Yuxarı

“Qalxa bilməsinlər üzümüzə tüpürməyə...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qalxa bilməsinlər üzümüzə tüpürməyə...”

Dünya ədəbiyyatında müharibə mövzusunda "Hərb və sülh", "Qərb cəbhəsində yenilik yoxdur", "Əcəl zəngi" kimi möhtəşəm əsərlər yaranıb. Eləcə də dünya şöhrətli yazıçıların müharibə zamanı qələmə aldıqları əsərlər bu gün də böyük maraqla oxunur.

Axar.az mövzu çərçivəsində ədəbiyyat adamlarının müharibə vaxtı və ya hərbi xidmət zamanı yazdıqları şeirlərlə bağlı xatirələrini öyrənib:

Ehtiram İlham: "28 il əvvəl hərbi xidmətə başlamışam. 1988-ci il oktyabrın sonunda "Komsomol" adlanan təşkilatın yaranmasının 70 illiyi ilə bağlı hər yerdə müsabiqələr, tədbirlər keçirilirdi. Hərbi xidmət keçdiyim Ukraynanın Krivoy-Roq şəhərindəki hərbi hissədə də belə bir müsabiqə təşkil olunmuşdu. Yazıya marağımı bilən komandirim məni zorla orada iştirak etməyə məcbur etdi. Mən də Səməd Vurğunun "Azərbaycan" şeirini Vladimir Qafarovun gözəl tərcüməsində – rusca söylədim. Sonra aparıcı elan verdi ki, əsgər Məmmədov indi də öz şeirini deyəcək. Bundan bir neçə ay əvvəl anam zəng etmişdi. İnanılmaz idi, çünki ona qədər heç bir əsgərə belə uzaq yerdən zəng gəlməmişdi. Anamın səsini eşidib ağlamışdım o vaxt:

Telefon telləri yetdi hayıma,

Gəldi qulağıma səsin, ay ana.

Belə misralarla başlayan bir cızma-qaram vardı. O şeiri də müsabiqədə söylədim – özü də ana dilimdə. "Azərbaycan" şeirini deyəndə də xeyli alqışlanmışdım, amma bu dəfə daha çox alqışlandım. Müsabiqənin sonunda məni qalib seçib, mükafat – məzuniyyət verdilər. Sovetin vaxtında əsgər olmuş gənclər, xatirə olaraq adətən albom hazırlayardılar. Mən isə albomla yanaşı "Əsgər dəftəri" adlı böyük bir dəftərdə yazılarımı toplamışdım. Həmin dəftəri rəhmətlik Hüseyn Arifə də təqdim etmişdim".

Saday Şəkərli: "Mən institutu bitirəndə artıq leytenant rütbəsi almışdım, buna baxmayaraq, son hərbi təlimlərimiz Tatarıstanda keçirildi. Tatarıstan Yazıçılar İttifaqı məni üç aylıq hərbi təlimlərdən azad etmək üçün Hərbi rəhbərliyə məktub yazdı və cəmi on gün geyindiyim əsgər geyimi ilə birdəfəlik vidalaşdım".

Aqşin Yenisey: "Əsgərlikdə "N saylı həyat" adlı bir sicilləmə yazırdım. Əsgərlikdən sonra ondan bir hissəni o vaxtkı "Sənət" qəzetində çap da etdirdim. Oxuyanda gördüm ki, ayrı-ayrı fraqmentlərdən savayı boş-boş söz yığınıdır. Hamısını cırıb atdım. Amma əsgərlikdə şeir yazmağım yadıma gəlmir".

