Sentyabrın 27-də Bakıda keçirilən ADEX 2016 ikinci
Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində "Silk Way
Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və
Rusiyanın "Vertolyotı Rossii" vertolyot holdinqi Niyyət Sazişi
imzalayıblar.
Axar.az xəbər verir ki, sənədi "Silk Way Helicopter Services"
şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyotı Rossii"
SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıblar.
Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə
Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan
vertolyotlara texniki xidmət və əsaslı təmir üzrə servis mərkəzi
yaradılacaq.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir
aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər
il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat
aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A,
Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus
Helicopters EC-155B1, Ми-8МТВ-1, Ми-8АМТ¸ həmçinin Cessna 172S
tipli təyyarələr daxildir.