Əksər ədəbiyyat adamları mətbuatda çalışdıqları üçün
onların irihəcmli nəsr əsəri yazmağa lazımı qədər enerji və
vaxtları qalmır. Sizcə, bu vəziyyət Azərbaycan ədəbiyyatının sonunu
gətirə bilərmi? Yəni nəsrdə müəyyən bir nəsil tükənməsi ola
bilərmi? Bəs siz özünüz mətbuatda çalışan yazarlara hansı yazı
rejimini tövsiyə edirsiniz?
Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.
Səfər Alışarlı mətbuatın ədəbiyyat adamının düşüncə
tərzinə və üslubuna mənfi təsir etdiyini bildirib:
"Yaradıcı şəxsin mətbuatda çalışması arzuedilməzdir. Mətbuat
dibsiz yazı quyusudur, nə qədər yazırsan, dolmur ki dolmur. Bu quyu
ədəbiyyat adamının vaxtını, enerjisini alır, onun düşüncə tərzinə
və üslubuna mənfi təsir göstərir. Sovet dövründə ədəbiyyat
adamlarının qəzetdə, jurnalda çalışmasına çoxları qibtə ilə
baxırdı, çünki çörək qazanmağa başqa yer yox idi. Bu gün elə
baxmasalar da, mətbuat yaradıcı adamlar üçün çörəkxana funksiyasını
itirməyib. Hər bir yaradıcı nəslin nümayəndələri arasında elə böyük
istedadlar var ki, onları mətbuata yaxın buraxmaq günahdır.
Məsələn, siz baxın Kəramət Böyükçölün müsahibələrinə, yaxud Şərif
Ağayarın nəsrinə, Murad Köhnəqalanın, Mövlud Mövludun, Aqşinin
yazılarına. Siyahını artırmaq da olar, əlbəttə. Bu adamların bu gün
qəzetçiliklə məşğul olması ədəbiyyatın ziyanınadır. Məncə, belə
istedadları hər hansı bir fond himayəyə götürüb, onların yaşayış
minimumunu təmin etməlidir. Yeni ədəbiyyatın cəmiyyətdə yaratdığı
impulsları ictimai həyatda dərhal görmək mümkün deyil. Bu, bizim
fondları, xeyriyyəçiləri və digər əlaqədar təşkilatları
çaşdırmamalıdır. Məsələ burasındadır ki, cəmiyyətin hər gün ala
bilmədiyi istedadlı ədəbiyyatın yeri istər-istəməz istedadsız,
mənəviyyata və ictimai əxlaqa zidd bozumtul yazı-pozularla,
biabırçı detektivlə dolur. "Ədəbiyyat" adı ilə cəmiyyətə daxil olan
hər şey özündən sonra növbəti dalğanı yaradır. Yaxşı olardı ki, bu
dalğa həqiqi mənəvi dəyərlərin təntənəsinə, mübariz, cəsur insanın
formalaşmasına xidmət etsin".
Aqşin Yenisey mediadakı tələskənliyin ədəbiyyat
adamlarının mətnlərinə mənfi təsir etdiyini düşünür:
"Yaradıcılıq zövq məsələsidir, ona görə də yazmaq da oxumaq kimi
vaxt tələb edən bir prosesdir. Mediadakı qaça-qaç bu gün yazılan
bütün bədii mətnlərə mənfi təsir edir. Vaxtı olanların isə zamanı
duymaq hissiyyatı korşalıb. Allahın özündən ki qüdrətli deyilik! O
istəsəydi, elə bircə kəlmə "Ol" deyərdi, dünya da mil kimi
dayanardı qabağında. Amma Allah da altı gün səbir etdi, dönə-dönə
əzib, yenidən yoğurdu və s. Təsəvvür edin, mənim milli şüurum türk
köçəri şüuru, həyatım da qaçaqaçda, görün mənim yazdığım roman nə
gündə olacaq. Roman oturaq həyatın janrıdır".
