Bu xatirə yazı 21 il öncə
dərc olunub. Şövkət Səlimov Azərbaycan mətbuatı, teatr tarixinin
nadir bilicilərindən olan Qulam Məmmədlinin ömrünün sonlarında
söylədiklərini qələmə alıb.Yazını ixtisarla diqqətinizə
çatdırırıq.
"Keçən il qəzetdə xəbər verdilər, televiziyada göstərdilər ki,
Novruz Bayramı münasibətilə "Molla Nəsrəddin" jurnalı bundan sonra
rəsmi surətdə çıxmağa başlayacaqdır. Quru söhbətdən başqa bir şey
olmadı...
"Molla Nəsrəddin"dən sonra o cür "Molla Nəsrəddin" çıxarmaq,
mənim fikrimcə, mümkün olmayacaqdır. Çünki o vaxt dövr, şərait,
insanlar, vəziyyət başqa idi. Mirzə Ələkbər öləndən, Mirzə Cəlil
çıxıb gedəndən və Birinci Dünya müharibəsi başlanandan sonra
gördüyümüz "Molla Nəsrəddin"dən demək olar ki, heç nə qalmadı.
Hətta bu jurnal sovet vaxtında, 1922-ci ilin axırından başlayaraq
çıxandan sonra da əvvəlki "Molla Nəsrəddin"ə qətiyyən bənzəmirdi.
Kitablarımda mən bunları yazmışam. Orda bir dənə özümdən fikir
deməmişəm. Hamısı sənədlər əsasında! Elə o vaxt Mirzə Cəlil
Ordubadiyə yazıb ki, "Səid axır ki, bildiyini elədin. Gələn
nömrədən başlayaraq əgər siz o jurnalda "redaktor C.Məmmədquluzadə"
yazsanız, mən bilirəm ki, haralara müraciət eliyərəm".
Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla
Nəsrəddin"in ən qəddar düşməni Ordubadi olub. Sizə 20-30 sənəd
göstərərəm.
İndiyə kimi çoxları elə bilir ki, 1907-ci ildə "Molla Nəsrəddin"
jurnalını mollaların Nikolaya şikayəti nəticəsində bağladılar.
Başdan ayağa yalandır. Tarixi sənədlər var.
Türkiyə sultanı Əbdülhəmid Rusiya imperatoru Nikolaya yazıb:
"Sənin məmləkətində "Molla Nəsrəddin" adlı jurnal çıxır və məni
biabır eləyir. Halbuki, sənin Hacı Zeynalabdin Tağıyevin Quranın
dörd cildlik qızıla tutulmuş tərcüməsini mənə töhfə göndərib. Mənə
qiymətli töhfə göndərməkdənsə barəmdə biabırçı sözlər yazan "Molla
Nəsrəddin" haqqında bir tədbir görün". Sultanın xahişi, imperatorun
göstərişi, Zaqafqaziya namestnikinin (canişininin-red.) əmri ilə
jurnal bağlandı. Bir aydan sonra Mirzə Cəlil gedib rayon
məhkəməsində (onda deyərdilər "mirovoy sud") sübut eləyib ki,
onların bu fikri səhvdir, jurnalın bağlanması üçün heç bir səbəb
yoxdur. Və gedib jurnalının çapını davam elətdirdi. Halbuki o vaxt
Rusiyada qanun belə idi ki, siz bir qəzet çıxartdız, o qəzeti
bağladılar, ikinci dəfə o adda qəzet-jurnal çıxara bilməzsiniz
("İqbal", "Yeni İqbal", "Səda", "Yeni Səda" və s.) Ancaq, "Molla
Nəsrəddin" jurnalı Nikolayın vaxtında 1906-cı ildən 1917-ci ilədək
dəfələrlə bağlansa da, öz adıyla çıxdı...
Mənim bir şəklim var. 1926-cı ildə çəkilib. Əli bəy Hüseynzadə,
Bartold (V.V.Bartold-red.), Körpülüzadə (F.Köprülüzadə-red.),
türkoloq Menşel (T.Menzel-red.) və mən təsvir olunmuşam orda.
