18:09
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə
dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, emal müəssisələrinə
satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər
10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat
məbləğində subsidiya verilir, bu Sərəncamın 1.1-ci bəndi ilə
nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal
müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə emal
müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün
istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində
təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə də bu sərəncamın
1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etmək
tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nailə
Bağırovanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə
Xidmətində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nailə Hüseyn
qızı Bağırova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif
edilib.
18:34
İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının
təşkilinə, xarici bazarların araşdırılması və marketinq
fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda
təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına
ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin
tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici
bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in
Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli
şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər
almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə
çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"
təsdiq edilsin (Əlavə 1).
2. "Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat"ın
forması təsdiq edilsin (Əlavə 2).
3. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə
tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə 3 (üç) milyon manat ayrılsın.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və
növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi
layihələrində bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada
nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün
tələb olunan vəsaitin nəzərə alınmasını təmin etsin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü
hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
6.1. bu Fərmanla təsdiq edilən Qaydanın 1.5-ci, 3.3-cü, 6.1-ci
bəndlərində nəzərdə tutulmuş müsabiqənin təşkili və keçirilmə
qaydasını, 3.2-ci, 4.4-cü, 6.2-ci bəndlərində və 4.8.2-ci və
4.10.1-ci yarımbəndlərində nəzərdə tutulmuş meyarları bir ay
müddətində təsdiq etsin;
6.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən formaya uyğun
olaraq, ixrac olunan məhsullar barədə hesabatı Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə üç ayda bir
dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.