saldı: iri sürməli, bəzəkli-düzəkli qaş-gözü görüncə bir anlıq özünü itirdi, sükanı da buraxdı, qadının qışqırığına ayıldı, dərhal nəzarəti ələ keçirdi.

Yenidən güzgüyə nəzər saldı; bu o idi, ilk sevgisi, məktəb illərində dərdindən dəli olduğu Mahizər! İnsan nə qədər dəyişilsə də, gözlərin dəyişilməsi mümkün deyil! Nərmənazik, utancaq qızcığazdan əsər-əlamət qalmasa da, gözləri elə əvvəlki tək cüt ulduz kimi parıldayırdı. Kök qadın əzildiyindən şikayət edərək, asta sürməyəcəyi təqdirdə ondan şikayət edəcəyini dedi.

Gülümsəyərək arxaya çevirildi:

- Mahizər, təki məndən sən şikayət et!

Qadın şit, sarıya boyanmış telini uzun dırnaqları ilə bir neçə sırğası olan qulağının ardına keçirdi, süni şişirdilmə doqaqlarını narazılıq əlaməti olaraq daha da şişirtdi:

- Kimsən ki sən?

O, sualdan daha da ürəklənərək, sevincək halda bərkdən dilləndi:

- Mənəm də, Zeynal, sinif yoldaşın!

Bir-iki dəqiqəlik lal sükütdan sonra qadın ağlını itirmiş kəslər kimi ucadan şaqqıltı ilə gülməyə başladı:

- Əlibala dayının oğlu Zeynal? Adə, səni kim yolub belə? Tamam keçəl qalmısan ki!

Mahizərin onu atası ilə tanımasına təəccüblənsə də, pərtliyi yana çəkib keçəlliyinə olan eyhama gülərək cavab verdi:

- Zəmanə yolub məni, ay Mahizər, dövran mənim qəddimi yaman əydi!

Sonra birdən Mahizərlə iyirmi-iyirmi beş il öncəki son söhbətlərini xatırlayıb, tez giley-güzarı şükür ilə əvəz etdi; son danışıqlarında Mahizər onunla evlənməyəcəyini tam anladıqda, ona o ki var qarğış etmişdi. Odur ki, indiki düşdüyü çətin durumu ilə bir zamanlar könlünü qırdığı qadını sevindirə bilməzdi.

Aynaya baxdıqda həqiqətən də Mahizərin məmnun siması ilə qarşılaşdı və söhbətini övladları ilə davam etdirdi:

- Çox razıyam ailəmdən, uşaqlar da yaxşı çıxıblar, maşallah! Bəs səndə neçə uşaqdı?

Mahizərin üzünə qara bulud çökdü:

- Ay evin tikilsin! Gorum var ki, kəfənim də ola?! Mən ərə getməmişəm ki, uşağım da olsun!

Mahizərin bu etirafı onu yaman sarsıtdı; dərsini bilməyən uşaqlar kimi nə deyəcəyini bilmədi, yerində eşələnə-eşələnə maşını idarə etdi, handan- hana özünə gələrək şuxluq göstərməyə çalışdı:

- Əşşi, atalar demişkən, gec olsun, güc olsun!

Mahizər acı-acı gülümsündü:

- Hardadır, ay Zeynal, o atalar? Özləri gorda, sözləri də ki... - dərindən ah çəkdi.

Mahizər çox dəyişilmişdi, söz deyəndə utanan-qızaran zərif qızcığazdan əsər-əlamət qalmamışdı; bir zamanlar canından artıq sevdiyi qızın əvəzinə kor-kobud, bayağı, süni qadın vardı. Mahizər sanki onun fikirlərini oxuyurdu:

- Hə, Zeynal! Zaman sürətlə keçir, kim deyərdi ki, yalnız bircə günlük avtomobilimin sınması məni çoxdankı tanışımla qarşılaşdıracaq!

Zeynal “tanış” sözündən üşüyürmüş kimi çiyinlərini çəkdi, gözünün önündən məktəbdəki dostları, sinif yoldaşları və müəllimləri gəlib keçdi; o vaxtlar Mahizər onu çox sevirdi, qız heç kəsdən çəkinməyərək, açıq-aydın hər kəsin qarşısında onunla görüşür, saatlarca söhbət edərdi. Rəhmətlik Gülxar nənəsi nəvəsini tənə edirmiş kimi danlayardı:

- Abır-həya qalmayıb, qızda yoxdu həya, heç olmasa, səndə olsun! - Sonra səsini yumşaldaraq, sanki kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi əlavə edərdi: - Dərs oxuyun, bala, məktəbdə kitab oxuyarlar, elm öyrənərlər, sevgi-mevgi yaşınız deyil sizin!