"Maarif və mədəniyyət" jurnalının yanvar və ya fevral nömrəsində
verilib... Mənə on adam söz verib ki, gedib o şəkli taparam. Bir
surəti var məndə, ancaq keyfiyyətli alınmayıb... Əgər ciddi surətdə
maraqlanırsınızsa, 1926-cı il yanvar-fevral aylarındakı "Oqonyok",
"Niva", "Maarif və mədəniyyət" jurnallarına baxın... O vaxt birinci
türkoloji qurultaya gəlmişdilər...
Müşfiqlər, Cavidlər, Cəfər Cabbarlılar, Hadilər, Sabirlər...
Bunlar öz istedadlarının qurbanı olublar...
Dünya belədi… 1924-25-ci illərdə Nigar Rəfibəyli cavan
azərbaycanlı qızı, istəyir Azərbaycanda mədəniyyət yavaş-yavaş baş
qaldırsın, Əliheydər Qarayev onun haqqında "Kommunist" qəzetində
bir yazı yazmışdı ki, adam oxuyanda utanır. Deyəsən ay insafsız,
axı cavan şairəni də o şəkildə yazıb oxucuya təqdim edərlər?..
Mən istəmirəm burda ad çəkim. Ancaq, elə adamlar göylərə
qaldırılıb ki, onun heç yerdə də işi yoxdur. Düzdür?
Mənim ədəbiyyatla bacardığım qədər məşğul olmağım, fəaliyyətim
1916-cı ildən başlanır. O vaxta qədər mən praktik bir iş
görməmişəm. Həmin il ədəbiyyatda mənim birinci yazım çıxıb və o
yazı ilə də mən başlamışam...
Bax, bu təhər...
Mənim xoşbəxtliyimin, mətbuata gəlməyimin əsas səbəbi Mirzə
Cəlil Məmmədquluzadə olub. 1923-cü ilin 5 iyulundan... Mirzə
Cəlillə saatlarla oturub söhbət eləmişik.
Cavidlə münasibətimiz çox yaxşı idi. Mənə bir gün dedi ki,
Qulam, dur, get şeirlərini gətir, oxuyum görüm necə yazırsan? Dedim
ki, Cavid Əfəndi, mən şeir yazmıram. Dedi:-Yaxşı eləyirsən.
1926-cı ildə yeni əlifbaya keçmək məsələsi müzakirə olunanda,
sədrliyi Nəriman, katib Cavid, yox, yox, müavin Cavid, katib
Abdulla Şaiq olduğu zaman Mirzə Cəlili qurultaya heç qonaq kimi də
çağırmamışdılar... O adam ki, birinci cümlədən ərəb əlifbasının
əleyhinə olub, bu cür adamı saymamışdılar... Əliheydər Qarayev,
Həbib Cəbiyev, Mirzə Davud Hüseynov, ondan sonra Ruhulla Axundov və
bir çox başqaları deyirdilər ki, "Molla Nəsrəddin" boş söhbətdi,
yeni əlifbanın Azərbaycanda pionerləri bizik. İş o yerə gəlib
çatmışdı ki, Əli Vəliyev, Əlyar Qarabağlı, başqaları götürüb
qəzetlərdə şəkil verirdilər, məqalə yazırdılar ki, "Mirzə Cəlil,
sən həyatdan geri qalmısan, bu günün adamı deyilsən, sən çoxdan
sıradan çıxıb getmisən, rədd ol başımızdan!" Bunların hamısı
bir-bir dokumentdi, açaram qəzeti, qoyaram qabağınıza deyərəm, bax
budu...
Mirzə Cəlili basdıranda, nə vaxt ki, tabutu uzatdılar qəbrə,
üstünə torpaq tökdülər, Mehdi Hüseyn dedi ki, Mirzə Cəlil, sən sağ
ikən sənnən mübarizə apardıq, öləndən sonra da sənnən mübarizə
aparacağıq...
Mirzə Cəlil ağzını açıb bir kəlmə tənqidə cavab verməzdi. Cavid,
Cəfər Cabbarlı da onun kimi. Seyid Hüseyn bəzən dözməyib cavab
verirdi. Tənqid yağışı yağırdı, bunlar lal-kar oturub qulaq
asırdılar. Bircə yerdə Cavid özünü saxlaya bilmədi. Mehdi Hüseyn
deyəndə ki, Sən xırda burjua şairisən, yerindən qalxıb, "mən iri
burjua şairiyəm" dedi...
