İranın Naxçıvana hücumla bağlı bu ölkənin mediasında diqqəti faktdan yayındırmaq cəhdləri edilir. Azərbaycanda da ictimai rəyi yönləndirməyə hesablanmış manipulyativ cəhdlərin sinxron şəkildə həyata keçirildiyi müşahidə olunur. Əsas tezis belədir: “ABŞ və İsraillə müharibə apardığı vaxt Azərbaycana hücum etmək İranın nəyinə lazımdır”, “Bu hücum Azərbaycanı İranla üz-üzə qoymaq istəyən tərəflərin planıdır” və s.
Dörd amil bu iddiaların/təliğatın reallığı əks etdirmədiyinə əminlik yaradır.
Birincisi, İran rejiminin müharibə məntiqi;
Bütün regionu hədəf seçən İrandakı mövcud rejim daha çox ölkəni müharibəyə qoşmaq, bölgədə xaos yaratmaq prinsipi ilə hərəkət edir və göstərir ki, ABŞ-ın hücumundan hər kəs əziyyət çəkir. Bu, həm digər ölkələri də müharibənin hədəfinə çevirmək, həm də ABŞ-ın hücumlarına qarşı etirazları körükləmək məqsədi daşıyır. Hazırda İrana faktiki rəhbərlik edən SEPAH üçün hədəflərin fərqi yoxdur.
İkincisi, İran müharibədən öncə bu ssenari haqda xəbərdarlıq etmişdi;
Rejim rəsmiləri “müharibə bütün regiona yayılacaq” açıqlamaları verirdi. Bakıya səfər edən İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə də “İrana qarşı hücum olarsa, müharibə sərhədləri aşacaq” təhdidini səsləndirmişdi.
Üçüncüsü, İranın mümkün hədəf siyahısında Azərbaycanın adının olduğu haqda məlumatlar vardı;
Məlumata görə, Xameneinin ölümündən öncə müharibədə hücum ediləcək ölkələr və hədəflərlə bağlı planlar hazırlanıb. Bu siyahıda region ölkələri – ABŞ-ın hərbi bazalarının olduğu, eləcə də tərəfdaş hesab etdiyi ölkələr yer alıb. Azərbaycanın adı daha çox Qərblə enerji əməkdaşlığı edən ölkə kimi çəkilirdi. 12 günlük müharibədən sonra Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazıminin dilindən “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”, “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” kimi təhdidlərlə hədəflər gündəmə gətirilirdi.
Dördüncüsü, İranın mövcud rejimi Azərbaycana düşmən mövqeyindədir;
İranın 44 günlük müharibədə Ermənistana verdiyi dəstək, Azərbaycana qarşı törədilən təxribatlar, müharibədən sonra da bunun davam etməsi uzaq tarixdə baş verməyib. Rəsmi Bakı ilə Tehran arasında münasibətlər normallaşma mərhələsinə keçsə də, mühafizəkarlar, xüsusilə SEPAH Azərbaycanla bağlı siyasətini dəyişdirməyib.