Hindistan filmləri ilə boyüyən Zeynal Mahizərə o zaman əsgərlikdən gəldikdən sonra evlənəcəklərini vəd etsə də, zaman çarxını öz tərəfinə fırlatmaqda israrlı idi. Zeynal əsgərlikdən dönər-dönməz nənəsi Təzəgül onu qonşuları Fərrux kişinin nəvəsi ilə evləndirəcəyini dedi, hətta nəvəsinin əsgərlikdə olduğu dönəmdə bir neçə dəfə qızgilə “kəşfiyyata” getdiyinə də eyham vurdu. Zeynal bu məsələdən pərişan olaraq, Mahizərlə görüşməyi, olanları ona nəql edib, çıxış yolu tapmağı düşündü. Əsgərlikdə qızla məktublaşan Zeynal hər məktubunda qıza evlənəcəyini vəd etdiyindən, qız evində artıq “toy” idi. Bu cür vur-çatlasının qarşısında Mahizərə dili dolaşa-dolaşa, “Nənəm mənə qız gözaltılayıb” deməyin özü də hünər tələb edirdi ki, bütün olanlara yalnız indi haqq qazandırırdı. Mahizərin elə ilk sözündə üzünə vurduğu şilləni uzun müddət unuda bilmədi.

Nişanlandıqdan sonra Mahizərin adı gah dostu Kamilin dilində “hallandı”, gah da əmisi oğlu Vüqarın. Öz-özlüyündə qızın ondan bu cür acıq çıxdığını düşünürdü. Zaman keçdikcə Mahizəri unutmağa, Firuzəyə isinişməyə başladı, amma necə deyərlər, ilk sevginin odunu hər ürək söndürə bilmir! Firuzə pis qadın olmasa da, ərköyün, şıltaq və dəlisov Mahizəri onun xəyallarından tam “oğurlaya” bilmədi. Odur ki, illərlə kədərli mahnı eşidəndə ilk sevgisini xatırlayırdı... Boynuna dolanan keçmiş xəyallardan onu Mahizərin zil səsi ayırdı:

- Budur, gəlib çatdıq! Mən, bax, bu yenitikili binada qalıram, - və xamır kimi ağ ətli əli ilə hündür göydələni göstərdi.

Zeynal buradan sifarişlər alardı, hər dəfəsində də göydələnin imkanlı sakinləri onu daha çox pulla yola salardılar.

Mahizər Zeynalın bikef halda qəfil susqunluğa düşməsindən narahat oldu:

- Yorğun görünürsən yaman, düş gedək evə, bir stəkan çay içib özünə gələrsən, sonra da evə gedərsən. Bu günlük bəsdir çalışdığın. - Etiraz etmək istəyən Zeynalın sözünü dərhal kəsərək, lap idarə müdirləri kimi qısa şəkildə səsinin tonunu qaldırdı: - Bilirəm, bilirəm, planını da ödəyəcəksən, arvad-uşağının yanına da əliboş getməyəcəksən! Hər halda, anlayıram, çətindir, pandemiyadır!

Pandemiya sözünü Mahizər xüsusi şövq və ehtirasla vurğuladı; elə söylədi ki, Zeynalın tükləri biz-biz oldu. Tez beynində sonuncu dəfə Firuzənin daima ətli borş qoxan sinəsinə toxunduğu məqamı xatırlamağa çalışdı, yadına düşmədi. Sanki Firuzə ilə ortaq uşaqları da onların “haqq-hesabları ucbatına” bu gen dünyanı gəzib dolaşmırlarmış heç! Qəribədir, amma Mahizərlə əsgərlikdən qabaq, son zəng günü göl qırağındakı söyüd ağacının altındakı bütün nəvazişləri xatırlayırdı. Yenə də şirin xülyalardan Mahizər onu dartıb göydələnə sarı səslədi:

- Gəl görək, axşam oldu day!

Avtomobildən enərək, günahkar uşaqlar kimi başını yerə dikərək, vaxtı ilə sevdiyi qızın arxasınca getdi. Liftlə on dördüncü mərtəbəyə qalxdılar, Mahizər qapını öncə açarla, sonra barmaq toxunuşu ilə təsdiqləyərək açdı. Bu yeniliyin Zeynal ilk dəfə idi ki, şahidi olurdu. İçəri girər-girməz Mahizər onu məxmər tünd bənövşəyi tərliklərlə qarşıladı, əl-üz yuyan yeri göstərərək, özü də paltarını dəyişəcəyini deyərək, yataq otağına keçdi. Yarımodern üslubda bəzədilmiş iri otaqlarda olduqca zəngin bir insanın yaşadığı açıq-aydın bəlli olurdu. Divar boyunca asılmış bahalı rəsm əsərləri, onlara yaraşan mebel dəstləri, hətta uyğunluğu ilə valeh edən çılçıraqlar və pərdələr belə xüsusi zövq sahibindən bəhs edirdi. Bütün gözəllikləri az qala ağzı açıq izləyən Zeynalı Mahizər boynuna dolanaraq ayıltdı:

- Sənə nə az, nə çox, hələ ki, üçcə yüz manat gətirdim, - o çaşqınlıq içində qalan keçmiş sevgilisini divana sarı apararaq cibinə üç yüzlük dürtdü.

