Mərakeşin ərəbdilli "əl-İslah və ət-Tənmiyə" qəzetinin 5
avqust tarixli nömrəsində "Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva və Heydər Əliyev Fondunun Azərbaycan cəmiyyətindəki rolu"
sərlövhəli məqalə dərc olunub.
Axar.az xəbər verir ki, məqalədə Mehriban Əliyevanın birinci
xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli
Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti barədə oxuculara
ətraflı məlumat verilir. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
nəcib və tərəqqipərvər təşəbbüslərinə, eləcə də mədəniyyətlərarası
dialoqa verdiyi töhfələrə görə Mehriban Əliyevanın 2004-cü ildə
UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına,
2007-ci ildə isə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görüldüyü
diqqətə çatdırılır.
Müəllif Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun Azərbaycanda və bir sıra İslam ölkələrində sosial, mədəni
layihələrə böyük töhfə verdiyini qeyd edir. Məhz Fondun dəstəyi ilə
Azərbaycanda müasir məktəblərin inşa edildiyini, həmin məktəblərin
bütün avadanlıqlarla təchiz olunduğunu, ən son standartlara cavab
verən yeni tədris metodunun tətbiq edildiyini bildirir.
Məqalədə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu
yaratmış Mehriban Əliyevanın o dövrdən məhz bu nəcib missiyanı
həyata keçirməyi qarşıya məqsəd qoyduğu, yüksək təşəbbüskarlığı,
ictimai fəallığı və idarəçilik keyfiyyətləri ilə Azərbaycan milli
mədəniyyətinin böhrandan qurtulmasına və inkişafına öz töhfəsini
verdiyi qeyd edilir. Qədim ənənələrə malik Azərbaycan xalqının
maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin,
folklorunun, musiqisinin qorunması və dünya miqyasında təbliğ
olunması məqsədilə görülən digər işlər diqqətə çatdırılır. Eyni
zamanda, Heydər Əliyev Fondunun insanların problemləri ilə yaxından
maraqlandığı, erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün
düşmüş azərbaycanlılara xüsusi diqqət və qayğı göstərdiyi
vurğulanır.
Müəllif Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə parlamentdə qəbul olunan amnistiya aktlarının cəmiyyətdə böyük
rəğbətlə qarşılandığını qeyd edir. Geniş ictimai dəstək alan bu
amnistiya aktlarının böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb
etdiyi bildirilir.
Məqalədə ötən dövrdə görülmüş işlər nəticəsində Fondun xətti ilə
yüzlərlə orta məktəbin tikildiyi, bununla yanaşı, "Təhsilə dəstək"
layihəsinin uğurla həyata keçirildiyi, bu layihə çərçivəsində
Heydər Əliyev Fondunun Pakistanda zəlzələ zamanı dağılmış qızlar
məktəbini yenidən inşa etdirdiyi, Bakıda Fransız Liseyinin
fəaliyyətə başladığı, internat və uşaq bağçalarının lazımi
avadanlıqlarla təchiz olunduğu diqqətə çatdırılır. Fondun səhiyyə
sahəsində də misilsiz işlər gördüyü, paytaxtda və bölgələrdə
tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, cəmiyyəti narahat
edən bir çox problemlərin həllinə yardım etdiyi, Bakıda müasir
Talassemiya Mərkəzini inşa etdirdiyi vurğulanır.
Müəllif, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan
mədəniyyətinin və sivilizasiyasının ölkə xaricində tanıdılması
istiqamətindəki fəaliyyətinə toxunur, Fondun Azərbaycan musiqisi və
muğamı ilə bağlı festivalların, sərgilərin, azərbaycanlı şair və
ədiblərin bədii yaradıcılıq gecələrinin təşkili ilə bağlı yorulmaz
səylər göstərdiyini qeyd edir.
Məqalədə birinci xanım Mehriban Əliyevanın 2009-cu ildə Heydər
Əliyev Mükafatı, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı,
2010-cu ildə Fransanın "Şərəf Legionu", 2015-ci ildə Pakistanın
"Hilal-e-Pakistan" ordenləri ilə təltif olunduğu oxucuların
diqqətinə çatdırılır.