Son zamanlar dünyada
bestseller olmuş bədii əsərlər dilimizə tərcümə edilir. Bu prosesdə
həm Nobel mükafatı almış yazıçıların, həm də dünya klassiklərinin
bədii nümunələri oxuculara təqdim olunur.
Axar.az bu mövzu çərçivəsində ədəbiyyat adamlarına belə bir
sualla müraciət edib:
"Xarici dildə olan hansı əsərin Azərbaycan dilinə
tərcümə olunmasını zəruri hesab edirsiniz?"
Tənqidçi Əsəd Cahangir postmodern, modern və fəlsəfi
üslubda yazılmış əsərlərin tərcüməsini vacib bilir:
"Ceyms Coys - "Uliss", Marsel Prust - "İtirilmiş vaxtın
sorağında" və Tomas Mann - "Sehrli dağ".
Coysun romanı dünya ədəbiyyatında intellektual romanın ən
klassik nümunəsidir. Bəzən onu postmodernizmin ilk nümunələrindən
biri sayanlar da var. Homerin məşhur "Odisseya" dastanının
modern-postmodern versifikasiyasıdır. Əsas ideyası budur ki, məişət
ən böyük istedadın belə qanadlarını qırır. Bununla da o,
"Odisseya"da irəli sürülən insanın ən böyük səadəti onun öz
vətəninə, evinə, ailəsinə qovuşmasıdır - ideyasına dekonstruktiv
münasibətini ifadə edir. Romanın ən qabarıq xüsusiyyəti dünya
ədəbiyyatı ilə bağlı saysız-hesabsız gizli və açıq sitatlarla
səciyyələnməsidir. Odur ki, onu oxumaq əslində, bir neçə minillik
dünya mədəniyyəti tarixini vərəqləmək deməkdir.
Marsel Prustun romanı isə dünya modern romançılığı ənənəsinin
əsasını qoyan əsərlərdən biridir. Bu romanda irəli sürülən
subyektiv zaman anlayışı onu müəyyən qədər ekzistensialistlərlə
yaxınlaşdırır. Yəni hər kəsin daxilində hansı zamandırsa, o, həmin
zamanda yaşayır. Zahiri, obyektiv yox, əsas olan daxili-subyektiv
zamandır. Daxili zaman insana hansısa təsadüfi impuls vasitəsilə
açıla bilər. Prust bu romanı ilə dünya nəsrində şüuraltı axın
prosesini verməyin klassik örnəyini yaradıb.
Tomas Mannın "Sehrli dağ" romanı bu əsərlərlə müqayisədə daha
ənənəvi üslubda yazılıb. Bu, fəlsəfi romandır. Romanda təsvir
olunan sehrli dağdakı sanatoriya Avropa cəmiyyətini işarələyir.
Buradakı xəstələr iki dünya müharibəsi arasında mənən və ruhən
xəstələnmiş Avropa insanına işarədir. Avropa özünün bütün
liberalizmi, konservatizmi və gedonizmi ilə özünü məhvə aparır.
Xüsusən də ziyalıların "xəstələnməsi" xəstəliyin arzuolunmaz
perspektivindən xəbər verir. Onu ölüm gözləyir. Bütün dekadent
əhvalına baxmayaraq, Tomas Mannın romanı faşizmin törədəcəyi
fəlakətlər haqda öncədən verilən xəbərdarlıq idi. Bu gün də o
xəbərdarlıq qüvvədədir".
Yazıçı Etimad Başkeçid vacib bildiyi romanların artıq
ikisini tərcümə edib:
"Elizabet Qaskell -"Şimal və Cənub", Alberto Moravia -"Çoçar",
Erik Emmanuel Şmitt - "Oskar və Çəhrayı qadın". Sonuncu iki romanı
dilimizə çevirmişəm, "Oskar və Çəhrayı qadın" yaxın vaxtlarda
"Xəzər" jurnalında çap olunacaq, "Çoçara" isə kitab halında nəşr
olunacaq".
Dramaturq Firuz Mustafa zəruri hesab etdiyi üç əsərin
adını çəkdi:
"Saltıkov-Şedrinin "Bir şəhərin tarixi", Stefan Sveyqin "Mariya
Stüart" , Frans Kafkanın "Proses" romanlarının dilimizə
çevrilməsini arzu edərdim. Düzdür, bu əsərlərdən müəyyən parçalar
tərcümə olunub, amma bütöv tərcümə rastıma çıxmayıb".
Şair Zahid Sarıtorpaq dilimizə qiymətli əsərlərin
tərcümə edilməsini istəyir:
"Yukio Misimonun "Qızıl məbəd" və çex yazıçısı Mixal Ayvazın
"Başqa şəhər" romanının dilimizə tərcümə edilməsini məsləhət
görürəm. Bu əsərləri mən ruscadan oxumuşam. Bunlar həqiqətən
qiymətli və seçilən əsərlərdir. Ona görə onları Azərbaycan dilində
də görmək istərdim".