Zeynal bu pulların çox olduğunu, əslində onu “pay” olaraq sifariş pulundan imtina etmək istəyini söyləsə də, Mahizər uzun süni dırnağı ilə onun dodaqlarına bir toxunuşu ilə susdurdu:

- Naz eyləmə, axı pandemiyadır.

Zeynalın beynində dərhal Firuzənin uzun siyahısı canlandı; nəhayət ki, bu gün evə lazım olanları ala biləcək, üstəgəl, şirkət də narazı qalmayacaq, planı da ödəyəcək!

Mahizər qırmızı rəngdə ağ xalata dəyişdirdiyi geyimində olduqca yaraşıqlı görünürdü; onun büllur kimi ağ sinəsi tam örtülmədiyindən, Zeynalın bütün fikrini özünə çəkirdi. Qadın ayağa qalxaraq masa üzərindəki şərabdan iki qədəhə süzdü:

- Yenidən qarşılaşmağımızın şərəfinə!

Zeynal dolu qədəhdən bir udum içdi, elə iki dəqiqədən sonra başı gicəllənməyə, Mahizərin xoş qoxulu sinəsinə doğru əyilməyə başladı.

Mahizər isə bu an ötüb-keçənləri xatırlayır, həyata keçməyən arzularını dilə gətirir və Zeynalı onu bir daha tək buraxmamağa səsləyirdi:

- Əgər Tanrı bizi yenidən qarşılaşdırıbsa, bu o deməkdir ki, biz əbədi olaraq bərabər olmalıyıq! - Mahizər onu ətli dodaqları ilə öpüşlərə qərq etdi.

Zeynal yüngülcə duman bürüyən beyninin nisbətən açıq hissələrində Mahizərin nəyə eyham etdiyini anlamağa çalışsa da, susaraq fikirlərinin davamını dinləməyi üstün bildi. Mahizər isə al-qırmızı xalatının yaxasını aça-aça davam edirdi:

- İstəyirəm bu gündən sürücüm olasan! Sənin ayrılmağını belə istəmirəm ailəndən! - Mahizər planını açıqladı. - Sadəcə olaraq, gəl-get, bəsimdir! Qızımız olsun, adını isə, adını... - Mahizər susdu, sanki daha gözəl ad seçirmiş kimi düşünürdü: - Adını isə Pandemiya qoyarıq! Axı o pandemiyada doğulacaq!

Pandemiya sözündən diksinən Zeynal yarıçıplaq üzərinə sərilmiş Mahizəri itələyərək yerə sərdi; o, bir anlıq çayxanada söylənilən xəstəliklə bağlı olacaqları göz önünə gətirdi, ona elə gəldi ki, Pandemiya adlı çürüyən iri qız övladı var və insanları diri-diri udur, parçalayır. Bu üfunət dolu murdarlığı o dərəcədə yaxınlqda hiss etdi ki, dərhal ondan yaxa qurtarmağa can atdı!

Mahizər pərt halda əlləri ilə döşlərini gizlətməyə çalışdı. Zeynal qapıya tərəf addımladıqda, arxasınca az qala qaçan Mahizərə sarı dönüb xırıldadı:

- Tanrı əslində sənin nə olduğunu sübut etmək üçün bizi qarşılaşdırdı; o məni vicdan yükündən sadəcə xilas etmiş oldu!

Çaşqınlıq içərisində zil qara gözləri bulud kimi dolmuş Mahizəri geridə buraxaraq, sürətlə pilləkənləri enirdi. Yalnız avtomobilinə əyləşdikdə, cibindəki üç yüz manatı çıxararaq, sahibəsinə geri qaytarmağı düşündükdə, qapının xüsusi kodla açıldığını xatırlayaraq, fikrindən daşındı. Bir də ki, bu ünsiyyət üçün yeni fürsət ola bilər! Qoy hər şey necə olubsa, elə də qalsın!

Avtomobilini işə salmadan öncə bir qədər fikirləşərək, çalışdığı taksi şirkətinə zəng etdi. Telefonun digər tərəfində nazik səsli gənc qız nə lazım olduğunu soruşdu. Zeynal özünü təqdim edərək, şirkətdən uzaqlaşdığını dilə gətirdi.

- Xahiş edirəm, şirkətin sistemindən məni xaric edəsiniz, şəxsi fəaliyyətə başlayacam.

Operator qızın maraq dolu sualı ləngimədi:

- Şirkətdən ayrılma səbəbini bölüşə bilərdinizmi?

Bir qədər susaraq iri göydələnli evin on dördüncü mərtəbəsinin eyvanına baxdı. Mahizər iri al parçaya bənzəyən plakat kimi Bakının axşam küləyində dalğalanırdı.

- Qürursuz qadın, - deyə fikrini dilinə gətiridiyində, operator qızın çaşqınlığı ilə qarşılaşdı:

- Bağışlayın, söylədiyinizi aydın eşitmədim!

Tez özünü ələ aldı, maşını işə salaraq bir nəfəsə dedi:

- Səbəb pandemiyadır, xanım qız, yalnız pandemiya...

Tarix
2021.08.18 / 02:46
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla