Prezident İlham Əliyev "2016-cı ilin Azərbaycan
Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair
Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 11 mart 2016-cı il
tarixli Sərəncamına əsasən, yerlərdə müxtəlif tədbirlər keçirilir,
dövlət rəsmiləri bölgələrə səfər edir.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal
Abdullayevin iyulun 7-dən 10-dək Qarabağ və Gəncəbasar bölgəsinə
səfəri zamanı Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam,
Goranboy, Naftalan, Yevlax Cümə məscidləri, ziyarətgahlarda yerli
və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda,
bir neçə hərbi hissədə keçirdiyi görüşlər, etdiyi çıxışlar, görüş
iştirakçılarının səsləndirdiyi fikirlər, irəli sürülən təkliflər
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İdarə
Heyətində müzakirə olunub.
Görüşlərdə yaranan yeni ideyaların gerçəkləşməsi məqsədi ilə
Bilik Fondu Qarabağ və Gəncəbasar bölgəsində xüsusi layihələrə
başlayır. İyulun 13-də Fondun icrası direktoru Oktay Səmədov Tərtər
rayonunda olub.
Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov Fondun nümayəndələrini rayonda aparılan
tikinti-quruculuq işləri ilə tanış edib. Qonaqlar küçələrin
abadlaşdırıldığının, milli qəhrəmanlarımıza barilyeflər
qoyulduğunun, yeni kommunal xətlərin çəkildiyinin, aprel hadisələri
zamanı işğalçı Ermənistan ordusunun dağıtdığı evlərin ölkə
başçısının götərişi ilə yenidən tikildiyinin, müasir standartlara
cavab verən orijinal üslublu Şahmat məktəbi binasının inşasında
yekun işlərin aparıldığının, Tarix Diyarşünaslıq Muzeyinin
təməlqoyma prosesinin şahidi olublar, qonaqlara rayon mərkəzində
seyrangah tipli park salınacağı barədə məlumat verilib.
İcra başçısı onu da vurğulayıb ki, yerli sakinlərin Qarabağ
bölgəsi üzrə Bilik Evinin açılması ilə bağlı Fondun Tərtər ranyonu
üzrə nümayəndəsi Gülarə Əkbərovaya ünvanladıqları çoxsaylı
müraciətlər müsbət dəyərləndirilib, maarifləndirilmə tədbirlərinin
effektivliyinin artırılması üçün Tərtər Regional Bilik Evinə məkan
ayrılıb.
Fondun icraçı direktoru Oktay Səmədov 19-cu əsrdə inşa olunan
Tərtər "Cümə" məscidinin axundu Hacı Sadiq Cəfərov, onun müavini
Hacı Məhərrəmlə görüşündə bildirib ki, Azərbaycan prezidenti İlham
Əliyevin rəhbərliyi altında dövlətimizin ərazisində yaşayan bütün
xalqların dini dəyərlərinə yüksək qiymət verilir, dindarlara böyük
qayğı göstərilir, dini ocaqların fəaliyyətinə geniş imkanlar
yaradılır. O bildirib ki, məscid kitabxanalarını elmi, bədii, dini
ədəbiyyatla zənginləşdirməklə yanaşı, müxtəlif bölgələrdən olan din
xadimlərinin bir-biri ilə ünsiyyət qurmaları ideyasını
reallaşdırmaq üçün sosial, mənəvi mövzularda "Dəyirmi masa"ların
təşkili nəzərdə tutulur. Bununla əlaqədar yaxın günlərdə bir qrup
ədəbiyyat adamları ilə dindarların, yerli ziyalıların, ictimaiyyət
nümayəndələrinin Tərtər "Cümə" məscidindən başalayaraq, Qarabağ
bölgəsinin digər dini ocqlarında görüşləri planlaşdırılır.
Bilik Fondunun nümayəndələri icra başçısının rəhbərliyi ilə
Tərtərin düşmənlə təmas xəttində yerləşən "N" saylı hərbi
hissəsində əsgər və zabitlərin qonağı olublar. Əsgərlərə Ulu Öndər
Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan
kitablar, azərbaycanlı və xarici məşhur yazıçıların əsərləri,
"Akademi kitab evi"nin verdiyi 4 cildlik "Azərbaycan dastanları"
hədiyyə edilib. İcraçı direktor xalqımızın Azərbaycan ordusunun
gücünə və əzminə inandığını vurgulayıb.
Qeyd edək ki, Dövlət müşaviri yeni ünsiyyət vasitəsi kimi, hərbi
hissələrdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, alimlərlə
əsgər və zabitlərin birgə diskussiya və konfranslarının təşkili
ideyasını da irəli sürüb. Bilik Fondunun icraçı direktoru
əsgərlərin hansı mövzuda, kimlərlə görüşmək istədiklərini
öyrənəndən sonra yaxın günlərdə "İl boyu bilik" proqramı əsasında
onların arzularının gerçəkləşdiriləcəyini də deyib.
Hərbi hissəyə hədiyyə olunan kitablara görə minnətdarlığını
bildirən əsgərlər mütaliənin onlara mənəvi güc verdiyini, xüsusilə
qəhrəmanlıq dastanlarımızdan nümunə götürdüklərini bildiriblər.