Cəlil Cavanşirin fikrincə isə yazıçıların mətbuatda
çalışması ədəbiyyata ciddi ziyan vurmaz:
"Yazıçıların əksəriyyətinin mətbuatda çalışması zəruridir. Bu
gün media orqanlarında çalışan yazıçıların ailəsini dolandırmaq,
yaşayışını təmin etmək üçün başqa şansı yoxdur. Yazıçılıq
Azərbaycanda qazanc gətirməyən sahədir. Kitabların tirajı, satışı,
tərcüməsi, təbliğatı normal olmadığı üçün yazıçı ən yaxşı bildiyi
işlə, jurnalistika, köşə yazarlığı, redaktorluqla məşğul olur,
tərcüməçilik edir. Amma yazıçıların mətbuatda çalışması, Azərbaycan
nəsrinə ciddi ziyan vura bilməz. Düzdür, yazıçının mətbuatda
çalışması onun enerjisini tükədir, tənbəlləşdirir, yorur, amma
yaradıcılığa faciəli şəkildə mane olmur. Mətbuat maddi baxımdan
yazıçıya lazım olduğu kimi, yaradıcı baxımdan da kömək edir.
Mətbuatda çalışan yazıçı davamlı informasiya alır, yazı-pozu ilə
məşğul olduğu üçün daimi olaraq "formada" olur. Təbii ki, əksər
yazıçılar roman yazmaq üçün sakitliyə, təbiətə çəkilməyə ehtiyac
hiss edir. Amma müasir ədəbiyyat, müasir nəsr dinamik olmalıdır.
Məncə, bu dinamizm üçün prosesləri daha ciddi dəyərləndirmək,
izləmək üçün proseslərin yaxınında, ya da birbaşa içində olmaq
lazımdır. Bu baxımdan mediada çalışmağın faydalı tərəfləri var.
Uzun müddət mətbuatda çalışmışam və bu müddət ərzində yaradıcılığa
da davam etmişəm. Yazıçı hansı işdə çalışır-çalışsın, enerjisi
tükənəcək. Yazıçıların mətbuatda çalışmasını böyük faciə hesab
etmirəm. Məncə, daha ciddi problem yazıçının işsiz qalmasıdır.
"Zəruri tələbat mallarına" girov düşən yazıçılara görə nəsrimiz
üçün heç bir təhlükə görmürəm. Hansısa yazıçıların tükənib sıradan
çıxması ola bilər. Yazıçı mətbuatda işləməyə məcburdursa, rejimini
düzgün qurmalıdır. Gündə bir saat belə olsa, yaradıcılığına vaxt
ayırmalıdır və günün ən enerjili və gümrah vaxtını öz
yaradıcılığına həsr etməlidir. Bu baxımdan səhər erkəndən oyanıb
yazmaq, gecələri istirahətə ayırmaq texniki olaraq daha
yaxşıdır".
Mübariz Örən yazarların ən böyük probleminin vaxt azlığı
olduğunu deyib:
"Ümumiyyətlə, nəinki mətbuatda, digər başqa sahələrdə də çalışan
yazarlarımızın ən böyük bəlası, problemi vaxt çatışmazlığıdır.
Yazıçı öz işi ilə məşğul olmalıdır, - bu, vacib şərtdir, - bunun
üçün isə yazıçının irili-xırdalı məişət problemlərindən qıraq,
sakit, qapalı mühiti, guşəsi olmalıdır. Ətraf mühitdən yazı-pozu
müddəti müvəqqəti izolə olunmağa yazıçının vaxtı, yeri və vəsaiti
olmalıdır. Bizdə bu alınmır. Xüsusən gündəlik köşə yazmaq, müsahibə
almaq məcburiyyətində qalan - çünki pul qazanmağın başqa yolu
yoxdur; yazıçı hər şeydən qabaq bioloji varlıqdı və ən mürəkkəbi:
evdə onun yolunu, pulunu gözləyən balası var və s... - istedadlı
yazıçı dostlarımın durumu acınacaqlıdır. Bəli, əlbəttə, gündəlik
köşə adamı tükəndirir, enerjisini, odunu azaldır, həvəsini,
istəyini səngidir, digər tərəfdən, mövzusunu, ideyasını əlindən
alır, yazıçını öz mətnindən soyudur. Nə vaxtacan ki, yazıçı öz
zəhməti, ortaya qoyduğu bədii məhsulu müqabilində layiqli və ciddi
qonorarını almayacaq, bu, belə davam edəcək. Nə vaxtacan ki, yazıçı
kitabı kitab çıxarmaq xətrinə deyil, dəyəri, tələbatı olan əmtəə
malı kimi bazara çıxara bilməyəcək, bu, təəssüf ki, belə olacaq.
Mənim tanıdığım neçə-neçə istedadlı, enerjili gənc var ki, yalnız
öz fədakarlığı, əzmi sayəsində bədii mətnlər ortaya qoya bilir;
odur ki, ədəbiyyatımız fədakarlıq sayəsində ayaqda qalacaq,
inanıram".