Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə
Komissiyasının iclası keçirilib.
Şuradan Axar.az-a verilən məlumata görə, MŞ sədrinin müavini,
Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq
Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələ ilə
bağlı müraciəti müzakirə edib.
Azərbaycan Dəniz Administrasiyasının "Haqqınsesi.com" saytı
barədə şikayəti araşdırılıb. Komissiya rəyə gəlib ki, həmin kütləvi
informasiya vasitəsinin narazılıq doğuran yazını oradan götürməsi
müsbət haldır. Lakin bu materialda administrasiya rəhbərliyi
əsassız olaraq cinayət əməlində suçlandırılsa da sayt qarşı
tərəfdən üzr istəməyib, onun mövqeyinin öyrənilməsinə və təqdim
olunmasına cəhd göstərməyib.
Komissiya məsələyə belə məsuliyyətsiz yanaşmanın, həmçinin həmin
KİV-in "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərini pozaraq rekvizitləri
göstərməməsini, orada yayımlanan materialların əksəriyyətində etik
pozuntulara yol verilməsini "reket jurnalistika"ya xas cəhətlər
kimi dəyərləndirib. Bütün bunlar əsas götürülərək "Haqqın səsi"
saytına Mətbuat Şurasının ciddi xəbərdarlığının edilməsi, məsələnin
MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da
müzakirə olunması məqsədə müvafiq sayılıb.
Komissiya "Dünyaxeber.com" saytı barədə də eyni ölçünü götürüb.
Bildirilib ki, bu KİV-in Bakı şəhər 275 saylı orta məktəb barədə
yayımladığı yazıda "reket jurnalistika"ya xas dəst-xətt aydın
nəzərə çarpır. Saytın təlim-tərbiyə işləri üzrə direktor müavini
Arzu Əliyeva barədə yayımladığı fikirlərdə qərəz, sifariş icrası
diqqəti çəkməkdədir. Bu materiallardakı onlarla qrammatik,
orfoqrafik səhvlər isə "Dünyaxeber.com"da jurnalistikaya aid
olmayan insanların çalışdığını göstərməkdədir. Komissiya rəyə gəlib
ki, sayt Arzu Əliyevadan üzr istəməli, təkzib verməli, şikayət
doğuran fikirləri yazıdan götürməli, eyni zamanda özünün gələcək
fəaliyyətinin davam etdirməsinin nə dərəcədə məntiqə uyğunluğunu
nəzərdən keçirməlidir.
"Anaxeber.az" saytı ilə bağlı məsələnin də həmin komissiyada
baxılması barədə razılığa gəlinib. İclasda vurğulanıb ki, bu KİV-in
Kürdəmir rayon icra hakimiyyətinin başçısı Çeyhun Cəfərov barədə
yayımladığı materialda "Azərbaycan Jurnalistikanın Peşə Davranış
Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələbləri pozulub.
Qeyd edilib ki, Mətbuat Şurasının qərarının çıxarılmasında MŞ-nin
"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının da rəyinə
istinad olunmalıdır.
İclasda "Discoveri Azerbaycan" jurnalının əməkdaşı Aida
Eyvazovanın və "Femida.az" saytının müxbiri Mircəlal Məcidovun
"Aztehsil.com" saytının plagiata yol verməsi barədə müraciətlərinin
müzakirəsində cavabdeh tərəfin hər iki jurnalistin müəlliflik
hüququnu pozduğunu müəyyənləşdirilib. Belə ki, sayt onların
vətənpərvərlik mövzusunda yazdığı publisistik materialların bir
qismini nöqtəsinə, vergülünə toxunmadan əməkdaşı Leyla Həsənovanın
imzası ilə yayımlayıb. Komissiya plagiat faktını ciddi irad kimi
"Aztehsil.com"un rəhbərliyinin nəzərinə çatdırıb. Sayta yazıların
hər iki müəllifindən üzr istənilməsi, təkzib verilməsi, həmin
nümunələrin oradan götürülməsi tövsiyə olunub.