Ermənistanda hazırkı hakimiyyət dəyişikliyi adi bir
proses deyil, bu, ölkədə tam siyasi bir böhranın yetişməsi kimi
qavranılmalıdır. Sözügedən böhran isə gec-tez Sərkisyan klanının
iflasına gətirib çıxaracaq.
Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil
Hüseynli danışıb. Politoloq Ermənistanda hazırda böyük siyasi
böhran yaşandığını bildirib:
"Bu təlaşın kökləri Azərbaycan ordusunun qüdrətli Aprel
savaşından sonra başlayıb. Sonrakı vəziyyət isə həmin hadisələrin
təsiri altında ölkədə Qarabağ klanı əleyhinə başlayan yerli
ermənilərin çıxışı ilə müşayiət olunur. Uzun müddətdir gedən bu
mübarizədə yerli ermənilər gəlmə Qarabağ ermənilərinin onların
hüquqlarını tamamilə ələ keçirdiklərini, ölkənin iqtisadiyyatını
talan etdikləri və siyasi həyatı bütünlüklə inhisarlarına aldıqları
qənaətindədirlər. Əslində, həqiqətən də yerli ermənilərin hüquqları
əsaslı surətdə tapdanır. Ən əhəmiyyətli postlara, iqtisadiyyatın
əsas sahələrinə, xüsusilə də özəlləşdirilmiş sahələrə Qarabağ klanı
nəzarət edir. Bunu ayrı-seçkilik, sosial ədalətsizlik kimi qəbul
edən yerli ermənilər isə imkan tapdıqca bu və ya digər partiyanın,
son dövrlər isə ayrıca şəxslərin rəhbərliyi altında qiyam çağırışı
ilə çıxış edirlər. Ermənistanda yerli əhali ilə gəlmələr arasında
dərin bir uçurum əmələ gəlib. Getdikcə dərinləşən, ciddi barışmaz
antaqonizmə çevrilən bu proses ilk təkan olacağı təqdirdə hətta
böyük vətəndaş müharibəsinə belə çevrilə bilər".
Gündəmdə olan digər məsələyə - KTMT-nin baş katibi vəzifəsinin
Ermənistana, sonra isə Qazaxıstana keçəcəyi ilə bağlı dolaşan
söhbətlərə aydınlıq gətirən politoloqun qənaətinə görə, bu,
rusların uydurduğu bir oyundur:
"Kreml məhz bu oyun vasitəsilə Ermənistandakı anti-rus
meyillərini zərərsizləşdirir. Moskva həm də belə bir təsəvvür
yaradır ki, "Rus NATO-su" kollektiv surətdə idarə edilir və
idarəçilik də növbəlilik əsasında aparılır. Ancaq Ermənistanda
gedən proseslər kifayət qədər mürəkkəbdir, idarəçilik ağır
korrupsiya bataqlığı içərisindədir. Başda Levon Ter Petrosyan,
Dəmirçiyan və digər siyasi partiya rəhbərləri olmaqla, yerli
əhalinin əksər ziyalı təbəqəsi belə hesab edir ki, ayrı-ayrı
adamların istefaya göndərilməsi vəziyyətdən çıxış yolu deyil.
Bəziləri Qarabağ məsələsinin Ermənistanı bir bataqlığa
yuvarladığını düşünür. Hətta millətçiliyin geniş yayılmasına
baxmayaraq, "Dağlıq Qarabağ bizim nəyimizə lazımdır", "Ermənistan
Dağlıq Qarabağ probleminə görə bu əziyyətləri həmişə çəkməlidirmi"
suallarına da rast gəlinir. Sərkisyanı bu gün hakimiyyətdə saxlayan
Kremldir. Rusiya belə hesab edir ki, Sərkisyanın missiyası tam
bitməyib. Çünki o, Kreml qarşısında həddindən artıq üzüyoladır,
əmrləri çox itaətlə yerinə yetirir. Bu mənada rusların müəyyən
qədər rəğbətini qazana bilib".
Politoloq bildirib ki, bununla yanaşı, Rusiyanın gizlində
ehtiyat variantları da var:
"Ermənistanda ekstremal və tam idarəedilməz bir vəziyyət
yaranacağı təqdirdə Kremlin ehtiyat planları işə düşəcək. Hətta
indidən Sərkisyanın yerinə Köçrəyan da daxil olmaqla bir neçə
əvəzləyici hazırlanır. Beləliklə, Ermənistanda hazırkı hakimiyyət
dəyişikliyi adi bir proses deyil, bu, ölkədə tam siyasi bir
böhranın yetişməsi kimi qavranılmalıdır. Sözügedən böhran isə
gec-tez Sərkisyan klanının iflasına gətirib çıxaracaq".