1926-cı ilin əvvəlindən Bakıda "Maarif və mədəniyyət" adında
ədəbi-siyasi gözəl jurnal çıxdı. Oxucusu günü-gündən artmağa
başladı. Həbib Cəbiyev də getdi "Qızıl qələm" çıxardı. Dörd nömrəsi
çıxdı, beşincidə bağladılar... hansı işimiz belə deyil, hamısı
belədir...
1930-cu ildə Həbib Cəbiyev Avropadan müalicədən sonra qayıdıb
Bakıya gəldi. (Cəbiyev Həbib Pircan oğlu (1899-1938) — siyasi və
dövlət xadimi, publisist.Həbib Cəbiyev 1915-ci ildə inqilabi
hərəkata qoşulmuş, 1918-ci ildə "Hümmət"in üzvü olmuş, Balaxanı
təşkilatının katibi seçilmişdir. AK(b)P daxili ixtilaflarında
Nəriman Nərimanova qarşı duran qrupun üzvü olub. 1922-1923-cü
illərdə Moskvada "Qızıl Şərq" jurnalının, sonra Azərbaycanda
"Kommunist" qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə
güllələnib.-baki-baku.az). Gələn gündən də başladı Əhməd Cavad
əleyhinə çıxış etməyə. Hamı deyirdi ki, Həbib müəllim, Əhməd Cavad
indiyədək bir dənə antisovet şeir yazmayıb. Deyirdi ki, yox yazıb.
O yazıçıları bir-bir çağırırdı yanına və onlara tapşırırdı ki,
Əhməd Cavad əleyhinə məqalə yazsınlar. Razılaşmayanlara da düşmən
kəsilirdi. Əli Hüseynzadə adında savadlı tarixçi, namuslu insan var
idi. Yeddi il həbsdə olmuşdu. Həbib Cəbiyev onu da çağırıb Əhməd
Cavad əleyhinə material yazmağa təhrik etmişdi. Uzun mübahisədən
sonra Əli Hüseynzadə "Kommunist"in inadkar redaktorunun gözünün
qabağında qələmini sındırmışdı. Ondan sonra Əli bir kərə də şeir
yazmadı... Eh, ömrümün axırında belə sözlər danışacağam, aləm
dəyəcək bir-birinə...
Mir Cəfər Bağırov filarmoniyanın yay zalında iclas keçirirdi.
Mən də orada idim. Dəqiqliklə yadda saxlamaq çətindir. Amma onu
dəqiqliklə xatırlayıram. Mir Cəfər açıq dedi Məmməd Arif
Dadaşzadəyə ki, sən Türkiyə şpionusan! Məmməd Arifin görünür
iradəsi varmış, səsini çıxarmadı, dözdü, dayandı. O qədər ki, Mir
Cəfər aradan getdi. Elə o iclasda Mir Cəfər Heydər Hüseynovun da
üstünə qışqırıb onu da Türkiyə şpionu adlandıranda o getdi özünü
bağda ağacdan asdı...
Mirzə Cəlil, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev...
Bunlar 37-dək qalsaydılar mütləq tutulub güllələnəsi idilər. Ölüm
onları xilas etdi.
Mənim axırım çox pis günə qaldı. Xəstəlik... Əsl səbəbi
bilirsiniz nədi? Çox oxumaq. Mən 1912-ci ildən, - mətbəəyə girəndən
indiyə kimi oxumaqla məşğul olmuşam. Həm sənətim kimi, həm də
maraqlı oxucu kimi. O hal buna gətirib çıxardı ki, gözlərimin nuru
getdi. Əvvəl sağ gözüm tamam tutuldu, indi də sol gözüm... Yüzdə,
bir yarım faiz görürəm dünyanı...
Təqribən on beş il bundan qabaq, Əkrəm Əylisli redaktor olanda
mənim tərcümeyi-halımı yazdırdı. Necə könlüm istəyir, necə bilirəm,
elə yazdım. Oxudu, dedi Qulam müəllim, çap edəcəyəm. Aldı. Əkrəm
Əylisli redaksiyadan getdi və o tərcümeyi-hal "Azərbaycan"
jurnalının arxivində indiyəcən yatıb qalır...
Mən öləndən sonra danışacaqsınız... Nə qədər sağam, heç kəsin də
yadına düşməyəcəyəm. Elə indi vəziyyət belədir... Bir tək mənnən
belə deyil..."
Baki-baku.az