Akif Əhmədgil: "Universiteti qurtarandan sonra 1983-də Moskvada, Vladimir şəhərində və 1986-cı ildə Gürcüstanda bir aylıq hərbi toplantıda olmuşam. Oradan bizi Əfqanıstana – Məzari-Şərif vilayətinə göndərmək istəyirdilər. Lakin sonra sovet qoşunlarının Əfqanıstandan çıxmaq məsələsi gündəmə gəldi və biz gedəsi olmadıq. Moskvada olanda bir məzəli şeir yazmışdım. Azərbaycanlı uşaqlar, az qala, əzbər bilirdilər, amma indi şeiri unutmuşam. Petrakov adlı bəstəboy bir mayor vardı, azərbaycanlıları görməyə gözü yox idi. Bu şeiri ona həsr etmişdim:

Yaman açdı Petrakov başımıza oyunu

Yerə soxaq deyirəm bu liliputun boyunu".

Fərid Hüseyn: "Hərbi xidmətin çoxunu, az qala, kompüter arxasında keçirmişəm. Şeir yazmaqla yanaşı tərcümələr də etmişəm. Sevdiyim xanıma şeirlər yazmışdım, dünya ədəbiyyatı barədə 4-5 esse də qaralamışdım. Asudə vaxtlarda mütaliə də edə bilirdim".

İbrahim İlyaslı: "Əsgərlikdə Hərbi Tribunalın hökmü ilə həbs edildim. 1 il 6 ay müddətinə Cəza Batalyonuna (Disbata) göndərildim. Bu da o günlərin şeiri:

Bu da sənin tək otaqlı mənzilin,

Atam oğlu, ev-eşiyin mübarək.

Həyətində keşikçilər tətikdə,

Həyət-bacan və keşiyin mübarək.

Əvvəl-axır təpildinmi qınına?

Quşluğuyla quş səkəmməz yanına".

Emin Piri: "Həmin vaxtlar səngərdə tağım komandiri idim. Axşamlar yazmaq imkanı olmurdu. Romantika zamanı deyildi. Belə bir müharibə şeiri yazmışdım:

Şəhid məzarlarını mərmərə bükdük.

daş qoyduq başlarına,

qalxa bilməsinlər

üzümüzə tüpürməyə".

Əkbər Qoşalı: "Mən zabit olmuşam. O illərin 3 ayı talış dağlarında keçib və o dağlarda daha öncə yazdıqlarım qədər şeir yazmışam. İstərdim, "Bir nöqtə" şeirimdən bu bəndi deyim:

Fikirlərim bir batmandı axşamlar,

Ürək sızlar, ax, pərvanə, ax şamlar...

Qara günlər ağ ömürdə axşamlar,

Baxarsan ki, min sualdır... bir nöqtə..."

Vasif Süleyman: "Əsgərlikdə olanda çox az, haradasa, 2-3 şeir yazmışam, əsasən də əsgərliyə aid olub. Onlardan birindən bir bənd deyim:

Gözümü yumuram, açılır səhər

Tezcə oyanıram hələ gecədir.

Orduda hər işdə sayılan əsgər,

Bir qızın nazıyla aran necədir?"

Kəmaləddin Qədim: "Vətənin, el-obanın dərdini həmişə yaxşı kişilər öz ürəklərində daşıyıblar, öz çiyinlərində gəzdirib. Vətənin ən ağır günlərində də yaxşı kişilər yenə öndə oldular. Onlara ithaf olunan şeirdən bir bənd deyim:

Zaman çox atlını atından salır,

Yenə kişilərdi səyirdən atı.

Vətən kişilərdən əmanət qalıb,

Vətən kişilərin umudunadı".

Balayar Sadiq: "Əsgərlikdə zabit olmuşam. Bu şeiri Füzuli-Cartaz istiqamətində gedən döyüşlər vaxtı – 1992-ci ildə yazmışam:

Söykən bu qarşı dağlara,

Burda hər daş, qaya səngər,

Şəhid qanı axan yerdə

Hər pıçıltı, qiyyə səngər.

Könül, çəkmə dərdin nazın

Düyməsi açılıb yazın.

Eşqi çiçəkləyən qızın

Üzündəki həya səngər".

Tarix
2015.11.15 / 09:30
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla